Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4150/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması; üçüncü şəxsin icraata cəlb edilməsi; işin hallarının tam araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakim Məmmədov Xəqani Səyyad oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** nömrəli qərarından görünür ki, Binəqədi rayonu, Novxanı bağ massivində 1,5 ha bağ torpaq sahəsinin abadlaşdırılaraq iddiaçı tərəfindən istifadə edildiyi nəzərə alınaraq, əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə (hər kv.m üçün ilə 2 manat 24 qəpik ödəmək şərti ilə) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun mülkiyyətinə verilməsi qərara alınmışdır.
2. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında ##.##.2006-cı il, *** nömrəli müqavilədən görünür ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən Novxanı bağ massivində yerləşən 1,5 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Müqaviləyə situasiya planı əlavə edilmişdir.
3. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** nömrəli qərarı əsasında iddiaçıya 1,5 ha torpaq sahəsi satılmışdır.
4. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır və səlahiyyətli şəxsin imzası yoxdur. Bundan əlavə, torpaq sahəsi bələdiyyənin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə ayrılsa da, alqı-satqı aktında ##.##.2006-cı il tarixli, *** nömrəli qərara istinad olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1,5 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinə ərizə ilə müraciət edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Novxanı Bağ massivində 1,5 ha bağ torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006cı il tarixli, *** saylı qərarı ilə Binəqədi rayonu, Novxanı bağ massivində 1,5 ha bağ torpaq sahəsinin abadlaşdırılaraq iddiaçı tərəfindən istifadə edildiyini nəzərə alaraq, əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə (hər kv.m üçün yeni Azərbaycan manatı ilə 2 manat 24 qəpik ödəmək şərti ilə) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında ##.##.2006-cı il, *** saylı müqavilə ilə Novxanı bağ massivində yerləşən 1,5 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Binəqədi Bələdiyyəsinin qərarına torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin situasiya planı, cizgi də əlavə edilmişdir. İddiaçı tərəfindən torpağa dair 33.600 (otuz üç min altı yüz) manat ödəniş də edilmişdir (****** nömrəli qəbz). Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Eyni zamanda iddiaçının müraciətinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin verdiyi 3-48-2F/2-A-4178- 8- ****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubunda, yuxarıda göstərilmiş sənədlər Binəqədi Bələdiyyəsinin *** saylı, ##.##.2006-cı il tarixli qərarı və qərara əlavə edilmiş digər sənədlərin Dövlət Arxivinin Bakı filialında mövcud olması qeyd edilmişdir.
7. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmayıb və səlahiyyətli şəxsin imzası yoxdur. Bundan başqa, torpaq sahəsi bələdiyyənin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə ayrılsa da, alqı-satqı aktında ##.##.2006-cı il tarixli, *** nömrəli qərara istinad olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 2535 kv.m hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir. Həmçinin göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Eləcə də, təqdim edilmiş cizgi ilə sahənin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Əlavə olaraq torpaq sahəsi Novxanı bağ massivi ərazisində yerləşir.
8. Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun müddəalarına əsasən bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. İş materiallarında olan sənədlərdən məlum olur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmamışdır. Bundan başqa, cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə iddia olunan torpaq sahəsinin qonşuluğunda qeydiyyata alınmış sahələrin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, torpaq sahələrinin ilkin qeydiyyatına əsas olmuş hüquq müəyyənedici sənədlər Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış müqavilələr olmuşdur. Buradan görünür ki, torpaq sahəsi Novxanı bağ massivi ərazisində yerləşməklə dövlət mülkiyyətindədir. Bundan əlavə, iddiaçıya aid sənədlərdə bəzi uyğunsuzluqlar vardır. Belə ki, ##.##.2006-cı il, *** nömrəli müqavilədə Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına, Torpağın alqısatqısına dair aktda isə ##.##.2006-cı il tarixli, *** nömrəli qərara istinad edilmişdir. Qeyd edilən uyğunsuzluqlar da öz növbəsində sənədlərin mötəbərliyinə şübhə yaratmışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
11. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilən “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli *** saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən İddiaçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1,5 ha torpaq sahəsinin 0,31 ha hissəsinin Xəzər dənizinin sahilboyu 50,0 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarını, torpaqların alqı-satqısına dair aktı və ## ###### 2006-cı il tarixli, *** nömrəli müqaviləni nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən İddiaçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1,5 ha torpaq sahəsinin 1,19 ha hissəsinin (0,31 ha Xəzər dənizinin sahilboyu 50,0 metrlik mühafizə zolağına düşür) Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, G.Abbasova və E.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə Binəqədi rayonu, Novxanı bağ massivində 1,5 ha bağ torpaq sahəsinin 1.19 ha, yəni Xəzər dənizinin mühafizə zonasına düşməyən hissədə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: - Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin *** saylı, ## ###### 2006-cı il tarixli qərarı hazırda qüvvədədir. Həmçinin, iş materiallarına əlavə edilmiş torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən (səlahiyyətli şəxsin imza və möhürü ilə) təsdiq edilmişdir. - Cavabdehin imtina əsası kimi qeyd etdiyi (“torpaq sahəsi ##.##.2006-cı il tarixli, *** saylı qərar ilə ayrılsa da, alqı-satqı aktında ##.##.2006-cı il tarixli, *** saylı qərara istinad olunması”) əsası iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, bu hal iddiaçının təqsiri ucbatından olmamış və bu texniki səhv iddiaçının torpaq üzərində mülkiyyət hüququnun tanınmaması üçün əsas ola bilməz. Binəqədi bələdiyyəsi tərəfindən də sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sənədlərin arxiv əsasının mövcud olduğu qeyd edilmişdir. - “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli *** saylı mütəxəssis rəyinə əsasən 1,5 ha torpaq sahəsinin 0,31 ha hissəsinin Xəzər dənizinin sahilboyu 50,0 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilir. Həmin torpaq sahəsinin 1,19 ha hissəsinin (0,31 ha Xəzər dənizinin sahilboyu 50,0 metrlik mühafizə zolağına düşür) Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilir. - Eyni mühüm faktiki hallara, hüquq müəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq hazırkı iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Həm mütəxəssis rəyindən, həmçinin cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan məlum olur ki, cavabdehin göstərilən sahənin dövlət mülkiyyəti torpağı olması, sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi barədə dəlilləri əsassızdır. Bərabərlik meyarı yalnız formal eyniliyi deyil, eyni hallara münasibətdə eyni hüquqi nəticənin tətbiqini tələb edir. Əgər fərqli nəticə müəyyən edilirsə, bu fərqin obyektiv və əsaslı səbəblərlə izah olunması vacibdir. - Cavabdehin “torpaq sahəsinin bir hissəsinin Xəzərin mühafizə zonasına düşməsi” dəlilini əsaslı hesab edərək qeyd edir ki, yuxarıda göstərilmiş mütəxəssis rəyindən də məlum olduğu kimi İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1,5 ha torpaq sahəsinin 0,31 ha hissəsi Xəzər dənizinin sahilboyu 50,0 metrlik mühafizə zolağına düşür. Lakin cavabdehin bu imtina əsası iddiaçının müraciətinin tam deyil, qismən təmin edilməməsinə əsas ola bilərdi.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
15. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır və səlahiyyətli şəxsin imzası yoxdur. Eləcə də, təqdim edilmiş cizgi ilə sahənin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, torpaq sahəsi bələdiyyənin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə ayrılsa da, alqı-satqı aktında ##.##.2006-cı il tarixli, *** nömrəli qərara istinad olunmuşdur. Göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq torpaq sahəsi Novxanı bağ massivi ərazisində yerləşir. 1.5 ha sahənin bir hissəsi dənizin mühafizəsindədir, yerdə qalan hissə isə bütövlüklə 005011010977 reyestr nömrəsi (##.##.2025) ilə “Nardaran İnvest” MMC-in adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür.
16. Məhkəmə tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparmamışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissəyə (1.19 ha) münasibətdə yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12 və 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməlidir.
23. Hazırkı işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə Binəqədi rayonu, Novxanı bağ massivində 1,5 ha bağ torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
24. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən, 1,19 ha torpaq sahəsinə münasibətdə təmin etmiş, iddianı 0,31 ha torpaq sahəsinə münasibətdə isə Xəzər dənizinin mühafizə zolağına düşməsi əsası ilə rədd etmişdir. İddiaçı iddianın rədd edilən hissəsindən kassasiya şikayəti verməmişdir.
25. Cavabdehin əsas dəlillərindən biri torpaq sahəsinin bir hissəsinin “Nardaran İnvest” MMC-nin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əlavə olunmuş ortofotoda da (i.v. 38-39) ərazinin “Nardaran İnvest” MMC-nin adına qeydə alınmış torpaq sahəsi ilə üstüstə düşdüyü göstərilmişdir. Bundan başqa, cavabdeh kassasiya məhkəməsinə göndərdiyi vəsatətində də eyni dəlili təkrarlamış, işin hallarının obyektiv araşdırılması məqsədilə inzibati iş üzrə “Nardaran İnvest” MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin “Nardaran İnvest” MMC-nin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsinə dair cavabdeh tərəfindən məlumat təqdim edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış, bununla da iş üzrə obyektiv araşdırma aparılmasına dair xidməti vəzifənin tələbləri yerinə yetirilməmişdir.
27. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman üçüncü şəxsin cəlb edilməsi ilə bağlı məsələ müzakirə edilməlidir. Bunun üçün iddiaçının iddia etdiyi torpaq sahəsinin üçüncü şəxsin (“Nardaran İnvest” MMC-nin) adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi halı tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır.
28. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz gəldiyi nəticəni əsaslandırmaq üçün iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilən “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli *** saylı mütəxəssis rəyinə də istinad etmişdir. Həmin rəydə mübahisələndirilən torpaq sahəsinin bir hissəsinin mühafizə zolağına düşdüyü göstərilmiş, bir hissəsinin isə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətinə aid olduğu bildirilmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin özəl məhkəmə ekspertizasının təqdim etdiyi rəyə əsaslanması barədə mövqeyini əsaslı hesab etmir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Lakin, məhkəmə ekspertizası sahəsinin təkmilləşdirilməsi məqsədilə özəl ekspertiza fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı məsələlərin baxılması prosesi hələ də davam etdiyindən özəl məhkəmə ekspertlərinin fəaliyyətlərinin hüquqi əsası olan müvafiq şəhadətnamələrin verilməsi prosesinin başlanılmaması nəzərə alınmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.