Məhkəmə qərarları › İş №2-1(102)-4159/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4159/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4159/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; gəlir vergisi; kameral vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, 2021-ci il üzrə 10335,76 manat gəlir vergisi hesablanmışdır.

2. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Vergi Məcəlləsinin müddəaları baxımından gəlir vergisi bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2021-ci il gəlir vergisi üzrə ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən 2021-ci il gəlir vergisi üzrə ##.##.2023-cü il tarixli **************** nömrəli və 2021-ci il gəlir vergisi üzrə ##.##.2022-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Həmin qərarlar eyni vergi dövrü üzrə qəbul edilmiş və daha sonra isə ##.##.2022-ci il tarixli qərar ləğv edilərək ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Ləğv edilən qərar qismən ləğv edilərək ##.##.2023-cü il tarixli **************** nömrəli qərarda geriyə qalan hissə saxlanılmışdır. Belə ki, 2021-ci il üzrə iddiaçı tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Vergi orqanı isə təqdim edilməməsinə baxmayaraq həmin dövrə kameral vergi yoxlaması həyata keçirərək qərar qəbul etmişdir. 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral münasibət bildirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmuşdur. Lakin həmin müddət vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə vergi orqanı tərəfindən hansı əsasla vergi yoxlaması aparılması, hansı sənədlərə əsasən vergi hesablanması barədə dəlil təqdim edilməmişdir.

5. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, uçot baza məlumatlarına əsasən 2021-ci il dövrü ərzində gəlir, xərc və ya digər iqtisadi əməliyyatların (göstəricilərin) olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə ##.##.2022-ci il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannaməsi təqdim olunmadığından 2021-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 36553.29 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2022-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Əlavə olaraq uçot baza məlumatlarına əsasən 2021-ci il ərzində NKA üzrə satışın 308621,2 manat olduğu, əldə edilmiş e-qaimə fakturaların 180316,5 manat, alış aktının 37247,96 manat, müvafiq dövr üzrə təqdim edilmiş vahid bəyannamə üzrə əməkhaqqı xərcinin 20505,85 manat, sosial sığorta haqlarının 4710,33 manat və müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannaməsində fiziki şəxslər üzrə icarə haqqının 8280,00 manat olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin 26217.53 manat hissəsi azaldılmış və bu barədə ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmiş, şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Hazırda yalnız ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qüvvədədir.

6. Bakı İnzibati Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçı X1 barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda mübahisələndirilən qərar ilə nəticələnən kameral vergi yoxlaması zamanı vergi orqanı tərəfindən əlavə vergi hesablanması üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hansı qaydanı tətbiq etdiyini müəyyən etmək mümkün deyildir. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddiaçıya kameral qaydada vergi hesablanması üçün əsas olmuş məlumatları (sənədləri) göstərməmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

9. Apellyasiya icraatı zamanı məhkəmə qərardadı əsasında əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, vergi ödəyicisinin apardığı əməliyyatlara dair vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixli **************** nömrəli qərarla kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin gəlir vergisi üzrə hesablanmış 10.335,76 manat vergi məbləğinin düzgünlüyü müəyyən olunmamışdır.

10. Rəy onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin 2021-ci il üzrə apardığı əməliyyatlara dair dövriyyəsi NKA üzrə 308621,20 manat müəyyən edilmişdir. Hazırkı tədqiqata təqdim edilmiş e-qaimələrin cədvəl məlumatlarından və vergi orqanının etirazında qeyd olunan alış aktlarından da göründüyü kimi, malın dəyəri ümumilikdə 278.936,51 manat təşkil edir. Vergi ödəyicisinin 2021-ci il üzrə çəkdiyi xərclər əməkhaqqı və ona bərabər tutulan ödəmələr üzrə 20505,85 manat, sosial sığorta haqları üzrə 4680,33 manat, müvafiq dövr üzrə təqdim edilmiş ÖMV bəyannamələrinə əsasən fiziki şəxslər üzrə icarə haqqının məbləği 8280,00 manat olmaqla, ümumilikdə 33466,18 manat, malın dəyəri ilə birlikdə isə 312.402,69 (278936,51 + 33466,18) manat təşkil edir. Həmçinin, təqdim edilmiş iş materiallarının 90-93-cü səhifələrində öz əksini tapmış vergi orqanının etirazından da görünür ki, yuxarıda qeyd olunan əmək haqqı və əməkhaqqı ayırmaları ilə bağlı xərc elementləri öz təsdiqini tapmışdır. Beləliklə, vergi ödəyicisinin 2021-ci il üzrə apardığı əməliyyatlara dair dövriyyəsi və gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərc sənədləri üzrə tədqiqat aparılaraq müəyyən olunmuşdur ki, vergi ödəyicisinin 2021-ci il üzrə dövriyyəsi 308621,20 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 312.402,69 manat olmaqla, vergiyə cəlb olunan gəliri müəyyən edilməmişdir. O cümlədən qeyd edilmişdir ki, vergi ödəyicisinin bəyannamə hesabatlarında 2021-ci ili 20229,38 manat zərərlə başa vurduğu əks etdirilsə də, həmin məbləğin 20229,38 manat deyil, hazırkı tədqiqatla 3781,49 manat zərər olması müəyyən olunmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə (hakimlər A.Oruczadə – məruzəçi, E.Əliyev və G.Abbasova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

15. Kassator qeyd edir ki, ekspertin ##.##.2025-ci il tarixli rəyindən göründüyü kimi, o, vergi orqanının hesablamalarını qiymətləndirərkən gəlir göstəricilərinə toxunmamış, əsas fərqi xərclərin məbləğində göstərmişdir. Lakin ekspert iddiaçının 2021ci il üzrə xərclərini müəyyən edərkən bu rəqəmlərin hansı sənədlərə, təsdiqedici məlumatlara və ya uçot göstəricilərinə əsaslandığını göstərməmiş, nəticədə malların dəyərini əsassız olaraq 278 936,51 manat kimi qəbul etmişdir. Halbuki təqdim edilmiş sənədlərdən aydın olur ki, malların dəyəri e-qaimə fakturalar üzrə 180 316,50 manat, alış aktlarına əsasən 37 247,96 manat və ilin əvvəlinə mal qalığı üzrə 5 881,74 manat olmaqla ümumilikdə 223 446,20 manat təşkil etməlidir. Beləliklə, ekspert tərəfindən aparılmış hesablamada malların dəyəri 55 490,31 manat artıq göstərilmiş, bu da iddiaçının xərclərinin süni şəkildə şişirdilməsinə səbəb olmuşdur. Ekspert bu fərqin nədən yarandığını izah etməmiş, təqdim olunan sənədləri və onların məzmununu faktiki olaraq təhlil etməmişdir. Məhkəmə isə ekspert rəyi ilə təqdim olunan buziddiyyətləri qiymətləndirmə səlahiyyətinə malik olduğu halda, onun əsaslandırılmamış nəticələrini olduğu kimi qəbul etmiş və vergi orqanı tərəfindən təqdim edilmiş hesablamaların əsaslarını araşdırmadan qərar çıxarmışdır.

16. Kassasiya şikayətində Vergi Məcəlləsinin 37, 67, 83, 94 və 166.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.2, 12.1 və 58.7-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 36. Vergi yoxlamaları, üfüqi monitorinq və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.. ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir.[306] 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ...

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ... Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. ... Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ...

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi yoxlamasının nəticələrinə dair qərarın ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2021-ci il üzrə apardığı əməliyyatlara dair dövriyyəsinin NKA üzrə 308621,20 manat olması işin mübahisəsiz halıdır.

29. Eyni zamanda, cavabdeh iddiaçının 2021-ci il üzrə digər xərcləri (əməkhaqqı və ona bərabər tutulan ödəmələr, sosial sığorta haqları, fiziki şəxslərə ödənilmiş icarə haqqı (əldə edilmiş e-qaimə fakturalar istisna olmaqla)) ilə bağlı mübahisə açmamışdır. Cavabdeh iddiaçının 2021-ci il üzrə əldə edilmiş e-qaimə fakturalar üzrə xərcinin 180 316,50 manat olduğunu qəbul edir.

30. Halbuki, apellyasiya icraatı zamanı məhkəmə qərardadı əsasında əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən hazırkı tədqiqata təqdim edilmiş e-qaimələrin cədvəl məlumatlarından və vergi orqanının etirazında qeyd olunan alış aktlarından da göründüyü kimi malın dəyəri ümumilikdə 278.936,51 manat təşkil edir.

31. 2021-ci il üzrə əməkhaqqı və ona bərabər tutulan ödəmələr üzrə (20 505,85 manat), sosial sığorta haqları üzrə (4 680,33 manat) və fiziki şəxslərə ödənilmiş icarə haqqı üzrə (ÖMV bəyannamələrinə əsasən 8280,0 manat) ümumi məbləğ 33 466,18 manat, malların dəyəri ilə birlikdə isə ümumilikdə 312 402,69 manat (278 936,51 + 33 466,18) təşkil etmişdir. İddiaçının 2021-ci il üzrə apardığı əməliyyatlara dair dövriyyəsinin NKA üzrə 308621,20 manat olması nəzərə alındıqda cavabdehin 2021-ci il üzrə iddiaçıya əlavə gəlir vergisi hesablanması barədə qəbul etdiyi ##.##.2023-cü il tarixli, **************** nömrəli əsaslı olmamışdır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar