Məhkəmə qərarları › İş №2-1(102)-4179/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4179/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4179/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiaçının yenidən şəhadətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “iddiaçının yenidən şəhadətləndirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin ##.##.2024-ci il tarixli *-**-**/*-****/**** nömrəli arayışından görünür ki, ##.##.2003cü il təvəllüdlü İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində kursant olmuşdur. DİN X5 ##.##.2021-ci il tarixli müvafiq əmri ilə Ali Hərbi Məktəbdən xəstəliklə tərxis olunmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ##.##.2024-cü il tarixli *-**-**-*/*-****/**** nömrəli məktubundan görünür ki, İddiaçı 2021-ci il ## ###### tarixində “Keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri. Postinfeksion epileptik sindrom” diaqnozu ilə Hərbi-həkim komissiyasında hərbi xidmət dövründə qazandığı xəstəliyə görə son şəhadətləndirilmə aparılmışdır. Komissiya tərəfindən İddiaçı hərbi xidmətə yararlılığı barədə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, xəstəliyinin səbəb əlaqəsi haqqında isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilərək **** nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətləndirilməyə dair sənəddə əks olunan məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmişdir. Qərarın dəyişilməsinə əsas olmadığından Hərbi-həkim komissiyası İddiaçı təkrar şəhadətləndirilməsini məqsədəmüvafiq hesab etməmiş və onun şəhadətləndirilməsinə dair 2021-ci il ## ###### tarixli qərarı qüvvədə saxlanılmışdır

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ...

23. İddiaçının sağlamlıq vəziyyəti ilə bağlı yuxarıda qeyd edilən nüanslar T.C X3 X2 Gülhane Eğitim və Araşdırma Hastanesi tərəfindən verilmiş X1 Kurulu raporlarında göstərilən müayinə məlumatları ilə bir daha öz təsdiqini tapmışdır. ...

44. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.... 7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. ...

60. Bakı Sağlamlıq Mərkəzinin epikrizində iddiaçının 2021-ci ilin fevral ayında suçiçəyi keçirməsi qeyd edilmişdir. ...

64. Kollegiya qeyd edir ki, iddiaçıya ##.##.2021-ci ildə beş il müddətinə ikinci dərəcə əlillik, ##.##.2024-cü ildə isə hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilərkən diaqnozlar sırasında kəskin disseminə olunmuş ensefalit, dəqiqləşdirilməmiş epileptik status, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, xüsusi epileptik sindromlar qeyd edilmişdir.

65. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunur.

67. Məhkəmə kollegiyası nəzərə alır ki, hərbi xidmət keçən şəxslərin üzərinə qoyulmuş öhdəliklər onlara həvalə edilmiş vəzifələrin istənilən, o cümlədən onların həyatı və sağlamlığı üçün risklərlə müşayiət olunan şəraitdə icrasını nəzərdə tutduğundan, bu, dövlət tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş təminat tədbirlərinin görülməsini tələb edir”.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “iddiaçının yenidən şəhadətləndirilməsi və “Postinfeksion epileptik sindrom” diaqnozu xəsarətinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” kimi şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2021ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Ali Hərbi Məktəbində kursant olmuş və hərbi xidmət dövründə hərbi vəzifələrinin icrası zamanı xəstələnmiş və bu xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən ona “Keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri. Postinfeksion epileptik sindrom” diaqnozu qoyulmuş və buna dair ##.##.2021-ci il tarixdə **** saylı Xəstəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı hərbi xidmət dövründə hərbi vəzifələrinin icrası zamanı bu xəstəliyə tutulsa da, Komissiya şəhadətnamədə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” cümləsi ilə kifayətlənmiş və iddiaçının məhz hərbi vəzifələrinin icrası zamanı xəstələnməsini, habelə onun məhz bu dövrdə suçiçəyi xəstəliyinə yoluxmasını qeyd etməmişdir. Şəhadətnamədə iddiaçının xəstəliyinə dair dolğun və dəqiq məlumatların əks olunmaması sonuncunun hüquqlarını kobud surətdə pozur və 90% sağlamlığını itirmiş 1-ci qrup əlil olmuş 19 yaşlı bu gənci dövlət tərəfindən verilmiş imtiyazlardan və zərərin ödənilməsini tələb etmək hüququndan məhrum edir.

6. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisinin ##.##.2020-ci il tarixli, *** №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “V” bəndinə müvafiq olaraq Dövlət Test İmtahanlarını müvəffəqiyyətlə vermiş abituriyent iddiaçı Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Ali Hərbi Məktəbin rəisinin ##.##.2020-ci il tarixli, *** №-li əmri ilə kursant olan iddiaçı 4-cü zabit hazırlayan tədris bölüyünün 5-ci zabit hazırlayan tədris taqımında kursant vəzifəsinə təyin edilmişdir. Ali Hərbi Məktəbin rəisinin ##.##.2021-ci il tarixli, *** №-li əmri ilə 4-cü zabit hazırlayan tədris bölüyündə kursant olan iddiaçı Daxili Qoşunların hərbi hospitalına stasionar müalicəyə getmiş hesab edilmişdir. Ali Hərbi Məktəbin rəisinin ##.##.2021-ci il tarixli, *** №-li əmri ilə Daxili Qoşunların hərbi hospitalında stasionar müalicədə olan zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayan tədris bölüyündə kursant əsgər olan iddiaçı, ##.##.2021-ci il tarixdən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ambulator müalicəyə getmiş hesab edilmişdir. Ali Hərbi Məktəbin rəisinin ##.##.2021-ci il tarixli, *** №-li əmri ilə kursant əsgər olan iddiaçı, xəstəliyə görə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin II qrafasının “D” bəndinə (həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xidmətdən azad edilib, ##.##.2021ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon idarəsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantı (1-ci kurs) olmuş, 2003-cü il təvəllüdlü iddiaçı 2021-ci il # #### tarixdə bədən hərarətinin yüksək olması səbəbindən məktəbin tibb məntəqəsinə qəbul edilmiş, ixtisaslı müayinə məqsədilə iyun ayının 11-də Daxili Qoşunların hərbi hospitalına təxliyə olunmuşdur. “Kəskin respirator xəstəlik” diaqnozu ilə müalicə tədbirlərinin aparılmasına baxmayaraq, iyun ayının 14-də xəstədə anidən qıcolmalar başlamış, davamlı olaraq təkrarlandığından hospitalın reanimasiya şöbəsinə köçürülmüşdür. Qıcolmaların intensivliyi artdığından iyun ayının 19-da xəstə “Epileptik status. Ensefalit” diaqnozu ilə Respublika Klinik Xəstəxanasına köçürülmüşdür. Həyata keçirilən tibbi tədbirlərə baxmayaraq, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmadığından, valideynləri tərəfindən (iltizamnaməsi əsasında) iyun ayının 27-də Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdür. Stasionar müalicəsi başa çatdıqdan sonra ona münasibətdə Hərbi-həkim komissiyasında hərbi xidmət dövründə qazandığı xəstəliyə görə son şəhadətləndirilmə aparılmış, Daxili Qoşunların Hərbi-həkim komissiyasında ##.##.2021-ci il tarixdə şəhadətləndirilərək, barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq onun hərbi xidmətə yararlılıq kateqoriyası barədə xəstəliyin səbəb əlaqəsi isə xəstəlikdir, hərbi xidmətdə alınmışdır kimi təyin edilərək xəstəlik haqqında **** nömrəli qərar verilmişdir. Bununla əlaqədar, iddiaçı xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Şəhadətləndirilməyə dair sənəddə əks olunan məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş, qərarın dəyişilməsinə əsas olmadığından Hərbi-həkim komissiyası iddiaçının təkrar şəhadətləndirilməsini məqsədəmüfaviq hesab etməmiş və onun şəhadətləndirilməsinə dair 2021-ci il ## ###### tarixli qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin c) bəndi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” bəndinin ona şamil olunması üçün əsas ola biləcək fakt olmadığından, tələb olunan qərarın verilməsi mümkün deyildir və iddiası təmin edilməməlidir. İddiaçının mübahisələndirdiyi Daxili Qoşunların Hərbihəkim komissiyasının şəhadətnaməsində barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı (##.##.2021-ci il tarixli, **** nömrəli) ##.##.2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı həmin vaxtdan 3 il müddət keçdikdən sonra müvafiq şəhadətnamədə düzəliş edilərək xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim - S.Salahova).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hərbi qulluqçunun “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilməsi üçün onun xəsarəti, yaxud xəstəliyi yuxarıda istinad edilən Əsasnamənin 7.2-ci bəndinin c bəndində göstərilən hallarından biri ilə əlaqədar baş verməlidir. İşdən görünür ki, iddiaçının şəhadətləndirilməsinə əsas xəstəlik olmuş, həmin xəstəlik isə Əsasnamənin istinad olunan bəndində göstərilən hallardan biri üzrə yaranmamışdır. Belə olan halda isə aydındır ki, iddiaçının hərbi xidmət dövründə aldığı xəstəliyin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilməsi üçün hüquqi əsas olmamış, cavabdeh əsaslı olaraq onun müraciətinin təmin etməkdən imtina etmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi əsaslı sayıla və təmin oluna bilməz. 9.İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia ərizəsi təmin edilmişdir (sədrlik edən - N.Nəbizadə, hakimlər - M.Tağızadə, K.Əkbərov).

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı həmçinin xəstəxana daxili Klebsiella pneumoniae bakteriyası ilə törədilən pnevmoniyaya da yoluxmuşdur. Klebsiella pneumoniae - qram-mənfi, fakültativ anaerob, çubuq formalı, kapsullu və hərəkətsiz bakteriyadır. Bu bakteriya insan orqanizmində müxtəlif infeksiyalara səbəb ola bilər, o cümlədən: pnevmoniya (ağciyər iltihabı), sepsis (qan zəhərlənməsi), sidik yolları infeksiyaları, bakteriemiya, meningit, qaraciyər absesləri. Adi (patogenliyi az) ştammlarla yoluxma əsasən immun sistemi zəif olan şəxslərdə baş verir. Lakin son illərdə hipervirulent adlanan ştammlar da müəyyən olunub ki, onlar tam sağlam insanlarda da ağır infeksiyalar törədə bilir. Klebsiella pneumoniae xəstəxana daxili infeksiyaların ən geniş yayılmış səbəblərindən biridir. Bu bakteriya tez-tez tibbi cihazlarda və xəstəxana mühitində aşkarlanır. Onun əhəmiyyəti son illərdə daha da artıb, çünki bir çox hallarda o, ən güclü antibiotiklərə belə davamlılıq (rezistentlik) qazanıb. Buna görə də Klebsiella pneumoniae ilə bağlı infeksiyalar çətin müalicə olunan, bəzən həyati təhlükə yaradan vəziyyətlər kimi qiymətləndirilir. Sanitariya-epidemioloji təsnifata görə mikroorqanizmlər 4 qrupa bölünür: İ qrup: son dərəcə təhlükəli (məsələn, taun, vəba, Ebola, MERS); II qrup: yüksək patogenlikli, lakin nəzarət oluna bilən (məsələn, tulyaremiya, brüselyoz, hepatit B, HİV); III qrup: şərtipatogen, yəni immun sistem zəiflədikdə xəstəlik yaradan (məsələn, Klebsiella pneumoniae, Enterobacter, Candida albicans); IV qrup: minimal təhlükəli mikroorqanizmlər. Bu təsnifat epidemioloji təhlükə baxımından yaradılıb, orqanizmə vurduğu tibbi zərərin dərəcəsini deyil. Yəni mikroorqanizmin patogenlik qrupu onun törətdiyi xəstəliyin ağırlığı ilə həmişə eyni deyil. Yuxarıda qeyd olunduğu kimi, Klebsiella pneumoniae çox vaxt hospital infeksiyası kimi yayılır və xüsusilə immun sistemi zəif olan şəxslərdə ağır destruktiv pnevmoniya, meninqit və s. törədə bilər. Bu bakteriya çoxsaylı antibiotiklərə qarşı müqavimət genləri daşıdığı üçün orqanizmdə kəskin iltihabi və nekrotik dəyişikliklərə səbəb olur. Yəni patogenin qrup dərəcəsi nisbətən “aşağı” olsa da, zədələnmənin ağırlıq dərəcəsi yüksəkdir - nəticə eynidir: toxuma və orqan destruksiyası.

12. İnsan orqanizmi daim daxili və xarici amillərin təsiri altındadır. Bu təsirlərin bəziləri adaptasiya ilə nəticələnir, bəziləri isə orqanizmin fizioloji tarazlığını pozaraq patoloji vəziyyət yaradır. Tibbi ədəbiyyatda belə vəziyyətlər iki əsas kateqoriyada öyrənilir: xəstəlik (morbus) və travma (trauma). Hər iki hal sağlamlığın pozulması ilə nəticələnsə də, onların mənşəyi, inkişaf mexanizmi, orqanizmin cavab reaksiyası və bərpa potensialı kəskin şəkildə fərqlənir. Bu fərqlər təkcə diaqnostik deyil, həm də hüquqi və sosial aspektlərdə mühüm əhəmiyyət daşıyır.

13. Xəstəlik – orqanizmin daxili mühitində baş verən disfunksional və ya degenerativ proseslər nəticəsində yaranan, tədricən inkişaf edən patoloji haldır. Əksər hallarda səbəb daxili amillərlə və ya xroniki ekzojen təsirlərlə bağlı olur. Xəstəlikdə prosesin əsas xüsusiyyəti onun uzunmüddətli, çox mərhələli və bədəndaxili adaptasiya mexanizmləri ilə bağlı olmasıdır.

14. Travma isə xarici amilin qəfil, birbaşa və destruktiv təsiri nəticəsində orqanizmin anatomo-fizioloji bütövlüyünün pozulmasıdır. Bu amil fiziki (zərbə, yanıq, qəlpə, təzyiq), kimyəvi (turşu, toksin), bioloji (virus, bakteriya, toksin) və ya psixoloji ola bilər. Travma bir anda baş verir, bədəndə morfoloji zədələnmə yaradır və orqanizm dərhal kəskin stres reaksiyası ilə cavab verir. Məsələn: qırıq, yanıq, kəskin beyin zədəsi, bioloji infeksiya nəticəsində sinir toxumasının dağılması (ensefalit). Ənənəvi olaraq travma yalnız mexaniki zədələnmələr üçün işlədilirdi. Lakin müasir tibb (xüsusilə neuroimmunologiya və mikrobiologiya) bu anlayışı genişləndirib. İndi “travma” anlayışına bioloji mənşəli zədələnmələr – yəni virus, bakteriya, toksin və immun sistemin anormal reaksiyası nəticəsində baş verən orqanizm dağıntıları da daxildir.

15. Bioloji travmanın nümunələri: viral ensefalit - mərkəzi sinir sisteminin virus mənşəli zədələnməsi; hepatit - bioloji (virus) təsiri nəticəsində qaraciyər parenximasının dağılması; sepsis - mikroorqanizmlərin sistemli təsiri ilə hüceyrə nekrozu. Bu hallarda da travmaya xas bütün əlamətlər mövcuddur: ani başlanğıc; hüceyrə səviyyəsində struktur dağıntı; orqanizmin kəskin iltihabı və immun reaksiyası; əlilliklə və ya ölümlə nəticələnən funksional itki.

16. Xəstəlikdə orqanizm kompensasiya və adaptasiya reaksiyası ilə mübarizə aparır. Travmada isə bu mexanizm dərhal stress-reaksiya və müdafiə mərhələsinə keçir. Bu səbəbdən travma orqanizm üçün şok hadisəsidir, xəstəlik isə uyğunlaşma pozuntusudur. Xəstəliklər adətən uzunmüddətli terapiya və adaptasiya tələb edir. Travma isə birdəfəlik hadisə olduğundan nəticə ya tam bərpa, ya da funksional itki şəklində olur. Məsələn, kəskin ensefalit zamanı neyronlar məhv olur və bərpa olunmur, nəticədə epilepsiya, koqnitiv pozuntu, hərəkət itkiləri qalır. Bu, xroniki prosesin deyil, travmatik neyrodestruksiyanın nəticəsidir.

17. Göründüyü kimi, “xəstəlik” və “travma” anlayışları bir-birinə yaxın görünsə də, mahiyyətcə fərqlidir. Xəstəlik - daxili səbəblərin tədricən yaratdığı disfunksiya, Travma xarici təsirin qəfil və destruktiv nəticəsidir. Müasir tibb bu sərhədləri daha dəqiq müəyyənləşdirərək göstərir ki, bioloji mənşəli yoluxmalar, xüsusilə ensefalit, hepatit, sepsis və digər kəskin iltihabı proseslər, mexaniki travma qədər destruktiv ola bilər. Tibbi fərqlər hüquqi nəticələrə də təsir edir. Əgər vəziyyət “xəstəlik” kimi qiymətləndirilirsə, o zaman səbəbli əlaqə təsadüfi və dolayı sayılır. Əgər “travma” kimi qiymətləndirilirsə, deməli, səbəb birbaşa və xidmətlə əlaqədardır.

18. Hərbi qulluqçuların sağlamlığı dövlətin bilavasitə məsuliyyətində olan strateji sahədir. Bu məsuliyyətin hüquqi dayaqlarından biri “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”dir. Bu sənəd hərbi xidmət zamanı yaranan xəstəlik və travmaların hüquqi kvalifikasiyasını müəyyən edir. Lakin normativ hüquqi aktın tələblərini müəyyən edərkən yalnız onun mətninə deyil, həm də məqsədinə və funksional məzmununa baxmaq tələb olunur. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin mahiyyəti hərbi qulluqçunun sağlamlığının qorunması, onun xidməti vəzifələri ilə əlaqədar bütün tibbi zədələnmələrin eyni hüquqi səviyyədə tanınmasıdır. Bu baxımdan maddədəki virus və bioloji agentlərin sadalanması məhdudlaşdırıcı (taksonomik) deyil, nümunəvi (illustrativ) xarakter daşıyır. Yəni məqsəd konkret xəstəliklərin siyahısını vermək deyil, zədələnmənin xarakterini və səbəbli əlaqə prinsipini müəyyən etməkdir.

19. Teleoloji (məqsəd yönümlü) təfsir: hüquqi norma məzmunu onun məqsədinə görə izah edilir. Bu halda məqsəd - hərbi qulluqçuların sağlamlığını qorumaq, xidmətlə əlaqədar bütün zərərli təsirlərə görə dövlətin məsuliyyətini təmin etməkdir. Əgər norma yalnız hepatit və İİV kimi konkret viruslarla məhdudlaşdırılsa, bu məqsəd pozular: eyni xarakterli, lakin başqa virusların törətdiyi eyni ağır zədələnmələr təminatsız qalardı.

20. Məsələn, ensefalit törədən virus(lar) hepatitdən daha yüngül deyil, əksinə, mərkəzi sinir sistemini məhv edən ağır patogen sayılır. Bu halda yalnız adın fərqli olması hüquqi nəticəni dəyişdirə bilməz.

21. Sistemli təfsir: Əsasnamə digər qanunvericilik aktları ilə birlikdə sistemli şəkildə şərh olunmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi dövlətin hərbi qulluqçuların həyat və sağlamlığını təmin etmək öhdəliyini müəyyən edir. Bu norma ümumi prinsipi qoyur: xidmətlə əlaqədar hər cür sağlamlıq itkisi dövlətin məsuliyyətindədir. Əgər Əsasnamənin 7.2 “c” bəndi yalnız konkret virusları əhatə etsəydi, bu qanunun 13-cü maddəsi ilə ziddiyyət təşkil edərdi.

22. Analoji hüquqi təfsir və “lex generalis – lex specialis” prinsipi: maddədə hepatit, İİV və s. kimi halların sadalanması “xüsusi hallar” (lex specialis) kimi qəbul edilməlidir. Lakin bu, digər eyni təbiətli halların travma sayılmasına mane olmur. Əgər hüquq sistemi yalnız sadalanan xəstəliklərlə məhdudlaşsa, bu, analoji xarakterli hallara münasibətdə bərabərlik prinsipinin pozulması olar.

23. Maddədə sadalanan hepatit, İİV və digər viruslar bioloji mənşəli patogenlərdir. Onların orqanizmə təsir mexanizmi - hüceyrə səviyyəsində destruksiya, immun sistemin pozulması və funksional zədələnmədir. Ensefalit və ya onun törədiciləri də eyni kateqoriyaya daxildir. Tibb elmi bu zədələnmələri “infeksion mənşəli neyrotravma” kimi təsnif edir. Yəni hepatit virusunun qaraciyəri zədələməsi ilə ensefalit virusunun beyni zədələməsi arasında hüquqi fərq yoxdur: hər ikisi orqanizmə bioloji mənşəli xarici təsirdir və xidmət şəraitində baş verərsə, hərbi travma sayılmalıdır. Travmanın şəxsin xidməti vəzifələrini icra edərkən alınması isə işin mübahisələndirilən hallarından deyil və hazırkı məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq da bildirdi ki, “… Kursantın vəzifələri ümumi əsgər vəzifələri ilə eynilik təşkil etməkdədir ... Kursant həm təhsil alır, həm də əsgərin xidməti vəzifələrini icra edir”.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman ensefalit və onun törədicilərinin analogiyaya uyğun şərh edilərək II qrup patogenlikli mikroorqanizmlərə aid edilməsi tibb elminə ziddir və xüsusi bilik tələb edən sahə olduğu halda məhkəmə tərəfindən əlavə araşdırma aparılmamışdır.

26. İddiaçının HCV virus infeksiyasına (C virus hepatiti) yoluxması məsələsi ilə bağlı bildirilməlidir ki, iddiaçı ##.##.2021-ci il tarixdə Daxili Qoşunların hospitalına stasionar müalicəyə qəbul olunarkən HCV virus infeksiyasına (C virus hepatiti) görə qan müayinəsi olunmuş və nəticə neqativ (-) olmuş, həmçinin hərbi xidmətdən sonrakı dövrdə ##.##.2021ci il tarixdə hündürlükdən yıxılaraq aldığı travmaya görə ##.##.2021-ci il tarixdə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-də HCV virus infeksiyasına (C virus hepatiti) görə qan müayinəsi olunmuş və nəticə neqativ (-) olmuşdur. C virus hepatiti ilk dəfə Türkiyə Respublika Gülhanə Tədris və Araşdırma Xəstəxanasında ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək müalicələrdə olduğu dövrdə onun qaraciyərində aşkar edilmiş, habelə Bakı Səhiyyə Mərkəzində ##.##.2025-ci il tarixdə verilən qan müayinəsində Anti- HCV (Hepatit C) virusunun (nəticə-33.9, vahid CO1, referans 0-1) olduğu nəticə, yəni “Hepatit C” xəstəliyinin hərbi xidmət dövründə yoluxmasına dair məlumat aşkar edilmir və bu xəstəliyin başlanğıcını hərbi xidmət dövrünə aid etməyə əsas ola biləcək tibbi sənəd olmadığından hərbi-həkim komissiyası tərəfindən qərar verilməsi məqsədəmüvafiq hesab edilmir və “Ümumi xəstəliklər” qrupuna aid edilir. C virus hepatiti xəstəliyinin inkubasiya dövrünün (yoluxma anından ilk kliniki əlamətlərin görülməsinə qədər olan dövr) tibbi ədəbiyyatlarda və protokollarda orta hesabla 2 (iki) həftədən 12 (on iki) həftəyədək olması da nəzərə alınarsa, ##.##.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş iddiaçıda ##.##.2021-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-də HCV virus infeksiyasına (C virus hepatiti) görə qan müayinəsi tədqiq və təhlil olunmuş və nəticə neqativ (-) olmuşdur. Odur ki, ##.##.2021-ci il tarixdəki qan müayinəsinə qədər müddət intervalı 16 həftə edir, bu da protokolla təyin edilmiş inkubasiya dövründən artıq müddətə uyğun gəlir. Göründüyü kimi, iddiaçıda C virus hepatiti xəstəliyinin hərbi xidmət müddətində qazanılması mümkünsüz hesab edilir.

27. Bundan başqa, iddiaçının “Ensefalitin qalıq əlamətləri” diaqnozu məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Hərbi-həkim komissiyası keçirilmiş xəstəlikləri təsdiq edən tibbi sənədlər üzrə qərar verir. Şəhadətləndirilərkən “Su çiçəyi” xəstəliyi keçirməsinə dair tibbi sənəd olmamışdır. “Klebsiella pneumoniae-karbapenem rezistent. Klebsiella pneumoniae tərəfindən törədilən pnevmoniya. Ventilyatorla əlaqəli pnevmoniya” xəstəliyi isə hərbi xidmət keçdiyi dövrdə yaransa da, sağalma ilə nəticələnmişdir. ##.##.2024-cü il tarixdəki analizdə aşkarlanan Rubella (Qızılca) IgG və Varicella (Su çiçəyi) IgG anticisimləri qeyd edilən viruslara qarşı orqanizmdə davamlı immunitet qazanıldığının göstəricisidir və pozitiv nəticə gözləniləndir. IgG anticisimləri kəskin xəstəliyin göstəricisi deyil, keçirilmiş infeksiyanı və ya müvafiq virusa yoluxmanın qarşısının alınması üçün aparılmış peyvəndləmənin qandakı göstəricisidir, yəni orqanizmdə immunitet qazanıldığının göstəricisi hesab edilməlidir. İddiaçı iddiaçının sağlamlığının 90%-dən çox hissəsinin itirilməsinə səbəb yalnız hərbi xidmət dövründə qazanılmış xəstəliyi deyil, həmçinin hərbi xidmətdən tərxis edildikdən sonrakı dövrdə, yəni ##.##.2021-ci il tarixdə yaşadığı evin III mərtəbəsindən yıxılaraq aldığı travma da əsaslı səbəb olmuşdur. İddiaçının hərbi xidmət dövründə müalicə olunduğu və şəhadətləndirildiyi diaqnozlar “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nın 10-cu baxışında “G04.0-Kəskin disseminə olunmuş ensefalit. Dəqiqləşdirilməmiş kəskin meninqoensefalit (Viral/autoimmun?). Postinfeksion epileptik sindrom. Ensefalitin qalıq əlamətləri” diaqnozları “Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri”, G41.9-Dəqiqləşdirilməmiş epileptik status” diaqnozu isə “Epizodik və paroksizmal pozğunluqlar” başlıqlı rubrikalarda, “J15.0-Klebsiella pneumonia-karbapenem rezistent. Klebsiella pneumoniae tərəfindən törədilən pnevmoniya. Ventilyatorla əlaqəli pnevmoniya” diaqnozları “Tənəffüs orqanlarının xəstəlikləri. Qrip və pnevmoniya” başlıqlı rubrikada, “A41.5-Digər qram-mənfi mikroorqanizmlər tərəfindən törədilən sepsis” diaqnozu “Bəzi infeksion və parazitar xəstəlikləri. Digər bakterial xəstəliklər” başlıqlı rubrikada təsnif edilmişdir. İddiaçıda hərbi xidmət dövründə qazanılmış xəstəliklər “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nın 10-cu baxışında travma və xəsarətlərə aid edilmədiyindən, İ-II qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalması nəticəsində alınmadığından, C virus hepatiti xəstəliyini hərbi xidmət keçdiyi dövrdə qazanmadığından, habelə müalicə olunduğu və şəhadətləndirildiyi xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı və DİN-nin ##.##.2008-ci il tarixli *** nömrəli Təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin c) yarımbəndinin tələblərinə və xüsusatlarına uyğun gəlmədiyindən “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarının ona şamil edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir.

28. Ensefalit və onun törədicilərinin analogiyaya uyğun şərh edilərək II qrup patogenlikli mikroorqanizmlərə aid edilməsi zamanı məhkəmənin yanıldığı hissə: Sanitariyaepidemioloji təsnifatında “ensefalit” qruplaşdırılmır — mikroorqanizm qruplaşdırılır. Bu təsnifat xəstəliyi deyil, xəstəliyi törədən mikroorqanizmləri qruplaşdırır. Yəni burada “ensefalit 2-ci qrupa daxildir / edilə bilməz” kimi cümlə kategoriya baxımından yanlış olur. Çünki, ensefalit bir xəstəlikdir, qruplaşdırılan isə virus, bakteriya, göbələk və ya parazit kimi törədicidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. ... c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ-II qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; - əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; - tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; - əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas olmadığını hesab edir.

35. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

36. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun inzibati prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

37. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, İş materiallarında olan qanuni qüvvəsini almış və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı əlavə edilmişdir. Həmin qərarda göstərilmişdir: “23. İddiaçının sağlamlıq vəziyyəti ilə bağlı yuxarıda qeyd edilən nüanslar T.C X3 X2 Gülhane Eğitim və Araşdırma Hastanesi tərəfindən verilmiş X1 Kurulu raporlarında göstərilən müayinə məlumatları ilə bir daha öz təsdiqini tapmışdır. ...

44. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

13. ... 7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. ...

60. Bakı Sağlamlıq Mərkəzinin epikrizində iddiaçının 2021-ci ilin fevral ayında suçiçəyi keçirməsi qeyd edilmişdir. ...

64. Kollegiya qeyd edir ki, iddiaçıya ##.##.2021-ci ildə beş il müddətinə ikinci dərəcə əlillik, ##.##.2024-cü ildə isə hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilərkən diaqnozlar sırasında kəskin disseminə olunmuş ensefalit, dəqiqləşdirilməmiş epileptik status, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, xüsusi epileptik sindromlar qeyd edilmişdir.

65. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunur.

67. Məhkəmə kollegiyası nəzərə alır ki, hərbi xidmət keçən şəxslərin üzərinə qoyulmuş öhdəliklər onlara həvalə edilmiş vəzifələrin istənilən, o cümlədən onların həyatı və sağlamlığı üçün risklərlə müşayiət olunan şəraitdə icrasını nəzərdə tutduğundan, bu, dövlət tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş təminat tədbirlərinin görülməsini tələb edir”.

39. O da qeyd edilməlidir ki, cavabdehin hazırkı kassasiya şikayətində olduğu kimi, əvvəlki məhkəmi prosesi zamanı da verdiyi kassasiya şikayətinin dəlillərindən biri məhz ondan ibarət olmuşdur ki, iddiaçının xəstəliyinin yaranmasının onun hərbi xidmətinin vəzifəsinin icrası ilə səbəbli əlaqəsi olmamışdır. Lakin əvvəlki məhkəmə prosesi zamanı işə baxarkən Ali Məhkəmə həmin dəlilə qiymət verərək onu əsassız hesab etmişdir.

40. Göründüyü kimi, hazırda iddiaçı barəsində olan qanuni qüvvəsini almış və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik məhkəmə qərarında iddiaçının xəstəliyinin məhz hərbi xidmətin icrası zamanı yaranması ilə bağlı məsələyə hüquqi qiymət verildiyindən kassasiya şikayətinin buna dair dəlilləri əsassız olmuşdur.

41. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

42. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar