Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4182/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“əlilliyin müəyyən edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi barədə ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və ##.##.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. ##.##.1980-ci il təvəllüdlü İddiaçı ##.##.2019-ci il tarixdən ##.##.2024-cü il tarixinədək, “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən epileptik tutmalarla (tutma sayı 1 ay ərzində 8-9 dəfə)” diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin G********LKI nömrəli, ##.##.2024-cü il tarixli göndərişi əsasında ##.##.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri (2002-ci il). Dəqiqləşdirilməmiş ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı. Kəllə tağının sınığı. Təpə sümüyündə 10x15 mm ölçüdə içəriyə doğru batması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının ## ####### 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “İddiaçı əlillik vəziyyəti ilkin olaraq ** nömrəli Şəhər Poliklinikası *******AACPW nömrəli göndərişi əsasında ##.##.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə beş il müddətinə (##.##.2024-cü il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin G********LKI nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq sonuncu dəfə ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən patofunksional pozuntular aşkar olunmadığından, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir”.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair ##.##.2024- cü il tarixli qərarının ləğv edilməsi və ##.##.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xəstəliklərinin müsbət yönə dəyişməsi qeyrimümkündür, səhhəti hazırda daha da ağırlaşır. ##.##.2024-cü il tarixdə X1 müayinədə olmuş və müayinə nəticəsindən də görünür ki, xroniki postravmatik baş ağrısı, keçirilmiş açıq kəllə-beyin travması baş beyin silkələnməsinin nəticələri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan generalizə olunmuş tonik klonik qıcolma tutmaları, üzvi mənşəli emosional labil pozuntu, autoimmum tireadit diaqnozları müəyyən edilmişdir. O, ##.##.2024-cü il tarixdə Rezonans Klinikada MRT müayinəsində olmuşdur. Həmin müayinədən də görünür ki, türk yəhəri likvorla dolu izlənilir, hipofiz vəzin yastılaşması və ölçülərində kiçilmə qeyd edilir (qismi "boş sella"). Hər iki median temporal payda incəlmə və T2 hiperintens siqnal dəyişikliyi qeyd edilir (mezeal temporal skleroz). Xəstəliklərindən biri də ağır qəza nəticəsində hipofiz vəzinin funksiyasının pozulması olmuşdur. Hipofiz vəzinin funksiyasının pozulması nəticəsində daim yay-qış üşümələri olur. Hipofiz vəzinin müalicəsi olmur. Həmçinin, epileptik tutmaların qarşısının alınması üçün hər gün (səhər iki, günorta iki, axşam iki ədəd) ümumilikdə 1200 mq Fillepsin dərmanı qəbul edir. Hipofiz vəzinin pozulması və kəllə-beyin travmasının nəticəsində haşimoto xəstəliyi üçün hər gün 150 mq eutiroks dərmanı qəbul edir. İddiaçı qeyd olunanlara əsasən, cavabdehin imtinasını əsassız hesab edir.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti ilkin olaraq ** nömrəli Şəhər Poliklinikası *******AACPW nömrəli göndərişi əsasında ##.##.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə beş il müddətinə (##.##.2024-cü il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin G********LKI nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq sonuncu dəfə ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli, *** saylı xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş açıq kəlləbeyin travması, baş beyinin silkələnməsi (2002), sağ təpə sümüyünün içəri basılmış köhnə qəlpəli sınığından sonrakı Cekson epileptik tutmalarla müşayiət olunan travmatik konveksital araxnoidit” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və “Xroniki autoimmun tireoidit (Haşimoto xəstəliyi), qalxanvari vəzinin funksiyasının cüzi dərəcədə pozulması ilə. Vertebrogen mənşəli lümbalgiya, natamam remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, sidik kanalında çoxsaylı poliplərdən, səhərlər saat 10-a qədər səsinin olmamasından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutmalarının həftədə 2-3 dəfə baş verdiyini, 2-3 dəqiqə davam etdiyini, qıcolma tutmasının videosunun insanlar tərəfindən çəkilərək “Tik-Tok” sosial şəbəkəsində yayıldığını, sonra oğlu tərəfindən həmin videonun sildirildiyini qeyd etmişdir. Müayinə zamanı başın təpə nahiyəsində çapıq, 4-5 mm-lik 1 sm uzunluğunda defekt qeyd edilmiş, ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda qıcolma tutmasını tam təsvir edə bilməmiş, səhərlər daha çox olduğunu qeyd etmiş, medikamentoz preparatlardan “Finlipsal 200 mg 1 tablet 4 dəfə” qəbul etdiyini söyləmişdir ki, bu da uyğunsuzluq təşkil etmişdir. Təqdim olunmuş başbeyinin instrumental müayinə nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, EEQ dalğalarında epiaktiv ocaq qeyd olunmamışdır. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı izlənilmiş, ünsiyyətə həvəslə daxil olmuş, suallara adekvat cavablar vermiş, emosional labil şəxs kimi dəyərləndirilmişdir. Ə.D.Məlikov adına X3 ##.##.2023-##.##.2023-cü il tarixli, **** saylı Çıxarışında diaqnoz “Keçirilmiş açıq kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Koqnitiv pozulmalar. Posttravmatik xroniki baş ağrıları. Postkontuzion sindrom. Tez-tez təkrarlanan generalizə olunmuş tonik-klonik qıcolma tutmaları (2 tutma). Pteriqium. Hipermetropiya. Dəqiqləşdirilməmiş tireoidit. Serebral atrofiya. Sağ təpə sümüyünün içəri bitişmiş köhnə sınığı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 ##.##.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Hər iki tərəfdə alın, gicgah və təpə paylarında subaraxnoidal məsafə minimal artmışdır. Təpənin sağ yuxarı arxasında təpə sümüyündə 10x15 mm ölçüdə içəriyə doğru batıqlıq qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ##.##.2023-cü il tarixli Baş beynin MRT müayinəsinin nəticəsi “Supratentorial beyin paylarında ekstraaksial likvor məsafələrinin həcmlərinin konveksital kəsimlər səviyyəsində bir qədər artması. Virxov-Robin perivaskulyar məsafələrinin minimal genişlənməsi. Hər iki maksillar sinusda mukozal qalınlaşma, sol maksillar sinusu tama yaxın dolduran retension kista” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. X2 ##.##.2024-##.##.2024cü il tarixli Çıxarışında diaqnoz “Xroniki posttravmatik baş ağrısı. Keçirilmiş açıq kəlləbeyin travması baş beyin silkələnməsinin nəticələri. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan generalizə olunmuş tonik klonik qıcolma tutmaları. Üzvi mənşəli emosional labil pozuntu. Autoimmun tireadit” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Rezonans Klinikasının ##.##.2024- cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Türk yəhəri likvorla dolu izlənilir, hipofiz vəzin yastılaşması və ölçülərində kiçilmə qeyd edilir (qismi “boş sella”). Hər iki median temporal payda incəlmə və T2 hiperintens siqnal dəyişikliyi qeyd edilir (mezeal temporal skleroz)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Cavabdeh publik hüquqi şəxsində ##.##.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsinə dair ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, ##.##.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əvvəl təyin edilmiş əlilliyin diaqnozu ilə, onun barəsində rəsmiləşdirilmiş G********LKI nömrəli göndərişdə olan diaqnozlar eynilik təşkil etmişdir. İddiaçının əlilliyi təkrar əlillikdir və 2002-ci ildən həmin xəstəliklərdən əziyyyət çəkir. İddiaçıya 2019-cu il tarixdə əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasionar müalicə və müayinələrdə olmuş, həmin sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik əlaməti təyin etməməsi qərarına gəlmişdir. Halbuki iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri. Kəllədaxili travmaların nəticələri (2002ci il tarixində Hərbi xidmət zamanı). Ağırlaşmalar: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. G44.3 Xroniki posttravmatik baş ağrısı. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. S02.0 Kəllə tağının sınığı. Kəllə tağının sınığı. Təpənin sağ yuxarı arxasında təpə sümüyündə 10xl5mm ölçüdə içəriyə doğru batıqlıq qeyd olunur. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu (Xidmət zamanı KBT nəticəsində). G40.3 Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Teztez baş verən qıcolma tutma ilə. E06.3 Autoimmun tireoidit. Haşimota xəstəliyi”ndən əziyyət çəkir Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, sidik kanalında çoxsaylı poliplərdən, səhərlər ~ 10-a qədər səsinin olmamasından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutmalarının həftədə 2-3 dəfə baş verdiyini, ~ 2-3 dəqiqə davam etdiyni, qıcolma tutmasının videosunun insanlar tərəfindən çəkilərək “Tik-tok” sosial şəbəkəsində yayıldığını, sonra oğlu tərəfindən həmin videonu sildirdiyini qeyd etmişdir. Müayinə zamanı başın təpə nahiyəsində çapıq, ~4 -5 mm-lik 1 sm uzunluğunda defekt qeyd edilmiş. ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda qıcolma tutmasını tam təsvir edə bilməmi, səhərlər daha çox olduğunu qeyd etmiş, medikamentoz preparatlardan “Finlipsal 200 mg 1 tablet 4 dəfə” qəbul etdiyini söyləmişdir ki, bu da uyğunsuzluq təşkil etmişdir. Təqdim olunmuş baş beynin instrumental müayinə nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, EEQ dalğalarında epiaktiv ocaq qeyd olunmamışdır. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı izlənilmiş, ünsiyyətə həvəslə daxil olmuş, suallara adekvat cavablar vermiş, emosional labil şəxs kimi dəyərləndirilmişdir. TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızıdır. İş materiallarında iddiaçının göstərilən xəstəliklərdən əziyyət çəkməsi həmçinin ekspert rəyi ilə də sübut olunur. İddiaçıda Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri. Kəllədaxili travmaların nəticələri (2002-ci il tarixində Hərbi xidmət zamanı). Ağırlaşmalar: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. G44.3 Xroniki posttravmatik baş ağrısı. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. S02.0 Kəllə tağının sınığı. Kəllə tağının sınığı. Təpənin sağ yuxarı arxasında təpə sümüyündə 10xl5mm ölçüdə içəriyə doğru batıqlıq qeyd olunur. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu (Xidmət zamanı KBT nəticəsində). G40.3 Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Teztez baş verən qıcolma tutma ilə. E06.3 Autoimmun tireoidit. Haşimota xəstəliyi”nin olması da iş materiallarında olan tibbi sənədlər və eksert rəyi ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2019cu il tarixdən 2024-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. İddiaçıda əsas diaqnoz, yanaşı xəstəlillər və ağırlaşmalar mövcuddur. İddiaçının həmin xətəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndinə uyğun olması və hansı faiz dərəcəsi və hansı müddətdə olmasını cavabdeh müəyyən etməlidir.
11. İş materiallarında olan N Nömrəli hərbi hissəsinin ##.##.2018-ci il tarixli göndərişi əsasınada verilmiş iddiaçının barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli, 143 № li “Xəstəlik haqqında” Şəhadətnaməsində qeyd edilmişdir ki, “Keçirilmiş qapalı kəllə-beyin travması” baş beyinin silkələnməsi (2002), sağ təpə sümüyünün işəri basılmış köhnə qəlpəli sınığından sonrakı vəziyyət Cekson epilektik tutmalarla müşayiət olunan travmatik konveksital araxnoidit.” – hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. İddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə olan diaqnozların MN MHK qərarında qeyd edilmiş diqanozlarla eyni olması iş üzrə keçirilmiş ekseprt rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin iddiaçıya əvvəl təyin edilmiş əlilliyin səbəb əlaqəsi də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yetinə yetirərkən aldığı travma ilə əlaqədar olmuşdur. Ona görə də, ididaçının əlilliyinin səbəb əlaqə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirilməsi ilə əlaqədar müəyyən edilməlidir.
12. Cavabdeh Cavabdeh publik hüquqi şəxsi Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarını mübahisələndirmiş və qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə - sədrlik edən və məruzəçi, K.H.Əkbərov və M.Ə.Abbasov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddanın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi.
20. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
27. “İnzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsindədiskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.
28. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görətətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.
29. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək və s. Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faizgöstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
30. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi vəmüddəti göstərilmişdir.
31. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
32. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.
33. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
34. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyənedilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavabverən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.
35. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirmə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.
36. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.
37. Cavabdehin də kassasiya şikayətinin əsas dəlilini eyni məsələ, yəni diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilənin qanunsuz olması təşkil etdiyindən, yuxarıda göstərilən əsaslarla həmin dəlili məhkəmə kollegiyası əsassız hesab edir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.