Məhkəmə qərarları › İş №2-1(102)-4184/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4184/2025

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4184/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx” MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ##.##.2024-cü il tarixli qərarına əsasən “xxxx” MMC-nin malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektlərindən (obyektlərindən) digər təsərrüfat subyektlərinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixədək operativ vergi nəzarəti təyin edilmişdir.

2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarı ilə “xxxx” MMC Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 3635,44 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli qərarına əsasən fevral 2024-cü il əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə “xxxx” MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 17.199,51 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı – 77871,56 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 95071,71 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - ##.##.2021-ci il tarixində vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə minmiş, ##.##.2021-##.##.2024-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 2.220.786,19 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2.909.891,75 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 151.664,27 manat sənədli mal qalığı olduğu, ticarət əlavəsinin isə 8 faiz həddində olması müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4.818.353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100.616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərarla iddiaçıya əsassız şəkildə artıq ƏDV hesablanmışdır. Qərarın əsası kimi cavabdeh operativ vergi nəzarəti zamanı keçirilmiş yoxlama zamanı malın əskik gəlmə faktının olmasını göstərmişdir. Vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 36354,4 manat (ƏDV-li) məbləğində malların elektron qaimə-faktura olmadan satışı müəyyən edilmiş, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən kənarlaşma vergi ödəyicisi tərəfindən aradan qaldırılaraq dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək müvafiq hesablama aparılmışdır. Lakin vergi orqanı özünün keçirdiyi yoxlamasına zidd olaraq, süni şəkildə 100.616,64 manat vergi məbləği qədər (yəni, ümumilikdə 558.981 manat) dövriyyənin azaldıldığını bildirmişdir. Halbuki, vergi orqanı öz ##.##.2024-cü il tarixli məsuliyyətə cəlb etmə qərarı ilə də təsdiq etmişdir ki, kənarlaşma yalnız 36354,4 manat məbləğindədir. Belə olan halda, əlavə dövriyyənin nəyə əsasən müəyyən edildiyi əsaslandırılmamışdır. Bundan əlavə, vergi orqanı qərarında süni şəkildə idxal mallarının dəyərini artırmışdır. Belə ki, qərarda qeyd edilir ki, ümumilikdə vergi ödəyicisi tərəfindən 2.909.891,75 manat məbləğində mal idxal edilmişdir. Lakin bu məbləğin haradan yarandığı aydın deyil. Digər tərəfdən, vergi orqanı tərəfindən ticarət əlavəsini hansı qaydada müəyyən etdiyi də aydın deyil. Qərarda da bununla bağlı hər hansı qeyd yoxdur. Həmçinin bildirilir ki, mübahisələndirilən qərardan vergi ödəyicisi tərəfindən inzibati qaydada ##.##.2024-cü il tarixində şikayət verilmişdir, lakin indiyədək şikayət üzrə qərar qəbul edilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vergi orqanı tərəfindən mübahisələndirilən qərarda qeyd edilmişdir ki, qaimə-faktura üzrə 2.220.786,19 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2.909.891,75 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 151.664,27 manat sənədli mal qalığının olduğu, ticarət əlavəsinin isə 8 faiz həddində olması müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4.818.353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100.616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Bu rəqəmlər hamısı gözəl səslənə bilər, lakin qeyd edilən rəqəmlərdən vergi orqanının qərarında əks edilmiş vergi məbləğinin necə alındığı müəyyən deyil. Başqa sözlə, vergi orqanı qərarında öz nəticəsinin şərtlərini göstərib, lakin bu şərtlərdən istifadə edilmə düsturunu göstərməyib. Qərarda problemli digər bir məsələ isə ondan ibarətdir ki, əsaslandırma hissəsində “100.616,64” manat vergi məbləği qədər malların əskik gəlməsi qeyd edilsə də, qərarda ümumilikdə vergi öhdəliyinin 95071,07 manat olduğu qeyd edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, inzibati orqan tərəfindən qərar tam əsaslandırılmamışdır. Xüsusilə vergi orqanının vergi hesablanarkən istinad etdiyi qanun norması əks edilməmişdir. Qeyd olunur ki, hazırda mübahisə əlavə dəyər vergisi üzərindəndir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinin mənasında vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmişdir. Həmin malların məbləği isə məhz 36354,4 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən bu fakt mübahisələndirilməmiş və dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilərək bu uyğunsuzluq vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılmışdır. Yəni, faktiki olaraq Vergi Məcəlləsinin 67.15-ci maddəsi vergi ödəyicisi tərəfindən hazırki halda artıq tətbiq edilmişdir. Vergi orqanı tərəfindən isə bundan sonra bu maddəyə istinad etməsi qeyri-mümkündür, çünki həmin norma məhz vergi nəzarəti zamanı aşkar edilmiş faktlarla məhdudlaşır. Hazırki halda isə, vergi orqanı kameral yoxlama nəticəsində yüzlərlə min manatdan artıq dövriyyənin əskik gəlməsini bildirir ki, bu da operativ vergi nəzarəti zamanı aşkar edilmiş faktlara ziddir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırki halda, vergi orqanı müvafiq dövr üzrə kənarlaşan dövriyyənin məbləğini artıq özü operativ vergi nəzarəti zamanı təsdiq etmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar əsassızdır. Diqqət edilməli daha bir məqam isə vergi orqanının hesablamada əsas götürdüyü vergi ödəyicisinin idxal etdiyi malları məbləği ilə bağlıdır. Belə ki, həmin məbləğ vergi orqanı tərəfindən süni şəkildə şişirdilmişdir. Qeyd olunur ki, müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən 2.450.467,88 manat dəyərində mal idxal edilmiş, vergi orqanı isə gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün istifadə edilmiş statistik dəyəri əsas götürmüşdür ki, bu da tamamilə əsassızdır. Burada vergi orqanı malların faktiki dəyəri ilə gömrük orqanı tərəfindən istifadə edilən statistik (nəzəri) dəyəri arasında fərqi əsassız olaraq vergi ödəyicisinin dövriyyəsinə aid etmişdir. Bununla bağlı Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Ali Məhkəmənin baxdığı analoji iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarına əsasən “İddiaçı haqlı olaraq qeyd edir ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.” Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi ödəyicisi tərəfindən də malların maya dəyəri hesablanarkən malın invoys dəyəri, rüsum, yığım, qısa idxal və tərəzi xərcləri və nəqliyyat xərcləri nəzərə alınmışdır. Digər tərəfdən, əgər vergi orqanı hesab edirdisə ki malların faktiki dəyəri düzgün göstərilməyib, Vergi Məcəlləsinin 14-cü maddəsində qeyd edilən bazar qiymətinin müəyyən edilməsi ilə bağlı tələblərə riayət etməli idi.

6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 2024-cü ilin fevral ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 95071,07 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış araşdırma nəticəsində uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin ##.##.2021-ci il tarixində ƏDV qeydiyyatının qüvvəyə mindiyi, ##.##.2021-##.##.2024-cü il tarixlərə qədər elektron alış üzrə 0 manat, elektron qaimə-faktura üzrə 2.220.786,19 manat dəyərində, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2.909.891,75 manat dəyərində mal alışının olduğu müəyyən edilmişdir. ##.##.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin 151.664,27 manat sənədli mal qalığının olduğu müəyyən edilmişdir. “xxxx” MMC-nin rəhbəri X4 tərəfindən vergi orqanına yoxlama zamanı təqdim edilmiş arayışa əsasən müəssisə tərəfindən satılan mallara orta hesabla 8% ticarət əlavəsinin tətbiq edildiyi qeyd edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4.818.353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100.616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 95071,07 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçının vəkili məhkəməyə ərizə təqdim etmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qeyd olunan ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ərizədə qeyd olunur ki, qərarın əsaslandırma hissəsində “100616,64” manat vergi məbləği qədər malların əskik gəlməsi qeyd edilsə də, qərarda ümumilikdə vergi öhdəliyinin 95071,07 manat olduğu qeyd edilmişdir. Bununla bağlı qeyd olunur ki, vergi ödəyicisinin rəhbərinin ##.##.2024-cü il tarixli izahatında EBBV220509 və EBCL423596 elektron qaimə-fakturaların təqdim edilməsi zamanı texniki xəta olması və malların miqdarının və vahidinin qiymətinin ona görə alış göstəriciləri ilə uzlaşmaması barədə məlumat əks olunmuşdur. Həmçinin, satılmış malların ümumi dəyərinin və ƏDV-nin vergitutma baxımından düzgün olması da izahatda qeyd edilmişdir. Daha sonra ərizədə vergi hesablanarkən istinad olunan qanun normasının əks etdirilməməsi və vergi orqanı tərəfindən hər hansı normaya istinad edilmədən 2024-cü ilin fevral ayı üzrə deyil, əvvəlki dövriyyələrin araşdırılmasının aydın olmadığı bildirilir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Həmin məktubda qanunvericiliyin hansı müddəalarına əsaslanaraq qanunamüvafiq tədbirlər keçirilməsi bildirilmişdir. Eyni zamanda bildirilir ki, kameral vergi yoxlaması ilə hesablanmış məbləğ Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən Operativ vergi nəzarətinin keçirilməsi haqqında ##.##.2024-cü il tarixli ************ nömrəli qərarına əsaslanmışdır. Habelə ərizədə qeyd olunur ki, müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən 2.450.467,88 manat dəyərində mal idxal edilmiş, vergi orqanı isə gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün istifadə edilmiş statistik dəyəri əsas götürmüşdür. Bununla bağlı isə bildirilir ki, vergi ödəyicisi tərəfindən 2.450.467,88 manat dəyərində mal idxal edildiyi halda, 532.284,51 manat dəyərində ƏDV məbləği əvəzləşdirildiyindən (statistik dəyər) satış dövriyyəsi də uyğun olaraq 2.909.891,75 manat qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən ##.##.2024-##.##.2024-cü il tarixlərdə keçirilən operativ yoxlama zamanı iddiaçının ümumilikdə 36354,4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı müəyyən olunmuş və ona həmin məbləğin 10% miqdarında, yəni 3635,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi yoxlanılan dövrdə iddiaçının elektron qaimə-faktura olmadan təqdim edilən malın 36.354,4 manat olduğu müəyyən edildiyi halda, cavabdeh kameral vergi yoxlaması zamanı 100.616,64 manat malın elektron qaimə-faktura olmadan təqdim edilməsi hesab edilmiş, bununla da kənarlaşmanın yarandığı iddia olunmuşdur. Göründüyü kimi cavabdehin kameral vergi yoxlaması zamanı irəli sürdüyü mülahizələr faktiki olaraq operativ vergi yoxlaması zamanı müəyyən olunmuş hallar ilə birbaşa ziddiyyət təşkil etməkdədir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər X1-məruzəçi, X2 və İsmayılov Orxan Nadir oğlu) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, vergi orqanı tərəfindən ##.##.2024-##.##.2024-cü il tarixlərdə keçirilən operativ yoxlama zamanı iddiaçının ümumilikdə 36354,4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı müəyyən olunmuş və ona həmin məbləğin 10% miqdarında, yəni 3635,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi yoxlanılan dövrdə iddiaçının elektron qaimə-faktura olmadan təqdim edilən malın 36.354,4 manat olduğu müəyyən edildiyi halda, cavabdeh kameral vergi yoxlaması zamanı 100.616,64 manat malın elektron qaimə-faktura olmadan təqdim edilməsi hesab edilmiş, bununla da kənarlaşmanın yarandığı iddia olunmuşdur. Göründüyü kimi cavabdehin kameral vergi yoxlaması zamanı irəli sürdüyü mülahizələr faktiki olaraq operativ vergi yoxlaması zamanı müəyyən olunmuş hallar ilə birbaşa ziddiyyət təşkil etməkdədir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və göstərilmişdir ki, vergi orqanının kameral vergi yoxlamasından əvvəl apardığı operativ vergi nəzarəti tədbirinin nəticəsi ilə hesablanmış məbləğ arasında hər hansı əlaqə yoxdur.

14. Məhkəmələr tərəfindən ##.##.2024-cü il tarixli ****** saylı aktın nəticələrinə istinad edilməsinin hazırkı mübahisə predmeti ilə heç bir əlaqəsi olmamış və qərarların əsassız qəbul edilməsinə səbəb olmuşdur. Vergi orqanı tərəfindən aparılmış hesablamalar ##.##.2024-cü il tarixli ****** saylı aktın nəticələrinə, eləcə də Vergi Məcəlləsinin 67.1, 67.1.6 və 162.1-ci maddələrinə uyğun şəkildə, rəsmi idxal-ixrac və gömrük məlumatları əsasında həyata keçirilmişdir. Hesablamalar zamanı iddiaçının təqdim etdiyi sənədlər və faktiki göstəricilər nəzərə alınaraq – 95.071,07 manat məbləğində əlavə vergi müəyyən edilmişdir. Bundan əlavə, ƏDV bəyannamələri üzrə dövriyyə fərqləri (527 999,83 manat) malların faktiki olaraq iddiaçının sahibliyində olmadığını açıq şəkildə təsdiqləyir. Belə olan halda, vergi orqanının mövqeyi həm hüquqi, həm də iqtisadi baxımdan əsaslı, məhkəmələrin qənaəti isə əsassız hesab edilməlidir. Bu səbəbdən kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia təmin edilməməlidir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdehin qeyd etdiyi işin mahiyyəti tamamilə səhvdir və təhrif olunub. Belə ki, ilk dəfə kassasiya şikayətinə cavabdeh mübahisələndirilən qərarda, nə də bəyannamə üzrə verilmiş bildirişdə göstərilən əsaslandırma irəli sürür və hansısa dövriyyə kənarlaşmasından bəhs edir. Göründüyü kimi, ilk dəfə kassasiya şikayətində qərarın qəbul edilməsi üçün əsas kimi “dövriyyə kənarlaşması” və “4 849 334,93 manat” “5 377 334,76 manat” kimi əlavə rəqəmlər göstərilir, halbuki mübahisələndirilən qərarda bu rəqəmlər mövcud deyil və qərarın qəbul edilməsinə yeganə əsas kimi “malların əskik gəlməsi istiqamətində kənarlaşmalar” göstərilir. Bu səbəbdən cavabdehin işin mahiyyətini təhrif etməsi onun istinad etdiyi dəlillərin nəzərə alınmaması ilə nəticələnməlidir. Lakin hətta cavabdehin “dövriyyə kənarlaşması” istinadı nəzərə alınsa idi belə, həmin kənarlaşma əsasında verginin hesablanması qanunsuz olardı. ƏDV üzrə hesabat dövrü konkret təqvim ayını əhatə etməli və bu dövr üzrə yaranmış dövriyyələr nəzərə alınmalıdır.

16. Mübahisələndirilən qərarın əsası kimi cavabdeh operativ vergi nəzarəti zamanı keçirilmiş yoxlama zamanı malın əskik gəlmə faktının olmasını göstərmişdir. ##.##.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti keçirilmiş, həmin operativ vergi nəzarəti zamanı ümumilikdə 36.354.4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilmişdir. Qeyd edilən kənarlaşma vergi ödəyicisi tərəfindən aradan qaldırılaraq dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək müvafiq hesablama aparılmışdır. Lakin vergi orqanı özünün keçirdiyi yoxlamasına zidd olaraq, süni şəkildə 100616,64 manat vergi məbləği qədər (yəni, ümumilikdə 558981 manat) dövriyyənin azaldıldığını bildirmişdir. Halbuki, vergi orqanı öz ##.##.2024-cü il tarixli məsuliyyətə cəlb etmə qərarı ilə də təsdiq etmişdir ki, kənarlaşma yalnız 36354.4 manat məbləğindədir.

17. Vergi orqanının qərarda göstərdiyi rəqəmlər həmin qərarda göstərilən nəticəyə, yəni əlavə hesablanmış vergi məbləğinə uyğun deyil. Belə ki, şikayətdə qeyd edilir ki ƏDV bəyannamələrində göstərilmiş dövriyyə məbləği ilə bağlı(5 377 334,76 – 4 849 334,93 = 527 999,83) kənarlaşmanın olduğu müəyyən edilmişdir. 527999,83 * 18%= 95039,96. Qərarda isə 95 071,07 manat məbləğdən söhbət gedir. 2024-cü ildən hazırki məqamadək vergi orqanı öz qərarında qeyd etdiyi məbləği əsaslandıra bilməmişdir.

18. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 1.3. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1.1. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4- cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Qeyd olunan maddələrin tələbləri

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, mübahisələndirilən qərar ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

24. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ##.##.2024-cü il tarixli, qərara əsasən “xxxx” MMC-nin malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektlərindən (obyektlərindən) digər təsərrüfat subyektlərinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək operativ vergi nəzarəti təyin edilmiş və vergi nəzarəti həyata keçirilmişdir.

25. Cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə “xxxx” MMC Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 3.635,44 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin bu qərarı hazırkı mübahisənin predmetini təşkil etmir.

26. Cavabdeh operativ vergi nəzarəti tədbirinin nəticəsi kimi həm də ## #### 2024-cü il tarixli qərar qəbul etmiş, bu qərarla iddiaçıya fevral 2024-cü il dövrü üçün 95.071,07 manat ƏDV hesablamışdır.

27. İddiaçı cavabdehin ## #### 2024-cü il tarixli qərarının ləğv olunmasını xahiş edir.

28. İddiaçının dəlillərinə görə vergi bəyannamələri təqdim edilərkən hər hansı kənarlaşma baş verməmiş və cavabdeh inzibati orqan işin mahiyyətini təhrif edərək onun dəlillərini nəzərə almamışdır.

29. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərini əsaslı hesab edərək iddianı təmin etmişdir.

30. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, aparılmış araşdırma nəticəsində uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 01.11,2021-ci il tarixində ƏDV qeydiyyatının qüvvəyə mindiyi, ##.##.2021-##.##.2024-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 2.220.786,19 manat dəyərində, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2.909.891,75 manat dəyərində mal alışının olduğu müəyyən edilmişdir. ##.##.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin 151.664,27 manat sənədli mal qalığının olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin rəhbəri X4 tərəfindən vergi orqanına yoxlama zamanı təqdim edilmiş arayışa əsasən müəssisə tərəfindən satılan mallara orta hesabla 8% ticarət əlavəsinin tətbiq edildiyini qeyd edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4.818.353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 95.071,07 manat əlavə vergi məbləği hesablanmışdır.

31. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə görə hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərinə münasibət bildirməmişdir.

33. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə vergi orqanı tərəfindən qəbul edilmiş yazılı inzibati akt əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Lakin hazırkı işin halları baxımından vergi orqanı tərəfindən bu tələbə əməl edilməmiş, iddiaçı tərəfindən 100.616,64 manat malın elektron qaimə-faktura olmadan təqdim edilməsini necə müəyyən edilməsi, maliyyə sanksiyasının hansı düstur və cədvəl ilə hesablanması göstərilməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı saymayaraq qeyd edir ki, cavabdeh hesablamanın əsasını təşkil edən məlumatları iddia ərizəsinə etiraza əlavə etmiş, (işin 1-ci cildi səh.85-172) lakin apellyasiya məhkəməsi işdə olan məlumatlarla bağlı tərəflərin münasibətini öyrənməmiş, o cümlədən 95.071,07 manat əlavə vergi məbləğinin yaranması əsasına dair araşdırma aparmamışdır.

35. Cavabdeh bildirir ki, iddiaçı tərəfindən mübahisə olunan ##.##.2024-cü il tarixli qərarın nəticəsində iddiaçıya əlavə vergi məbləğinin hesablanması zamanı ##.##.2024-cü il tarixli ****** saylı aktla müəyyən edilmiş 151.664,27 manat dəyərində sənədli mal alışı aşkar olunması faktından istifadə olunaraq hesablama aparılmışdır. Həmçinin cavabdeh iddiaçıya göndərdiyi ##.##.2024-cü il tarixli məktubunda bildirmişdir ki, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 151.664,27 manat sənədli mal qalığının olduğu, ticarət əlavəsinin isə 8 faiz həddində olması müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4.818.353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100.616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə hüquqi qiymət verməmiş və tərəflərin münasibətini öyrənməmişdir.

37. Apellyasiya məhkəməsi həmçinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən ƏDV-nin hesablanması zamanı vergi tutulan əməliyyatların təqvim ayı üzrə aparılmalı olması qaydasına əməl edilməmişdir. Vergi Məcəlləsinin tələbinə görə ƏDV üzrə hesabat dövrü konkret təqvim ayını əhatə etməli və bu dövr üzrə yaranmış dövriyyələr nəzərə alınmalıdır. Lakin cavabdeh orqanın mübahisəli qərarında hər hansı əsaslandırma aparmadan 2024-cü il fevral ayı üzrə deyil, əvvəlki dövriyyənin araşdırılması faktını əsaslandıra bilməmiş, öz inzibati aktında da bu halı əks etdirməmişdir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.15-ci maddənin tələblərinə əməl edilmədən yoxlama keçirilmiş, bu səbəbdən yoxlamanın nəticəsi olaraq tərtib edilmiş qərar əsassızdır.

38. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə görə vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.

39. İddiaçı barəsində ##.##.2024-cü il tarixli qərar kameral vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Bu halda vergi pozuntunun aşkar edildiyi hesabat dövrü üzrə hesablanır. Operativ vergi nəzarəti tədbiri 2024-cü ilin fevral ayında aparılmış, cavabdeh kənarlaşmanın olmasını həmin vaxt aşkar etmiş və iddiaçıya hesablanan ƏDV fevral 2024-cü il üzrə müəyyən edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi Vergilər Məcəlləsinin 67.15-ci maddəsini işin hallarına uyğun tətbiq etməmişdir.

41. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə görə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

42. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, vergi orqanı tərəfindən aparılmış hesablamalar ##.##.2024-cü il tarixli ****** saylı aktın nəticəsində, eləcə və Vergi Məcəlləsinin 67.1, 67.1.6 və 162.1-ci maddələrinə uyğun şəkildə, rəsmi idxal-ixrac və gömrük məlumatları əsasında həyata keçirilmişdir.

43. Kassasiya şikayətinin hesablanmış verginin rəsmi idxal-ixrac və gömrük məlumatları əsasında həyata keçirilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, vergi orqanı iddiaçının ƏDV-yə cəlb olunan dövriyyəsini idxal edilmiş malların gömrük dəyəri əsasında deyil, faktiki alış (invoys) dəyəri əsasında hesablamalıdır (Ali Məhkəmənin İnzibati kollegiyasının 2- 1(102)-177/2024, *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları).

44. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar