Məhkəmə qərarları › İş №2-1(102)-4185/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4185/2025

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4185/2025 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Çağırışçı - 2003-cü il # ###### təvəllüdlü İddiaçı 2021-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Bərdə rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli göndərişi ilə ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək Bərdə rayon Mərkəzi Xəstəxanasında ambulator müayinədə olmuş, müayinənin nəticələri üzrə ##.##.2021-ci il tarixli, *** nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktı tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, İddiaçı şikayətləri hər iki gözünün zəif görməsindən ibarət olmuşdur. Anamnezi kimi özünün deməsinə görə uşaqlıqdan gözlərinin zəif görməsi, görmə qabiliyyətinin tədricən zəiflədiyi qeyd olunub. Obyektiv müayinə ilə göz qapaqlarının normal, buynuz qişasının şəffaf, bəbəyin dairəvi olub, işığa reaksiya verdiyi müəyyən edilib. Həmçinin ona “OU-Zəif dərəcəli miopiya. M-0,75-1,0D” diaqnozu müəyyən edilib (1-ci cild .

2. İddiaçı ##.##.2021-ci il tarixdə “Bərdə RMX” PHŞ-nin Poliklinika şöbəsinin kardioloji kabinetində EKQ müayinəsindən keçmiş və sağlam hesab edilmişdir.

3. İddiaçı Xidmətin Bərdə rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası” haqqında Əsasnamənin “Xəstəliklər cədvəli”nin İ qrafasına müvafiq olaraq “Hərbi xidmətə yararlıdır A3” hesab edilərək, ##.##.2021-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.

4. Hərbi xidmət dövründə iddiaçı xəstələnmiş və N nömrəli hərbi hissə komandirinin göndərişi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyasında müayindən keçirilmiş, «Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı. Gərginlik tip baş ağrıları. Vertebrogen mənşəli lümbalgiya. Hər iki gözün qarışıq astiqmatizmi, Hm0,50 D və 1.0 D görmə itiliyinin sağda 0,4-ə qədər azalması, korreksiya ilə 0,8, solda 1.0 olmaqla, 36-cı dişin kariyesi» diaqnozu müəyyən edilmişdir. Komissiya tərəfindən iddiaçı Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin xəstəliklər cədvəlinin II qrafasının 42c maddəsinə əsasən "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab olunmuş, bu barədə ##.##.2021-ci il tarixdə ***** nömrəli “Xəstəlik haqqında şəhadətnamə” tərtib edilmişdir (1-ci cild, səh 143). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin göndərişi əsasında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim5.komissiyası tərəfindən ##.##.2021-ci il tarixli ***** nömrəli “Xəstəlik haqqında şəhadətnamə” ilə iddiaçıya «Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı. Hər iki gözün miopiyası M4.0 D nəticəsində görmə itiliyinin sağda 0,3-ə qədər, solda 0,5-ə qədər azalması, korreksiya ilə hər iki gözün görmə itiliyi 1.0 olmaqla 36-cı diskin ikincili adentiyası » diaqnozu müəyyən edilmişdir. Komissiya tərəfindən iddiaçı Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin xəstəliklər cədvəlinin II qrafasının 42c maddəsinə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab olunmuş, bu barədə (1-ci cild, səh 147).

6. Buna əsasən ##.##.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin *** nömrəli əmri ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.

7. İddiaçı əsassız olaraq hərbi xidmətə çağırılmasına görə maddi və mənəvi zərərin ödənilməsi ilə əlaqədar etdiyi müraciəti təmin edilməmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli C/30, ##.##.2022-ci il tarixli C/722, ##.##.2022-ci il tarixli, C/1313 və ##.##.2022-ci il tarixli C/**** nömrəli məktublarlaona cavab verilərək bildirilmişdir ki, vaxtından əvvəl ehtiyata buraxılan müddətli həqiqi hərbi qulluqçulara təzminat ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstə olduğu halda düzgün müayinə edilmədən hərbi xidmətə göndərildiyi üçün maddi və mənəvi ziyan olaraq 25000 manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2021 ci il tarixdə Bərdə rayon SHXÇDX tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, komissiyadan keçirilərək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş və ## #### 2021-ci il tarixdən xidmətini N nömrəli hərbi hissənin zenit raket batareyasının pilotsuz uçuş aparatına qarşı mübarizə heyətinin tuşlayıcı operator vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətə davam etmişdir. Xidməti dövründə səhhətində problemlər yaranmış və 16.11.20121-ci il tarixdə Müdafiə Nazirliyinin həkimləri tərəfindən xidmətə yararsız bilinərək, ordu sıralarından tərxis olunmuşdur. Bir sıra dövlət orqanlarına rəsmi müraciətləri olsa da, heç bir nəticəsi olmamışdır. Belə ki, Hərbi Prokrorluğun araşdırmasının və həkim komissiyalarının rəyindən məlum olmuşdur ki, iddiaçıda olan xəstəlik ümumi xəstəlik olub və Səfərbərlik Xidmətinin əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq, onu düzgün yoxlamamış, hərbi xidmətə yararlı olaraq göndərmişdir. 8 ay ərzində ona və ailəsinə 25000 manat məbləğində maddi və mənəvi ziyan dəymişdir. Ona dəyən ziyanın ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2021-ci ilin aprel çağırışına cəlb edilmiş, tibbi şəhadətləndirmə zamanı səhhətindən heç bir şikayəti olmamışdır. Buna baxmayaraq, ##.##.2021-ci il tarixli ** nömrəli göndərişlə gözündən tibbi müayinə olunması üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Müayinənin nəticəsi kimi ona ##.##.2021-ci il tarixli *** nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"na əsasən "OU-Zəif dərəcəli miopiya. M-0,75-1,0D" diaqnozu qoyulmuşdur. Iddiaçı Bərdə rayon çağırış komissiyyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13d, (boy 180 sm, çəki 51 kg) 34ç 3-cü məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilərək, tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış, çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilərək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmuş, ##.##.2021-ci il tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmişdir. N nömrəli hərbi hissə komandirinin göndərişi ilə MN-nin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilərək Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə tədiq edilmiş "Hərbi -həkim ekspertizası haqqında Əsasnamə"nin xəstəliklər cədvəlinin II qrafasının 42c maddəsinə (diaqnoz: Revmatizm,qeyri fəal dövr, mitral qapaq çatışmazlığı. Gərginlik tip baş ağrıları. Vertebrogen mənşəli lümbalgiya. Hər iki gözün qarışıq astiqmatizmi Hm 0,5 D və 1,0 D görmə itiliyinin sağda 0,4-ə gədər azalması, korreksiya ilə 0,8, solda 1,0 olmaqla. 36-cı dişin kariyesi. Ümumi xəstəlikdir) əsasən "dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı" hesab olunmuş, ##.##.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin *** nömrəli əmri ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Iddiaçının ərizəsinə əsasən ##.##.2021-ci il tarixli **** nömrəli göndərişlə MN-nin Mərkəzi Hərbi Poliklinikasına yenidən şəhadətləndirilməsi üçün göndərilmiş, ona ##.##.2021-ci il tarixli ***** nömrəli "sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"na əsasən əvvəlki diaqnoz qoyulmuşdur. Iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Onun hərbi xidmətə yararsız olmasına səbəb olan "Revmatizm, qeyri fəal dövr, mitral qapaq çatışmazlığı" diaqnozlu xəstəlik olmuş, lakin çağırışçının şikayəti olmadığı və aydın kliniki əlamətlərlə ifadə olunmayan ürək çatışmazlığı olmadığı hallarda bu diaqnozlu xəstəliyin həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan müayinələr nəticəsində aşkara çıxarılması mümkün olmamışdır. Belə ki, bu diaqnozun təyini ixtisaslı tibb müəssisələrində xüsusi kardioloji insturmental müayinələr ExoKQ aparılmaqla təyin olunur ki, bu müayinə həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan mütləq müayinələrin həcminə daxil deyildir.

11. Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (Hakim Fikrət Hüseynov).

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının çağırış zamanı səhhətindən şikayəti olmadığı və aydın kliniki əlamətlərlə ifadə olunan ürək çatışmazlığı olmadığı üçün həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan mütləq müayinələrin həcminə daxil olmayan əlavə müayinəyə göndərilməsinə də zərurət olmamışdır. Iddiaçının ürəklə bağlı qüsuru olmadığından tibbi şəhadətləndirmə zamanı komissiyaya belə bir məlumat verməmişdir. Bu səbəbdən də cavabdeh orqan səlahiyyəti həcmində müayinə aparmışdır.

13. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1858,33 manat məbləğində maddi ziyan, 500 manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 2358,33 manat pulun tutularaq, iddiaçı İddiaçı ödənilməsi qərar alınmış, Iddia qalan hissədə təmin edilməmişdir (hakimlər - Aygül Isgəndərova (sədrlik edən və məruzəçi), Müşfiq Məmmədov və Rəşad Mamedov).

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisələndirilən və məhkəmə araşdırılmasının predmeti iddiaçıda hərbi xidmətə çağırılmazdan əvvəl “Xəstəliklər cədvəlinin 72 “c” maddəsinin II qrafasına əsasən Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsinə əsas olan xəstəliyin olub-olmamasıdır.

16. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2021-ci il tarixli, ***** nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının əsas diaqnozu kimi “Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı; Hər iki gözün miopiyası M 4.0 D nəticəsində görmə itiliyinin sağda 0.3-ə qədər, solda 0.5-ə qədər azalması, korreksiya ilə hər iki gözün görmə itiliyi 1.0 olmaqla; 36-ci dişin ikincili adentiyası, Vertebrogen mənşəli lümbalgiya, remissiya mərhələsində; Gərginlik tip baş ağrıları” kimi qeyd edilmişdir. Göründüyü kimi, qeyd olunan xəstəlik iddiaçıda hərbi xidmətə çağırışa qədər mövcud olmuşdur. Buna baxmayaraq, cavabdeh orqan iddiaçının hərbi xidmətə yollanarkən hərbi xidmətə yararlı olduğunu əsas gətirərək zərərin əvəzinin ödənilməsindən imtina etmişdir.

17. Məhkəmə kollegiyası cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının hərbi xidmətə çağırış zamanı şəhadətləndirilməsi nəticəsində hərbi hissəyə sağlam təhvil verilməsinə etiraz etməməsi, başqa sözlə sağlamlığı ilə əlaqədar şikayətinin olmaması cavabdehin imtinasını əsaslı edən hal deyildir. Belə ki, iddiaçının özündə mövcud olan xəstəlik barəsində əvvəlcədən məlumatlı olması iş materialları ilə təsdiq olunmur, həmçinin cavabdeh tərəf özü də iddia tələbinə və apellyasiya şikayətinə etiraz qeydlərində iddiaçının hərbi xidmətə çağırılmazdan əvvəlki dövrdə hər hansı tibb müəssisəsində qeydiyyatda olmadığını bildirmişdir.

18. Bundan başqa, iddiaçı xəstəliyi barədə əvvəlcədən məlumatlı olduğu halda belə, bu xəstəliyi həqiqi hərbi xidmətə çağırış zamanı aşkar etmək hazırki qərarın 34cü bəndində qeyd olunan normalara (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiqlənmiş «Hərbi–həkim ekspertizası haqqında» Əsasnaməyə) əsasən cavabdeh orqanın vəzifəsi idi.

19. Məhkəmə kollegiyası iddiaçıda mövcud olan “Mitral qapağın prolapsı” və “OU mürəkkəb miopik astiqmatizm” kimi xəstəliklərin hərbi xidmətə göndərilməzdən əvvəl və ya sonra yaranmasının aydınlaşdırılması istiqamətində araşdırma aparmış, nəticədə məlum olmuşdur ki, qeyd olunan xəstəliklər uzun sürən xroniki xəstəliklərdir və həmin diaqnozlar onda hərbi xidmətə çağırışdan əvvəl mövcud olmuşdur.

20. Belə ki, “xxxx”publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, hərbi xidmət dövründə 2021-ci ilin oktyabr ayında MN MHP-a HHK müayinəsi zamanı ExoKQ-da olan dəyişikliklərlə əlaqədar MN BKH-a revmatoloq və kardioloqun konsultasiyasına göndərilmiş və aparılan müayinələrin nəticələrinə əsasən, ona “Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı” diaqnozu qoyulmuşdur. Həmin diaqnozla bağlı ##.##.2021-ci il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. Bütün bu yazılanlar “Mitral qapaq prolapsı”nın qazanılma olması, yəni hərbi xidmət dövründə alınmasını istisna etmir. İddiaçı adına hərbi xidmətdən əvvəl “Bərdə Rayon Mərkəzi Xəstəxanası” phş-də tərtib edilmiş ##.##.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında “OU-Zəif dərəcəli miopiya, M025-1,0 D” diaqnozunun qeyd edilməsinə və anamnezinə əsasən həmin diaqnozun onda hərbi xidmətə çağırışdan əvvəl aşkar olunması qənaətinə gəlməyə əsas verir.

21. Qeyd olunan ekspert rəyində göstərilmişdir ki, “ATU-nun X1”nın Oftalmologiya şöbəsinin müdiri, t.e.d. dosent, oftalmoloq Qurban Ismayılovun ##.##.2023-cü il tarixdə baxışı zamanı İddiaçı “OU-mürəkkəb miopik astiqmatizm” diaqnozu təyin edilmişdir. Elmi-X2 İddiaçı ##.##.2024-cü il tarixdə EKQ müayinəsindən keçərkən onda “Sinus aritmiyası. Erkən repolyarizasiya sindromu” müəyyən edilmiş, həmin tarixli transtorakal exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmişdir: sol mədəciyin sistoladiastolik ölçüləri və sistolik funksiyası normaldır, LVEF-55976. Sol mədəciyin divar hərəkət qüsuru izlənilmir. Sol qulaqcıq, sağ boşluq ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi (SPAP-mmhHag) normaldır. Mitral qapaq ön tayın 7 mm prolapsı izlənilir. Doppler EXO-KQ: 1 MÇ. Mütəxəssislər tərəfindən ona “Mitral qapağın prolapsı II (iki) dər (7 mm) I34.1” diaqnozu qoyulmuşdur.

22. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-X3 ##.##.2023-cü il tarixli müayinə nəcələrində İddiaçı barəsində EKQ-nin nəticəsi – “Sinus aritmiyası. Erkən repolyarizasiya sindromu”, EXOKQnin nəticəsi – “Sol mədəciyin sistoladiastolik ölçüləri. N.Sistolik funksiya. N 2VEF – 55%. Sol mədəciyin divar hərəkət qüsuruizlənilmir. Sol qulaqçıq, sağ boşluq ölçüləri N. Pulmonar arteriya təzyiqi N. Mitral qapaq ön tayın 7 mm prolapsı izlənilir. Dopler EXOKQ: İ mç”, Diaqnoz – “Mitral qapağın prolapsı II dərəcəli (7 mm) I34.1” kimi qeyd edilmişdir.

23. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-X3 İddiaçı barəsində ##.##.2025-ci il tarixli tibbi rəyində iddiaçıya keçirilmiş EKQ-nin nəticələri “Sinus ritmi. Üeo yarı vertical vəz. Erkən repolyariza sindromu” kimi, EXOKQ-nin nəticələri “Sol mədəciyin sistola diastolik ölçüləri normaldır. Sistolik funksiyası normaldır. LVEF – 55%. Seqmentar hərəkət qüsuru qeyd olunmur. Sol qulaqçıq və sağ boşluq ölçüləri N.SPAP- normal. Mitral qapaq ön tayın 5 mm prolapsı izlənilir. MŞ-İ” kimi qeyd edilmişdir.

24. Göründüyü kimi iddiaçıda qeyd olunan diaqnozlu xəstəliklər hərbi xidmətə çağırılmazdan (##.##.2021-ci il) əvvəl mövcud olmuş, iddiaçı bundan xəbərdar olmamış, bu xəstəlikləri tibbi yoxlama nəticəsində aşkar etmək cavabdehin vəzifəsi olmasına baxmayaraq sonuncu bunu etməmiş, beləliklə təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xəstə olduğu halda onu düzgün yoxlamadan hərbi xidmətə göndərdiyi üçün cavabdeh orqandan vurulmuş maddi və mənəvi zərərə görə 25000 manat ödənilməsini tələb etsə də, maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının hərbi xidmət keçdiyi ##.##.2021- ##.##.2021-ci il tarixədək olan dövrdə nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır.

26. Belə ki, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin sentyabrından 2022-ci ilin # ###### tarixinədək 250 manat müəyyən edilmişdir.

27. Belə olan halda, maddi ziyanla cavabdehdən tutulacaq məbləğ iddiaçının hərbi xidmətdə olduğu 7 ay 13 günə müvafiq olaraq 1858,33 manat (7 x 250 = 1750; 13 x 8,33 = 108,33; 1750 + 108,33 = 1858,33) məbləğində müəyyən edilməlidir.

28. Hazırkı halda iddiaçı cavabdehdən vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq ümumilikdə 25000 manat tələb etsə də, mənəvi zərərin həcmini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

29. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının əvvəlcədən xəstə olmasına baxmayaraq cavabdeh qurum tərəfindən onun tibbi müayinələrinin düzgün aparılmamasını, bütün bu faktların iş materialları ilə təsdiq olunduğunu, nəticədə iddiaçının cavabdeh qurumun təqsiri üzündən 7 ay 13 gün həqiqi hərbi xidmət keçdiyini və səhhətində yaranmış dəyişikliklərlə bağlı həqiqi hərbi xidməti başa çatmadan barəsində “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarının qəbul edilməsi ilə şəhadətləndirildiyini, buna görə də onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 500 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir.

30. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddianın təmin edilməsi üçün iddiaçının çağırış zamanı "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" olması, ##.##.2021-ci il tarixdə sağlamlıq vəziyyətinə görə vaxtından əvvəl ehtiyata buraxılmasına əsas olmuş xəstəliklərin çağırış zamanı mövcud olması və iddiaçının xəstəliklə əlaqədar ehtiyata buraxılması ilə onun müddətli həqiqi hərbi xidmətə çağırılması arasında səbəb əlaqəsinin mövcudluğu sübut edilməli idi. Lakin bu məqam məhkəmənin diqqətindən kənarda qalmışdır. Belə ki, məhkəmə prosesində tədqiq olunmuş heç bir tibbi sənədlə iddiaçı həqiqi hərbi xidmətə göndərilən zaman ehtiyata buraxılmasına səbəb olan xəstəliklərin mövcudluğu və ya şəhadətləndirmədə göstərilən ağırlıqda (formada) olması təsdiq olunmamışdır. Məhkəmə üçün əsas və mötəbər hesab edilməli olan ekspert rəylərində - "xxxx"publik hüquqi şəxsinin ##.##.2023-cü il tarixli, ***/KEŞ nömrəli ekspert rəyində xəstəliklərin konkret əmələ gəlmə müddəti, İddiaçı ##.##.2021-ci il tarixdə hərbi xidmətə çağırılarkən onda qeyd olunan xəstəliklərin və hansı inkişaf mərhələsində olubolmaması haqqında fikir söylənilməsinin mümkün olmadığı, həmin Birliyin ##.##.2024-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyində İddiaçı hərbi xidmətdən əvvəl, yəni ##.##.2021-ci il tarixdə "Bərdə RMX" PHŞ-in poliklinika şöbəsinin kardioloji kabinetində EKQ müayinəsindən keçdiyini, EKQ-də heç bir dəyişiklik olmadığını və auskultasiyada patoloji küy eşidilmədiyindən sağlam hesab edildiyi göstərilmişdir.

32. Iddiaçının hərbi xidmətə çağırışla bağlı Bərdə RMX-nın poliklinika şöbəsində müayinə olunduğu günədək (##.##.2021) Bərdə RMX-da heç bir xəstəlik diaqnozu ilə dispanser qeydiyyatda olmadığı, "Mitral qapaq prolapsı"nın qazanılma olması, yəni hərbi xidmət dövründə alınmasının istisna edilmədiyi qeyd olunmuşdur. Bundan başqa, apellyasiya məhkəməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2021-ci il tarixli, ***** nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının əsas diaqnozu kimi "Revmatizm, qeyri-feal dövr, mitral qapaq çatışmazlığı; Hər iki gözün miopiyası M 4.0 D nəticəsində görmə itiliyinin sağda 0.3-ə qədər, solda 0.5-ə qədər azalması, korreksiya ilə hər iki gözün görmə itiliyi 1.0 olmaqla; 36-ci dişin ikincili adentiya, Vertebrogen mənşəli lumbalgiya, remissiya mərhələsində; Gərginlik tip baş ağrıları" kimi qeydini əsas götürərək qeyd olunan xəstəliyin iddiaçıda hərbi xidmətə çağırışa qədər mövcud olmasını israr edir. Halbuki, həmin şəhadətləndirmədə xəstəliyin bilavasitə hərbi xidmət dövründə alındığı göstərilmişdir.

33. Belə ki, hərbi-həkim komissiyası tərəfindən aparılan tibbi müayinə fiziki, instrumental, laborator müayinə, tibbi sənədlərin təqdiri və çağırışçının keçirdiyi xəstəliklər, sağlamlıqla bağlı narahatlıqları və şikayətləri öyrənilməklə anamnezin toplanmasından ibarətdir. Komissiya çağırışçını fiziki (nəfəsə qulaq asma, bədən quruluşunun yoxlanılması və s.) müayinəsini, instrumental müayinə alətləri və avadanlıqlarının köməyi ilə (rentgen, EKQ və s.) yoxlanılmasını, çağırışçıdan nümunələr götürülməklə laborator analizlərin aparılmasını, əvvəllər qeydiyyata alınmış hər hansı xəstəliyi olmuşdursa və ya qeydiyyatdadırsa, yaxud müalicə almışdırsa, çağırışçının tibbi sənədləri əldə olunaraq öyrənilməsini, həmçinin çağırışçıya səhhəti ilə əlaqədar suallar verməklə, hər hansı xəstəliyinin olub olmamasının, xəstəliklə əlaqədar şikayətinin olub olmamasının müəyyən edilməsini həyata keçirir. Çağırışçı sağlamlığından şikayət etdikdə və ya hansısa xəstəlik keçirməsi barədə məlumat verdikdə bu istiqamətdə tibbi müayinə daha dərindən aparılır. Ona görə də, iddiaçının sağlamlığından şikayət etməməsi, hər hansı xəstəliyinin olmasını bildirməməsi, bunun yuxarıda göstərilən digər tibbi müayinə üsulları ilə aşkarlanması mümkün deyilsə, hazırda tibbin inkişaf səviyyəsinə əsasən mümkünsüz olur. Iddiaçıda qeyd olunan şərtlər çərçivəsində çağırış zamanı göstərilən xəstəliklərin aşkar edilməsinin mümkün olub olmamasının müəyyən edilməsi tibbi ekspertlərin səlahiyyətindədir və bunun mümkünlüyü yalnız onlar tərəfindən müasir tibb elminin göstəriciləri əsasında müəyyən edilə bilər. Ekspertlər tərəfindən isə bu barədə məhkəmənin çıxardığı nəticəni təsdiq edən rəy bildirilməmişdir. Beləliklə, iddiaçının Əsasnamədə göstərilən səbəblərlə dinc dövrə hərbi xidmətə yararsız olması bilavasitə məhkəmə tərəfindən deyil, müvafiq mütəxəssislərin rəyi əsasında müəyyən edilə bilərdi. Faktiki olaraq məhkəmə özünə aid olmayan və xüsusi bilik tələb edən sahədə obyektivlikdən uzaq tibbi nəticə çıxararaq əsassız qərar qəbul etmişdir.

34. Məhkəmə kollegiyası göstərmişdir ki, iddiaçıda mövcud olan “Mitral qapağın prolapsı” və “OUmüəkkəb miopik astigmatizm” kimi xəstəliklərin hərbi xidmətə göndərilməzdən əvvəl və ya sonra yaranmasının aydınlaşdırılması istiqamətində araşdırma aparılmış, nəticədə məlum olmuşdur ki, qeyd olunan xəstəliklər uzun sürən xroniki xəstəliklərdir və həmin diaqnozlar onda hərbi xidmətə çağırışdan əvvəl mövcud olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmənin tibbi araşdırması ekspert və mütəxəssis rəylərinə əsaslanmalıdır. Hazırda məhkəmənin istinad etdiyi tibbi sənədlər və ekspert rəyləri məhkəmənin bu xəstəliklər barədə belə mülahizə sürməsinə əsas vermir. Belə ki, iddiaçıda çağırış dövründə onun yararsız hesab olunması üçün əsas ola biləcək xəstəliklərin(yaxud onların ağır formasının) mövcudluğu qeyd olunduğu kimi tibbi sənədlərlə və ekspert rəyləri ilə təsdiq olunmur, məhkəmənin ixtiyari şərhidir.

35. Məhkəmə gəldiyi nəticədə “xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyinə əsaslanaraq “Mitral qapaq prolapsı”nın qazanılma olması, yəni hərbi xidmət dövründə alınmasını istisna olumadığını qeyd edir, lakin ##.##.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında “OU- Zəif dərəcəli miopiya, M025-1,0 D” diaqnozunun qeyd edilməsini və anamnezini əsas götürərək həmin diaqnozun yanlış olaraq onda hərbi xidmətə çağırışdan əvvəl aşkar olunması qənaətinə gəlməyə əsas verdiyini göstərir. Bunun üçün iddiaçının tarix olunandan 2 il sonrakı müayinə rəylərinə istinad edir ( “ATU-nun X1”nın Oftalmologiya şöbəsinin müdiri, t.e.d. dosent, oftalmoloq Qurban Ismayılovun ##.##.2023-cü il tarixli rəyi, Akademik C.Abdullayev adına Elmi-X3 ##.##.2023-cü il tarixli müayinə nəticələri, həmin institutun ##.##.2025-ci il tarixli tibbi rəyi). Məhkəmənin qeyd etdiyi bu rəylərdə bu xəstəliklərin hərbi xidmətə çağırış zamanı və onun hərbi xidmətə yararsızlığına əsas verən ağırlıq dərəcəsində mövcud olduğu göstərilmir.

b. Kassasiya şikayətinə etirazın dəlilləri

36. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

37. “Inzibati icraat haqqında” Qanun Maddə 89. Inzibati orqanların məsuliyyəti 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

39. Inzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya məhkəməsinin qərarı qismən – iddia tələbinin təmin olunan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, habelə işin halları tam və hərtərəfli araşdırılmamışdır.

43. Işin mübahisə edilməyən halları bu qərarın 1-7-ci paraqraflarında əksini tapmışdır. Həmin hallardan göründüyü kimi tərəflərin arasında iddiaçının həqiqi hərbi xidmətə çağırışla bağlı inzibati xarakterli münasibətlər yaranmışdır.

44. Tərəflər arasında yaranmış mübahisə də, həmin münasibətlər əsnasında inzibati orqanın qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya vurulması ehtimal edilən ziyanın ödənilməsi ilə bağlıdır. Bu tələbin maddihüquqi əsasını təşkil edən mərkəzi hüquq norması kimi “Inzibati icraat haqqında” Qanunun 89-cu maddəsi çıxış edir. Adı çəkilən qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

45. Göründüyü kimi bu norma inzibati orqanın məsuliyyətinin həlli ilə bağlı mülki hüququn zərərin ödənilməsi institutuna blanket qaydada göndəriş edir. Buna görə də mübahisənin həllində Mülki Məcəllənin əlaqəli 21, 1096, 1097, 1099-cu maddələrinin dispozisiya şərtləri də nəzərə alınmalıdır.

46. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisədə hərbi həkim komissiyasının üzvü (və ya üzvləri) cavabdeh olan dövlət orqanının - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin işçiləridir. Buna görə də Mülki Məcəllənin 1099-cu maddəsi baxımından cavabdeh məhz inzibati orqandır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1100-cü maddəsində nəzərdə tutulan məsuliyyət, klassik mənada təqsirsiz məsuliyyət deyil. Çünki vəzifəli şəxsin təqsirli olaraq törətdiyi əməllə vurulmuş ziyanın ödənilməsi, vəzifəli şəxsin işçisi olduğu dövlət orqanı tərəfindən həyata keçirilir. Başqa sözlə, vəzifəli şəxsin təqsirinin nəticəsi dövlət orqanına aid edilir.

47. Buna görə də “Inzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin hüquqi konstruksiyasının aşağıdakı sadə ardıcıllığı aydın görünür: 1. Işçinin təqsiri (Mülki Məcəllənin 1096-cı maddəsi): 2. Işçinin hüquq pozuntusuna görə işəgötürənin məsuliyyəti. Başqa sözlə, Mülki Məcəllənin 1096-cı maddəsi işçinin davranışını qiymətləndirir, ancaq həmin hərəkətin hüquqi nəticəsi Mülki Məcəllənin 1099-cu maddəsi vasitəsilə işəgötürənə keçir.

48. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

49. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

50. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması (ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir); törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması (qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır); ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu (zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır).

51. Bu şərtlərdən hər hansı olmadığı halda hüquq pozuntusuna görə məsuliyyət yaranmır.

52. Qeyd olunan tələblər baxımından işin halları təhlil edilərkən ilk növbədə qeyd olunmalıdır ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.11-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların, .... sağlamlıq vəziyyətinə tələblər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən birlikdə işlənib hazırlanır. Vətəndaşların sağlamlıq vəziyyətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsas ola biləcək tibbi göstəricilər başa düşülür.

53. Adı çəkilən Əsasnamənin 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir.

54. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün həlledici hal – iddiaçının çağırışçı olaraq hərbi xidmətə yararlı hesab olunan anda onun “Xəstəliklər cədvəli”ndə və ƏTC-də nəzərdə tutulan, hərbi xidmətə yararlılığı istisna edən xəstəliklərin olub olmamasıdır.

55. Nəzərə alınmalıdır ki, iddiaçının tərxis olunmasına səbəb - hərbi həkim komissiyasının ##.##.2021-ci il tarixli “Xəstəlik haqqında şəhadətnaməsi” ilə “Xəstəliklər cədvəli”nin 42c maddəsinin II qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmasıdır.

56. “Xəstəliklər cədvəli”nin 42c maddəsinin II qrafası “Qan dövranı sistemi xəstəlikləri”nə aiddir və həmin qrafada nəzərdə tutulan xəstəlik “c) qan dövranının və funksiyaların cüzi dərəcədə pozulması ilə” qeyd olunmuşdur.

57. Yəni iddiaçıya «Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı. Gərginlik tip baş ağrıları. Vertebrogen mənşəli lümbalgiya. Hər iki gözün qarışıq astiqmatizmi, Hm0,50 D və 1.0 D görmə itiliyinin sağda 0,4-ə qədər azalması, korreksiya ilə 0,8, solda 1.0 olmaqla, 36-cı dişin kariyesi» diaqnozu müəyyən edilmiş olsa da, bu xəstəliklərdən yalnız “Xəstəliklər cədvəli”nin 42c maddəsinin II qrafasında göstərilən “qan dövranının və funksiyaların cüzi dərəcədə pozulması”ilə bağlı xəstəlik onun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmasına əsas olmuş, başqa xəstəliklər “Xəstəliklər cədvəli”ndə nəzərdə tutulmuş başqa xəstəliklərlə eyniləşdirilməmişdir.

58. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin göndərişi əsasında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən ##.##.2021-ci il tarixli ***** nömrəli “Xəstəlik haqqında şəhadətnamə” şəhadətləndiriləndə də məhz “Xəstəliklər cədvəli”nin II qrafasının 42c maddəsinə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab olunmuşdur.

59. Buna görə də məhkəmə iddianın həlli üçün iddiaçı hərbi xidmətə çağırılandan əvvəl onun məhz bu xəstəliyinin (“Xəstəliklər cədvəli”nin II qrafasının 42c maddəsindfə nəzərdə tutulan) olub olmaması araşırılmalıdır.

60. Apelyasiya instansiyası məhkəməsi də bu mövqedən çıxış etmiş, lakin hesab edib ki, “hazırki iş üzrə mübahisələndirilən və məhkəmə araşdırılmasının predmeti iddiaçıda hərbi xidmətə çağırılmazdan əvvəl “Xəstəliklər cədvəlinin 72 “c” maddəsinin II qrafasına əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsinə əsas olan xəstəliyin olub-olmamasıdır”.

61. “Xəstəliklər cədvəlinin 72 “c” maddəsinin II qrafasında “Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları”ndan (funksiyaların cüzi dərəcədə pozulması ilə) bəhs edilir. Bu maddə anadangəlmə inkişaf qüsurlarının müalicəsinin mümkün olmadığı hallarda müalicədən imtina edildikdə və ya onun nəticələri qeyri-qənaətbəxş olduqda tətbiq edilir.

62. Lakin apelyasiya instansiyası məhkəməsi nəyə görə məhz baxılan iş üzrə nəyə görə məhz “Xəstəliklər cədvəli”nin 72 “c” maddəsinin II qrafasının göstərişlərinə istinad etdiyini, iddiaçıda anadangəlmə hansı xəstəliyinin oluğunu əsaslandırmamışdır. Iş materiallarına iddiaçının çağırışa kimi anadangəlmə xəstəliklərlə bağlı xəstəxanaların hər hansı birində qeydiyyatda olması və ya müalicə alması barədə sübut əlavə olunmamışdır.

63. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi nə “Xəstəliklər cədvəli”nin 72 “c” maddəsinin II qrafasının, nə də 42c maddəsinin II qrafasına uyğun araşdırma aparmamışdır.

64. Məhkəmə kollegiyası qeyd edib ki, «iddiaçıda mövcud olan “Mitral qapağın prolapsı” və “OUmürəkkəb miopik astiqmatizm” kimi xəstəliklərin hərbi xidmətə göndərilməzdən əvvəl və ya sonra yaranmasının aydınlaşdırılması istiqamətində araşdırma aparmış, nəticədə məlum olmuşdur ki, qeyd olunan xəstəliklər uzun sürən xroniki xəstəliklərdir və həmin diaqnozlar onda hərbi xidmətə çağırışdan əvvəl mövcud olmuşdur».

65. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı hesab edilə bilməz. Əvvəla ona görə ki, müəyyən xəstəliyin unsanda nə zaman mövcud olmasının müəyyən edilməsi sırf xüsusi bilik tələb edir. Bununla bağlı apelyasiya instansiyası məhkəməsinin təyin etdiyi ekspertiza (“xxxx”publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, T ***/**** nömrəli rəyi) rəyində qeyd olunub ki, “Bütün bu yazılanlar “Mitral qapaq prolapsı”nın qazanılma olması, yəni hərbi xidmət dövründə alınmasını istisna etmir”.

66. Bu halda iddiaçıda çağırışdan əvvəl “Mitral qapaq prolapsı” xəstəliyinin olması barədə gəlinən nəticə obyektivliyə əsaslanmır.

67. Iddiaçıda “OU Zəif dərəcəli miopiya, M-0.75-1,0 D” diaqnozu iddiaçıya şağırışdan əvvəl Bərdə rayon Mərkəzi Xəstəxanasının ##.##.2021-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” ilə müəyyən edilmişdi. Hətta apelyasiya instansiyası məhkəməsinin «“OUmürəkkəb miopik astiqmatizm” xəstəliyinin iddiaçıda onda hərbi xidmətə çağırışdan əvvəl mövcud olmuşdur» qənaəti qəbul olunsa belə, bu da iddianın təmin edilməsi üçün yetərli deyil. Çünki məhkəmənin müəyyən etdiyi həmin diaqnozların da “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararsızlığa səbəb olan dərəcədə olub olmamaı müəyyən edilməlidir.

68. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, çağırışçının hərbi xidmətə yararlığının müəyyən edilməsi proseduru onun bütün xəstəliklər üzrə tam yoxlanması kimi başa düşülə bilməz. Belə ki, bu yoxlama obyektiv canlı müayinə, analizlərin götürürlməsi və təhlili, çağırışçının xəstəxanalarda qeydə alınmış məlumatları, dispanser qeydiyyatı və ən nəhayət müayinə zamanı çağırışının özünün bildirdiyi şikayətlər üzrə aparılır. Müayinə zamanı müəyyən olunmamış, çığırışçının özünün də bildirmədiyi, şikayət etmədiyi, lakin sonra ortaya çıxmış müəyyən xəstəliklərlə bağlı həkim komissiyasının məsuliyyəti məsələsi həll edilərkən, təqsirli məsuliyyət prinsipindən çıxış etmək zərurəti yaranır. Çünki təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir.

69. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

70. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən – iddianın təmin olunan hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün göndərilməlidir.

71. Təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının ehtiyata buraxılma əsası olan Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin “Xəstəliklər cədvəli”nin II qrafasının 42 “c” maddəsində qeyd edilən xəstəliyin çağırışdan əvvəl mövcud olub olmamasını, habelə Bərdə rayon Mərkəzi Xəstəxanasının ##.##.2021ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” ilə iddiaçıda müəyyən edilmiş “OU Zəif dərəcəli miopiya, M-0.75-1,0 D” diaqnozunun “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararsızlığa səbəb olan dərəcədə olub olmaması araşdırmalıdır.

72. Işə təkrar baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara düzgün qiymət verməlidir.

73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən

qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı qismən – iddianın təmin olunan hissəsində ləğv edilsin. Iş həmin hissədə təkrar baxılması üçün göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar