Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4187/2025 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın əsaslandırılmaması, ƏDV və digər növ vergilərin qismən düzgün hesablanmaması, şərti rentabellik normasının birbaşa tətbiqinin qanunsuzluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- **/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla iddiaçı barəsində yoxlama keçirilmiş, yoxlama ##.##.2022-ci il tarixli KY********* nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti ##.##.2021 – ##.##.2021, yoxlanılan dövr - ##.##.2018 - ##.##.2021 müəyyən edilmişdir.
2. Səyyar vergi yoxlaması ##.##.2021-ci il tarixdə başa çatdırılmış və bununla bağlı həmin tarixdə “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Həmin akta əsasən keçirilən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550.042,49 manat, o cümlədən gəlir vergisinin 351.660,45 manat, əlavə dəyər vergisinin 195.848,16 manat, sadələşdirilmiş verginin 2.491,88 manat, ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur.
3. Iddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş ##.##.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya əlavə hesablanmış vergilər üzrə 550.042,49 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281.875,72 manat olmaqla, ümumilikdə 831.918.21 manat (səkkiz yüz otuz bir min doqquz yüz on səkkiz manat iyirmi bir qəpik) məbləğində məsuliyyətə cəlb edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında ##.##.2021-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2019-cu il tarixdən ƏDV ödəyicisidir. Onun əsas fəaliyyəti ərzaq mallarının Bərdə rayonu, Güloğlular kəndində yerləşən obyektində pərakəndə satışından ibarətdir. Cavabdeh tərəfindən ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmiş, yoxlama ##.##.2021-ci il tarixdə başa çatdırılmışdır. Həmin tarixli “Səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında ##.##.2021-сi il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı gəlir vergisi 351.660.45 manat, əlavə dəyər vergisi 195.848.17 manat, ödəmə mənbəyində tutulan vergi 42.00 manat, sadələşdirilmiş vergi 2.491.88 manat və məcburi dövlət sosial sığorta haqqı 195.00 manat olmaqla, 550.237.47 manat əlavə vəsait hesablanmış, 281.875.72 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın aparılması ilə bağlı tələbnaməyə əsasən pərakəndə satışını apardıqları malların dəyər ifadəsində hərəkət cədvəlləri, əmək haqqı və DSMF hesablamaları barədə cədvəllər, ƏDV və Gəlir vergisi bəyannamələri, NKA-nın “Z” hesabatları və digər bütün sənədlər və izahatlar yoxlamaya təqdim edilmişdir. Lakin Aktın 1.11 bəndində əsasız olaraq qeyd edilmişdir ki, mühasibat uçotu aparılmamışdır. Aktın 2.1 bəndində ƏDV bəyannamələrinin vaxtında təqdim edildiyi, vergi tutulan əməliyyatların dəyərinin (VM 161 maddəsi) və vaxtının (VM 166 maddəsi) müəyyənləşdirilməsinin qanunamüvafiqliyinin təmin edildiyi qeyd edilmiş, lakin sonrakı cümlədə guya 175.4 maddənin tələblərinin pozulduğu, e-VHF üzrə təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin azaldığı qeyd edilməklə, ümumilikdə 195.848.17 manat əlavə ƏDV hesablanmışdır. Vergilər Nazirliyinin AVIS proqramı təkrar və artıq əvəzləşməyə yol vermir. Hər ay üzrə belə hallar olduqda kameral hesablamalar aparılmışdır. Ona görə ƏDV üzrə əlavə hesablanmış vergiləri əsassız hesab edir. Aktın gəlir vergisinə aid olan hissəsində bəyannamələrin vaxtında vergi orqanına təqdim edildiyi qeyd edilmişdir. Sonra isə əsassız olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan (sənədlər yoxlamaya təqdim edilmədikdə, mühasibat uçotu aparmadıqda, bəyannamələr vergi orqanına təqdim edilmədikdə, yoxlayıcı əraziyə buraxılmadıqda və s.) tələblər yerinə yetirilmədikdə, 67.14-cü və 83.9cu maddələrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarı tətbiq edilə bilər. Lakin Aktda qeyd edildiyi kimi bəyannamələr vaxtında vergi orqanına təqdim edilmiş, əldə edilmiş gəlirlərə müvafiq olaraq gəlir vergisi hesablanıb büdcəyə ödənilmişdir. Yoxlama zamanı isə əsassız olaraq Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarına əsaslanmaqla gəlirlər və xərclər təhrif olunmuş, 20% rentabellik səviyyəsi götürülməklə əsassız olaraq 351660.64 manat əlavə gəlir vergisi hesablanmışdır. Topdansatış qiymətinə pərakəndə satışla məşğul olmaqla, malların üzərinə cüzi faiz əlavə etməklə satış edilmişdir. Gəlir vergisinin hesablamasında yuxarıda qeyd edilmiş qərarın müddəalarının tətbiq edilməsi qeyri-qanunidir və əlavə hesablanmış 351660.64 manat gəlir vergisi əsassızdır.
6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizaya əsasən verilmiş ##.##.2022-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Iddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən: gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat; ƏDV üzrə 47.423,57 manat; sadələşdirilmiş vergi üzrə 2.491,88 manat; ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir.
7. Gəncə Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## ####### 2022-ci tarixli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarının qismən, 497.420,64 manat əsas borc, 255.467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş üzrə ekspert rəyindən görünür ki, Iddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat, ƏDV üzrə 47.423,57 manat, sadələşdirilmiş vergi üzrə 2.491,88 manat, ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında ciddi fərq mövcuddur. Bu səbəbdən də məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edir. Həmçinin qeyd edilmişdir ki, vergi yoxlaması zamanı müvafiq sahə üzrə ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmiş, nəticə etibarilə azaldılması iddia olunan vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablanmışdır. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama vergi ödəyicisinin sonradan ekspertə təqdim etdiyi vergi sənədlərindən istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir.
9. Iddiaçı və cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdirlər. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş təkrar ekspertiza əsasında təqdim edilmiş ##.##.2023-cü il tarixli, */**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən ümumilikdə 52.817.02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859.57 manat, əlavə dəyər vergisi üzrə 47.423.57 manat, sədələşdirilmiş vergi üzrə 2.491.88 manat, ödəmə mənbəyindən tutulan vergilər üzrə 42.00 manat müəyyən edilir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ######## 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Mamedov /sədrlik edən və məruzəçi/, A.Bayramov və A.Isgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hər iki ekspert rəyi eynilik təşkil edir, yəni həm birinci instansiya məhkəməsində, həm də kollegiya tərəfindən təyin edilmiş ekspertiza üzrə ekspert rəyləri arasında fərq müəyyən edilmir. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarında azaldılmış vergi məbləği 550.237,66 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 281.875,72 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin ümumi öhdəliyi 832.113,38 manat müəyyən edilmiş, ekspert tərəfindən isə vergi ödəyicisinin azaldımış vergi məbləği 52.817,02 manat müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında ciddi fərq mövcuddur.
13. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
c. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.Hüseynov və K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
c. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Rzaquliyev /sədrlik edən və məruzəçi/, R.Məcidov və R.Muradov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş ** saylı Ərazi Vergilər Idarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarının qismən, 497.420,64 manat əsas borc, 255.467,21 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında ##.##.2021-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmədiyindən gəlirin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, gəliri təsdiq edən sənədlər, həmçinin 2019-cu il üzrə nəzarət kassa aparatlarının aylar üzrə “Z” hesabatları, malların hərəkət cədvəlləri yoxlamaya tam təqdim edilmədiyindən, eyni zamanda mühasibat uçotu aparılmadığından pərakəndə satışa tətbiq edilən ticarət əlavəsinin müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən vergi ödəyicisinin 2019-cu il üzrə gəlirini birbaşa müəyyən etmək mümkün olmadığından, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı ( əlavə və dəyişikliklər ##.##.2003-cü il tarixli ** saylı ## #### 2013-cü il tarixli *** nömrəli) Qərarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin ##.##.2023-cü il tarixədək qüvvədə olmuş 83.9-cu maddəsinə əsasən cəmiyyətin əldə etdiyi gəlirinin (mənfəətini) (ƏDV nəzərə almadan) səyyar vergi yoxlaması ilə müəyyən edilmiş xərclər əsasında hesablanması təklif edilir. Beləliklə də, cavabdehin gəlirini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı (əlavə və dəyişikliklər ##.##.2003-cü il tarixli ** saylı ## #### 2013-cü il tarixli *** nömrəli) Qərarının 6.1.2-ci bəndinə əsasən hesablaması qərarına gəlməsinin səbəbi gəlirin əldə edilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməməsi olmuşdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının yoxlanılan dövr üzrə gəlirini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq müəyyən etməsini qanuni, iddia tələbini isə əsassız sayır. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, cavabdeh vergi orqanının ##.##.2021-ci il tarixli qərarının 497.420,64 manat əsas borc və 255.467,21 manat maliyyə sanksiyası hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri
17. Iddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2021 tarixli **************** saylı qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nədən ibarət olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmişdir. Bununla yanaşı səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndinə SVY zamanı dəvət edilmiş ekspert tərəfindən rəyin verilməsinin mümkün olmadığı bildirilmiş, həmçininin inzibati məhkəmə icraatı zamanı təyin edilmiş ekspertizalarda SVY aktında müəyyən edilmiş kənarlaşmaların mövcud olmadığı müəyyən edilmişdir, bu halda səyyar vergi yoxlamasının keçirilməsinin hansı əsasla aparılması şübhə doğurur. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ verir ki, həmin müddəada bu qaydada hesablamanın bir neçə üsulu təsbit edilmişdir (müxtəlif əlaqəli məlumatlardan istifadə (VM-nin 67.1.1-67.1.9-cü maddələri; analoji vergi ödəyicisinin məlumatlarından istifadə). Eyni zamanda, Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Göründüyü kimi, qanunverici vergilərin hesablanmasında vergi orqanına əvvəlcə əlaqəli məlumatlardan istifadə edilməsi, belə araşdırma kifayət etmədikdə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinad edilməsinə, qeyd olunan hər iki növ araşdırma mexanizmləri tükəndikdə isə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması əsasında mənfəət vergisinin hesablanmasına icazə vermişdir. Cavabdeh gəlirin əldə edilməsi ilə bağlı sənədlər yoxlmaya təqdim edilmədiyini və gəliri birbaşa müəyyən etmək mümkün olmadığını qeyd edərək Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablamış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq etsə də, iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Bununla yanaşı SVY aktının 13-cü səhifəsində ticarət əlavəsinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilsə də, faktiki olaraq ƏDV hissəsində alış sənədləri tamamilə nəzərə alınmış, əlavə hesablanmış ƏDV-nin necə müəyyən edildiyi göstərilməmişdir. Belə ki, ƏDV üzrə gəlir vergisinin hesablanması bir-biri ilə ziddiyyət təşkil edir. SVY aktının gəlir vergisi ilə bağlı hesablamalar hissəsində ticarət əlavəsinin müəyyən edilmədiyi qeyd edilməsinə baxmayaraq, ƏDV hissəsində 195.848,33 manat ƏDV-nin yayındırıldığı qeyd edilir. SVY aktının 13-cü səhifəsində malların alış sənədlərinin, bank və kassa üzrə satış sənədlərinin mövcud olduğu qeyd edilmişdir. Bu halda şərti rentabellik tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. TƏTBIQ EDILƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Maddə 45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Maddə 45.4. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. Maddə 45.5. Vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı 497.420,64 mana əsas borc və 255.467,21 manat maliyyə sanksiyasının ləğv edilməsi barədə iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı məhz həmin hissədə yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli və iddia mübahisə olunan hissədə təmin olunmalıdır.
25. Işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarına əsasən vergi ödəyicisində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmiş, yoxlama ##.##.2021-ci il tarixdə başa çatdırılmış və bununla bağlı həmin tarixdə “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Həmin akta əsasən keçirilən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550.042,49 manat, o cümlədən gəlir vergisinin 351.660,45 manat, əlavə dəyər vergisinin 195.848,16 manat, sadələşdirilmiş verginin 2.491,88 manat, ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur.
26. Iddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş ##.##.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçı əlavə hesablanmış vergilər üzrə 550.042,49 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281.875,72 manat olmaqla, ümumilikdə 831.918,21 manat məbləğində məsuliyyətə cəlb edilmişdir.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
28. Mübahisəyə dair iş üzrə materiallardan səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanıldığı görünür. Lakin nə yoxlama haqqında qərarda, nə də yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlamanın hansı mənbəyi bəlli məlumat əsasında başlanıldığı qeyd olunmamışdır.
29. Bununla bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri gözlənilmədən keçirilən yoxlamalarla bağlı vahid məhkəmə təcrübəsi formalaşmışdır. Həmin təcrübəyə görə, belə hallarda qəbul edilən yoxlamanın keçirilməsi haqqında qərarlar artıq formal-hüquqi baxımdan qüsurlu sayılır.
30. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlara münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir – inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
31. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinə dair yoxlama aktı hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərar qəbul etməsi tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlbetmə barədə qərarı əsasında vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu baxımdan məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.
32. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “Inzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir.
33. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.
34. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
35. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
36. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
37. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
38. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” ## ###### 2011-ci il tarixli Qərarı).
39. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
40. Həmçinin işin müəyyən edilmiş hallarına görə, iddiaçıya münasibətdə aparılmış növbədənkənar vergi yoxlaması 4 dəfə dayandırılmış, lakin cavabdeh dayandırma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması məqsədinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da, öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “Inzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir. Bununla yanaşı, ##.##.2021-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”nda qeyd edilmişdir ki, səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğundan Iddiaçı tərəfindən alınmış və satılmış malların rentabellik səviyyəsinin və bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ##.##.2021-ci il tarixli **************** nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərar açılmışdır. Qərar əsasında "xxxx" MMCnin (1301608661)
41. nümayəndəsi X2 ekspert qismində dəvət edilmişdir. Lakin "xxxx" MMC tərəfindən göndərilmiş ##.##.2021-ci il tarixli **************** saylı məktubla vergi ödəyicisi tərəfindən lazım olan sənədlərin təqdim edilməməsi səbəbindən ekspert rəyinin verilməsinin mümkün olmadığı bildirilmişdir.
42. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması zamanı alınmış və satılmış malların rentabellik səviyyəsinin və bazar qiymətinin müəyyən edilməsi məqsədilə cəlb olunmuş ekspert “vergi ödəyicisi tərəfindən lazım olan sənədlərin təqdim edilməməsi” səbəbinə istinadla ekspert rəyinin verilməsindən imtina etdiyi halda, onun tərəfindən məhz hansı sənədlərin vergi ödəyicisindən tələb olunması bəlli deyil. Belə olan halda bəlli olmayan sənədlərin təqdim olunmaması ilə bağlı rəy verilməsinin qeyri- mümkün olması məsələsi də inzibati icraat dövründə vergi orqanı tərəfindən araşdırılmamışdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı onun ekspertin cəlb olunmasına hüququ olsa da, onun tərəfindən əvvəlcə həmin cəlbetmənin özü lazımi qaydada əsaslandırılmalı, daha sonra isə belə cəlbetmənin öz səmərəsini verməsi üçün mümkün olan halların hər birinin araşdırılıb-araşdırılmadığına da qiymət verilməlidir. Yəni, yuxarıda da qeyd olunduğu kimi, vergi qanunvericiliyində belə bir cəlbetmə imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir.
43. Eyni zamanda “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1, 24.2, 24.3 və 24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
44. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən iddiaçıya gəlir vergisi birbaşa şərti rentabellik norması tətbiq edilməklə hesablanmışdır.
45. Belə ki, səyyar vergi yoxlaması zamanı müəyyən olunmuşdu ki, vergi ödəyicisi 2019-cu və 2020-ci illərdə gəlir vergisi ödəyicisi olmuş və gəlir vergisi bəyannamələrini ** saylı Ərazi Vergilər Baş Idarəsinə vaxtında təqdim etmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi faktiki olaraq ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur.
46. 2019-cu ilin yekunu üzrə təqdim olunmuş gəlir vergisi bəyannaməsinə əsasən vergi ödəyicisinin bu dövrdə gəliri 3.545.286,0 manat, xərcləri 3.525.170,8 manat, vergiyə cəlb olunan gəliri 20.115,2 (3545286,0-3525170,8) manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə 20.115,2 manat vergiyə cəlb olunan gəlirindən büdcəyə 4.023,05 (20115,2*20%) manat gəlir vergisi hesablanmışdır.
47. 2020-ci ilin yekunu üzrə təqdim olunmuş gəlir vergisi bəyannaməsinə əsasən vergi ödəyicisinin bu dövrdə gəliri 5.562.412,4 manat, xərcləri 5.531.148,0 manat, vergiyə cəlb olunan gəliri 31.264,41 (5562412,4-5531148,0) manat olmuşdur. Vergi ödəyicisi vergiyə cəlb olunan gəlirindən büdcəyə 6.252,88 (31264,41*20%) manat gəlir vergisi hesablamışdır.
48. Bununla razılaşmayan vergi orqanı tərəfindən vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə göstərilən mal qalığı nəzərə alınmaqla, 2019-cu ildə təqdim edilmiş malların dəyəri olaraq 3.498.770 manat göstərildiyi üçün il ərzində təqdim olunmuş malların dəyəri üzrə xərclərin 32.949,7 manat (3.531.719,7 – 3.498.770) artırılması, bank xidməti üzrə xərclərin isə 3.335 manat azaldılması nəticəsində il üzrə xərclər ümumilikdə 29.614,7 manat artırılmışdır. Beləliklə, 2019-cu il üzrə gəlir vergisinin bəyannaməsində göstərilmiş 3.525.170,8 manat xərc məbləği 29.613,5 manat artırılaraq, ümumilikdə 3.554.784,3 manat müəyyən edilmişdir. Qeyd olunan xərcə uyğun olaraq vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri 3.554.784,3 manat : 100% x 20% = 710.956,85 manat hesablanmışdır. Beləliklə, vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən hesablanmış gəlir vergisi nəzərə alınaraq vergi ödəyicisinə 138.168,32 ((710.956,86 *20%=142.191,37-4.023,05 (bəyannaməyə əsasən hesablanmış gəlir vergisi)) manat əlavə gəlir vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50% həcmində, yəni 69.084,16 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
49. 2020-ci il üzrə isə təqdim edilmiş bəyannaməyə əsasən hesablanmış gəlir vergisi nəzərə alınaraq vergi ödəyicisinə 213.492,32 ((1098726 * 20%=219.745,2- 6.252,88 (bəyannaməyə əsasən hesablanmış gəlir vergisi)) manat əlavə gəlir vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış məbləğin 50%-i həcmində, yəni 106.746,16 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
50. Beləliklə, vergi ödəyicisinə 2019 və 2020-ci illər üzrə ümumilikdə 351.660,64 manat əlavə gəlir vergisi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanılmış vergi məbləğinin 50% miqdarında, yəni 175.830,32 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
51. Vergi orqanının sözügedən mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
52. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
53. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Halbuki, iş üzrə materiallardan görünür ki, iddiaçının təqdim etdiyi sənədlər və elektron daşıyıcıda olan uçot məlumatları sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunması üçün yetərlidir.
54. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi.
55. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
56. Vergi orqanı öz yoxlama aktında yoxlama zamanı vergi ödəyicisinin əldə etdiyi məhsullarla bağlı əlaqəli məlumatları əldə etməyin mümkün olmadığını göstərmişdir. Belə ki, vergilərin Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanması məqsədilə Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinə yazılmış ##.##.2021-ci il tarixli **************** saylı məktub ##.##.2021-ci il tarixli **************** nömrəli məktubla cavablandırılaraq Iddiaçı fəailiyyət sahəsinə uyğun olaraq ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olan, Vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi və fəaliyyət göstərilən ərazisi eyni olan analoji vergi ödəyicisinin müəyyən edilmədiyi bildirilmişdir.
57. Nəzərə alınmalıdır ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Yəni, Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallar yalnız əsaslandırıldıqdan sonra qanunverici tərəfindən son zəruri tədbiri qismində şərti rentabellik normasının tətbiqi, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydası nəzərdə tutulmuşdur. Hazırkı işdə isə bu qərarın 56-cı bəndində qeyd olunanlarla bağlı əsaslandırmanı, o cümlədən müvafiq təsdiqedici sənədləri vergi orqanı məhkəmə araşdırmaları zamanı təqdim etməmişdir.
58. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergiləri yuxarıda qeyd olunan əsaslandırma olmadan birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.
59. Belə ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
60. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır.
61. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin ##.##.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. Odur ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır.
62. Bundan başqa, səyyar vergi yoxlaması zamanı təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılarkən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması və eyni zamanda e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin azaldılması müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin 2019cu ilin fevral ayında 7.383,22 manat, mart ayında 433,52 manat, aprel ayında 3.049,96 manat, may ayında 1.213,51 manat, iyun ayında 5.178,65 manat, iyul ayında 277.67 manat, sentyabr ayında 153,12 manat, oktyabr ayında 414,74 manat, dekabr 617,76 manat olmaqla, ümumilikdə 18.722,15 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində isə ƏDV-nin mart ayında 24.347,44 manat, aprel ayında 1.018,41 manat olmaqla, ümumilikdə 25.365,85 manat azaldılması müəyyən edilmişdir. Eyni zamanda 2019-cu ilin avqust ayında 0,17 manat artıq hesablanması müəyyən olunmuşdur. Nəticədə, ƏDV-nin 2019-cu il üzrə 44.088 manat azaldılması, 0,17 manat isə artıq hesablanması nəticəsində il ərzində 44.087,83 manat azaldılması müəyyən olunmuşdur.
63. Eyni zamanda 2020-ci il üzrə də ƏDV bəyannamələrində kənarlaşmalar müəyyən edilmişdir. Belə ki, 2020-ci il üzrə Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV-nin yanvar ayında 71,22 manat, fevral ayında 160,49 manat, mart ayında 104,25 manat, aprel ayında 160,21 manat, may ayında 8.032,41 manat, iyun ayında 176,08 manat, iyul ayında 2.645,24 manat, avqust ayında 7.764,88 manat, sentyabr ayında 4.696,77 manat, oktyabr ayında 5.640,61 manat, noyabr ayında 12.591,4 manat, dekabr ayında isə 13.941,36 manat olmaqla, ümumilikdə 55.984,92 manat azaldılması, e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsinə görə ƏDV-nin yanvar ayında 6.123,22 manat, fevral ayında 1.119,75 manat, mart ayında 2.675,09 manat, may ayında 1.473,63 manat, avqust ayında 1.781,8 manat, sentyabr ayında 792,29 manat, noyabr ayında 1.146,58 manat olmaqla, ümumilikdə 15.112,36 manat azaldılması müəyyən edilmişdir. Eyni zamanda aprel ayında vergi ödəyicisi tərəfindən ƏDV-dən azad olunan 802,4 manat dövriyyənin ümumi dövriyyə ilə birlikdə vergiyə cəlb edilməsi nəticəsində ƏDV-nin 144,43 manat (802,4 *18%) artıq hesablanması müəyyən olunmuşdur. Beləliklə, 2020-ci il üzrə ƏDV-nin 71.097.28 manat azaldılması, 144.43 manat isə artıq hesablanması nəticəsində ümumilikdə il ərzində 70.952,85 manat azaldılması müəyyən edilmişdir.
64. Həmçinin Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV-nin 2021-ci ilin yanvar ayında 13515,18 manat, fevral ayında 26539,99 manat, mart ayında 6450,88 manat, aprel ayında 13479,44 manat, və may ayında 20637,48 manat olmaqla, ümumilikdə 80622,97 manat, e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsi nəticəsində fevral ayında 177,95 manat, may ayında isə 6,57 manat olmaqla, ümumilikdə 184,52 manat azaldılması müəyyən olunmuşdur. Nəticədə 2021-ci il üzrə ƏDV-nin 80.807,49 manat azaldılması müəyyən edilmişdir.
65. Beləliklə, yoxlanılan dövr üzrə ƏDV-nin 195.848,34 manat azaldılması, 0,17 manat isə artıq hesablanması nəticəsində ümumilikdə 195.848,17 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 97.924,08 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.
66. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli, */**** nömrəli ekspert rəyində də qeyd olunmuşdu ki, Iddiaçı elektron uçot məlumatlarında mal qalığı kimi göstərilmiş 586.713,15 manat məbləğində ƏDV-yə cəlb olunan malları satış kimi nəzərə aldıqda, həmin mal qalığına görə 105.608,37 manat məbləğində ƏDV hesablanır. Ekspertiza tədqiqatı zamanı təqdim olunmuş vergi ödəyicisinin elektron daşıyıcıda olan uçot məlumatlarına əsasən onun tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə yalnız 2020-ci il üzrə 47.423,57 manat (105.608,37 – 58.184,80 = 47.423,57) məbləğində ƏDV-nin az hesablanması müəyyən edilmişdir. Yəni, ekspert digər- 2019 və 2021-ci illərdə vergi ödəyicisi tərəfindən ƏDV-nin hesablanması ilə razılaşmış və yayınma halı müəyyən edilməmişdir.
67. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin təqdim etdiyi sənədlər, o cümlədən elektron daşıyıcıda olan uçot məlumatları və yoxlama dövrü üzrə mal qalığı (2020-ci il üzrə) nəzərə alınmadan 2019-cu il üzrə 44.088 manat, 2020-ci il üzrə 23.529,28 manat (70.952,84 - 47.423,57 = 23.529,28), 2021-ci il üzrə isə 80.807,49 manat əlavə dəyər vergisinin hesablanması qanunsuz və əsassız olmuşdur.
68. Digər tərəfdən, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən müəyyən olunmuşdu ki, fiziki şəxs Iddiaçı 2018-ci ilin üçüncü və dördüncü rübləri, 2019cu ilin isə yanvar ayı üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur və sadələşdirilmiş vergi bəyannamələri ** saylı Ərazi Vergilər Baş Idarəsinə vaxtında təqdim olunmuşdur. Təqdim edilmiş bəyannamələr yoxlama ilə əhatə edilmiş və 2019-cu ilin birinci rübü üzrə kənarlaşmalar müəyyən edilmişdir. Belə ki, vergi orqanı vergi ödəyicisini ##.##.2019-cu il tarixli *********** saylı "ƏDV-nin qeydiyyat bildirişi" əsasında qeydiyyatdan keçirmiş və vergi ödəyicisinin ƏDV qeydiyyatı ##.##.2019-cu il tarixdən qüvvəyə minmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar ayı üzrə E-qaimə faktura əsasında 124.593,83 manat dəyərində mallar alınmasına baxmayaraq 2019-cu ilin birinci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində yanvar ayı üzrə dövriyyə məbləği və mal qalığı göstərilməmişdir. Nəticədə yoxlama ilə yanvar ayında alınmış 124.593.83 manat dəyərində E-qaiməyə əsasən 2019-cu ilin birinci rübü üzrə sadələşmiş dövriyyənin alış qiymətinə uyğun olaraq 124.593,83 manat olması müəyyən edilmişdir.
69. Beləliklə, yoxlama zamanı vergi orqanı haqlı olaraq yanvar ayı üzrə vergi ödəyicisinə 2% dərəcə ilə 2.491,88 manat sadələşmiş vergi hesablamışdır. Belə ki, qeyd olunduğu kimi, yanvar ayında vergi ödəyicisi tərəfindən sadələşmiş vergi hesablanmadığından həmin ayda SV-nin 2.491,88 manat azaldılması müəyyən edilmişdir. Vergi orqanının bu azaldılma ilə bağlı gəldiyi nəticədə haqlı olması məhkəmə araşdırmaları zamanı keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Odur ki, kollegiya hesab edir ki, Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 1.245,94 manat maliyyə sanksiyasının tətbiq olunması da düzgün olmuşdur.
70. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı məlum olmuşdu ki, yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən 2020-ci ilin birinci- dördüncü rübləri və 2021-ci ilin birinci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta bəyannamələri (Vahid bəyannamə) ** saylı Ərazi Vergilər Baş Idarəsinə vaxtında təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci ilin 3-cü rübü üzrə vahid MDSS bəyannaməsində əmək haqqı məbləğinin 6000 manat göstərilməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baza məlumatlarına əsasən həmin rüb üzrə əmək haqqı məbləğinin 6.750 manat olduğu müəyyən edilmiş, nəticədə yaranmış 750 manat fərq səbəbindən MDSS-in 195 manat (750*26%) azaldılması göstərilmişdir. Buna görə də vergi ödəyicisinə azaldılmış 195 manat məbləğin 50 faizi məbləğində, yəni 97,5 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Məhkəmə kollegiyası vergi orqanının bu mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən ##.##.2021-ci il tarixli qərarın həmin hissədə ləğv olunması üçün hər hansı əsas yoxdur.
71. Daha sonra qeyd olunur ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir. Vergi ödəyicisi ticarət obyektini X1 aylıq icarə məbləği 100 (yüz) manat olmaqla icarəyə götürmüşdür. Ödəmə mənbəyində tutulan vergi bəyannamələri yoxlama ilə əhatə olunmuş və təqdim edilmiş bəyannamələr üzrə kənarlaşmalar müəyyən edilməmişdir. Lakin 2019-cu ilin 3-cü rübü üzrə vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim edilmə öhdəliyi yaranmasına baxmayaraq həmin rüb üzrə ÖMV bəyannaməsinin vergi orqanına təqdim edilmədiyi müəyyən olunmuş və nəticədə büdcəyə hesablanmalı olan ödəmə mənbəyində tutulmalı olan vergi bəyannaməsi təqdim edilməməklə 2019-cu ilin 3-cü rübü üzrə 42,0 manat yayındırılmışdır. Odur ki, vergi orqanının vergi ödəyicisinə 42 manat azaldılmaya yol verildiyi üçün həmin miqdarda verginin və ona uyğun da 50% miqdarında maliyyə sanksiyasını hesablanması qanuni və əsaslı olmuşdur. Bu baxımdan Kollegiya qeyd olunan hissədə də cavabdeh qurumun ##.##.2021-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı iddia tələbini əsassız sayır.
72. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib sayır ki, vergi orqanının mübahisələndirilən ##.##.2021-ci il tarixli qərarı 500.085,22 manat (ƏDV üzrə 2019-cu il üçün 44.088 manat + 2020-ci il üçün 23.529,28 manat (70.952,84 - 47.423,57 = 23.529,28) + 2021-ci il üçün 80.807,49 manat + gəlir vergisi üzrə 2019-cu il üçün 138.168,13 manat + 2020-ci il üçün 213.492,32 manat) vergilərin və ona uyğun 50% maliyyə sanksiyasının hesablanması hissəsində qanunsuz və əsassız olduğu halda, hazırkı kassasiya icraatının hədlərinin- iddia tələbinin apelyasiya məhkəməsi tərəfindən rədd edilmiş 497.420,64 manat vergi borcunun və 255.467,21 manat maliyyə sanksiyasının hesablanması hissəsi ilə məhdudlaşdığı nəzərə alınaraq apelyasiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı məhz həmin hissələrdə yoxlanıldı.
73. Mübahisələndirilən ##.##.2021-ci il tarixli qərarın 497.420,64 manat vergi borcunun hesablanması hissəsi tam yoxlanılarkən onun qanunsuz və əsassızlığı bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı təsdiqini tapdığı üçün Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yalnız azaldılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyasının ləğv edilməsi mümkündür. Lakin apelyasiya məhkəməsi tərəfindən həmin maliyyə sanksiyasının məbləği 248.710,32 manat əvəzinə səhvən 255.467,21 manat miqdarında göstərilmişdir.
74. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia mübahisə olunan hissədə təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında ##.##.2021-ci il tarixli **************** nömrəli qərarı qismən, 497.420,64 manat əsas borc və həmin məbləğə maliyyə sanksiyasının hesablanması” hissəsində ləğv edilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
75. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia mübahisə olunan hissədə təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarı qismən, 497.420,64 manat əsas borc və həmin məbləğə maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.