Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4188/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Şəhid ailəsi üçün nəzərdə tutulmuş təqaüdün və müavinətin əvvəlki dövr üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş təqaüdün və müavinətin hesablanaraq iddaçılara ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. X1 ##.##.2000-ci il tarixində xidməti vəzifəsini yerinə yetirərkən qar uçurumu nəticəsində həlak olmuş və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli 3-43 **/*-***/**** nömrəli arayışına əsasən mərhum X1 ##.##.2019-cu il tarixində “şəhid” statusu verilmişdir. Valideynləri (hazırkı iddiaçılar) atası - iddiaçı2 ##.##.2019-cu il tarixli, ****** nömrəli, anası - iddiaçı1 Alekseyovnaya ##.##.2022-ci il tarixli, ****** nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir.
2. İddiaçılar cavabdehə müraciət edərək şəhid övladlarının şəhid olduğu tarixdən onlara ödənilməli olan Prezident təqaüdünün və sosial müavinətin ödənilməsini xahiş etmişlər, lakin cavabdeh ##.##.2023-cü il tarixli məktubla imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları R.iddiaçı2 şəhid olduğu-##.##.2000-ci il tarixdən hazırkı günədək hər birinə ayrı-ayrılıqda verilməli olan (verilməmiş) 34.128 (cəmi 68.256) manat müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
4. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onların oğlu hərbi xidmət zamanı döyüş təminatı ilə bağlı tapşırığın icrası zamanı həlak olmuş və təxminən 2002-ci ildə qanunvericiliyin tələblərinə uyğun olaraq “şəhid” statusu verilmişdir. Bununla əlaqədar iddiaçılara həmin tarixdən etibarən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli ** nömrəli Qərarı, eləcə də Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli *** nömrəli Fərmanı ilə nəzərdə tutulmuş sosial təminat tədbirlərinin, o cümlədən Prezident təqaüdünün və pensiyaya əlavələrin şamil edilməli olduğunu bildirmişlər. Lakin həmin ödənişlərin 2002-ci ildən etibarən əvvəlki illər üzrə hesablanaraq ödənilmədiyini göstərərək, cavabdeh inzibati orqana müraciət etmələrinə baxmayaraq müraciətlərinə cavab verilmədiyindən, verilməmiş sosial ödənişlərin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.
5. Cavabdeh iddiaya qarşı etiraz və etiraza əlavədə qeyd etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışına əsasən mərhuma “şəhid” statusu ##.##.2019-cu il tarixdə verilmişdir və buna uyğun olaraq iddiaçılara şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli *** nömrəli Fərmanı ilə nəzərdə tutulmuş Prezident təqaüdü ##.##.2023-cü il tarixdən təyin edilmiş, həmçinin ##.##.2009-cu il tarixdən ##.##.2019-cu il tarixədək olan dövr üzrə əskik məbləğlər hesablanaraq ödənilmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasına 93,5 manat məbləğində əlavə ##.##.2019-cu il tarixdən tətbiq edilmişdir. Bu səbəbdən cavabdeh iddiaçıların tələblərinin təmin olunması üçün hüquqi əsasların mövcud olmadığını bildirmişdir.
6. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, 2 *(***)-***/**** nömrəli qərarı ilə (hakim P.Qurbanova) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2009-cu il tarixli *** nömrəli Qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın (bundan sonra- Qaydalar) 1.2.6-cı yarımbəndi yeni redaksiyada verilmişdir: əvvəlki redaksiyada deyilirdi:- 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər. Yeni redaksiyada isə qeyd olunur ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Həmçinin müəyyən olunur ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ## ###### 2006-cı il tarixli, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən təsis edilmiş həmin Fərman 2007-ci il ######ın #-dən qüvvəyə minmişdir. Həmin tarixədək isə təqaüd anlayışı olmamışdır. X1 ##.##.2000-ci il tarixində xidməti vəzifəsini yerinə yetirərkən qar uçurumu nəticəsində həlak olmuş və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli 3-43 **/*-***/**** nömrəli arayışına əsasən mərhum X1 ##.##.2019-cu il tarixində “şəhid” statusu verilmiş və ailəsi müvafiq arayışla təmin edilmişdir. iddiaçı2 ##.##.2019-cu il tarixli, ****** nömrəli, iddiaçı1 Alekseyovnaya ##.##.2022-ci il tarixli, ****** nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. iddiaçı2 Museyib oğluna və iddiaçı1 Alekseyovnaya ##.##.2023-cü il tarixdən Şəhid ailəsi üzvlərinə Prezident təqaüdü təyin edilmiş, təqaüdün ötən dövr üzrə ödənilməsi ##.##.2009-cu il tarixdən başlanmışdır və keçmiş dövr üzrə ##.##.2009-cu il tarixindən ##.##.2019-cu il tarixinədək 11200,92 manat olmaqla əskikvermə məbləği müəyyən edilmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli qərardan görünür ki, iddiaçı2 pensiyasına Şəhid ailəsi üzvü kimi 93.5 manat əlavə hüququ yarandığı tarixdən hesablanmışdır. Əlavənin ötən dövr üzrə ödənilməsi ##.##.2017-ci il tarixdən başlanmışdır. iddiaçı1 əmək pensiyasının üzərinə ##.##.2019-cu il tarixindən 93,5 manat əlavə ödənilmişdir. Belə olan halda, cavabdehin imtinası qanuni olmuş və iddiaçıların hüquqlarının pozulması ilə nəticələnməmişdir.
8. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişlər.
b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, C.Quliyev və P.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olsa da, hüquq normalarının tətbiqi baxımından düzgün olmamışdır. Belə ki, iddiaçıların övladları 2000-ci ildə şəhid olsa da, həmin fakt X1 münasibətdə ##.##.2019-cu il tarixində “şəhid” statusu verilməsi ilə, onun atasına münasibətdə 2019-cu il tarixdə, anasına münasibətdə 2022-ci il tarixdə rəsmiləşdirilmiş və sonunculara şəhid ailəsi statusu verilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin ##.##.2009-cu il tarixli *** nömrəli Qərarla təsdiq edilmiş yeni redaksiyasına əsaslanaraq, ödənişlərin məhz həmin tarixdən (2009) ödənilməli olmasını göstərmiş və bu tarixdən sonrakı ödənişləri həyata keçirmişdir. İddiaçılar iddiaçı2 cavabdeh orqana hazırki mübahisə ilə bağlı ##.##.2023-cü il tarixdə, iddiaçı1 isə ##.##.2023-cü il tarixdə müraciət etmişlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi pensiya ödənişinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi təsbit edilmiş, həmçinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ## ###### 2006-cı il tarixli, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanında şəhid ailəsinə əvvəlki dövrlər üçün təqaüdün ödənilməsi nəzərdə tutulmamışdır.
11. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarının qəbul olunmasını xahiş etmişlər.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların şəhid ailəsi üzvləri kimi pensiya, Prezident təqaüdü və digər sosial ödənişlər üzrə hüquqlarının şəhid olduğu tarixdən yarandığını nəzərə almamış, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini düzgün tətbiq etməmiş və normativ hüquqi aktların geriyə şamil olunmaması prinsipini pozaraq sonradan qüvvəyə minmiş dəyişikliklərə istinad etmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; ... Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. ...
15. “Əmək pensiyaları haqqında” Qanun (## ###### 2020-ci il tarixinədək qüvvədə olmuş): Maddə 19. Əmək pensiyasının sığorta hissəsinə əlavələr 19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində.
Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** nömrəli Qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; .... 2.1.2. valideynləri;
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hallar, eləcə də apellyasiya şikayətinin dəlilləri zəruri həddə araşdırılmışdır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad etməsi ilə razılaşmır.
23. Belə ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ## ###### 2006-cı il tarixli, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən təsis edilmiş həmin Fərman 2007-ci il ######ın #-dən qüvvəyə minmişdir.
24. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2009-cu il tarixli, *** nömrəli Qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada həmin normada Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar müəyyən edilmiş digər hadisələr zamanı həlak olmuş şəxslər nəzərdə tutulurdusa, yeni redaksiyada bu anlayış genişləndirilərək atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və digər aidiyyəti dövlət orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların icrası zamanı həlak olmuş şəxslər də həmin kateqoriyaya aid edilmişdir.
25. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 8-ci bəndinə əsasən, müraciət müddətindən asılı olmayaraq, həmin təqaüd onu almaq hüququ yarandığı gündən təyin edilir.
26. Göründüyü kimi, iddiaçıların aid olduqları kateqoriyaya münasibətdə “şəhid ailəsi” statusundan irəli gələn Prezident təqaüdü almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2009-cu il tarixli, *** nömrəli Qərarı ilə edilmiş dəyişikliklərdən sonra yaranmışdır.
27. Hazırkı işin hallarından da görünür ki, iddiaçı2 Museyib oğluna və iddiaçı1 Alekseyovnaya ##.##.2023-cü il tarixdən Şəhid ailəsi üzvlərinə Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh tərəfindən də haqlı olaraq keçmiş dövr üzrə təqaüd onu almaq hüququ yarandığı gündən, yəni ##.##.2009-cu il tarixindən hesablanmaqla, ##.##.2019-cu il tarixinədək 11200,92 manat əskikvermə məbləği müəyyən edilmiş və iddiaçılara ödənilmişdir.
28. Beləliklə, iddiaçıların hüququnun yaranması onların aid olduqları kateqoriyanın normativ qaydada “şəhid ailəsi” anlayışına daxil edildiyi tarixlə bağlı olduğundan, təqaüdün ##.##.2009-cu il tarixindən daha əvvəlki dövr üçün hesablanması mümkün deyildir.
29. Odur ki, apellyasiya məhkəməsinin qərarında maddi hüquq normasına istinad hissəsində qeyri-dəqiqlik mövcud olsa da, həmin hal iş üzrə gəlinmiş nəticənin mahiyyət etibarı ilə düzgünlüyünə təsir göstərmir. Bu baxımdan, İPM-in 96.7-ci maddəsinə əsasən qərarın ləğvi üçün əsas yaranmır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli 2- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.