Məhkəmə qərarları › İş №2-1(102)-4190/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4190/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4190/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbişov Tahir Müslüm oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İbişov Tahir Müslüm oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv olunması və əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı İbişov Tahir Müslüm oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0003 nömrəli qərarın ləğv olunması və ##.##.2024-cü il tarixindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş D********CAE nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim H.Nəcəfov) ilə iddia təmin edilmiş, iddiaçı İbişov Tahir Müslüm oğlu barəsində Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0003 nömrəli qərarın ləğv olunması və ##.##.2024-cü il tarixindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş D********CAE nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər F.Hüseynov – məruzəçi, S.Həsənov və C.Quliyev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Səhiyyə Nazirliyi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 X1 ##.##.2024cü il tarixli,

5. ***** nömrəli məktubuna əsasən İbişov Tahir Müslüm oğlunda “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” xəstəliyi aşkar edilir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 PHŞ müvafiq sahə üzrə ixtisaslaşmış müəssisədir və həmin qurum tərəfindən qoyulmuş diaqnoz daha mötəbər və inandırıcı hesab edilməlidir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ##.##.2025-ci il tarixli, T **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, T.M.İbişovun iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi sonuncu müayinəyə dair məlumatın verilməsi məlumatlarında qeyd edilmiş ##.##.2024-cü il tarixli H00197143IUZ Forma ** nömrəli göndərişində qeyd edilmiş “F07.8-Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Posttravmatik psixotik vəziyyət. Ağırlaşma: F91- Davranış pozğunluğu. Dayanıqlı uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə gedən generalizə olunmuş psixopatabənzər kobud davranış pozuntusu. Özünə qəsdetmə fikir və cəhdləri” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən qeyd edilməmişdir. Diaqnoz nəzərə alınmaqla əlilliyin təyini zamanı onda olan əsas xəstəlik və ağırlaşmaları şəxs ##.##.2024-cü il tarixdə DTSERA-da əyani müayinədən keçirilərkən müayinəyə nümayişkar şəkildə daxil olmuş, tiklər göstərməyə çalışsa da, tikləri unutmuş, konfliktlərin spesifikliyini izah edə bilməmiş, emosional-iradi sfera qüsursuz, nümayişkar olmuş, mühakimə və analiz qabiliyyəti adaptiv maraqlarına uyğun olmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, belə ki, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamşdır. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, xəstəliklər tam reablitasiya olunmurlar.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı dəfələrlə analoji müəssisələrdə müalicə almış, müayinələrdə olmuş və ona “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2.2-ci bəndində “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə, əlillik təyinatının aparılmasına əsas verir.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ## ######## 2024-cü il tarixli *- *(***)-****/**** nömrəli və # ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).

14. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin müəyyən olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh, eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bundan əlavə, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

16. Kassasiya şikayətinin bu dəlili ilə bağlı Ali Məhkəmə bir çox qərarlarında qeyd etmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

17. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

18. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar