Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4198/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Vətən müharibəsi zamanı zabit kimi döyüş əməliyyatlarında iştirak etmiş, hərbi tapşırıqların icrası zamanı partlayış travması, qapalı kəllə-beyin travması, barotravma, odlu silah yaraları və digər xəsarətlər almışdır. Bu travmaların Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli şəhadətnaməsi ilə müəyyən edilmiş və həmin şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin, o cümlədən: F 07.0 Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş kəllə-beyin travması, baş silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin dəyişikliyi) səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” PHŞ-in ##.##.2024-cü il tarixli **** saylı arayışından məlum olur ki, İddiaçı ##.##.2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə F07.0” diaqnozu təyin olunmuşdur.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ****/**** nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə F07.0” diaqnozu ilə müalicədə olmuşdur.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2024-cü il tarixli ** saylı arayışından görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları’’ diaqnozu təyin olunmuşdur.
5. İddiaçının orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən P********CRZ saylı ##.##.2025-ci il tarixli göndəriş rəsmiləşdirilmiş, lakin cavabdeh tərədindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə əlilliyin-orqanizmin funksiyasının pozulması faizinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi tapşırığını yerinə yetirən zaman kəllə-beyin travması, digər xəsarətlər almış və AR Müdafiə Nazirliyinin HHEK-sı tərəfindən şəhadətləndirilməsi aparılmaqla ## #### 2024-cü il tarixli **** saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən “sülh və müharibə dövründə hərbi xidmətə yararsız” hesab olunaraq ordudan təxris edilmişdir. P********CRZ saylı ##.##.2025-ci il tarixli tibbi göndəriş elektron qaydada cavabdeh orqana təqdim olunmuş, cavabdeh tərədindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik dərəcəsinin təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir. Cavabdehin imtinası tam əsassızdır, belə ki, onunla eyni diaqnozda olan şəxslərə əlilliyin təyin edilməsi meyarlarına uyğun olaraq əlillik dərəcəsi təyin olunmuşdur və ona təyin olunmuş diaqnoz belədir: “Müharibə zamanı barotvurma nəticəsində üzvü şəxsiyyət pozuntusu, depressiv daxilolmalar intihar fikirləri, cəngolma tutmaları ilə, Fəlakət keçirdikdən sonra kəskin dərəcədə ifadə olunan şəxsiyyətin davamlı dəyişkənliyi və digər”. 2020-ci ildən sonra səhhətində olan problemlər daha da artmış və bu müddət ərzində səhhətində baş vermiş ağırlaşmalara dair tibbi müayinənin nəticələri həmin tibbi göndərişə əlavə edilmişdir. Onu da qeyd edir ki, barəsində həkim psixiatr Komissiyasının verdiyi rəylə də prof. F.İsmayılov və prof. В.Əsədov tərəfindən “2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində şəxsiyyət pozuntusu depressiv affektiv daxilolmalar, təkrarlanan intihar cəhdləri cəngolma tutmaları və eşitmə görmənin zəifləməsi” ilə F07.0 diaqnozu təsdiq edilmişdir ki, bu da əlillik təyinatına əsas verir.
8. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (##.##.2020), başın küt travması (##.##.2021) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, ayrı-ayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol dirsək oynağı nahiyəsinin arxa səthinin və sol ayağın iç topuq və ayaqaltı nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən odlu silah yaralarından sonrakı (##.##.2020; ##.##.2020) bərkimiş dəri çapığı. Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 2,5 (iki tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (##.##.2020) nəticəsində hər iki gözün travması, görmə siniri diskinin hissəvi azalması, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ saidin, qarnın ön divarının çoxsaylı kəsilmiş (##.##.2024) yaralarından sonrakı bərkiməmiş, sol saidin ön səthinin termiki yanığından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024- ##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli ** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, insanlardan uzaqlaşmadan, təkliyə qapanmadan şikayətlənmişdir. Dərmanlardan Escita, Ketilept, Fenibut, Depakin, Fenozepam qəbul etdiyini söyləmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Əsəbləşəndə əlində və ayağında qıcolmalar olduğunu söyləmişdir. Sağ saiddə səth kəsiklər izlənmiş, xidməti müddətdə əsəbləşərək etdiyini bildirmişdir. Təqdim etdiyi 11.06 ##.##.2024-cü il tarixli **** №-li Məhkəmə Tibbi Ekspertiza rəyində “İddiaçı özünə xəsarət yetirərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizlik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu əməli törətməsi şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. Hazırki psixi vəziyyətinə görə stasionar psixiatrik müalicəyə ehtiyac yoxdur” kimi nəticə müəyyənləşdirilmişdir. Anamnestik məlumatlar sual doğurmuşdur. Belə ki, tələbə olanda da Qrandaksin və Amitriptillin ilə müalicə aldığını və qohumlarının da (bibisi uşaqları) psixi problemləri olduğunu bildirmiş, lakin XTQ-da xidmətə qəbul edilərkən psixi sağlam olması mütləq faktor olaraq araşdırılmış və nəzərə alınmışdır. 2024-cü ilədək heç bir psixiatrik müəssisədə müalicə qəbul etməmişdir. Yaddaşı qorunmuş, mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuş, tənqidi bütün istiqamətlərdə qorunmuşdur. Hal-hazırda psixi vəziyyəti ilə əlaqədar kənar şəxsin nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilməmişdir. Ailəli, 1 və 5 yaşlarında iki övladı olduğunu söyləmişdir. Özünün həkimterapevt olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Anamnezdə özünü kəsmələr” kimi müəyyənləşdirilmiş, ixtisaslaşmış tibb müəssisələrində sutkalıq stasionar şəraitində müalicə və dinamik müşahidə edilməsi tövsiyyə edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi X1 ##.##.2025-ci il tarixli **** saylı rəyində qeyd edilmişdir ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxxda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotrauma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, disforik olması, enməyə meylli olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
11. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A.Axundova) iddia təmin edilərək, iddiaçıya imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından görünür ki, iddiaçı İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. İş materiallarına əlavə edilmiş xəstəlik haqqında №**** saylı şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin, o cümlədən: F 07.0 Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş kəllə-beyin travması, baş silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin dəyişikliyi) səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq qeyd edilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.6.2.1 bəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz, orqanizmin funksiyalarının pozulması 2 il müddətinə müəyyən edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: V.Hacıyev – sədrlik edən və məruzəçi, T.Axundov və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilərək İddiaçı İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlsə də, əlillik dərəcəsini düzgün müəyyən etməmişdir, iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməlidir.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
24. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə mövqeyi mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına və qeyd olunan məsələ ilə bağlı formalaşmış inzibati məhkəmə təcrübəsinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
31. “İnzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.
32. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.
33. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbisosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X4 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.
34. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
35. Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
36. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.
37. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
38. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.
39. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.
40. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
41. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.
42. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirmə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.
43. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.
44. Cavabdehin də kassasiya şikayətinin əsas dəlilini eyni məsələ, yəni diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilənin qanunsuz olması təşkil etdiyindən, yuxarıda göstərilən əsaslarla həmin dəlili məhkəmə kollegiyası əsassız hesab edir.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.