Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-420/2021 23.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının kat ibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2020-ci il tarixli, 2-1(103)-1665/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçıya ilkin təyinat tarixi 06.02.1995-ci il olmaqla, II qrup Qarabağ əlili kimi pensiya təyin edilmiş və 01.01.2006-cı il tarixdən ödənilməyə başlanılmışdır. Sonradan 01.0 6.2018-ci il tarixdə əlilliyin səbəb əlaqəsi dəyişdirilmiş, ona II qrup, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş MN-10639 nömrəli məlumat vərəqəsinə əsasən ömürlük pensiya təyin edilmişdir.
2. İddiaçı 27.11.2018-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona pensiya hüququnun yarandığı gündən ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh xxx71 nömrəli, 17.12.2018-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu al maq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 6381.60 manat məbləğində fərq 01.07.2018-ci il tarixdən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququnun yarandığı gündən, yəni 2008-ci il tarixdən bu günədək hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciə t edərək onun pensiya hüququnun yarandığı gündən, yəni 01.06.2008-ci il tarixdən 01.06.2015-ci il tarixədək ödənilməyən pensiya kompensasiyasının hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək pensiya hüququnun yarandığı gündən, yəni 01.01.2007-ci il tarixdən 01.06.2015-ci il tarixədək ona ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 01.06.2018-ci il tarixdən Azərbaycan Respublikası torpaqlarının müdafiəsi zamanı hərbi qulluqçu kimi aldığı 2-ci qrup əlilliyə görə əmək pensiyası hesabalanaraq təyin edilmişdir. Lakin, keçmiş müddət üçün verilməmiş əmək pensiyasının bir hissəsi, yəni son 3 (üç) il əvvəl hesablanaraq 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək dövr ödənilməyə başlanıb. Ancaq onun pensiya hüququ 01.01.2007-ci il tarixdən yaranıb. Belə ki, o, cavabdehə müraciət edərək onun pensiya hüququnun yarandığı gündən ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb etməsinə baxmayaraq, müraciətinə cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddəsinə istinad edərək bildirmişlər ki, keçmiş müddət üçün əmək pensiyası onun yarandığı gündən hesablanaraq son 3 il üçün ödənillir. O, həmin cavabla razılaşmır və qəbul etmir. Hesab edir ki, ona ödənilməmiş əvvəlki məbləğ ödənilməlidir.
8. Cavabdeh 19.12.2019-cu il tarixind ə iddia ərizəsinə qarşı 19633998338 saylı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa əlillik neçənci qrup olduğunu, nə vaxtdan təyin edildiyi və əlilliyin səbəbi “Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarış”ında qeyd edilir. Həmçinin, həmin çıxarışda “ilkin (təkrar) müayinədən keçən əlillər üçün” pensiya təyinatı aparan orqana göndərilir. Belə ki, iddiaçıya da “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci və 36-cı maddələrinə uyğun olaraq “xidməti” vəzifələri yerinə yetirərkən əlil olanlara” müvafiq təminat xərcliyinin 80 fai zi miqdarında pensiya hesablanaraq hüququ yarandığı gündən pensiya təyin edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2-1(112)-791/2020 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia tələbinin təmin edilməsi, 01.01.2007-ci il tarixindən 01.06.2015-ci il tarixinədək ödənilməmiş pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanununun 11, 12.2 və 32.2-ci maddələrinə istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ 01.07.2017-ci il tarixindən əvvəl yarandığından cavabdehin istinad etdiyi müddəa (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələri) iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Eləcə də, cavabdeh inzibati orqan 2018-ci ildə iddiaçıya yeni məzmunda əmək pensiyası təyin edilməsi barədə inzibati akt qəbul edərək, həmin inzibati aktla iddiaçının hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası almaq hüququnu tanımış və təsdiq etmiş, lakin həmin pensiyanın ödənilməsini 3 illik müddətlə məhdudlaşdırmışdır. Mübahisə olunan da, iddiaçı tərəfindən qazanılmış, cavabdeh tərəfindən isə tanınmış və təsdiq edilmiş hüquq deyil, bu hüququn realizə olunması qaydasıdır. İddiaçı artıq bunadək qazanmış olduğu hüququn iddia olunan 2007ci ildən tətbiqini tələb etməkdə haqlıdır
11. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 29.10.2020-ci il tarixli, 21(103)-1665/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – İlham Kərimli və Nərminə Murğuzova) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2-1(112)-791/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 01.07.2017-ci il tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaranmış, lakin keçmiş müddət üçün alınmamış əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati orqana həmin tarixdən sonra müraciət etmişdir. Odur ki, cavabdeh haqlı olaraq iddiaçıya hərbi qulluqçu kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya məbləğinin hesablanıb ödənilməsini qərara almışdır.
14. Məhkəmə qərarı iddiaçıya 08.12.2020-ci il tarixində təqdim edilmişdir..
15. Cavabdeh həmin qərardan 23.12.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2020-ci il tarixli, 2-1(103)1665/2020 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsini yanlış təfsir etməklə iddiaçının hüquqlarını kobud şəkildə pozub. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
17. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarını lazımi şəkildə qiymətləndirməmiş, yalnız cavabdehin əsassız və heç bir şəkildə sübutu olmayan, əksinə işdəki tam təkzib olunan iza hatına istinad edərək birtərəfli, vətəndaşın konstitusion hüquqlarını, məhkəmənin ədalət və tərəflərin bərabərlik prinsiplərini pozan birmənalı, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 32.1-1. Əmək pensiyaları on u almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.
23. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzi fəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Maddə 98-1.4-cü maddəsinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mö vqeni rəhbər tutmalıdırlar. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instan siyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsini yanlış təfsir etmişdir.
28. Bununla bağlı iddiaçının mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbinə görə məhkəmə kollegiyası hazırkı mübahisəni Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirməlidir.
29. Hazırkı qərarın 22-ci bəndində göstərilən Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən gö rünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
30. İddiaçının pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaransa da, iddiaçı keçmiş müddət üçün alınmamış əmək pensiyasının hesablanması ilə bağlı cavabdehə həmin tarixdən sonra müraciət etmişdir.
31. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməlidir. Odur ki, iddiaçı 01.07.2017-ci ildən sonra pensiya hesablanması tələbi ilə cavabdeh orqana müraciət etdiyi üçün cavabdehin mövqeyi əsaslıdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin ləğv edərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul etmişdir.
32. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin ic rasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
33. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2020-ci il tarixli, 21(103)-1665/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.