Məhkəmə qərarları › İş №2-1(102)-4206/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4206/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4206/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İddianın mümkünlüyü; subyektiv hüquq; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Şirvan şəhəri, Energetik küçəsində yerləşən xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri torpağında yerləşən ümumi sahəsi 0,0129 ha torpaq sahəsi ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Üçüncü şəxs adına qeydə alınmışdır.

2. ##.##.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X1 şəhəri, Energetik küçəsi, 3-cü dalan, ** saylı ünvanda yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsini İddiaçı bağışlamışdır.

3. Həmin 0,02 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2018-ci il tarixdə qeydiyyata alınaraq, adına RX seriyalı, ******* nömrəli və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

4. Şirvan şəhəri Cavabdeh ## #### 2024-cü il tarixli ** nömrəli iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi almaq məqsədilə müraciət etmiş, bələdiyyə ərazisində 5 il müddətindən az olmamaqla, daimi yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Üçüncü şəxs bələdiyyə büdcəsinə 516 manat rüsumun onun tərəfindən ödəniləcəyini nəzərə almaqla, Cavabdeh ehtiyat fonduna məxsus yaşayış məntəqəsi kateqoriyalı torpaqlardan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ** saylı Ərazi İdarəsində ## ##### 2024-cü il tarixli RX Elektron (qey.nöm. **********) saylı reyestrdən çıxarışla qeydiyyata alınmış, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin yol təminatı nəzərə alınmaqla onun mülkiyyətinə verilməsi qərara alınmışdır (1-ci bənd).

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Şirvan şəhəri, Energetik küçəsi ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə bələdiyyə mülkiyyətində olan, ümumi sahəsi 0,0129 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə satılmasına dair cavabdeh Cavabdeh qərarının və iş üzrə üçüncü şəxs Üçüncü şəxs ilə bağlanmış ## #### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi bаrədə qərаr qəbul edilməsini хаhiş еtmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ## #### 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Şirvan şəhəri, Energetik küçəsi ünvanında yerləşən ümumi sahəsi 0,0129 ha olan torpaq sahəsini Üçüncü şəxs sataraq hüquqlarını pozmuşdur. Mübahisəli torpaq sahəsini almaq məqsədi ilə dəfələrlə Bələdiyyəyə müraciət etmiş, lakin cavabdeh həmin torpaq sahəsini ona satmaqdan imtina etmişdir. Mübahisəli torpaq sahəsi mülkiyyətində və hazırda istifadəsində olan fərdi yaşayış sahəsi ilə təxmini 1 metr məsafədə yerləşir və üçüncü şəxs onun evinin və torpaq sahəsinin yaxınlığında olmuş olur. Üçüncü şəxs Üçüncü şəxs 2022-ci ildə mübahisəli torpaq sahəsini ələ keçirmək üçün həmin sahəni zəbt edərək metal torla çəpərləmişdir. Bununla bağlı, Şirvan Şəhər Məhkəməsinin icraatında mülki iddia olmuş, iddia tələbi təmin edilərək, metal torun sökülərək əvvəlki vəziyyətinə qaytarılması qət olunmuşdur.

7. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı mülahizə (etiraz) təqdim edilməmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyində bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ##.##.2024-cü il tarixdə 1324015157 qeydiyyat nömrəsi ilə Üçüncü şəxs adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları mütəxəsiss rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir; Üçüncü şəxs adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı müəyyən edilmişdir; Üçüncü şəxs adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin faktiki olaraq Üçüncü şəxs istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir; Üçüncü şəxs adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha-dan ibarət olan torpaq sahəsindən istifadənin həmin ərazidə olan ümumi yoldan üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmadığı müəyyən edilmişdir; Üçüncü şəxs adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin koordinatlarının üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin (hakim: R.P.Quliyeva) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, ekspert rəyinə əsasən, bələdiyyənin ##.##.2024-cü il tarixli, ** nömrəli iclas protokolunun qərarı ilə üçüncü şəxsin mülkiyyətinə ayrılmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin koordinatlarının üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi və mübahisəli torpaq sahəsindən istifadənin, həmin ərazidə olan ümumi yoldan üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmadığı müəyyən edildiyindən, iddiaçının həmin torpaq sahəsinə dair bələdiyyənin qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur.

11. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və C.Ə.Quliyev) ## ###### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçının subyektiv hüququnun pozulması iş materialları ilə müəyyən edilmir” qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxsin qanuni istifadəsində olan 0,0129 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcud olmasıdır. Başqa sözlə, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ilə ayrılmış torpaq sahəsinin koordinatları (sərhədləri) iddiaçının torpaq sahəsinin üzərinə düşsün. Yuxarıda qeyd edilən ekspert rəyindən isə görünür ki, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd edilməlidir ki, bu hal iddiaçının bələdiyyənin müvafiq qərarını mübahisələndirmək hüququnu istisna edir. Həmçinin, qeyd olunur ki, iddiaçı mübahisəli sahənin ona satılması barədə bələdiyyəyə rəsmi qaydada müraciət etməmişdir (şifahi müraciət etməsini təsdiq edən sübut yoxdur), eyni zamanda ekspert rəyindən də görünür ki, mübahisəli sahə hər hansı şəxsin ümumi yoldan istifadəsini məhdudlaşdırmır. Bu hal bir daha onu deməyə əsas verir ki, mübahisəli sahənin üçüncü şəxsə satılması iddiaçının qanunla qorunan hüquq və maraqlarına toxunmur

14. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16-cı, 17-ci və 337-ci maddələrinin tələblərinə əsasən, hüquqi marağı olan şəxs mülki hüquqlarının pozulması ehtimalı yaranan istənilən halda məhkəməyə müraciət edə bilər. Bələdiyyə torpaq sahəsinin satışı zamanı iddiaçının hüquqları və yol təminatı nəzərə alınmamışdır ki, bu da Mülki Məcəllənin göstərilən maddələrinin pozulması deməkdir. Apellyasiya məhkəməsi hüquqi marağın mövcudluğunu qiymətləndirərkən bu maddələri tətbiq etməmiş və nəticədə, yanlış hüquqi qənaətə gəlmişdir.

16. Bələdiyyə torpaqlarının cavabdehə verilməsi hərrac keçirilmədən həyata keçirilmişdir ki, bu da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinin kobud pozuntusudur. Qanunvericilik bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqə yolu ilə verilməsini nəzərdə tutur. Bu satışın keçirilmə qaydasının pozulması onu Mülki Məcəlləyə əsasən etibarsız əqd halına gətirir. Bundan əlavə, apellyasiya məhkəməsi ##.##.2025-ci il tarixli qərardadında qeyd edir ki, iddiaçı mübahisəli sahənin ona satılması barədə bələdiyyəyə rəsmi qaydada müraciət etməmişdir (şifahi müraciət etməsini təsdiq edən sübut yoxdur). Lakin bu, tamamilə yanlışdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona verilməsi üçün bələdiyyəyə dəfələrlə şifahi müraciətlər etmiş, həmçinin ##.##.2024-cü il tarixdə yazılı ərizə ilə müraciət etmişdir və ərizəsi bələdiyyə tərəfindən qəbul edilərək, icrası ərizənin üzərində adı qeyd edilmiş şəxslərə həvalə edilmişdir (ərizə kassasiya şikayətinə əlavə edilir). Lakin bələdiyyə iddiaçıya heç bir əsaslandırılmış cavab təqdim etməmişdir. Bu hal, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı və 12-ci maddələrinin, habelə Mülki Məcəllənin tələblərinin pozulmasıdır. İddiaçının müraciətlərini nəzərə almadan torpağın üçüncü şəxsə verilməsi hüquqi müəyyənlik, şəffaflıq və bərabərlik prinsiplərinə ziddir. Apellyasiya məhkəməsinin iddiaçının hüquqi marağının mövcud olmadığını bildirməsi qanunauyğun deyil, çünki iddiaçının həm prosessual hüquqları, həm də torpağın ona verilməsi ilə bağlı real və legitim hüquqları pozulmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinə bitişik olan və onun yaşayış evini yolla əlaqələndirən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən sənədlər saxtalaşdırılaraq, qanunsuz qaydada və qanunvericiliyin hərrac tələbinin pozulması ilə cavabdehin nəzarətinə keçmişdir. Bununla da, iddiaçının konstitusion hüquqları pozulmuşdur. Belə ki, iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış mənzillərinə daxil olmaq hüquqları cavabdeh tərəfindən süni yolla məhdudlaşdırılaraq, evin qapısının ön hissəsi zəbt edilmişdir. Nəticədə, iddiaçı və onun ailə üzvlərinin iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsi və yaşayış mənzilinə təbii giriş-çıxış imkanları əllərindən alınmışdır.

17. Məhkəmənin qənaətinə görə, iddiaçının subyektiv hüququ mövcud deyil. Bu qənaət qanunsuz və əsassızdır, çünki iş materiallarından açıq-aydın görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının torpaq sahəsinə birbaşa bitişikdir. Yuxarıda qeyd edilən hallardan çıxan hüquqi nəticə budur ki, iddiaçının mübahisəli sahə ilə bağlı hüquqi marağı real, qanuni və əsaslıdır, çünki sahənin bitişik olması onun daşınmaz əmlakının istifadə və dəyərinə birbaşa təsir göstərir. Alqı-satqı müqaviləsinin bağlanması nəticəsində iddiaçının yol təminatı, yəni giriş-çıxış təminatı məhdudlaşmış və ya məhdudlaşma ehtimalı yaranmışdır ki, bu da, İPM və aidiyyəti normativ aktlar əsasında subyektiv hüququn pozulması ehtimalını doğurur. Apellyasiya məhkəməsi ekspert rəyini yalnız koordinatların üst-üstə düşməməsi məzmununda şərh edib, iddiaçının hüquqi marağının mövcudluğunu ümumilikdə rədd etmişdir. Halbuki, ekspert rəyinin səlahiyyəti torpağın faktiki vəziyyətini müəyyən etməkdir. Ekspert rəyinin koordinat uyğunsuzluğu iddiaçının qanuni marağını avtomatik aradan qaldırmır və ekspert rəyinin hüquqi qiymətləndirilməsi məhkəmənin səlahiyyətindədir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi hüquqi maraq anlayışını yanlış tətbiq edərək prosessual hüquq normalarını pozmuşdur. Həmçinin, bunu da qeyd etmək zəruridir ki, tərəflər arasında daha əvvəl də torpaq sahəsinin qanunsuz qaydada zəbt edilməsi ilə bağlı məhkəmə mübahisəsi yaranmış və nəticədə, İddiaçı iddiasının təmin edilməsi ilə nəticələnmişdir. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Üçüncü şəxs tərəfindən zəbt edilərək metal torla çəpərlənmiş torpaq sahəsinin boşaldılması, metal torun sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsi isə ## ####### 2022-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Buna baxmayaraq, Üçüncü şəxs qərəzli olaraq iddiaçının mülkiyyət hüquqlarını pozmağa davam edir.

18. Birinci instansiya və apellyasiya məhkəmələri iş üzrə qərar qəbul edərkən İnzibati Prosessual Məcəllənin və Mülki Prosessual Məcəllənin sübutların araşdırılması ilə bağlı müddəalarını kobud şəkildə pozmuş, nəticədə, işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Bu isə həm hüquqi, həm də prosessual baxımdan qərarın ləğv edilməsini tələb edən əsas pozuntudur. Belə ki, İPM-in 58.2-ci maddəsi məhkəməyə sübutlara yerində baxış keçirmək, şahidləri və ekspertləri dindirmək, zəruri sənədləri tələb etmək imkanı verir və bu imkan məhkəmənin işin obyektiv araşdırılması öhdəliyindən irəli gəlir. İş üzrə mübahisəli torpaq sahəsinə məhkəmələr tərəfindən yerində baxış keçirilməmiş, yol təminatının real vəziyyəti araşdırılmamış, üçüncü şəxsin qanunsuz çəpərləmə faktı yerində yoxlanılmamışdır. Bu hərəkətsizlik, məhkəmənin İPM-in 58.2-ci maddəsində nəzərdə tutulan sübutetmə öhdəliyini icra etməməsi deməkdir. İş üzrə iddiaçının sahəni illərlə faktiki istifadə etməsi, mübahisəli torpağın bitişik olması, yol təminatının pozulması ehtimalı və eləcə də, əvvəlki qanunsuz zəbt üzrə məhkəmə qərarı kimi hallar qiymətləndirilməli olduğu halda, məhkəmə yalnız ekspert rəyinin dar interpretasiyası ilə kifayətlənmiş, digər sübut növlərini tam araşdırmamışdır.

19. Sadalanan hallar göstərir ki, torpaq sahəsi iddiaçının evinə və torpağına bitişikdir, yəni iddiaçının subyektiv hüququnun olması üçün kifayət qədər hüquqi maraq mövcuddur. Torpağın satılması iddiaçının yol təminatına və əmlakının istifadə şərtlərinə, yəni birbaşa fərdi maraqlarına təsir edir. Məhkəmə yalnız “koordinatların üst-üstə düşməməsi”ni əsas gətirərək iddianı rədd etmişdir. Göründüyü kimi, iş mahiyyəti üzrə araşdırılmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin işi mahiyyətdən kənar, sırf formal səbəblə rədd etməsi Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil edir.

b) kassasiya şikayətinə qarşı etiraz:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Belə ki, apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilən “torpaq sahələrinin koordinatlarının üst-üstə düşməməsi” və “üçüncü şəxsə ayrılmış torpaq sahəsindən istifadənin ümumi yoldan istifadəni məhdudlaşdırmaması” nəticələrinə istinad etməklə iddiaçının subyektiv hüququnun mövcud olmadığını hesab etmiş və bu əsasla iddianı mümkün saymayan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun mövcudluğu məsələsinə hüquqi qiymət verərkən işin hallarını tam aradırmamış, bu halı təsdiqləyən zəruri sübutları toplamamış, yalnız ekspert rəyinə istinad etməklə, həmin rəyin nəticələrini iddianın mümkünlüyü məsələsinin həlli üçün həlledici əsas kimi qəbul etmişdir.

28. Əvvəla, nəzərə almaq lazımdır ki, inzibati hüquq nəzəriyyəsində qəbul edilmiş “mümkünlük nəzəriyyəsinə” görə, iddianın mümkün sayılması üçün iddiaçının subyektiv hüququnun faktiki olaraq pozulduğunun sübuta yetirilməsi tələb olunmur; hüququn pozulması ehtimalının kifayət qədər məntiqli və mümkün olması (ehtimalın mövcudluğu) bunun üçün kifayətdir. Hüququn, həqiqətən, pozulub-pozulmadığı isə yalnız iddianın əsaslılığı mərhələsində yoxlanılmalıdır.

29. Hazırkı mübahisə üzrə iddianın mümkün sayılması (yolverilənliyi) üçün iddiaçının subyektiv hüquqlarının reyestrdə aparılan qeydiyyat nəticəsində pozulması ehtimalının sadəcə olaraq, hüquqi və faktiki baxımdan mümkün görünməsi kifayət edir. İddiaçı subyektiv hüququnun mütləq şəkildə mövcudluğunu və pozulduğunu ilkin mümkünlük mərhələsində tam sübut etmək məcburiyyətində deyil, bu, işə mahiyyəti üzrə baxılarkən iddianın əsaslılığının yoxlanılması mərhələsində tam olaraq müəyyən edilməli məsələdir.

30. Hazırkı halda, iddiaçı kassasiya şikayətinin tələb üzrə subyektiv hüququnun əsası kimi isə sözügedən ekspert rəyində qeyd edilənlərin əksi olaraq bildirmişdir ki, bələdiyyə qərarı ilə üçüncü şəxsə verilmiş 0,0129 ha torpaq sahəsi onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə birbaşa bitişikdir. Həmin torpaq sahəsindən üçüncü şəxs tərəfindən istifadə nəticəsində onun və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evinə daxil olmaq imkanları məhdudlaşdırılmış, evin giriş hissəsinin ön hissəsi zəbt edilmiş və nəticədə, iddiaçı və ailə üzvlərinin ona məxsus torpaq sahəsinə və yaşayış evinə sərbəst giriş-çıxış imkanları əhəmiyyətli dərəcədə çətinləşmişdir.

31. İş üzrə məhkəmələrin iddianın mümkünsüz sayılmasına əsas olaraq istinad etdikləri ekspert rəyində isə qeyd edilmişdir ki, üçüncü şəxs Üçüncü şəxs adına reyestrdə qeydiyyata alınmış 0,0129 ha torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşməsində uyğunsuzluq yoxdur, həmin sahənin koordinatları digər şəxslərin, o cümlədən, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür və həmin torpaq sahəsindən istifadə ümumi yoldan üçüncü şəxslərin istifadəsini məhdudlaşdırmır.

32. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

33. Bu baxımdan, hazırkı iş üzrə iddiaçının hüquq və qanuni maraqlarının pozulubpozulmaması, yaxud belə pozuntunun mümkün olub-olmaması məsələsi məhkəmə tərəfindən ekspert rəyi ilə yanaşı, digər sübutlar və tərəflərin mövqeləri birlikdə qiymətləndirilməklə müəyyən edilməlidir.

34. İddiaçı şikayətin dəlillərində əlavə olaraq, həmçinin, tərəflər arasında daha əvvəl də həmin ərazi ilə bağlı məhkəmə mübahisəsinin olduğunu, onun tərəfindən cavabdeh Üçüncü şəxs qarşı həmin torpaq sahəsinin boşaldılması tələbinə dair iddianın Şirvan Şəhər Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə təmin edildiyini və həmin qətnamənin Şirvan Apellyasiya Məhkəməsinin ## ####### 2022ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanıldığını bildirmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar iddiaçının hüquqlarının pozulması ehtimalının mövcudluğunu göstərən və araşdırılmalı olan faktiki hallardır. Buna görə də həmin halların yalnız ekspert rəyinə istinad edilməklə araşdırılmamış saxlanılması işin düzgün həlli baxımından yolverilməzdir.

36. Bu baxımdan, iddiaçının kassasiya şikayətində göstərdiyi halların araşdırılması, xüsusilə, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus əmlaka münasibətdə yerləşmə vəziyyəti, həmin sahədən istifadənin iddiaçının yaşayış evinə və torpaq sahəsinə giriş-çıxış imkanlarına təsiri, habelə tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələrinin yekununa dair işin halları, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

37. Odur ki, işə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan halların tam və hərtərəfli araşdırılması təmin edilməli, xüsusilə də, mübahisəli torpaq sahəsinə tərəflərin və cavabdehin mütəxəssisinin iştirakı ilə yerində müayinə həyata keçirilməli, müayinə nəticələri, tərəflərin izahatları və digər sübutlar ekspert rəyinin nəticələri ilə birlikdə qiymətləndirilməklə iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən qərardad ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.

39. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar