Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4210/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsgəndərov Əli Mirzə oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İsgəndərov Əli Mirzə oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İsgəndərov Əli Mirzə oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – F.Əliyev).
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.İsgəndərova, hakimlər – R.Məcidov, R.Mamedov).
5. Məhkəmə kollegiyası bildirmişdir ki, iş materiallarına əlavə edilmiş X1 iddiaçı barəsində tərtib edilmiş A00217994İDZ saylı göndərişdə qeyd olunan diaqnozlardan- əsas diaqnoz - "F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və özünə xəsarət yetirmələrlə, anamnezində qıcolma tutmaları. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə”; - Yanaşı xəstəliklər- “F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə” diaqnozları iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
6. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya aid X1 verdiyi ##.##.2024-cü il tarixli göndərişdə (Forma 88) ona qoyulmuş üzvi mənşəli şəxsiyyət pоzuntusu, üzvi (Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi, şizofreniyabənzər epizodlarla əsas diaqnoz yuxarıda göstərilən Əlavənin F07.0 kod təsnifatına uyğundur.
7. Eyni zamanda məhkəmə tərəfindən keçirilmiş məhkəmə psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyi ilə də təsdiq edilir ki, iddiaçıda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla F07.0 aşkar olunur.
8. Bundan başqa məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli qərarına (Xəstəlik haqqında şəhadətnamə) əsasən, İsgəndərov Əli Mirzə oğlu “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır)dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla və özünə xəsarətlərlə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (##.##.2020). Soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozu “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; “Burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. Hər iki gözün miopiyası M 1,5D və M 0,75D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, əngdə və çənədə ikincili hissəvi adentiya” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəbli əlaqəsi ilə təsdiq olunur.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. 15.İddiaçıda olan xəstəliklərin əlilliyin təyinatına əsas verməməsi ilə bağlı qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli; *-*(***)- ****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. 16.Bundan başqa, Ali Məhkəmənin bir çox qərarlarında “diskresion səlahiyyət” ilə bağlı arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur. 17.Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur. 18.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. 19.Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 20.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.