Məhkəmə qərarları › İş №2-1(102)-4212/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4212/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4212/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İnşallah oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İnşallah oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdeh tərəfindən İddiaçı İnşallah oğluna göndərilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli məktubda qeyd edilmişdir ki, barəsində təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə əsasən, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

2. N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışından görünür ki, İddiaçı İnşallah oğlu həqiqətən N nömrəli hərbi hissədə “avtomobil təmiri manqasının komandiri” vəzifəsində xidmət etdiyi müddətdə və ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmamışdır.

3. N nömrəli hərbi hissə komandirinin “N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və tapşırıqların icrası haqqında” ## ####### 2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə - N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, Gəncə şəhərini və Gəncə beynəlxalq hava limanını, Dəllər aerodromunu, Şəmkir və Yenikənd su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziyasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, ölkə dərinliklərinə irəliləməsinə yol verməsin, onun taktiki hava desantlarını havada məhv etsin, əsas səylərini İcevan-Qazax-Şəmkir, Berd-Tovuz-Şəmkir, Vardenis-Gədəbəy-Şəmkir, Vardenis-Daşkəsən- Gəncə istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirilməsi, maddi-texniki təminat bölüyü Göygöl-Gəncə- Şəmkir-Qapanlı-Miskinli-Köbər-Səməd.Vurğun-Ağstafa-Zəlimxan marşrutu ilə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyini və komendant xidmətini təmin etsin. AKM-dən verilən tapşırıqlara əsasən bölmələrin maddi vəsaitlər ilə təmin olunmasına hazır olması əmr edilmişdir.

4. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə göndərilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı İnşallah oğlunun ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissəyə ezam olunması və döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir məlumat yoxdur.

5. Məhkəmə sorğusuna N nömrəli hərbi hissə tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə Hərbi Hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb edilib və İddiaçı İnşallah oğlu N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli **** nömrəli döyüş əmrləri ilə, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. Avtomobil təmiri manqasının komandiri vəzifəsində madditexniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. N nömrəli hərbi hissə dövlət sərhəddində hava hücumundan müdafiə tapşırıqlarını icra edir və döyüş tapşırığı işğal altında olan əraziləri əhatə etmədiyinə görə, döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmamışdır.

6. N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, İddiaçı İnşallah oğlu döyüş əməliyyatları aparan zaman (27.09.-##.##.2020-ci il tarixlərində) N nömrəli hərbi hissədə R rütbəsində, təmir taqımının V vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi hərbi hissəyə N nömrəli hərbi hissə komandirinin ##.##.2019-cu il tarixli *** nömrəli əmri ilə daxil olmuş və ##.##.2021-ci il tarixli *** nömrəli əmrlə çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli **** nömrəli əmri ilə bütün bölmələr ehtiyat mövqelərə manevr edərək **** nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmişdir. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışları həyata keçirilməmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər, Ömər aşırımı istiqamətində əks hücum əməliyyatları aparan qoşun qruplaşmasının və Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı hərbi hissənin divizionlarının “Buk” zenit-raket komplekslərinin ehtiyat mövqelərə köçürülməsi, atəş altından çıxarılması, döyüşə hazır vəziyyətə gətirilməsində və həmin bölmələrin döyüş təminatının dəqiq yerinə yetirilməsində iştirak etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İnşallah oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ilin sentyabr ayının 10-dan 2021ci il noyabr ayının 27-nə kimi N saylı hərbi hissənin maddi təminat bölüyü təmir tağımının V vəzifəsində işləmişdir. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir.

9. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü tarixli, *** nömrəli məktubu və ona əlavə edilmiş hərbi hissənin möhürü ilə təsdiq edilmiş ##.##.2020-ci il tarixli, *** nömrəli əmrdən çıxarışından görünür ki, iddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində Göygöl- Gəncə-Şəmkir-Qapanlı-Miskinli-Köbər-Səməd Vurğun-Ağstafa-Zəlimxan marşurutu ilə hərəkət edən bölmələrin daşınmasını, marşurut boyunca hərəkətin təhlükəsizliyininin və komendant xidmətinin təmin edilməsində AKM-dən verilən tapşırıqlara əsasən bölmələrin maddi vasitələr ilə təmin olunmasında iştirak edərək maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək işğaldan azad olunmamış ərazilərdə N nömrəli hərbi hissənin avtomobil təmir manqasının vəzifəsində xidmət etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan Göygöl-Gəncə Şəmkir şəhərlərin vəzifəsində xidməti vəzifələrini icra ilə məşğul olmuşdur. Göygöl-Gəncə Şəmkir şəhərləri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır.

10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – E.Axundov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh imtinasında arayışməlumatda

11. qeyd olunmuş ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyini qeyd etsə də, iddiaçının məhz hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Bayramov, hakimlər – R.Mamedov, A.İsgəndərova).

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu abzasının tələblərinə görə, adı qeyd olunan ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər.

15. Bununla belə, istinad olunan əsasnamənin onuncu abzasından fərqli olaraq, on birinci abzasında ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Belə ki, ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər də müharibə veteranı hesab edilirlər. Yəni, həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi mühüm rol oynayır.

16. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə, N nömrəli hərbi hissə Hərbi Hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb edilmiş və iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli **** nömrəli döyüş əmrləri ilə, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. N nömrəli hərbi hissə dövlət sərhəddində hava hücumundan müdafiə tapşırıqlarını icra etmiş və döyüş tapşırığı işğal altında olan əraziləri əhatə etmədiyinə görə, iddiaçı aktiv döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmamışdır.

17. Həmçinin, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissə tərəfindən verilmiş arayış-məlumatda iddiaçının döyüş əməliyyatları aparılan zaman (27.09.- ##.##.2020-ci il tarixlərində) N nömrəli hərbi hissədə R rütbəsində, təmir taqımının V vəzifəsində xidmət etməsi, N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli **** nömrəli əmri ilə bütün bölmələrin ehtiyat mövqelərə manevr edərək **** nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər, Ömər aşırımı istiqamətində əks hücum əməliyyatları aparan qoşun qruplaşmasının və Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı hərbi hissənin divizionlarının “Buk” zenit-raket komplekslərinin ehtiyat mövqelərə köçürülməsi, atəş altından çıxarılması, döyüşə hazır vəziyyətə gətirilməsində və həmin bölmələrin döyüş təminatının dəqiq yerinə yetirilməsində iştirak etməsi göstərilmişdir.

18. Göründüyü kimi, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirdiyi N nömrəli hərbi hissənin ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunması, eləcə də onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı hərbi hissənin divizionlarının “Buk” zenit-raket komplekslərinin ehtiyat mövqelərə köçürülməsi, atəş altından çıxarılması, döyüşə hazır vəziyyətə gətirilməsində və həmin bölmələrin döyüş təminatının dəqiq yerinə yetirilməsində iştirak etməsi iş materialları ilə öz təsdiqini tapır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə Vətən müharibəsi dövründə iddiaçının yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Yəni, iddiaçının xidməti vəzifələrini icra etdiyi ərazilərdə mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı hərbi hissənin divizionlarının “Buk” zenit-raket komplekslərinin ehtiyat mövqelərə köçürülməsi, atəş altından çıxarılması, döyüşə hazır vəziyyətə gətirilməsində və həmin bölmələrin döyüş təminatının dəqiq yerinə yetirilməsində iştirak etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət sərhədində hava hücumundan müdafiə tapşırıqlarını icra etmək avtomobil təmir manqasının komandiri vəzifəsində xidmət edən iddiaçının vəzifə səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur. Belə ki, avtomobil təmir manqasının komandiri öz səlahiyyətləri daxilində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirir. Bundan başqa, dövlət sərhəddində hava hücumundan müdafiə tapşırıqları, avtomobil təmir manqasının komandiri tərəfindən deyil, hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət edən hava hücumundan müdafiə üzrə xüsusi ixtisaslaşmış şəxslər tərəfindən icra olunur. Nəzərə alınmalıdır ki, döyüş əməliyyatları aparılan dövrdə (##.##.2020-##.##.2020) tutduğu vəzifəyə və icra etdiyi fəaliyyətlərə nəzər yetirdikdə onun döyüş tapşırığı deyil, maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi sabit olur. Əsasnaməyə əsasən, maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o zaman müharibə veteranı adı verilir ki, həmin tapşırıqlar ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərdə yerinə yetirilsin.

22. Bundan başqa, iddiaçı “Vətən müharibəsi" zamanı Göygöl rayonunda yerləşən xidmət etdiyi hərbi hissənin tərkibində yuxarıda qeyd edilən tapşırıqları, yəni avtomobil təmir manqasının komandiri vəzifəsində xidməti vəzifələrinə aid olan maddi texniki təminat üzrə yerinə yetirdiyi həmin tapşırıqlar ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas sayıla bilməz.

23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən iddiaçı o şərtlə “Müharibə veteranı” adı və vəsiqəsi verilə bilər ki, o, Göygöl, Gəncə Şəmkir, Ağstafa, Samux, Tovuz rayonlarında xidmət etdiyi hərbi hissənin tərkibində ya döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş olsun.

24. Həmin şəxsin fəaliyyəti döyüş əməliyyatlarında bilavasitə iştirak etmək və ya döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməkdən ibarət olmamış, onun fəaliyyəti yalnız xidməti icrasından ibarət olmuşdur. Hər iki variantda da iddiaçıyа “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi üçün əsas yoxdur.

25. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi N nömrəli hərbi hissə komandiri tərəfindən döyüş əməliyyatları aparılan dövrdə (##.##.2020-##.##.2020) verilmiş müvafiq əmrlərə istinad edərək hərbi qulluqçuların, eyni zamanda iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına cəlb olunması və verilmiş döyüş tapşırıqlarının icra edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinə cəlb edildiyi əsas götürərək iddia tələbini təmin etmişdir.

26. Hərbi hissə komandirinin sözügedən əmrləri ümumi qaydada verilmiş əmrdir və həmin əmrlər ayrı-ayrı şəxslər barəsində verilməmişdir. Ümumi qaydada həmin əmrdə hərbi qulluqçuların Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına cəlb olunması və verilmiş döyüş tapşırıqlarının icra edilməsi göstərilmişdir.

27. Döyüş əməliyyatları başlayan zaman hərbi hissənin bütün şəxsi heyəti (qabyuyan, xadiməçi, aşpaz, feldşer, sürücü, sürücü-elektrik və sair) hərbi hissə komandirinin nizami hissə üzrə əmrinə əsasən, döyüş əməliyyatlarına cəlb edilir. Lakin həmin əmr verilərkən ümumi qaydada verilir və şəxsi heyət döyüş əməliyyatlarına cəlb edilərkən öz vəzifə borclarına uyğun tapşırıqların icrası onlara tapşırılır. Aidiyyəti üzrə vəzifələrdə xidmət edən hərbi qulluqçular (mülki şəxslər) öz vəzifə borclarına uyğun fəaliyyətlərə cəlb edilir və onlara kənar tapşırıqların yerinə yetirilməsi tapşırıla bilməz. Nəticə olaraq qeyd olunmalıdır ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin qeyd olunan əmrləri ilə döyüş əməliyyatlarına cəlb edilməsi ona “Müharibə veteran” adı və vəsiqəsinin verilməsinə əsas ola bilməz.

28. İddiaçı avtomobil manqasının komandiri qismində döyüş əməliyyatlarına cəlb edilmişdir. Təkrar qeyd edilməlidir ki, iddiaçı sözügedən ərazilərdə və hərbi hissədə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmək qismində döyüş əməliyyatlarına cəlb edilmiş olsa idi, ona “Müharibə veteranı” adı vəsiqəsinin verilməsinə cavabdeh kimi etiraz etməzdilər.

29. Beləliklə, iddiaçı Göygöl rayonunda yerləşən N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifələrini icra edərək döyüş əməliyyatlarına həmin qismində cəlb edilmişdir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Göygöl, Gəncə Şəmkir, Ağstafa, Samux, Tovuz rayonlarında yerləşən hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə.

30. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Göygöl, Gəncə Şəmkir, Ağstafa, Samux, Tovuz rayonlarında hava hücumundan müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və hava hücumundan müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra edərək iştirak etmişdir.

31. İş materiallarında olan sənədlərdən görünür ki, döyüş əməliyyatları zamanı iddiaçı N nömrəli hərbi hissənin maddi təminat bölüyü təmir taqımının V vəzifəsində xidmət keçmişdir. N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdə iddiaçının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi qeyd edilsə də, faktiki olaraq o, həmin tapşırığı yerinə yetirməmiş, hətta həmin tapşırıqları yerinə yetirmə iqtidarında olmamışdır. Belə ki, iddiaçının tutduğu vəzifəyə və döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlərə nəzər yetirsək görərik ki, o, döyüş tapşırığı üzrə tapşırıqları deyil, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Çünki döyüş təminatı üzrə tapşırıq anlayışı Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən bölmələrimizin atəş altından çıxarılması üçün manevr edilməsindən, ehtiyat mövqeyə çıxarılmasından, həmin bölmələrin təminatından ibarət deyildir.

32. Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2023-cü il tarixli *** nömrəli əmrində "döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışına izah verilmişdir. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqlar döyüş dəstəyi və döyüş xidmət dəstəyi olmaqla iki hissəyə bölünmüşdür. Döyüş dəstəyi bölmələrinə aid olan hava hücumundan müdafiə bölmələrinin tapşırıqları aşağıdakılardan ibarətdir: Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması, o cümlədən hava məkanını mühafizə və müdafiə etmək məqsədi ilə yerinə yetirilən kompleks tədbirlərdir. Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması; Hava məkanında Azərbaycan Respublikasının dövlət hava sərhədlərinin müdafiə və mühafizə, ölkənin inzibati, sənaye və Azərbaycan Ordusunun obyektlərinə düşmənin hava hücumu vasitələrinin zərbələrini dəf etmək.

33. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlər yuxarıda qeyd edilən döyüş təminatı ilə əlaqəsi olmamış, icra etdiyi fəaliyyətlər döyüş əməliyyatlarının digər növ təminatlarına sırasına daxildir.

34. Həmçinin qeyd edilməldir ki, döyüş əməliyyatları zamanı iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdə iddiaçının döyüş əməliyyatları aparılan ərazilərə ezam olunmadığı göstərilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X1 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi müharibə veteranı adı və vəsiqəsinin verilməsinə nail olmaqdır.

41. Mübahisələndirilən məhkəmə qərarından göründüyü kimi, işə baxmış məhkəmə kolelgiyası iş materiallarına əlavə edilmiş sənədlər əsasında iddiaçının xidməti vəzifələrini icra etdiyi ərazilərdə mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı hərbi hissənin divizionlarının “Buk” zenit-raket komplekslərinin ehtiyat mövqelərə köçürülməsi, atəş altından çıxarılması, döyüşə hazır vəziyyətə gətirilməsində və həmin bölmələrin döyüş təminatının dəqiq yerinə yetirilməsində iştirak etməsini öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan cavabdeh kassasiya şikayətində iddianın rədd edilmə əsası kimi iddiaçının xidmət etdiyi hərbi hissənin tərkibində tapşırıqları, yəni avtomobil təmir manqasının komandiri vəzifəsində xidməti vəzifələrinə aid olan maddi texniki təminat üzrə yerinə yetirdiyi həmin tapşırıqların ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas olmaması kimi göstərmişdir.

43. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

44. Belə ki, müharibə veteranı adının verilməsi ilə bağlı olan şəxslərin dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə əksini tapmışdır.

45. Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək olan dövr üzrə müharibə veteranı adı və vəsiqəsi verilən şəxslər əsasən iki kateqoriyaya bölünmüşdür.

46. Onlardan biri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçular və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (hərbi hissə (bölmə) və ya orqanların mülki işçiləri), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərdir.

47. Onlardan digəri isə 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərdir.

48. İddiaçı və məhkəmələr birinci hala deyil, məhz ikinci hala istinad etmişdir.

49. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən N nömrəli hərbi hissədə “avtomobil təmiri manqasının komandiri” vəzifəsində xidmət etdiyi müddətdə və ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmamışdır.

50. Məhkəmə sorğusuna N nömrəli hərbi hissə tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə Hərbi Hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb edilib və iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli **** nömrəli döyüş əmrləri ilə, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. Avtomobil təmiri manqasının komandiri vəzifəsində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. N nömrəli hərbi hissə dövlət sərhəddində hava hücumundan müdafiə tapşırıqlarını icra edir və döyüş tapşırığı işğal altında olan əraziləri əhatə etmədiyinə görə, döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmamışdır.

51. Bundan başqa, N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, ... N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli **** nömrəli əmri ilə bütün bölmələr ehtiyat mövqelərə manevr edərək **** nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmişdir. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışları həyata keçirilməmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər, Ömər aşırımı istiqamətində əks hücum əməliyyatları aparan qoşun qruplaşmasının və Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı hərbi hissənin divizionlarının “Buk” zenit-raket komplekslərinin ehtiyat mövqelərə köçürülməsi, atəş altından çıxarılması, döyüşə hazır vəziyyətə gətirilməsində və həmin bölmələrin döyüş təminatının dəqiq yerinə yetirilməsində iştirak etmişdir.

52. İş materiallarından da göründüyü kimi, iddiaçı işğaldan azad edilməyən ərazi sayılan Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən bölmələrimizin atəş altından çıxarılması üçün manevr edilməsində, ehtiyat mövqeyə çıxarılmasında, həmin bölmələrin təminatında xidməti vəzifələrini icra edərək iştirak etmişdir.

53. Bundan başqa döyüş əməliyyatları dövründə (##.##.2020-##.##.2020) iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdə iddiaçının avtomobil təmir manqasının komandiri vəzifəsində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi, habelə döyüş əməliyyatları ərazilərə ezam olunmadığı qeyd olunmuşdur.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, dövlət sərhədində hava hücumundan müdafiə tapşırıqlarını icra etmək avtomobil təmir manqasının komandiri vəzifəsində xidmət edən iddiaçının vəzifə səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur. Belə ki, avtomobil təmir manqasının komandiri öz səlahiyyətləri daxilində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirir.

55. Bundan başqa, dövlət sərhəddində hava hücumundan müdafiə tapşırıqları, avtomobil təmir manqasının komandiri tərəfində deyil, hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət edən hava hücumundan müdafiə üzrə xüsusi ixtisaslaşmış şəxslər tərəfindən icra olunur.

56. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının “Vətən müharibəsi" zamanı Göygöl rayonunda yerləşən xidmət etdiyi hərbi hissənin tərkibində yuxarıda qeyd edilən tapşırıqları, yəni avtomobil təmir manqasının komandiri vəzifəsində xidməti vəzifələrinə aid olan maddi texniki təminat üzrə yerinə yetirdiyi həmin tapşırıqlar ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas sayıla bilməz.

57. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi N nömrəli hərbi hissə komandiri tərəfindən döyüş əməliyyatları aparılan dövrdə (##.##.2020-##.##.2020) verilmiş müvafiq əmrlərə istinad edərək hərbi qulluqçuların, eyni zamanda iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına cəlb olunması və verilmiş döyüş tapşırıqlarının icra edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinə cəlb edildiyi əsas götürərək iddia tələbini təmin etmişdir. Halbuki sözügedən əmrlər ümumi qaydada verilmiş əmrdir və həmin əmrlər ayrı-ayrı şəxslər barəsində verilməmişdir. Ümumi qaydada həmin əmrdə hərbi qulluqçuların döyüş əməliyyatlarına cəlb olunması və verilmiş döyüş tapşırıqlarının icra edilməsi göstərilmişdir. Döyüş əməliyyatları başlayan zaman hərbi hissənin bütün şəxsi heyəti (qabyuyan, xadiməçi, aşpaz, feldşer, sürücü, sürücü-elektrik və sair) hərbi hissə komandirinin nizami hissə üzrə əmrinə əsasən, döyüş əməliyyatlarına cəlb edilir. Lakin həmin əmr verilərkən ümumi qaydada verilir və şəxsi heyət döyüş əməliyyatlarına cəlb edilərkən öz vəzifə borclarına uyğun tapşırıqların icrası onlara tapşırılır. Aidiyyəti üzrə vəzifələrdə xidmət edən hərbi qulluqçular (mülki şəxslər) öz vəzifə borclarına uyğun fəaliyyətlərə cəlb edilir və onlara kənar tapşırıqların yerinə yetirilməsi tapşırıla bilməz. Nəticə olaraq qeyd olunmalıdır ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin qeyd olunan əmrləri ilə döyüş əməliyyatlarına cəlb edilməsi də ona “Müharibə veteran” adı və vəsiqəsinin verilməsinə əsas ola bilməz.

58. Beləliklə, qanunvericiliyə əsasən, işğal altında olmayan ərazilərdə hərbi xidmətdə olmuş şəxslərə müharibə veteranı statusu o zaman verilə bilər ki, şəxs həmin ərazilərdə bilavasitə döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirmiş olsun. Məhkəmə kollegiyası iş materiallarına əsasən hesab edir ki, həmin ərazilərdə avtomobil təmiri manqasının komandiri vəzifəsində maddi-texniki təminat üzrə tapşırıqları həyata keçirmiş iddiaçının bilavasitə döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirmiş hesab olunması üçün hüquqi əsaslar mövcud deyildir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüşəməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”.

60. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.

61. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar