Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4214/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: TSEK-in qərarında dəyişiklik edilməsi; əlilliyin səbəbinin dəyişdirilməsi; inzibati icraatın təzələnməsi; inzibati aktın hüquqi sabitliyi; geriyə təsir Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Iddiaçı İddiaçı ##.##.2012-ci il tarixdən ##.##.2017-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən Azərbaycan Respublikası SQ-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2017-ci il tarixli, **** nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı hərbi xidmət keçərkən aldığı “mülayim dərəcədə ifadə olunmuş davamlı üzvi emosional-labil (astenik) pozuntu” xəstəliyinin səbəb əlaqəsi - “travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirilmişdir.
3. Iddiaçıya cavabdehin ##.##.2017-ci il tarixli, *******0003 nömrəli qərarı ilə əlillik səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. Daha sonra iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə qiymətləndirilərək, ona “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən əlilliyin təyinindən imtina edilmişdir.
5. Həmin qərardan iddiaçının şikayəti ilə əlaqədar onun əyani müayinəsi aparılmış və bununla bağlı cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
6. Bundan sonra da iddiaçı yenidən əyani müayinə edilmiş, cavabdehin ##.##.2023cü il tarixli, *******0005 nömrəli qərarına əsasən diaqnozun öz təsdiqini tapmaması səbəbindən əlilliyin verilməsindən imtina edilmişdir.
7. Daha sonra iddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına travmanın səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının ##.##.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.
8. Bu qərardan sonra da cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
9. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, * nömrəli qərarla ##.##.2017-ci il tarixli, **** nömrəli xəstəlik haqqında şəhadətnamədəki travmanın hərbi xidmətlə səbəb əlaqəsi ləğv edilmiş, iddiaçının hərbi xidmətdə olarkən aldığı travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qiymətləndirilmiş, əsas olaraq: 1. Şirvan Inzibati Məhkəməsindən verilmiş ##.##.2023-cü il tarixli, *-*(***)-**** nömrəli qərarı; və 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) və c) yarımbəndləri göstərilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı cavabdehə qarşı ##.##.2024-cü il tarixdə iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2017-ci il tarixli, *******0003 nömrəli qərarına dəyişiklik edilərək, əlillik səbəbinin “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsi ilə göstərilməsi və bu barədə Əlillik altsisteminə müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-ci il tarixli, * nömrəli qərarı ilə ##.##.2017-ci il tarixli, **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilən travmanın hərbi xidmət dövrü alınması haqqında səbəb əlaqəsinin ləğv edilməsi, travmanın yeni səbəb əlaqəsinin isə “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsi ona ##.##.2017-ci ildə təyin edilmiş ikinci dərəcəli əlilliyin səbəbinin dəyişdirilərək “Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilməsini tələb etmək hüququ verir. Ona ##.##.2017-ci il tarixdə təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi üçün ##.##.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır.
12. Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti əyani müayinə olunaraq qiymətləndirilmiş və nəticədə, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
13. Şirvan Inzibati Məhkəməsinin (hakim: P.T.Qurbanova) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətini dəyişdirəcək yeni hal yalnız Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, * nömrəli qərarı əsasında yaranır ki, həmin qərardan sonra səbəbli əlaqə “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilir. Iddiaçıya münasibətdə travmanın səbəbli əlaqəsi sonradan dəyişdirilsə də, əlillik təyinatı zamanı, yəni ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək o, hərbi xidmət dövrü ilə əlaqədar əlil hesab edilmiş və cavabdehin həmin qərarından narazı olaraq nə inzibati, nə də ki, məhkəmə qaydasında şikayət etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti mövcud deyildir, mübahisələndirilən ##.##.2017-ci il tarixli, *******0003 nömrəli qərar qanuni əsaslarla qəbul edilmiş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
15. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və F.C.Hüseynov) ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2017-ci il tarixli *******0003 nömrəli qərar ilə təyin edilmiş əlilliyin səbəbinin “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” kimi dəyişdirilməsi və bu barədə, Əlillik altsisteminə müvafiq dəyişikliyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 17.1. Hazırkı mübahisənin predmeti iddiaçıya əlillik təyin edilməsi deyil, ona əlillik təyin edilməsi zamanı əlilliyin səbəbli əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” əvəzinə “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd olunmasından ibarətdir. Iddiaçıya ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək təyin edilmiş əlillik qərarında əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsinə əsas olan qərar Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, * nömrəli qərarı ilə ləğv edilmiş və qüvvədə olan qərar ilə əlilliyin səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qiymətləndirilmişdir. Iddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Iddiaçının hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik səbəbi Şirvan Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı və Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borclu olmuşdur. Qaydaların tələbində (3.2-ci bənd) əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunduqdan sonra Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul etməli olduğu müəyyən edilmiş, bu zaman hər hansı göndərişin rəsmiləşdirilməsi və ya əyani müayinə tələbi nəzərdə tutulmamışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, əlilliyin təyin edildiyi zaman təqdim edilmiş şəhadətnamədən açıqca müəyyən edilir ki, iddiaçı barəsində tərtib edilmiş ##.##.2017-ci il tarixli, **** nömrəli şəhadətnamədə əlilliyin səbəbi barədə qeyd edilmişdir ki, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Travmadır, hərbi xidmət dövründə alınmışdır. Cavabdeh tərəfindən də məhz istinad edilən şəhadətnamə əsas götürülərək əlillik təyin edilərkən səbəbli əlaqə Hərbi xidmət dövrü ilə əlaqədar müəyyən olunmuşdur. Yəni cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya münasibətdə travmanın səbəbli əlaqəsi sonradan dəyişdirilsə də, əlillik təyini zamanı, yəni ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək o, Hərbi xidmət dövrü ilə əlaqədar əlil hesab edilmiş və cavabdehin həmin qərarından iddiaçı tərəfindən nə inzibati, nə də məhkəmə qaydasında şikayət edilməmişdir. Məhkəmə kollegiyası iddianın əsaslı olmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik səbəbi Şirvan Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir. Məhkəmənin bu mövqeyi ilə ən azından ona görə razılaşmaq olmur ki, iddiaçı hazırda əlil deyil və ona 5 il müddətinə təyin edilmiş əlilliyin müddəti ##.##.2022-ci il tarixdə artıq bitmişdir və ##.##.2017-ci il tarixli qərar tam qanuni əsaslarla qəbul edilmiş və iddiaçının hüquqlarının hər hansı şəkildə pozulması ilə nəticələnməmişdir. Belə olan halda isə cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borclu ola bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının ərizəsində yazdıqlarından çıxış edərək iddianın təmin edilməli olması qənaətinə gəlmişdir. Odur ki, qərar ləğv edilməli və iddia rədd edilməlidir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 35. Inzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. 35.5. Inzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; ... 1.5.2. xüsusi səbəblərdən: ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; ... Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017-ci il tarixli, **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bununla əlaqədar mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
28. Iddiaçının hazırkı tələbi ##.##.2017-ci il tarixli, *******0003 nömrəli qərarla ona təyin edilmiş əlilliyin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsindən “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” ifadəsi ilə dəyişdirilməsi və bunun Əlillik altsistemində rəsmiləşdirilməsi barədə inzibati aktın qəbul edilməsindən ibarətdir.
29. Birinci instansiya məhkəməsi iddianı ##.##.2017-ci il tarixli qərarın qəbul edildiyi vaxt iddiaçıya münasibətdə travmanın səbəb əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar” müəyyən edilməsinə və iddiaçının həmin qərardan vaxtında şikayət etməməsinə əsaslanmaqla rədd etmiş, apellyasiya məhkəməsi isə sonradan Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə travmanın səbəb əlaqəsinin dəyişdirilməsini əsas götürərək iddianı təmin etmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qərarın ləğvini şərtləndirən aşağıdakı əsasları qeyd edir.
31. Inzibati prosessual hüquqda iddianın növü iddia ərizəsində işlədilən ifadələrə deyil, iddiaçının əldə etmək istədiyi hüquqi nəticəyə əsasən müəyyən edilir. IPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbinin hədlərindən kənara çıxa bilməz.
32. Hazırkı işdə iddiaçı keçmiş hüquq münasibətinin yalnız müəyyən edilməsini istəmir. O, ##.##.2017-ci il tarixli inzibati aktda əlilliyin səbəbinin dəyişdirilməsini və bu dəyişikliyin Əlillik altsistemində rəsmiləşdirilməsini tələb edir.
33. Buna görə də iddiaçının tələbi mahiyyət etibarilə müəyyən hərəkətin edilməsinə, yəni müvafiq inzibati aktın qəbuluna yönəldiyindən məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Əvvəlki inzibati aktın qüvvədə olma müddətinin başa çatması tələbi özözlüyündə müəyyən etmə haqqında iddiaya çevirmir.
34. Iddiaçı apellyasiya baxışı zamanı əlilliyin səbəbinin dəyişdirilməsinin ona vaxtında ödənilməmiş əlavə ödənişləri almaq imkanı verəcəyini bildirmişdir. Bu hal onun tələb etdiyi inzibati aktın qəbul edilməsində hüquqi marağının olduğunu göstərir. Lakin həmin ödənişlərə hüququn mövcud olub-olmaması iddianın mümkünlüyünə deyil, iddianın əsaslılığına aid məsələdir. Beləliklə, iddiaçının tələb etdiyi hüquqi nəticə və onun həmin nəticənin əldə edilməsində hüquqi marağı nəzərə alınmaqla, hazırkı iddia məcburetmə haqqında iddia kimi mümkündür. Lakin iddianın mümkün olması onun əsaslı olduğu anlamına gəlmir. Iddianın əsaslılığı tələb olunan inzibati aktın qəbul edilməsi üçün maddi hüququn mövcud olubolmaması
35. baxımından ayrıca qiymətləndirilməlidir.
36. Məcburetmə haqqında iddianın təmin edilməsi üçün iddiaçının tələb etdiyi məzmunda inzibati aktın qəbul edilməsinə maddi hüququnun olması və cavabdehin həmin aktı qəbul etməməsinin iddiaçının hüququnu pozması müəyyən edilməlidir. Iddianın mümkün olması və hüquqi marağın mövcudluğu öz-özlüyündə tələb olunan məzmunda inzibati aktın qəbul edilməsi üçün maddi hüququn mövcudluğunu təsdiq etmir.
37. “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsi inzibati aktın qəbulundan sonra müəyyən hallarda əvvəlki icraatın təzələnməsinə və inzibati aktın yenidən nəzərdən keçirilməsinə imkan verir. Həmin maddəyə əsasən, o cümlədən inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə və ya daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar edildikdə təkrar ərizə ilə müraciət edilə bilər.
38. Lakin təkrar ərizə ilə müraciət etmək hüququ inzibati orqanın mütləq ərizəçinin tələb etdiyi məzmunda yeni akt qəbul etməli olması demək deyildir. Inzibati orqan müraciəti qanunda müəyyən edilmiş qaydada araşdırmalı və mövcud maddi hüquq normalarına uyğun qərar qəbul etməlidir.
39. Bundan başqa, Qanunun 35.3-cü maddəsinə əsasən, əvvəlki icraat zamanı təqdim edilməyən halın və ya sübutun maraqlı şəxsdən asılı olmayan səbəblərə görə həmin vaxt təqdim edilməsinin mümkün olmaması da əsaslandırılmalıdır. Hazırkı işdə bu məsələyə ayrıca qiymət verilməsi zəruri olmasa da, ##.##.2024-cü il tarixli qərarın yeni hal kimi qəbul edilməsi belə həmin qərarın əvvəlki əlillik dövrünə avtomatik şamil edilməsinə əsas vermir.
40. Çünki sonradan müəyyən edilmiş halın mövcud inzibati aktın nəticələrinə geriyə şamil edilməsi yalnız bunun üçün hüquqi əsas olduqda mümkündür.
41. Inzibati aktın hüquqauyğunluğu, bir qayda olaraq, onun qəbul edildiyi vaxt mövcud olan faktiki və hüquqi vəziyyətə əsasən qiymətləndirilir. Sonradan yeni sənədin və ya hüquqi qiymətləndirmənin meydana çıxması əvvəlki inzibati aktı avtomatik olaraq qəbul edildiyi andan qanunsuz etmir.
42. Iddiaçıya əlillik müəyyən edilərkən qüvvədə olan Təlimatın 3.3-cü və 3.5.1-ci bəndlərinə əsasən, hərbi xidmətlə əlaqədar əlilliyin səbəbi xəstəlik haqqında şəhadətnamə, arayış və ya ştatlı hərbi-həkim komissiyasının səbəb əlaqəsi barədə qərarı əsasında müəyyən edilirdi.
43. ##.##.2017-ci il tarixdə cavabdehin sərəncamında olan ##.##.2017-ci il tarixli, **** nömrəli xəstəlik haqqında şəhadətnamədə iddiaçının travmasının səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilmişdir. Həmin tarixdə bunun əksini müəyyən edən başqa qüvvədə olan hərbi-tibbi sənədin mövcudluğu iş materiallarından müəyyən edilmir. Bu baxımdan, cavabdeh əlilliyin səbəbini müəyyən edərkən səlahiyyətli hərbihəkim44.komissiyasının sənədində göstərilən səbəb əlaqəsini əsas götürməli idi. Cavabdehin həmin sənəddə göstərilən səbəb əlaqəsini dəyişdirmək və ya ona başqa hüquqi məzmun vermək səlahiyyəti olmamışdır.
45. Deməli, cavabdehin ##.##.2017-ci il tarixli qərarla əlilliyin səbəbini “hərbi xidmət dövrü ilə əlaqədar” müəyyən etməsi həmin vaxt mövcud olan hərbi-tibbi sənədə uyğun olmuşdur. Iş materiallarında cavabdehin həmin tarixdə başqa nəticəyə gəlməli olduğunu göstərən hal müəyyən edilmir.
46. Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ##.##.2017-ci il tarixdə baş vermiş travmanın səbəb əlaqəsini dəyişdirmiş və onu “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən etmişdir.
47. Lakin həmin qərar 2024-cü ildə qəbul edilmişdir. Qərarın nəticə hissəsində yeni səbəb əlaqəsinin ##.##.2017-ci il tarixdən qüvvədə olması, əvvəlki TSEK qərarının geriyə dönük dəyişdirilməsi və ya 2017-2022-ci illər üzrə sosial təminat nəticələrinin yenidən hesablanması barədə hər hansı göstəriş yoxdur.
48. Hər hansı inzibati qərarın keçmişdə baş vermiş fakta aid olması onun hüquqi nəticələrinin avtomatik olaraq həmin faktın baş verdiyi tarixdən qüvvədə olması demək deyildir. Belə geriyə təsir müvafiq maddi hüquq normasından, qərarın öz məzmunundan və ya hüquq münasibətinin xarakterindən irəli gəlməlidir. Hazırkı işdə isə belə hüquqi əsas müəyyən edilmir. Inzibati aktın zaman üzrə hüquqi təsiri baxımından geriyə qüvvəli (ex tunc) və gələcəyə yönəlmiş (ex nunc) nəticələr fərqləndirilməlidir. Geriyə qüvvəli təsir inzibati qərarın əvvəlki dövr üçün formalaşmış hüquqi vəziyyəti də dəyişdirməsini nəzərdə tutur. Hazırkı işdə Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarı keçmişdə baş vermiş travmanın səbəb əlaqəsini yeni məzmunda müəyyən etsə də, nə həmin qərarın özündə, nə onun qəbuluna əsas olmuş məhkəmə qərarında, nə də tətbiq olunan maddi hüquq normalarında bu yeni hüquqi qiymətləndirmənin ##.##.2017-ci il tarixdən geriyə qüvvə ilə tətbiq edilməsini nəzərdə tutan müddəa mövcud deyil. Buna görə sonradan müəyyən edilmiş səbəb əlaqəsinin əvvəlki əlillik dövrü üzrə inzibati aktın hüquqi nəticələrini avtomatik olaraq ex tunc dəyişdirdiyi qəbul edilə bilməz. Bununla belə, bu nəticə ##.##.2024-cü il tarixli qərarın mütləq yalnız ex nunc təsirə malik olduğu kimi başa düşülməməlidir; hazırkı mübahisə baxımından həlledici olan həmin qərarın 2017-2022-ci illər dövrünə ex tunc şamilini nəzərdə tutan hüquqi əsasın müəyyən edilməməsidir.
49. Iddiaçıya təyin edilmiş əlilliyin müddəti ##.##.2022-ci il tarixdə başa çatmış, travmanın yeni səbəb əlaqəsi isə bundan sonra – ##.##.2024-cü il tarixdə müəyyən edilmişdir. Buna görə də 2024-cü il tarixli qərarın mövcudluğu artıq başa çatmış ##.##.2017–##.##.2022-ci illər dövrü üçün əvvəlki inzibati aktın səbəb hissəsinin başlanğıcdan dəyişdirilməsi nəticəsini doğurmur.
50. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1.1-ci və 3.1.2-ci yarımbəndləri əlilliyin səbəbinin dəyişdirilməsinə əsas verən müxtəlif halları tənzimləyir. 3.1.1-ci yarımbənd əlillik müəyyən edildikdən sonra digər səbəbin müəyyən olunmasını, 3.1.2-ci yarımbənd isə ilkin qiymətləndirmə zamanı səbəbin yanlış qeyd olunması, həqiqi səbəbin müəyyən edilməsinin mümkün olmaması və ya bunu təsdiq edən sənədlərin mövcud olmaması hallarını nəzərdə tutur.
51. Hazırkı işdə iddiaçının vəziyyəti məhz 3.1.1-ci yarımbənddə nəzərdə tutulan hala uyğundur. Belə ki, iddiaçının əlilliyi ##.##.2017-ci il tarixdə artıq müəyyən edilmiş, sonradan isə ##.##.2024-cü il tarixli hərbi-tibbi sənədlə əlilliyin səbəbinə dair fərqli hal müəyyən edilmişdir. Buna görə də 3.1.2-ci yarımbənd üçün nəzərdə tutulmuş qaydanın hazırkı münasibətlərə tətbiq edilməsi mümkün deyildir.
52. Qaydanın 3.2-ci bəndi əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlərin Agentliyə təqdim edilməsini və həmin sənədlərə iki iş günü müddətində baxılaraq qərar qəbul edilməsini nəzərdə tutur. Lakin bu norma yeni qərarın mütləq iddiaçının tələb etdiyi məzmunda qəbul edilməsini və ya əvvəlki əlillik dövrünə geriyə şamil edilməsini nəzərdə tutmur.
53. Qaydanın 3.3-cü bəndində isə zaman üzrə nəticə ayrıca müəyyən edilmişdir. Həmin norma 3.1.2-ci yarımbənd əsasında səbəb dəyişdirildikdə yeni səbəbin, əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, həqiqi səbəbi təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilməsini nəzərdə tutur.
54. Beləliklə, qanunvericilik müəyyən hallarda əlilliyin səbəbinin dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, 3.1.1-ci yarımbənd əsasında sonradan müəyyən edilmiş səbəbin avtomatik olaraq əvvəlki əlillik dövrünün başlanğıcından tətbiq edilməsini nəzərdə tutmur.
55. Buna görə də Qaydanın 3.1.1-ci və 3.2-ci bəndləri ##.##.2024-cü il tarixli qərarın Agentlik tərəfindən nəzərə alınmasına əsas verə bilsə də, həmin normalardan ##.##.2017ci il tarixli və artıq qüvvədən düşmüş inzibati aktın əvvəlki əlillik dövrü üçün geriyə qüvvə ilə dəyişdirilməsi barədə nəticə çıxarmaq mümkün deyildir.
56. Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarının qanuni qüvvəsi və onun icrasının məcburiliyi mübahisə doğurmur. Həmin qərarın icrası nəticəsində Mərkəzi Hərbi Həkim Komissiyası ##.##.2024-cü il tarixli yeni qərar qəbul etmişdir.
57. Lakin məhkəmə qərarının məcburi qüvvəsi həmin qərarla həll edilmiş mübahisənin predmeti və nəticə hissəsi ilə məhdudlaşır. Həmin işdə mübahisənin predmeti iddiaçının travmasının hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi olmuş, hazırkı cavabdehin ##.##.2017-ci il tarixli qərarının dəyişdirilməsi məsələsi həll edilməmişdir.
58. Həmin məhkəmə qərarının nəticə hissəsində ##.##.2017-ci il tarixli TSEK qərarının qanunsuz sayılması, onun dəyişdirilməsi və ya əlillik səbəbinin ##.##.2017-ci il tarixdən yeni məzmunda müəyyən edilməsi barədə hər hansı göstəriş yoxdur.
59. Buna görə həmin məhkəmə qərarı və onun əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli HHK qərarı Agentlik tərəfindən nəzərə alınmalı sənədlər olsa da, onların mövcudluğu əvvəlki TSEK qərarının avtomatik olaraq geriyə qüvvə ilə dəyişdirilməsinə əsas vermir.
60. Apellyasiya instansiyası məhkəməsi ##.##.2017-ci il tarixli qərarın qəbul edildiyi vaxt mövcud olan hərbi-tibbi sənədin məzmununa və cavabdehin həmin sənədə əsasən hərəkət etmək vəzifəsinə lazımi hüquqi qiymət verməmişdir.
61. Həmçinin, apellyasiya məhkəməsi ##.##.2024-cü il tarixli qərarın zaman üzrə təsirini müəyyən etmədən həmin qərarın mövcudluğunu ##.##.2017-ci ildən ##.##.2022-ci ilədək olan əlillik dövrünün səbəbinin dəyişdirilməsi üçün kifayət hesab etmişdir. Halbuki həmin qərarın geriyə qüvvəsi nə onun məzmunundan, nə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1.1-ci və 3.2-ci bəndlərindən, nə də digər tətbiq olunan maddi hüquq normasından irəli gəlmir.
62. Apellyasiya instansiyası məhkəməsi Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan sənədlərə baxmaq və qərar qəbul etmək vəzifəsini iddiaçının tələb etdiyi məzmunda inzibati aktın qəbul edilməli olması kimi qiymətləndirməklə həmin normanın hüquqi məzmununu genişləndirmişdir. Iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsində hüquqi marağının olması da başqa nəticəyə əsas vermir. Hüquqi maraq iddianın mümkünlüyü üçün əhəmiyyətli olsa da, özüözlüyündə
63. tələb olunan məzmunda inzibati aktın qəbulu üçün maddi hüquq yaratmır.
64. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasında ##.##.2017-ci il tarixli qərarın qəbul edildiyi anda qanunsuz olduğu və ya cavabdehin həmin vaxt başqa qərar qəbul etməli olduğu müəyyən edilməmişdir. Həmçinin, sonradan müəyyən edilmiş səbəb əlaqəsinin əvvəlki əlillik dövrünə hansı hüquqi əsasla şamil edildiyi əsaslandırılmamışdır. Bu baxımdan, apellyasiya məhkəməsinin gəldiyi nəticə IPM-in 68.1-ci və 68.2-ci maddələrinin tələblərinə uyğun əsaslandırılmamışdır.
65. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə nəticəsi düzgün olsa da, həmin nəticənin yalnız iddiaçının 2017-ci il tarixli qərardan vaxtında şikayət verməməsi ilə əsaslandırılması kifayət deyildir. Sonradan yaranmış hal “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən təkrar müraciət üçün əsas yarada bilər. Lakin belə müraciət əvvəlki inzibati aktın avtomatik və geriyə qüvvə ilə dəyişdirilməsi hüququ yaratmır.
66. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan iddiaçının ##.##.2024-cü il tarixli HHK qərarına əsasən ##.##.2017-ci il tarixdən ##.##.2022-ci ilədək müəyyən edilmiş əlilliyin səbəbinin dəyişdirilməsini və bununla bağlı müvafiq inzibati aktın qəbul edilməsini tələb etmək üçün maddi hüququnun olduğu müəyyən edilmir.
67. Cavabdeh ##.##.2017-ci il tarixli qərarı həmin vaxt qüvvədə olan hərbi-tibbi sənədə uyğun qəbul etmiş, travmanın yeni səbəb əlaqəsi isə əlillik müddəti başa çatdıqdan sonra – ##.##.2024-cü il tarixdə müəyyən edilmişdir. Həmin qərarın əvvəlki dövrə geriyə qüvvəsini nəzərdə tutan hüquqi əsas müəyyən edilmədiyindən, cavabdehin iddiaçının tələb etdiyi məzmunda inzibati akt qəbul etməməsi sonuncunun hüququnun pozulması kimi qiymətləndirilə bilməz.
68. Nəticə etibarilə, yuxarıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia rədd edilsin. Qərar qətidir.