Məhkəmə qərarları › İş №2-1(102)-4215/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4215/2025

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4215/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının əməkdaşı; əmrin ləğvi və işə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxarıldığı gündən öz işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ##.##.2021-ci il tarixli əmri ilə Dövlət Vergi Xidmətinin aparatında və Lokal Gəlirlər Baş idarəsində struktur dəyişikliyinin aparılması qərara alınmışdır.

2. Dövlət Vergi Xidmətinin ##.##.2021-ci il tarixli əmri ilə Təşkilati-ştat tədbirləri ilə əlaqədar Xidmətin 26 əməkdaşı, o cümlədən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri bölməsinin böyük X4 vəzifəsində çalışan İddiaçı ilə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2022-ci il tarixli əmri ilə Dövlət Vergi Xidmətinin ##.##.2021-ci il tarixli əmrinə əsasən sərəncama götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir.

4. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sabiq vergi orqanı əməkdaşı İddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2021-ci il tarixədək vergi orqanlarında işləmiş, istifadə edilməmiş əmək məzuniyyətinin 242 təqvim gününü nəzərə alaraq 5641,02 AZN son haqq - hesab hesablanmış və ##.##.2022-ci il tarixində 4031,39 AZN vəsait hesabına köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2022-ci il tarixli, 221704**********0 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxarıldığı gündən öz işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 11 ildən artıq Vergi sistemində müxtəlif vəzifələrdə çalışmış, son illərdə Bakı şəhər Lokal Gəlirlər Baş idarəsində X4 vəzifəsində işləmiş, bu illər ərzində öz işini tam layiqincə, qüsursuz yerinə yetirmiş, hətta bu 11 il (on bir) ərzində bir dəfə olsun məzuniyyətə buraxılmamışdır. ##.##.2020-ci ildə COVİD 19 xəstəliyinə yoluxmuş və ##.##.2020-ci ilə kimi müalicə olunmuş, ##.##.2020-ci ildə ona verilən Əmək qabiliyyətinin olmaması vərəqəsində göstərilir ki, xəstəlik davam edir. Belə bir zamanda işlədiyi idarədən onun sərəncama götürülməyi barədə məlumat vermişlər. Qanunvericiliyin tələbinə görə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə işçi haqqında hər hansı tədbir görülməsi qadağandır. Onun hansı əsasla sərəncama çıxarılmağı məsələsinə aydınlıq gətirilməsi və müvafiq tədbirin görülməsi barədə yazılı surətdə Dövlət Vergi Xidmətinə müraciət etmiş, Dövlət Vergi Xidmətinin ##.##.2021-ci il tarixli, **************** saylı məktubu ilə onun ərizəsinə formal olaraq cavab verilmişdir. Sərəncama çıxarılmağı barədə əmrdə, nə də ona göndərilən cavab məktubunda sərəncama çıxarılmağı barədə heç bir əsaslandırıcı fikir yoxdur. Məktubda formal olaraq göstərilir ki, onun sərəncamda olma müddəti ##.##.2021-ci il tarixinədək uzadılır. Məktubda sərəncama çıxarılmağı barədə heç bir əsaslandırıcı fikir yoxdur. Bundan sonra yenə də sərəncamda olma müddətini qanunsuz və əsassız olaraq uzatdılar. ## #### 2022-ci ildə maaş kartına daxil olan pul məbləği ilə maraqlandıqda şifahi olaraq bildirmişlər ki, işdən azad olunmuş, müraciət etməyinə baxmayaraq əmrin surəti ona verilməmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri bölməsinin böyük X4 vəzifəsində çalışmışdır. Dövlət Vergi Xidmətinin ##.##.2021-ci il tarixli 211704********** nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Xidmətin ##.##.2022-ci il tarixli 221704********** nömrəli əmri ilə İddiaçı "Dövlət vergi orqanlarında xidmət haqqında' Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İddiaçı ilə ##.##.2021-ci il tarixli 211704********** nömrəli əmrin icrası ilə əlaqədar olaraq ##.##.2021-ci il tarixdə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. Həmin təhvil-təslim aktına əsəsən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun tutduğu vəzifədən azad edilməsi və sərəncama götürülməsi ilə əlaqədar ##.##.2021-ci il tarixli 211704********** nömrəli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Bundan başqa ##.##.2022-ci il tarixdə iddiaçı Dövlət Vergi Xidmətinin inzibati binasında İnsan resursları baş idarəsi tərəfindən keçirilmiş qəbul zamanı Xidmətin sərəncamında olan əməkdaşlarına, o cümlədən İddiaçı ərazi vergi orqanlarında ştat üzrə müvafiq vəzifə təklif olunmuş, lakin təklif olunan vəzifədən imtina etmişdir. Bununla bağlı ##.##.2022-ci il tarixli Akt tərtib olunmuş və vergi orqanın vəzifəli şəxslən tərəfindən imzalanmışdır. Həmçinin iddiaçı məhkəmə baxışı davam edərkən təklif olunan vəzifələrlə razılaşmadığını daha öncə bildirmişdir. Məlum olduğu kimi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-cı maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Məhz qeyd olunan müddəaya əsasən iddiaçının əmək müqaviləsinə xitam verilərək DVX-nın sərəncamından çıxarılmışdır. Bundan əlavə, iddiaçı ##.##.2021-ci il tarixli əmrin nəticələrinin ləğv edilməsi ilə bağlı daha öncə, ##.##.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iş üzrə həmin məhkəmənin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli 2-1 (***)-****/**** saylı qərardadı ilə təmin edilməmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd olunur ki, iddiaçının gətirdiyi bütün dəlillər, o cümlədən ##.##.2022-ci il tarixli 221704********** nömrəli əmrin ləğvi onun arzuladığı hüquqi nəticəyə, yəni tutduğu vəzifəyə bərpa edilməsinə gətirib çıxara bilməz. Belə ki, həmin əmrlə iddiaçı sərəncamdan çıxarılmış, onun qəbul edilməsindən öncə vergi orqanının sərəncamında olmuşdur və bu əmrin ləğvi yalnız iddiaçının sərəncama qayıtmasına gətirib çıxara bilər. Bu isə yolverilməzdir. Çünki, 'Dövlət vergi orqanlarında xidmət haqqında’ Əsasnamənin 38-ci bəndinin məzmununa əsasən sərəncamda saxlanılma müddəti bir ildən artıq davam edə bilməz. İddiaçının işdən azad olunması ##.##.2021-ci il tarixli 211704********** nömrəli əmr əsasında olmuş və həmin əmrin icrası ilə bağlı həyata keçirilən hərəkətlər cavabdeh tərəfindən daha öncə təqdim edilmiş etirazda, həmçinin prosessual müddətlərin ötürülməsi barədə dəlillərdə əks olunmuşdur. Başqa sözlə iddiaçının onun barəsində qəbul edilmiş işdən azad edilmə və sərəncamdan çıxarılma barədə əmrlərdən məlumatlı olmadığına dair gətirdiyi bütün dəlillər əsassız olmaqla yanaşı həmin əmrlərin məhkəmə tərəfindən ləğv edilməsinə nail olmağa yönəlmişdir. Odur ki, gətirilən dəlillər əsassız hesab edilməklə iddiaçı İddiaçı iddia tələbi rədd edilməlidir.

8. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim X5) ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olubolmaması

9. baxımından özlüyündə qiymətləndirmə aparır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər X6-məruzəçi, X3 və X2) ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2022-ci il tarixli, 221704**********0 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixdən pensiya yaşına çatanadək (##.##.2025-ci il) olan dövr üzrə əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən qərarda qeyd etmişdir ki, “iddiaçı Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə struktur dəyişikliyi əsasında sərəncama götürülmüş, sərəncamın müddəti bitdiyi ərəfədə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. .... sözügedən Əsasnamənin 75-ci maddəsinin 3-cü bəndində vergi orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etməsi halında xitam verilməsi imkanı nəzərdə tutulmuşdur. Hazırki mübahisə üzrə iddiaçının digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən imtina etməsi barədə cavabdeh tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh yeganə sübut kimi təqdim etdiyi ##.##.2022-ci il tarixli Aktın məzmunundan çıxış edərək, iddiaçının təklif edilmiş vəzifələrdən imtina etməsini əsas gətirsə də, aktın məzmunundan görünür ki, iddiaçı həmin aktın tərtibatında iştirak etməmişdir. İddiaçının həmin aktı imzalamaqdan imtina etməsi barədə də qeyd yoxdur. Bu kontekstdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya konkret vəzifə təklif edilmədiyi və bununla da onun təklif edilmiş vəzifəni qiymətləndirmək imkanı olmadığı halda onunla bağlanmış əmək müqaviləsinə sözügedən Əsasnamənin 75-ci maddəsinin 3-cü bəndinə istinadən xitam verilməsi qanunsuz olmuşdur. Başqa sözlə, qeyd olunan maddəsinin üçüncü bəndi əmək müqaviləsinə xitam verilməsini sərəncamda olan işçinin digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən şəxsin imtina etməsi ilə şərtləndirmişdir ki, hazırki mübahisə üzrə cavabdeh müvafiq sübut təqdim edə bilməmişdir. .... Məhkəmə kollegiyası cavabdehin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh orqan iddianın müddətlə bağlı mümkünlük şərtinin ödənilməməsi və işə mahiyyəti üzrə baxılmasının onun mənafeyinə zidd olması qənaətinə gəlmiş olsa da, birinci instansiya məhkəməsinin bu qərarından apellyasiya şikayəti verməmiş və müvafiq olaraq şikayətində bu xüsusatları şərh etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla, işin məhkəmə araşdırması dövründə pensiya yaşına çatmışdır. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 80-ci maddəsinə istinadən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və məcburi iş buraxma müddəti üçün ona əvvəl tutduğu vəzifə üzrə aldığı əməkhaqqı məbləğində vəsait ödənilir. Odur ki, iddiaçının pensiya yaşına çatdığı günədək ona əvvəl tutduğu vəzifə üzrə aldığı məbləğdə əmək haqqı ödənilməlidir”.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilinə görə İddiaçı ona təklif olunan vəzifədə işləməkdən imtina etdiyi üçün Xidmətin ##.##.2022-ci il tarixli əmri ilə ##.##.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış, ##.##.2022-cı il tarixli məktubla ##.##.2022ci il tarixli əmr iddiaçıya təqdim edilməklə ona məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyi xahiş edilməsinə baxmayaraq sabiq əməkdaş tərəfindən hər hansı hərəkətlər edilməmişdir. Qeyd etməliyik ki, istər iddiaçının şifahi məhkəmə baxışı zamanı verdiyi izahatlarından, istərsə də cavabdehin məhkəməyə təqdim etdiyi ##.##.2022-ci il tarixli aktdan aydın olur ki, sabiq əməkdaşa başqa vəzifəyə keçirilməsi təklif olunmuş, lakin o, təklif olunan vəzifədə işləməyə razı olmadığını bildirmişdir. Belə ki, ##.##.2022 il tarixdə iddiaçı Dövlət Vergi Xidmətinin inzibati binasında İnsan resursları baş idarəsi tərəfindən keçirilmiş rəsmi qəbul zamanı Xidmətin sərəncamında olan əməkdaşlarına, o cümlədən iddiaçıya ərazi vergi orqanlarında ştat üzrə müvafiq vəzifə təklif olunmuş, lakin o, təklif olunan vəzifədən imtina etmişdir. Qəbulun nəticələrinə dair ##.##.2022-ci il tarixli akt tərtib olunmuş və vergi orqanın vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. İddiaçı ##.##.2022-ci il tarixdə vergi orqanının həmin vəzifəli şəxsləri tərəfindən qəbul edildiyini və həmin aktın məzmununu birinci instansiya məhkəməsində verdiyi izahatında inkar etməmişdir.

15. Həmçinin işə baxmış birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının 10-cu səhifəsinin 3-cü abzasında aşkar şəkildə qeyd edilmişdir ki, “##.##.2022ci il tarixli akta əsasən həmin tarixdə iddiaçıya cavabdeh tərəfindən başqa vəzifəyə keçirilməsi təklif olunmuş, lakin iddiaçı təklif olunan vəzifədə işləməyə razı olmadığını bildirməklə başqa vəzifəyə keçməkdən imtina etmişdir. Bu halı, məhkəmə iclasında iştirak edən iddiaçı özü də, təsdiq etmişdir”. Bununla yanaşı, iddiaçının vəkili və nümayəndəsi vəkil2 Nəriman oğlu apellyasiya məhkəməsində verdiyi şifahi izahatlarında iddiaçıya ərazi vergi orqanlarında vəzifə təklif olunduğunu etiraf etmişdir. Bu fakt məhkəmə iclas protokolunda da öz əksini tapmış (2-ci cild, səhifə 22) və iddiaçı tərəfindən iclas protokoluna hər hansı qeyd verilməmişdir.

16. Ümumiyyətlə, hər iki instansiyada məhkəmə baxışı iclaslarında iddiaçı, onun nümayəndəsi və vəkili bir-biri ilə ziddiyyətli izahatlar vermiş, gah vəzifə təklifini etiraf etmiş, gah da bu etirafı ümumi şəklə salaraq guya konkret vəzifənin təklif olunmadığını bildirməklə məhkəməni yanıltmağa çalışmışlar. Qeyd olunan ziddiyyətli izahatlar məhkəmə işinin 2-ci cild 22-ci, 65-ci və 103-cü səhifələrində öz əksini tapmışdır. Hətta bu ziddiyyətlərin aradan qaldırılması və iddiaçının ona konkret vəzifənin təklif olunmaması barədə izahatının təkzib edilməsi məqsədilə cavabdeh tərəfindən məhkəməyə ##.##.2022-ci il tarixində keçirilmiş görüşdə İddiaçı təklif olunan boş vakansiyalar barədə məlumatlar da təqdim olunmuşdur (kassasiya şikayətinə təkrarən əlavə olunur). Buna baxmayaraq, apellyasiya məhkəməsi heç bir əsaslı səbəb olmadan birinci instansiya məhkəməsinin qərarında təsdiqlənmiş fakt qismində qeyd olunanlara əks mövqe nümayiş etdirmişdir.

17. Məhkəmə ##.##.2022-ci il tarixli aktın məzmununun həqiqiliyini şübhə altına aldığı halda iş üzrə obyektiv həqiqətin üzə çıxması üçün heç bir hərəkət etməmiş, əksinə bu istiqamətdə cavabdehin irəli sürdüyü təşəbbüslərin qarşısını əsassız şəkildə almışdır.

18. İşin apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə DVX-nın ##.##.2022-ci il tarixli aktı tərtib etmiş və imzalamış şəxslərin iş üzrə şahid qismində cəlb edilməsi barədə ##.##.2025-ci il tarixli vəsatəti və Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli 141- IIQ №-li Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinin “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsi baxımından şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə DVX-nın ##.##.2025-ci il tarixli vəsatəti təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən prosessual normaların tələblərinə zidd olaraq həmin vəsatətlərə ayrıca qərardad formasında, nə də ki, iş üzrə qəbul edilmiş yekun qərarda münasibət bildirilməmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh kassasiya şikayətində iddiaçıya iş təklif olunduğunu, təklifin qəbul edilmədiyi, bununla bağlı akt tərtib edildiyi, həmçinin iddiaçının bunu etiraf etməsini, apellyasiya instansiyasının buna əhəmiyyət vermədiyini qeyd etmişdir.

20. İddiaçı bununla bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya konkret vəzifə təklif edilməmişdir. Sadəcə olaraq Şirvan və Lənkəran şəhərlərində işləmək arzusunun olub-olmaması soruşulmuş, iddiaçı razılığını bildirsə də, ona yalnız gözləmək tövsiyə edilmişdir. Qeyd edilənlərin etiraf kimi qiymətləndirilməsi hüquqi baxımdan əsassızdır.

21. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya iş təklif edilməsi barədə aktın mövcud olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi bu məsələdə tam düzgün mövqedən çıxış etmişdir. Belə ki, həmin aktın tərtibatı qeyri-müəyyəndir, iddiaçının iştirakı olmadan hazırlanmışdır və bu səbəbdən sübut kimi etibarlı hesab edilə bilməz.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” (mübahisələndirilən əmrin verildiyi dövrdə qüvvədə olan redaksiyada): Maddə 38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə əməkhaqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Maddə 75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: ..... 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; ..... Maddə 80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Maddə 81. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əməkhaqqı ödənilir.

23. “İnzibati icraat haqqında” Qanun: Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya mediada dərc olunduqda;[25] 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

28. İddiaçı İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin barəsində olan ##.##.2022-ci il tarixli əmrinin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxarıldığı gündən öz işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsini xahiş edir.

29. İşin mübahisə olunmayan hallarına görə Dövlət Vergi Xidmətinin aparatında və Lokal Gəlirlər Baş idarəsində struktur dəyişikliyinin aparılması ilə bağlı Dövlət Vergi Xidmətinin ##.##.2021-ci il tarixli əmri ilə Təşkilati-ştat tədbirləri ilə əlaqədar Xidmətin 26 əməkdaşı, o cümlədən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri bölməsinin böyük X4 vəzifəsində çalışan iddiaçı İddiaçı Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş, daha sonra cavabdehin ##.##.2022-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir.

30. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3cü hissəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər.

31. İddiaçı hesab edir ki, cavabdeh barəsində xidmətinə xitam verərkən digər vəzifəyə keçirilməsi barədə ona konkret təklif və təkliflə bağlı imtinası olmamışdır.

32. İddiaçının dəlilini əsaslı sayan apellyasiya məhkəməsi iddianı təmin etmiş və cavabdehin ##.##.2022-ci il tarixli əmrini ləğv etmişdir. Cavabdehin aidiyyəti əməkdaşlarının iştirakı ilə tərtib edilmiş ## ###### 2022-

33. aktdan görünür ki, həmin tarixdə aidiyyəti əməkdaşlar Dövlət Vergi Xidmətinin ci il tarixli sərəncamına götürülmüş iddiaçı İddiaçı ilə nazirliyin inzibati binasında vətəndaş qəbulu üçün nəzərdə tutulmuş otaqda görüşmüş, ona sərəncamda saxlama müddətinin bitdiyinə görə son dəfə Xidmətin ərazi vergi orqanlarında ştat üzrə müvafiq vəzifələr təklif edərək münasibət bildirməsi xahiş olunmuş, lakin təklif olunan vəzifələrdə işləməyə razı olmadığını bildirmişdir.

34. Bundan başqa, ən əsası apellyasiya icraatı zamanı # #### 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili məhkəmə iclasına sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya ümumi şəkildə regionlarda işləyə bilməsi təklif edilib, lakin konkret vəzifə təklif edilməyib. Lənkəran və Şirvan vergi idarələrində iş təklif edilib (işin 2ci cild 22-ci səhifəsi).

35. Cavabdeh apellyasiya məhkəməsinə Dövlət Vergi Xidmətində mövcud olan boş ştat yerlərinin siyahısını təqdim etmişdir. Siyahıda Lənkəran və Şirvan ərazi vergi idarələrində boş ştat yerləri qeyd edilmişdir.

36. Göründüyü kimi, iddiaçının vəkili təsdiq edir ki, iddiaçıya Lənkəran və Şirvan vergi idarələrində iş təklif edilib. Hələ iddiaçının vəkilinin bildirdiyi kimi, həmin ərazi vergi idarələrində iddiaçıya konkret vəzifə təklif edilməsə belə, iddiaçı ümumiyyətlə Lənkəran və Şirvan vergi idarələrində işləməkdən imtina etmişdir. Bu onu təsdiq edir ki, iddiaçıya təklif olunan vəzifə deyil, ilk növbədə vəzifənin hansı ərazi vergi idarəsində olması daha vacib olmuşdur. Yəni iddiaçı ən azından iki ərazi vergi idarəsində işləməkdən imtina etmişdir.

37. Lənkəran və Şirvan ərazi vergi idarələrində vakant vəzifələrin siyahısı apellyasiya məhkəməsinə təqdim edildikdən sonra da iddiaçı həmin vəzifələrin hər hansı birində işləmək arzusunda olmasını nə cavabdehə, nə də apellyasiya məhkəməsinə bildirməmişdir.

38. Qanunverici vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsinin əsaslarından biri kimi vergi orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar göstərmiş və bu əsası vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilmədən imtina etməsi ilə şərtləndirmişdir.

39. Beləliklə, Dövlət Vergi Xidmətində təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçı sərəncama götürülmüş, sərəncamda olduğu müddətdə ona Lənkəran və Şirvan ərazi idarələrində digər vəzifəyə keçirilməsi təklif edilmiş, lakin iddiaçı digər vəzifəyə keçməkdən imtina etmişdir. Odur ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən cavabdehin ##.##.2025-ci il tarixli əmri əsaslı olmuşdur.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində ##.##.2022-ci il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

41. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə *-*(***)-****/**** nömrəli # #### 2025-ci il tarixli qərarından görünür ki, həmin işdə iddiaçı N.Bağırova hər hansı iş təklif olunmasına dair sübut mövcud olmamışdır. Həmin işin hallarından fərqli olaraq hazırkı işdə iddiaçıya iki ərazi vergi idarəsində iş təklif edilməsi və iş yerlərinin siyahısının apellyasiya məhkəməsinə təqdim edilməsi müəyyən edilmişdir. Odur ki, həmin işlə hazırkı işin halları fərqli olmuşdur.

42. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməlidir.

43. Şərh olunanlara əsasən, əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxarıldığı gündən öz işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar