Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4223/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi dövlət reyestrindən çıxarışın verilməsi; kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı (üçüncü şəxs: Göyçay rayonu Cəyirli Bələdiyyəsi iş üzrə) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Göyçay rayonu Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən bağçılıq məqsədi ilə 1,90 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
2. Həmin qərar əsasında Cəyirli bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqısatqısına dair ##.##.2006-cı il tarixli akt tərtib edilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydiyyata alınmış, habelə ayrılmış torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar ərazi idarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmiş, iddiaçıya ##.##.2024-cü il tarixli bildiriş göndərərək tələbin icrasından imtina olunmasını onunla izah etmişdir ki, Cəyərli bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı əsasında bağçılıq məqsədi ilə ayrılmış torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı islahat uqodiyası örüş torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəyə verilməsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Belə ki, Torpaq Məcəlləsinin 9.3 və 13-cü maddələrinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Buna görə də, ərizənin icrası mümkün olmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Cəyirli kəndində yerləşən 1.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Cəyirli bələdiyyəsinə müraciət edərək, bağçılığın inkişafı məqsədi ilə torpaq sahəsinin satılmasını xahiş etmişdir. Göyçay rayonu Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarı ilə ehtiyat fondunun alğı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən alğı-satqı qaydasında ona kənd təsərrüfatına yararlı torpaq sahəsindən 1,90 hektar torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin qərarı ## #### 2006-cı il tarixlidir. ## ####### 2006 cı il tarixdə torpaqların alğı-satqısına dair akt tərtib edilərək, təsdiq olunmuşdur. Iddiaçı Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq ## ###### 2024-cü il tarixli *-**-*-**/*- ***/**** saylı məktub ünvanlanmışdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazıın dəlillərini iddiaçıya ünvanlandığı, yuxarıda qeyd olunan ##.##.2024-cü il tarixli bildirişin məzmununa uyğun əsaslandırmışdır.
7. Məhkəmə tələbi əsasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Göyçay rayonu Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarı ilə İddiaçı satılmış 1.90 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi ilə bağlı tərtib edilmiş yerquruluşu planında koordinatlar mövcud olmadığı üçün, həmçinin sözügedən plan yerquruluşu qaydasında tərtib edilmədiyi üçün 1.90 ha torpaq sahəsinin xüsusiyyətlərini (naturada sahəsi, təyinatı (kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması) uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyətini) müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 1.40 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUIS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası örüş, uqodiyası əkin olmaqla, bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Kəndin kompleks yerqurluşu islahat layihəsində (DVJ) naturada göstərilən 1.40 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, örüş uqodiyalı olaraq göstərilmişdir. Torpaq sahəsində çoxillik əkmələr mövcuddur. Faktiki istifadə olunan torpaq sahəsinin 600 kv.m torpaq sahəsi ilə üstüstə düşməsi elektron baza məlumatlarında aşkar olunmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 1.40 ha torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi elektron baza məlumatlarında aşkar olunmamışdır.
8. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Fəxri Hacızadə).
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları əsasında məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, uqodiyası örüş (kənd təsərrüfatına yararlı) torpaq sahəsidir. Həmin kateqoriya torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər araşdırılmış və torpaq sahəsinin ayrıldığı zaman da kənd təsərrüfatı təyinatlı (yararlı) torpaq sahəsinin ayrıldığı müəyyən olunmuşdur. Belə ki, Göyçay rayonu Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarında da kənd təsərrüfatına yararlı torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Bələdiyyənin tərtib etdiyi yerquruluşu planına əsasən də ayrılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, pay torpaq sahələri kimi vətəndaşların mülkiyyətinə verilmiş ərazidə yerləşdiyi görünür. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, Göyçay rayonu Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarı qanunsuz inzibati akt olmaqla, birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Iddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan örüş olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir.
10. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (Tural Həsənov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Əyyub Kərimov)
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər araşdırılmış və torpaq sahəsinin ayrıldığı zaman da kənd təsərrüfatı təyinatlı (yararlı) torpaq sahəsinin ayrıldığı müəyyən olunmuşdur. Belə ki, Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarında da kənd təsərrüfatına yararlı torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Bələdiyyənin sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarı ilə İddiaçı Cəyirli bələdiyyəsinin ehtiyat fondunun alğı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatının (bağçılığın) inkişafı məqsədi ilə 1.90 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. Bələdiyyənin tərtib etdiyi yerquruluşu planına əsasən də ayrılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, pay torpaq sahələri kimi vətəndaşların mülkiyyətinə verilmiş ərazidə yerləşdiyi görünür.
13. Qanunvericiliyə əsasən müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi- istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər.
14. Torpaq sahəsi iddiaçıya bağçılığın inkişafı məqsədi üçün ayrıldığından hazırkı qərarın 16-cı bəndində istinad edilən Qanunun 6.5-ci maddəsinə görə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin rəyinin alınması şərt idi. Həmin vaxt torpaq sahəsinin təyinatını və kateqoriyasını müəyyən etmək səlahiyyəti rayon torpaq şöbəsinə məxsus idi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən iddiaçıya satılmalı olan 1.90 ha torpaq sahəsinə dair rəy verilməmişdir. Ancaq yerquruluşu planından çıxarış həmin komitənin məsləhətçisi tərəfindən imzalanıb möhürlənmişdir. Çıxarışda da, torpaq sahəsinin kənd təsərrüfatına yararlı və ya yararsız olması qeyd edilməmişdir. Yəni, Qanunun tələbinə görə kənd təsərrüfatına yararlı torpaq sahəsi alqı-satqının predmeti ola bilməz. Rayon torpaq şöbəsi tərəfindən iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin satılmasının qanunamüvafiq olması barədə rəy verilməmişdir. Istinad edilən Qanunda isə bələdiyyəyə məxsus kəndin perspektiv inkişaf fonduna aid torpaq sahəsinin alqısatqının predmeti ola bilməsi nəzərdə tutulmuşdur. Odur ki, sözügedən torpaq sahəsi 2006-cı il tarixdə iddiaçıya ayrılarkən torpağın kənd təsərrüfatına yararlı torpaq sahəsi olması iş materialları öz təsdiqini tapmışdır. Yuxarıda aparılan dəyərləndirməyə əsasən isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin mülkiyyətə verilməsinin yolverilməz olduğu qeyd olunmuşdur.
15. Verilmiş mütəxəssis rəyinə əsasən, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Yuxarıda aparılan qiymətləndirməyə əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Bu səbəbdən də, məhkəmə kollegiyası iddiaçının istifadəsində olan torpaq sahəsinin hazırda yararlılığının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparmasına zərurət görmür. Çünki bütün hallarda, iddiaçının vəziyyətində heç nə dəyişməyəcək, yəni torpaq sahəsi örüş yeri üçün yararsız olsa belə, yenidən sağlamlaşdırılması üçün dövriyyədən çıxarılacaqdır. Beləliklə, müəyyən olunur ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya bağçılığın inkişafı məqsədi üçün satılmış cəmi 1.90 ha torpaq sahəsi, ümumilikdə, ayrıldığı zaman kənd təsərrüfatına yararlı torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsidir.
16. Məhkəmə kollegiyası Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Göyçay rayonu Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən iddiaçıya satılması qərara alınmışdır. Halbuki, bələdiyyə kənd təsərrüfatı təyinatlı örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi. Iddiaçının eyni məzmunlu iddiasının dəlillərinə birinci instansiya məhkəməsi qiymət vermiş və düzgün olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar): 1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, malqara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində malqara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, Göyçay rayonu Cəyirli bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarı qanunsuz inzibati akt olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur.
17. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Torpaq sahəsi iddiaçıya bağçılığın inkişafı məqsədi üçün ayrıldığından “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə görə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin rəyinin alınması şərt idi. Həmin vaxt torpaq sahəsinin təyinatını və kateqoriyasını müəyyən etmək səlahiyyəti rayon torpaq şöbəsinə məxsus idi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən iddiaçıya satılmalı olan 1.90 ha torpaq sahəsinə dair müsbət rəy verilmişdir. Rəydə torpaq sahəsinin kənd təsərrüfatına yararsız olması qeyd edilmişdir. Yəni Qanunun tələbinə görə kənd təsərrüfatına yararlı torpaq sahəsi alqısatqının predmeti ola bilməz. Rayon torpaq şöbəsinin verdiyi rəydə iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin kəndin perspektiv inkişaf fonduna aid torpaq sahəsi olması qeyd edilmişdir. Istinad edilən Qanunda isə bələdiyyəyə məxsus kəndin perspektiv inkişaf fonduna aid torpaq sahəsinin alqı-satqının predmeti ola bilməsi nəzərdə tutulmuşdur. Beləliklə işin mübahisə olunmayan hallarına görə iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi rəy vermiş, bələdiyyə isə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir.
19. Göyçay rayonu Cəyirli Bələdiyyəsinin ## #### 2006-cı il tarixli * saylı qərarının birinci bəndində «Cəyirli bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatının bağçılıq) inkişafı məqsədi ilə 1.90 hektar torpaq sahəsinin satılması» qeyd edilməsinə gəldikdə isə, iddiaçı qeyd edilən yanlışlığın aradan qaldırılması və sözügedən qərarda müvafiq düzəlişin aparılması üçün Göyçay rayon Cəyirli bələdiyyəsinə müraciət etmiş, həmin müraciət bələdiyyənin ##.##.2025-ci il tarixdə keçirilən iclasında müzakirə edilmiş və yol verilən yanlışlıq düzəldilərək, «Cəyirli bələdiyyəsinin ehtiyat fondunun alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən kənd təsərrüfatının (bağçılığın) inkişafı məqsədi ilə 1,90 hektar torpaq sahəsinin satılması» kimi oxunması barədə qərar qəbul edilmişdir. Bələdiyyə belə bir nəticəyə gələrkən ləğv edilmiş DT və XX-nın Göyçay rayon şöbəsinin rəyinə, eləcə də həmin dövrdə bələdiyyə sədri olmuş Fuad Nəbiyevin izahatına, eləcə də işin digər faktiki hallarına əsaslanmışdır. Apellyasiya şikayəti üzrə işə baxan məhkəmə kollegiyasına vəsatətlə müraciət edilərək, işin obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə 1,90 hektar torpaq sahəsinin satılması barədə ləğv edilmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin (rəyin, sxematik planın və.s) təqdim edilməsi üçün cavabdeh inzibati orqana, eləcə də 2006-cı il tarixə qeyd edilən torpaq sahəsinə dair bonitet balı və keyfiyyət qrupu haqqında kartoqrafiyada olan məlumatların təqdim edilməsi üçün «Kadastrı və X1 Mərkəzi» MMC-yə sorğu verilməsi xahiş olunsa da, vəsatəti əsassız olaraq təmin edilməmişdir.
20. Lakin bələdiyyə tərəfindən təqdim edilən rəydən, eləcə də ##.##.2025-ci il tarixli qərardan görünür ki, iddiaçıya satılmış 1.90 ha torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq sahəsi olmuş, bu da həmin dövrdə qüvvədə olan normativ hüquqi aktların tələbinə görə satıla bilən torpaq sahəsi sırasına daxil edilmişdir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
22. Torpaq Məcəlləsi Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi ...
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. ... Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi - torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.
2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.
3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ- hüquqi aktlarla tənzimlənir.
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri () xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra– informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (## ###### 2008-ci ilə qədər qüvvədə olan redaksiya). 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
25. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri baxımında əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Iddiaçı kassasiya şikayətində bildirmişdir ki, Cəyirli Bələdiyyəsinin ## #### 2006-cı il tarixli qərarının birinci bəndində “bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsi” yazılmaqla yol verilən yanlışlığın aradan qaldırılması üçün bələdiyyəyə müraciət etmiş və Cəyirli bələdiyyəsinin qərarı ilə yol verilən yanlışlıq düzəldilərək, «Cəyirli bələdiyyəsinin ehtiyat fondunun alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən kənd təsərrüfatının (bağçılığın) inkişafı məqsədi ilə 1,90 hektar torpaq sahəsinin satılması» kimi oxunması barədə qərar qəbul edilmişdir.
33. Kassatorun bu dəlili apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə təsir etmir. Çünki yuxarıda qeyd olunan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*- **/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 1.40 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUIS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası örüş, uqodiyası əkin olmaqla, bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Kəndin kompleks yerqurluşu islahat layihəsində (DVJ) naturada göstərilən 1.40 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, örüş uqodiyalı olaraq göstərilmişdir.
34. Bələdiyyənin ## #### 2006-cı il tarixli qərarının dəyişdirilməsi, torpaq sahəsinin mövcud olan kateqoriya və təyinatının dəyiməsinə səbəb olmamışdır, başqa sözlə faktik vəziyyəti dəyişməmişdir.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2 *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.