Məhkəmə qərarları › İş №2-1(102)-4227/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4227/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4227/2025 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Şirvan Ərazi Idarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı QƏRARİ (Açar sözlər: istifadə hüququnun qeydə alınması və çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şirvan ərazi idarəsinə qarşı “iddiaçıya Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı ilə verilmiş 12,44 ha (5.18 ha, 3.53 və 3.73 ha) torpaq sahəsinə iddiaçının istifadə hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı ilə “xxxx” kiçik müəssisəsinə 17 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı “xxxx” kiçik müəssisəsinin adına B N******* saylı Torpaqdan istifadə hüququna aid Dövlət Aktı verilmişdir.

2. Hal-hazırda “xxxx” kiçik müəssisəsinin hüquqi varisi “xxxx” MMC-dir.

3. Iddiaçı Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı ilə “xxxx” kiçik müəssisəsinə ayrılmış 17 hektar torpaq sahəsinə “xxxx” MMC-nin istifadə hüququnun tanınması və müvafiq Çıxarışın ona verilməsini xahiş etmişdir.

4. Lakin cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı ilə verilmiş 12,44 ha torpaq sahəsinə iddiaçının istifadə hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## ##### 2025-ci il tarixli qərardadı ilə Saatlı rayon bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı ilə “xxxx” kiçik müəssisəsinə 17 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı “xxxx” kiçik müəssisəsinin adına B N******* saylı Torpaqdan istifadə hüququna aid Dövlət Aktı verilmişdir. Hal-hazırda “xxxx” kiçik müəssisəsinin hüquqi varisi “xxxx” MMC-dir. Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı ilə “xxxx” kiçik müəssisəsinə ayrılmış 17 hektar torpaq sahəsinə “xxxx” MMC-nin istifadə hüququnun tanınması və müvafiq Çıxarışın ona verilməsini xahiş etsə də, ## ###### 2023-cü il tarixdən bu günə qədər müraciətinə cavab verilməmişdir. “xxxx” MMC-nin qeyd edilən torpaq sahəsinə dair istifadə hüququnun qeydə alınmaması hüquqlarını kobud şəkildə pozur.

8. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## #### 2025-ci tarixli qərarı ilə (hakim Ş.Musayev) iddia təmin edilmiş, iddiaçıya Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı ilə verilmiş 12,44 ha (5.18 ha, 3.53 və 3.73 ha) torpaq sahəsinə iddiaçının istifadə hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan Ərazi Idarəsindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 1700326621, X1, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ 22, Hesab №AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan ekspert rəyi və cavabdeh inzibati orqanın mütəxəsis rəyi ilə sözügedən torpaq sahəsinin yəni, Saatlı rayon XDSnin Rəyasət

9. Heyətinin ##.##.1992-ci il tarixli, *-** nömrəli qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 17.0 ha, faktiki istifadəsində olan 12.44 ha torpaq sahəsinin 1992ci ildə və hazırki vəziyyətdə 8.71 (5.18 və 3.53) hektarının hüquqi statusu- bələdiyyə mülkiyyəti, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqları uqodiyası-əkin, 3.73 hektarının isə hüquqi statusu-bələdiyyə mülkiyyəti, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası faktiki olaraq göl (xəritə materiallarında isə qobu, yarğan və dərələr) olması, ayrılmış 17.0 ha (faktiki 12.44 ha) torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq olmaması, torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması, torpaq sahəsinin koordinatlarının digər şəxslərin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi, sahənin koordinatlarının mühafizə-sanitariya zolağına (dəmir yolunun, magistral avtobmobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşməməsi müəyyən olunmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı rayon XDS IK-də ##.##.1991-ci il tarixdə qeydiyyata alınmış (Protokol №*) “xxxx” kiçik müəssisəsinin hüquqi varisidir.

10. Cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov /sədrlik edən və məruzəçi/, H.Bəhmənov və C.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh və üçüncü şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, lakin həmin torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya icarəyə verilməmişdir. Iddiaçının naturada istifadə edilən torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı örüş torpaqdır. Bununla yanaşı nəzərə almamışdır ki, qanunverciliyin birbaşa tələbinə əsasən ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

15. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarından 33 (otuz üç) il keçib. Mübahisəli torpaq sahəsinin qısa və ya uzun müddətə verilməsi qeyd edilməmişdir. Mübahisəli torpaq sahəsinin talehi naməlumdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən oluna bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq sahəsi üzrə istifadə müddəti bitmişdir. Iddiaçı "xxxx" MMC-nin rəhbəri torpaq sahəsindən istifadə müddətinin uzadılması barədə heç bir sənəd təqdim etməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Torpaq Məcəlləsi (1991-ci ildə qüvvədə olan): Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir:

1. fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara;

2. əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün;

3. şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün;

4. sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün;

5. ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 15. Torpaqdan müvəqqəti istifadə qısa müddətli—üç ilədək və uzun müddətli—on ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. Istehsalat zərurəti olduqda bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Göstərilən müddətləri torpaq sahəsini istifadəyə vermiş orqanlar uzadır. Müvəqqəti istifadə üçün torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kooperativlərə, kəndli (fermer) təsərrüfatlarına, müəssisələrə, idarələrə və təşkilatlara kənd təsərrüfatı ilə məşğul olmaq, layihə, axtarış və müvəqqəti tikinti işlərinin aparılması, icarə, bostançılıq, ot çalını, mal-qara otarılması üçün və xidməti pay torpaqları şəklində verilir. Torpaq sahibləri və torpağın daimi istifadəçiləri öz torpaqlarını müvafiq rayon, şəhər xalq deputatları Sovetlərində qeydə alınan müqavilə əsasında vətəndaşların, müəssisələrin, idarələrin və təşkilatların müvəqqəti istifadəsinə verə bilərlər.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

18. Hər iki kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan hər iki kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

22. Hazırkı işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı ilə ördəklik və qoyunçuluq saxlanması üçün Saatlı rayonunda fəaliyyət göstərən “xxxx” kiçik müəssisəsinə 17 hektar torpaq sahəsi ayrılmış, bunun 10 ha hissəsi əkinə yararsız, 7 ha hissəsi isə gölaltı torpaq sahəsindən verilmişdir. Bundan sonra iddiaçıya “Torpaqdan istifadə hüququna dair” B ****** saylı Dövlət Aktı təqdim olunmuşdur.

23. Hazırda iddiaçının hüquqi marağı qeyd olunan torpaq sahəsinə istifadə hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

24. Işə baxmış məhkəmələr adı çəkilən torpaq sahəsinin iddiaçının daimi istifadəsinə verildiyi üçün onun bu hüququnun qeydə alınması ilə bağlı tələbini əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlmişlər.

25. Məhkəmə kollegiyası aşağı məhkəmələrin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərardad qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

28. Işin hallarına görə torpaq sahəsinin “xxxx” kiçik müəssisəsinə ayrılmasına əsas olmuş Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarında 17 hektar torpaq sahəsinin ördəklik və qoyunçuluq saxlanılması məqsədilə ayrıldığı göstərilsə də, həmin istifadə hüququnun növü — daimi və ya müvəqqəti istifadə hüququ olması konkret qeyd olunmamışdır. Lakin işdə olan “Torpaqdan istifadə hüququna dair dövlət aktı”nda sözügedən torpaq sahəsinin iddiaçıya pulsuz və müddətsiz verildiyi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi də torpaq sahəsinin iddiaçının daimi istifadəsinə verildiyi qənaətinə gələrək iddiaçının tələbini əsaslı hesab edərək onu təmin etmişdir.

29. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin həlli zamanı hüquqi dəyərləndirmə iddiaçının adına verilmiş “Torpaqdan istifadə hüququna dair dövlət aktı” deyil, həmin dövlət aktı verilməmişdən əvvəl ilkin hüquqmüəyyənedici sənəd qismində çıxış edən Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarı üzərindən aparılmalı idi. Belə ki, həmin sənəddə 17 ha torpağın iddiaçının istifadəsinə hansı istifadə hüququ növündə verildiyi dəqiq göstərilməmişdir.

30. Bununla yanaşı, hazırkı mübahisənin həlli zamanı ilkin hüquqmüəyyənedici sənədin hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin (1991-ci il) müddəaları tətbiq edilməklə tədqiq olunması zəruri olsa da, bu yöndə də məhkəmələr tərəfindən hər hansı araşdırma aparılmamışdır.

31. Hazırkı işdə ilkin hüquqmüəyyənedici sənəd qismində çıxış edən Saatlı rayon XDS-nin Rəyasət Heyətinin ## #### 1992-ci il tarixli qərarının məzmunda yuxarıda da qeyd olunduğu kimi, 17 ha torpaq sahəsinin ördəklik və qoyunçuluq saxlanılması məqsədilə ayrıldığı qeyd olunmuşdur.

32. Torpaq Məcəlləsinin (1991) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər.

33. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısa müddətli—üç ilədək və uzun müddətli—on ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. Istehsalat zərurəti olduqda bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Göstərilən müddətləri torpaq sahəsini istifadəyə vermiş orqanlar uzadır.

34. Göründüyü kimi, müvafiq torpaq ayrılan zaman qüvvədə olan torpaq qanunvericiliyinə görə köçəri qoyunçuluq üçün torpaq sahələrinin müvəqqəti istifadəyə verilməsi nəzərdə tutulurdu. Bu məqsədlə isə torpağın 15 ilədək müddətə verildiyi müəyyən olunmuşdu.

35. Digər tərəfdən, məhkəmələr işdə ksero surət olan “Torpaqdan istifadə hüququna dair dövlət aktı”nın əslinin arxivdə olub-olmamasını, həmin dövlət aktının əslinin mövcudluğunu müəyyən etmək üçün hər hansı araşdırma aparmamışlar. Bu isə sübutların mötəbərliyi və etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edən haldır.

36. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hər iki kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Hər iki kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar