Məhkəmə qərarları › İş №2-1(102)-4231/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4231/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4231/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(104)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, ##.##.2020- ##.##.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə atıcı vəzifəsində xidmət etmişdir.

2. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışa (48-ci hissə) əsasən iddiaçı 1-ci zenit raket divizionun 2-ci zenit raket batareyasının maddi-təminat mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir.

3. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışa (25-ci hissə) əsasən iddiaçı ##.##.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətindən, bütün növ təminatlardan çıxarılmış və səfərbərlikdən tərxis edilmişdir.

4. N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli, **** nömrəli məktubuna əsasən 44 günlük “Vətən Müharibəsi” zamanı N nömrəli hərbi hissənin 1-ci divizionun 2- ci batareyasının iştirak etdiyi ərazilər Yevlax rayonu, Qaraməmmədli kəndi və Gəncə şəhəri olmuşdur.

5. İddiaçının anası X1 müraciəti ilə bağlı Cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*- Q-****-**/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Rafail oğluna “Müharibə veteranı” adının və vəsiqənin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, * nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi atıcı olaraq Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissənin tərkibində Fizuli, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə erməni işğalçılarına qarşı iştirak etmişdir. Bununla əlaqədar ərizə ilə cavabdehə müraciət etsə də, ##.##.2024-cü il tarixdə imtina cavabı verdilər. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Hərbi Hava Qüvvələri tərəfindən ##.##.2023-cü il tarixli, */** nömrəli məktub göndərilmiş və məktubda göstərilib ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün adları “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, **** nömrəli qərarına uyğun tərtib edilib yenidən təqdim edilməsi məqsədi ilə ##.##.2023-cü il tarixdə “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən geri qaytarılmışdır. Həmin siyahıda Sizin də adınız qeyd edilmişdir. N nömrəli hərbi hissənin “Vətən müharibəsində ştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiya”sı tərəfindən sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, **** nömrəli qərarına uyğun tərtib edilmişdir və yenidən qərar qəbul edilməsi məqsədi ilə N nömrəli hərbi hissə tərəfindən ##.##.2023-cü il tarixli, **** nömrəli məktubla “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmişdir. Nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir”. Göründüyü kimi, Hərbi Hava Qüvvələri tabeçiliyində olan N saylı hərbi hissənin tərkibində iddiaçının döyüşlərdə iştirak etməsini təsdiq edir və iddiaçının adının da siyahıda olmasını ona dair sənədləri MN-nın Komissiyasına təqdim etdiyini göstərmişdir. Buna baxmayaraq Komissiya təqdim olunmuş sənədlərin arayış-məlumatda ərazilərin Mingəçevir şəhəri olduğu göstərilməsini əsas götürür. İndi isə həmin arayış-məlumatına dair tərtib edilmiş blank barədə bildirir ki, blankın sağ tərəf hissəsində hərbi hissənin yerləşdiyi ünvan göstərilib və N saylı hərbi hissə Mingəçevir şəhərində yerləşdiyi üçün blankın giriş hissəsində Mingəçevir şəhərinin adı qeyd edilib. Blankın alt hissəsində isə hərbi qulluqçunun döyüşlərdə iştirak etdiyi rayonların adları göstərilir. Lakin, buna baxmayaq əsas hüquqmüəyyənedici sənədləri (hərbi bilet və hərbi hissə tərəfindən tərtib edilmiş sənədləri) nəzərə almayan komissiya arayışməlumatını qanunsuz olaraq əsas kimi qəbul etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının adına tərtib edilmiş N nömrəli hərbi hissənin arayış-məlumatından görünür ki, o, Vətən müharibəsi zamanı Mingəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində batareyanın ərazisində mühafizənin təşkilində iştirak etmişdir. Bundan başqa iş materialında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli əmrindən görünür ki, ##.##.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı S.R.Həsənov N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı İddiaçı Vətən müharibəsi zamanı Mingəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Qaraməmmədli qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı hava hücumundan müdafiə bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, xidməti vəzifələrini yerinə yetirmişdir. Lakin onun döyüş əməliyyatları zamanı xidmət etdiyi bölmənin yerləşdiyi ərazi olan Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur.

9. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(114) ****/**** nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, iddiaçı İddiaçı adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasında ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Başqa sözlə, həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühüm rol oynayır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarını ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: A.Bayramov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və R.Mamedov) apellyasiya şikayəti təmin edilmədən Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 1-ci zenit raket divizionun 2-ci zenit raket batareyasının maddi təminat mühafizə manqasının atıcısı vəzifəsində xidmət etmiş, Hərbi Hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli, **** nömrəli döyüş sərəncamı, Hərbi Hava Qüvvələri Komandanının ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuşdur. Həmçinin, N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayışməlumatda İddiaçı N nömrəli hərbi hissədə əsgər rütbəsində, maddi-təminat taqımının mühafizə manqasında atıcı vəzifəsində xidmət etməsi, ##.##.2020-ci il tarixdən ##.##.2020ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında fəal iştirak etməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirdiyi N nömrəli hərbi hissənin ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunması, eləcə də əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı iddiaçının döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında fəal iştirak etməsi iş materialları ilə öz təsdiqini tapır. Hazırkı mübahisəyə münasibətdə, Vətən müharibəsi dövründə iddiaçının yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Yəni, iddiaçının xidməti vəzifələrini icra etdiyi ərazilərdə döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında iştirak etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin əsas dəlil ondan ibarətdir ki, iddiaçı Vətən müharibəsi zamanı Mingəçevir şəhəri Qaramməmmədli qəsəbəsində yerləşən N saylı hərbi hissənin tərkibində mühafizə xidməti həyata keçirmişdir, lakin bu ərazi Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən döyüş əməliyyatlarının aparıldığı ərazilər siyahısına daxil deyil.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı Kassasiya şikayətinə etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi²təhsil²müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, ²hərbi hissənin siyahılarından²çıxarıldıqları, hərbi²təhsil²müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

18. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

19. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bu tələbin təmin edilməsi üçün iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsində nəzərdə tutulmuş dispozisiya şərtlərindən hər hansı birinə uyğun olduğunu sübuta yetirməlidir.

25. İş üzrə tərəflər və aşağı instansiya məhkəmələri iddia tələbinə hüquqi qiymət verərkən həmin Əsasnamənin 1-ci hissəsinin 10-cu və 11-ci abzaslarının müddəalarına istinad etmişlər. Həmin müddəalara əsasən, şəxsin “Müharibə veteranı” adı və vəsiqəsi alması üçün onun ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasında, hazırlanmasında və ya idarə edilməsində iştirak etməsi, yaxud hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını icra etməsi müəyyən olunmalıdır.

26. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında göstərilən ərazilərdə xidmət etməməsi (iddiaçı Mingəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində xidmət etmişdir) tərəflər arasında mübahisələndirilməyən haldır. Bu səbəbdən iddia tələbinin əsaslı hesab edilməsi yalnız onun Əsasnamənin 11-ci abzasında nəzərdə tutulmuş şərtlərə uyğun olaraq müvafiq bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını icra etməsi faktının iş materialları ilə sübuta yetirilməsindən asılıdır.

27. İş materiallarında olan hərbi hissə tərəfindən verilmiş arayış-məlumatdan görünür ki, iddiaçı ##.##.2020–##.##.2020-ci il tarixlərində N nömrəli hərbi hissədə maddi-təminat taqımının mühafizə manqasında atıcı vəzifəsində xidmət etmiş, Mingəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində yerləşən batareyanın ərazisində daxili naryada və ərazinin mühafizəsinə cəlb olunmuşdur. Həmin hallar iddiaçının döyüş əməliyyatlarında bilavasitə iştirak etməsini və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını icra etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

28. Bu baxımdan iddiaçının xidmət etdiyi bölmənin funksional təyinatı və yerinə yetirdiyi vəzifələrin xarakteri nəzərə alındıqda onun maddi-təminat üzrə xidmət fəaliyyəti döyüş əməliyyatlarının aparılması və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqların icrası kimi qiymətləndirilə bilməz. İş materiallarında da iddiaçının döyüş əməliyyatlarında bilavasitə iştirakını və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları icra etdiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir.

29. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçı ilə eyni hərbi hissədə xidmət etmiş digər şəxslərə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə istinad etməklə iddiaçının bərabərlik hüququnun pozulduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə yanaşma əsaslı deyildir. Belə ki, hüquq bərabərliyi prinsipi qanunsuz inzibati praktikanın davam etdirilməsini tələb etmir və digər şəxslərə müvafiq statusun verilməsi faktı həmin statusun iddiaçıya da verilməsi üçün müstəqil hüquqi əsas hesab edilə bilməz. Qanunvericiliyin tələblərinə uyğun olmayan inzibati aktların mövcudluğu digər şəxslər üçün analoji hüququn yaranmasına səbəb olmur.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi rədd edilməlidir.

31. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(104)- ***/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar