Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4233/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Abşeron rayon XDS İcraiyyə Komitəsinin ##.##.1990-cu il tarixli qərarına əsasən İddiaçı 0,07 ha torpaq sahəsi ayrılmış, həmin şəxsə verilmiş həyətyanı sahədə 60 kv.m. ölçüdə fərdi yaşayış evi tikintisinə icazə verilmişdir.
2. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgi verilmədiyindən iddiaçı İddiaçı ona ayrılmış torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi ilə bağlı cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir.
3. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti ##.##.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Sabunçu Rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən ona ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli ** nömrəli Qərarına və X3 ## ##### 1990-cı il tarixli ** saylı Əmrinə əsasən İddiaçı X3 ərazisində ayrılmış 0,07 ha torpaq sahəsinə dair yerquruluş planının və yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi (oğlu) X1 daha sonra ərizə təqdim edərək iddia tələbinin “torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdir.
6. Məhkəmənin ##.##.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli, ** nömrəli Qərarı əsasında keçmiş X3 ərazisində iddiaçıya 0.07 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı Abşeron Rayon Dövlət Arxivinə müraciət edərək, hüquqmüəyyənedici sənədlərin arxiv çıxarışlarının verilməsini xahiş etmişdir. Ərizəsi əsasında həm Abşeron Rayon XDS İcraiyyə Komitəsinin ## ##### 1990cı il tarixli, ** nömrəli Qərarının, həm də ## ##### 1990-cı il tarixli ** saylı Əmrinin arxiv Çıxarışlarını əldə etmişdir. Bundan sonra hüquqların qeydiyyatı üçün müraciət etdikdə, torpaq sahəsinin ilkin cizgisinin də təqdim edilməli olduğu bildirilmişdir. Belə olduqda yenidən Abşeron Rayon Dövlət Arxivinə ərizə ilə müraciət etmişdir, iddiaçıya X3 ilkin baş plan, ayrıc aktı, sxem və təhkim aktını təhvil verilmədiyi bildirilmişdir. Arxivə ilkin cizgi üçün müraciət etməmişdən əvvəl iddia tələbləri üzrə cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, iddiaçıya ayrılmış 0.07 ha torpaq sahəsinin yerquruluşu planının hazırlanmasını xahiş etmişdir. Lakin, iddiaçıya ##.##.2023-cü il tarixli T-**-*** saylı məktubla ərizəsinin icrasından imtina edilərək, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin həyata keçirilməsi fəaliyyətinin Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Əlavə olaraq bildirilir ki, bu səlahiyyətlər Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərindədir. İddiaçı hesab edir ki, bu imtina qanunvericiliyə ziddir və iddiaçıya məxsus olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur, cavabdehin imtina səbəbinin qanuni əsası yoxdur, belə ki, cavabdeh qanunvericiliyin tələblərini qəsdən təhrif edir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi 1990-cı ildə ayrılmışdır. Belə olan halda, “Torpaq islahatı haqqında” qanunun 25ci maddəsinin tələbləri tətbiq edilməlidir.
8. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Etirazda qeyd edilmişdir ki, iddiaçıya 1200 kv.m torpaq sahəsi ayrılarkən torpaq sahəsini ayıran qurum tərəfindən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat yoxdur. İddiaçının atasına ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar olmadığından hesab edilir ki, imtina əsaslı olmuşdur. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən onun iddia etdiyi yerdə yerləşməsi barədə heç bir sübut yoxdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimaliyeva) 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilərək, Abşeron XDS İcraiyyə Komitəsinin ##.##.1990-cu il tarixli ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında ayrılmış 0,07 ha torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından həmin 0,07 ha hissəsinin hansı hissədə olması qərara əsasən müəyyən edilmir. İddiaçı İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamla birlikdə vətəndaşa təqdim edilməmişdir. Torpaq sahəsi hazırda Sabunçu rayonunun inzibati ərazi vahidində (Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu) yerləşir (bu halı təkzib edən hər hansı sübut təqdim edilməmişdir).
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı 0,07 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron XDS İcraiyyə Komitəsinin ##.##.1990-cu il tarixli ** nömrəli qərarı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalı və torpaqayırma tamamlanmalıdır. İstər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri).
13. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (Hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, O.N.İsmayılov və R.Ə.Səmədov) 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən cavabdeh orqanın üzərinə iddiaçıya müvafiq sənədlərlə ayrılmış torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyi qoyulmuşdur. Halbuki qanunla cavabdeh orqanın ayrılmış torpaq sahəsinə dair cizgi vermək öhdəliyi müəyyən edilmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan yanaşması texniki səhv kimi qimətləndirilməli və bu, kobud prosessual pozuntu olmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının da ləğvi üçün də əsas yaratmır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 35 il bundan öncə yəni 1990-cı ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməlidir. Məhkəmə qərarda torpaq sahəsinə dair xəritədən çıxarışın verilməsi öhdəliyini cavabdeh Sabunçu RİH-nin üzərinə qoymuşdur. Hansı xəritədən çıxarışın verilməli olduğu isə qərarda qeyd edilməmişdir. “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində digər qurum tərəfindən ayrılmış torpaq sahəsinə dair Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinə xəritədən çıxarışın verilməsi barədə müddəa öz əksini tapmayıb. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamış və torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən torpaq sahəsinin kordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Məhkəmə torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən torpaq sahəsinin kordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Qeyd edilməlidir ki, 35 il bundan öncə yəni 1990-cı ildə ayrılan torpaq sahəsinin real yerləşdiyi yer və iddiaçıya ayrılan torpaq üst-üstə düşüb düşməməsi araşdırılmamışdır. Mövcüd iş üzrə məhkəmə praktikası göstərir ki, torpaqların sürüşməsi nəticəsindən 35 iləvvəl ayrılan torpaq sahəsi indiki realiddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları fərqli ola bilər və bu fakt araşdırılmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Torpaq Məcəlləsi: (## ###### 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər X5 səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər X5 öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. ... dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # ###### 1999-cu il tarixli, *** №-li Fərmanın (#.#.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
20. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli, 695- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
21. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
26. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Abşeron XDS İcraiyyə Komitəsinin ##.##.1990-cu il tarixli ** nömrəli qərarına əsasən ona Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında ayrılmış 0,07 ha torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsindən ibarətdir.
27. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmş sahələrin döngə nöqtələrinin koordinatları Sabunçu rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin verilməsinin mümkün olmadığı qeyd edilmişdir.
28. Kollegiya qeyd edir ki, “İnzibati İcraat Haqqında” qanunun 5-ci maddəsinə əsasən, inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur.
29. Göründüyü kimi, inzibati orqanlara qarşılıqlı hüquqi yardım göstərmə imkanı qanunun qeyd olunan norması ilə tanınmış və bu hüquqi yardımın göstərilməsinin müraciət olunan inzibati orqan tərəfindən yerinə yetirilməsinin həmin inzibati orqanın vəzifəsi olması qanunla təsbit edilmişdir. Lakin işin hallarından iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqanın inzibati icraat aparması, imtinasında qeyd etdiyi sənədlərin əldə edilməsi üçün qarşılıqlı hüquqi yardım çərçivəsində Abşeron rayon İcra Hakimiyyətinə müraciət etməsi müəyyən edilmir. Bununla belə Kollegiya hesab edir ki, cavabdehin imtina məktubunda qeyd etdiyi halların əsassız olması iddia tələbinin əsaslı olması anlamına gəlməməlidir.
30. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməli olmasına dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşarkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan Torpaq Məcəlləsinin istinad edilən normalarına görə, vətəndaşlara torpaq sahəsinin verilməsi X5 (Yerli İcra Hakimiyyətlərinin) qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək rayon, şəhər X5 səlahiyyətinə aid məsələ olmuşdur.
31. Kollegiya ümumilikdə torpaq sahələrinə dair cizgi və xəritədən çıxarışın verilməsinin yerli icra hakimiyyətlərinin vəzifəsi olması ilə razılaşsa da, hazırkı işin hallarına münasibətdə məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün halların araşdırılmadan cavabdehin üzərinə bu öhdəliyin qoyulması ilə razılaşmır.
32. İş materiallarından müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi 1990-cı ildə, yəni 36 il bundan öncə ayrılmışdır. Məhkəmə tərəfindən isə həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olub-olmaması dəqiqləşdirilməmiş, faktiki itsifadəsində torpaq sahəsi olduğu halda həmin torpaq sahəsinin Abşeron rayon XDS İcraiyyə Komitəsinin ##.##.1990-cu il tarixli qərarına əsasən İddiaçı ayrılan torpaq sahəsi olub-olmaması müəyyənləşdirilməmişdir. Bundan başqa, iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində hər hansı mübahisəli halın olub-olmaması da müəyyən edilməmişdir.
33. Kollegiya razılaşır ki, torpaq ayrılan zaman ayırmanı həyata keçirən orqanın əsas öhdəliyindən biri də ayrılmış sahənin naturada yerləşmə vəziyyətini müəyyənləşdirməyə imkan verən müvafiq çizginin tərtib edilməsi olmuşdur. Belə ki, torpaq ayırma vahid bir proses kimi ayrılma barədə qərarla yanaşı, həm də ayrılmış sahənin naturada yerləşmə vəziyyətini müəyyənləşdirməyə imkan verən müvafiq çizginin tərtib edilməsini ehtiva edir. Bununla yanaşı, ayrılma zamanı həmin çizginin tərtib edilməməsi sonradan tərtib edilmə imkanını da istisna etmir. Sonradan tərtib edilmə zamanı həlledici olan ayrılmış sahənin naturadakı yerini düzgün müəyyənləşdirməkdir. Çizginin tərtib edilməsi öhdəliyinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulması məhkəmə icraatında ayrılmış yerin müəyyənləşdirilməsindən asılıdır. Bunun üçün isə bütün mümkün düzünə və dolayı sübutların məcmusuna qiymət verilməlidir. Həmin sübutlar, ilk növbədə, inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım qaydasında əldə edilən, eləcə də iddiaçı tərəfindən təqdim olunan və məhkəmə tərəfindən xidməti vəzifəsinə görə toplanılan mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərinə cavab verən düzünə və dolayı sübutların məmusundan ibarət ola bilər.
34. Məhkəmələr tərəfindən yuxarıda qeyd olunan hallar müəyyən edilmədən cizginin verilməsi öhdəliyinin yerli icra hakimiyyətlərinin üzərinə qoyulması digər məhkəmə mübahisələrinin yaranmasına zəmin yaratmış olar.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvi tələb olunan hissədə təmin edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar araşdırılmalı və müəyyən edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.