Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4248/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nağdiyev İsmayıl Ramil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Nağdiyev İsmayıl Ramil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.2001-ci il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş sosial müavinət və təqaüd haqqında ##.##.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçıya ##.##.2010-cu il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş müavinət ödənilmişdir.
3. ** nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş ##.##.2014-cü il tarixli arayışdan görünür ki, iddiaçıya iki il müddətinə əlillik təyin edilmişdir.
4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ** saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatına əsasən iddiaçı Nağdıyev İsmayıl Ramil oğluna ##.##.2016-cı il tarixdən 3 il müddətinə “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi. Psixotabənzər davranışla” diaqnozu ilə əlillik təyin edilmişdir.
5. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən iddiaçı Nağdıyev İsmayıl Ramil oğluna ##.##.2019-cu il tarixdən “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya (doğuş zamanı anamnezində), xroniki dəmir defisitli anemiya” diaqnozu ilə ümumi xəstəlik səbəbilə ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir.
6. İddiaçı barəsində ##.##.2019-cu il tarixdə təyin edilmiş müddətsiz ll dərəcəli əlillik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2025-ci il tarixli *** saylı ekspert rəyinə görə İddiaçı orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F71.1) aşkar edilmişdir. Aşkar edilmiş xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, No 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “##.##.2019-cu il tarixdə təyin olunmuş əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa olunması və ##.##.2023-cü il tarixdən dayandırılmış müavinətin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 9 yaşından, yəni ##.##.2010-cu il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuş və bununla əlaqədar ona müavinət ödənilməyə başlanılmışdır. Əlilliyin səbəbi kimi ümumi xəstəlik, diaqnozu orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəllədaxili travmaların nəticəsi, posttravmatik ensefalopotiya (doğuş zədəsi anamnezində), xroniki dəmir defisitli anemiya qeyd olunmuşdur. Məlum xəstəliyi səbəbindən yalnız 1-ci sinifi Sumqayıt şəhər ** nömrəli məktəbdə oxumuşdur. Məktəbdə yanğın törətdiyi üçün (xəstəliyi səbəbindən hərəkətlərinin mənasını dərk etmir) onu məktəbdən xaric etmişlər və o, qüsurlu uşarların oxuduğu məktəbdə Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsilini davam etdirməli olmuşdur. Bu dövr ərzində də əlilliyinin qiymətləndirilməsi müddəti başa çatanda hər dəfə yenidən yoxlanışdan keçmiş və yenidən təyinat aparılmışdır. Sonuncu dəfə ##.##.2019-cu il tarixdə eyni diaqnoz əsasında müddətsiz ll dərəcəli əlillik təyin olunmuşdur. Son aylarda ona məlum olmuşdur ki, cavabdeh Agentlik ona təyin olunmuş əlilliyi dayandırmışdır. Hətta sonuncu təyinatla ona ödənilmiş müavinətləri belə geri tələb etmişdir. Bunun səbəbini aydınlaşdıranda cavabdeh vəkilinə ünvanladığı məktubunda qeyd etmişdir ki, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Göründüyü kimi cavabdeh imtinasında onun hazırkı vəziyyətinin əlillik təyini üçün əsas vermədiyini, başqa sözlə sağaldığını qəsd etmişdir. Əslində isə xəstəliyi sağalmamış və olduğu kimi qalmışdır. Bu xəstəlik uşaqlıqdan onda vardır. Hazırda da eyni əlamətlər davam edir. İddiaçı doğularkən doğuş zədəsi - kəllə-beyin travması almışdır, bu səbəbdən də əqli gerilik onu daim müşayiət edir. Bu isə sağalan xəstəlik deyildir. Bu səbəbdən də cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində deyilir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda. inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan normadan görünür ki, inzibati orqan inzibati icraat zamanı işin hallarını ətraflı araşdırmalı və təqdim edilən sübutlara bağlı olmamalıdır, zərurət yaranarsa əlavə sübutlar toplamalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə tibb müəssisəsinin *******AAB*P nömrəli göndərişi Tibbisosial11.ekspert komissiyası tərəfindən ilkin olaraq ##.##.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *********** nömrəli məktub əsasında ##.##.2022ci il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir; Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altSistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
12. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamışdır.
13. Həmin qərardad iddiaçının apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
14. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi və vəkilinin iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir.
15. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim X3) ilə iddia təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçı Nağdiyev İsmayıl Ramil oğlunun əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnoz Məhkəmə Psixiatriya Mərkəzi tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. İddiaçının əyani müayinəyə dəvət olunması üçün əsas götürülmüş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin ##.##.2022-ci il tarixli, 2129 №li məktubuna münasibətdə məhkəmə qeyd etmişdir ki, Nağdıyev İsmayıl Ramil oğluna məxsus SX №******* seriyalı hərbi biletin “Tibbi müayinələr haqqında məlumatlar” bölməsində ##.##.2024-cü ildə Sumqayıt HHK tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 22C maddəsinə əsasən iddiaçı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
17. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər X4-məruzəçi, Cabbarova Gülnar İnqilab qızı və Quliyev İsmayıl Rza oğlu) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti dəlilinə görə diaqnozun öz təsdiqini tapmaması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi faktiki olaraq yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmalarından yola çıxaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya dair qəbul edilmiş ##.##.2022-cü il tarixli qərarın ləğv edilməli olması qənaətinə gəlmişdir. Nəzərə alınmamışdır ki, inzibati orqan tərəfindən aparılmış araşdırma məhz mövcud sənədlər üzrə aparılmışdır. Ən azından əlillik təyinatlarının müxtəlif risk qrupları üzrə əsaslılığının araşdırılması məqsədi ilə əyani müayinəyə dəvət edilmiş iddiaçının müayinədə iştirak etməməsi, iştirakdan yayınması faktının mövcudluğu özlüyündə iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslardan biri olmuşdur. Bundan başqa məhkəmə iddiaçıya qoyulmuş diaqnozun öz təsdiqini tapmaması barədə səlahiyyətli komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun əsaslı qərarını faktiki olaraq görməzdən gəlməklə inzibati orqanın qərarının ləğv edilməli olması qənaətinə gəlmişdir ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır. Belə bir faktların mövcudluğu apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, bu istiqamətdə araşdırma, hüquqi qiymətləndirmə aparılmamış, formal mülahizələr əsas götürülmüşdür ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır. Məhkəmə işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki iddiaçıda sözügedən diaqnoz aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xüsusilə vurğulanmalıdır ki, əlilliklə əlaqədar sualların həlli Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11 Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Belə ki, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə lazımi araşdırma aparmadan və apellyasiya instansiyası məhkəməsi tərəfindən orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə edilərək ciddi qanun pozuntusuna yol verilmiş və nəticədə yuxarıda sadalanan maddi hüquq normaları pozulmuşdur.
23. Şikayətdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına istinad edilərək qeyd edilir ki, faktiki olaraq məhkəmə qərar qəbul edərkən xüsusi tibbi bilik tələb edən sahə üzrə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir və nəticə etibarilə düzgün olmayan qərar qəbul olunmuşdur.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. ... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. ...
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası:
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ...
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. İşin hallarından görünür ki, cavabdeh tərəfindən ##.##.2019-cu il tarixdən “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya (doğuş zamanı anamnezində), xroniki dəmir defisitli anemiya” diaqnozu ilə iddiaçı Nağdıyev İsmayıl Ramil oğlunun ümumi xəstəlik səbəbilə ikinci dərəcə müddətsiz əlilliyi müəyyən edilmişdir.
37. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı ##.##.2022-ci il tarixli məktubu əsasında iddiaçı əyani müayinəyə dəvət edilmiş, sonra əlilliyi ləğv edilmişdir.
38. İddiaçının əyani müayinəyə cəlb edilməsi barədə cavabdehin bildirişi iddiaçıya rəsmi qaydada çatdırılmasına dair işdə hər hansı sübut olmamışdır.
39. Digər tərəfdən, ##.##.2024-cü ildə Sumqayıt HHK tərəfindən xəstəliklər cədvəlinin 1 qarafasının 22C maddəsinə əsasən iddiaçı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın mümkün olmadığının qəbul edilməsidir. Belə yanaşma, bir tərəfdən, şəxsin mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlillik təyin olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz təyin olunması həm dövlət orqanlarının və həm də şəxsin əlavə inzibati yükdən azad olunması məqsədlərinə xidmət edir.
41. Hazırkı iş üzrə inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Yəni cavabdeh inzibati orqan şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.
42. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.
43. Çünki “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.
44. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.
45. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.
46. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
47. Bundan başqa, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərar qəbul edərkən xüsusi tibbi bilik tələb edən sahə üzrə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir və nəticə etibarilə düzgün olmayan qərar qəbul olunmuşdur.
48. Kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.