Məhkəmə qərarları › İş №2-1(102)-425/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-425/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-425/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı 01.08.2006-cı il tarixdən 27.02.2019-cu il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-599/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Buna görə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 27.02.2019-cu il tarixdə *** nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən cavabdeh tərəfindən ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilmişdir. İddiaçı cavabdeh şöbəyə müraciət edərək 01.08.2006-cı il tarixdən 27.02.2019-cu il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsini xahiş etmiş, lakin cavabdeh 20 may 2019-cu il tarixli nömrəli imtina məktubu ilə bildirmişdir ki, veteran vəsiqəsi verildiyi tarixdən müavinət təyin edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2006-cı il tarixdən 27.02.2019-cu il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.09.2019-cu il tarixli 2-1(084)-1120/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 27.02.2016-cı il tarixdən 27.02.2019-cu il tarixədək müharibə ve teranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.09.2019-cu il tarixli 2-1(084)-1120/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-599/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.09.2019-cu il tarixli 2-1(084)-1120/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 27.02.2019-cu il tarixdə verilməsi o demək deyildir ki, iddiaçı həmin tarixdə müharibə veteranı olmuşdur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğru nda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-599/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata həyata keçirilir. İddiaçıya müharibə vet eranı vəsiqəsi 27.02.2019-cu il tarixdə verildiyindən həmin tarixdən də müavinət ödənilməlidir. Kassator İnzibati Prosessual Məcəlləsinin 92.0.6, 96.9-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-599/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSS Ə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-599/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə ona 27.02.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya 27.02.2019-cu il tarixdə müharibə veteranı vəsiqə si verilməsi işin mübahisəsiz hallarına aiddir. İşin yeganə mübahisələndirilən halı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin nə vaxtdan ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin * saylı 06 yanvar 1998ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir, və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırki iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 27.02.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə 01.01.2006-cı il tarixdən qüvvəyə minmişdir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-599/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar