Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4255/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarına əsasən, iddiaçının 1993-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ##.##.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətin (Diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin II barmağının dırnaq falanqası üzərində çapıq toxumalar”) səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
2. İddiaçıya ilkin olaraq “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin II barmağının dırnaq falanqası üzərində çapıq toxumalar, toksiki ensefalopatiya, davamlı qalıq əsmələri” diaqnozu ilə ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixə kimi 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə təkrar qiymətləndirilmiş və ona “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin II barmağının dırnaq falanqası üzərində çapıq toxumalar. Sol baş nahiyəsinin bıçaq yarası(boyuna xəsarət). Hipertoniya xəstəliyi III mərhələ. Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə ##.##.2021-ci il tarixdən ##.##.2026-ci il tarixə kimi 5 il müddətinə “xxxx” səbəbilə ilə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəlpə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarına əsasən, həmin yaralanmanın hərbi travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir. Bu səbəbdən də ona 2016-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə əlillik təyin edilmişdir. Lakin 2021-ci ildə əlilliyinin təkrar qiymətləndirilməsi zamanı qanunsuz və əsassız olaraq ona “xxxx” səbəbi ilə təkrar 5 il müddətinə əlillik təyin edilmişdir. Cavabdeh hesab etmişdir ki, o, guya sol baş nahiyəsindən bıçaq yarası almışdır. Halbuki onda, ümumiyyətlə, bıçaq zədəsi yoxdur və döyüşlər vaxtı da bıçaqdan heç bir xəsarət almamışdır. Təkrar qiymətləndirmə zamanı ona məlum olmayan səbəblərdən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarını nəzərə almaq istəməmişdir.
6. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim: Şahəli Musayev) ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ##.##.2021-ci il tarixdə ikinci dərəcə əlillik təyin edilərkən, əlilliyin səbəbi kimi “xxxx” yazılması düzgün olmamışdır. Ona ##.##.2016-cı il tarixdə ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qazanılması işdə olan sübutlarla tam təsdiq olunur. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin hərbi xidmət dövründə qazanılmamasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Orxan İsmayılov /sədrlik edən və məruzəçi/, İsmayıl Əhmədov və Məhəmməd Bağırov) ## #### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun hərbi xidmətlə səbəb əlaqəsinin təsdiqlənməməsi ilə bağlıdır. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz (“Qəlpə yaralanmasından sonrakı çapıq toxumalar”) əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə “xxxx” səbəbindən əlillik təyin etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ##.##.2017-ci il tarixli, **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimata görə, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Göründüyü kimi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarına əsasən, iddiaçının diaqnozu “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin II barmağının dırnaq falanqası üzərində çapıq toxumalar: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) ## ###### 2023cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh, iddiaçının əlillik vəziyyətinin Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2021-ci il tarixli, *******AADTS nömrəli göndərişi əsasında qiymətləndirildiyini, həmin göndərişdə də əks olunan son diaqnozda əlilliyin səbəb əlaqəsi kimi “xxxx” qeyd olunduğunu, dövlət səhiyyə müəssisəsinin göndərişində göstərilən diaqnoz iddiaçıya ümumi əsaslarla əlillik təyin edilməsinə əsas verdiyi üçün cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini bəyan edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinin tələbindən göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş” əsasında aparılır. Lakin, iddiaçıya “xxxx” səbəbi ilə əlillik təyin edilməsinə əsas verən diaqnozun göstərildiyi və cavabdehin də istinad etdiyi ** nömrəli Bakı Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2021-ci il tarixli, *******AADTS nömrəli göndərişi iddia ərizəsinə, habelə sonradan iş materiallarına əlavə edilməmişdir, həmin göndərişin məhkəmə icraatında bilavasitə tədqiq olunduğuna və göndərişdə əks olunanlara hüquqi qiymət verildiyinə dair məlumat işdə yoxdur. Bu səbəbdən cavabdehin qiymətləndirməsinin və bununla bağlı dəlillərinin müqayisəli şəkildə yoxlanılması və onlara hüquqi qiymət verilməsi mümkün deyil. Bundan başqa, ##.##.2021-ci il tarixli, *******AADTS nömrəli göndərişin məhkəmə icraatında bilavasitə tədqiqi həm də ona görə zəruridir ki, apellyasiya instansiyası məhkəməsinin ##.##.2023-cü il tarixli sorğularına cavab olaraq cavabdehin və Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının cavab məktublarında göndərişdəki diaqnozların məzmunu, həmçinin göndərişin tarixi fərqli göstərilib (Xəstəxananın məktubunda göndərişin ##.##.2021-ci il tarixdə verildiyi qeyd olunub). Həmçinin, cavabdehin məktubunda göndərişdə “Sol baş nahiyəsinin bıçaq yarası...”, Xəstəxananın məktubunda isə “İti cisimdən istifadə etməklə qəsd etmə” yazıldığı qeyd olunub. İddiaçı isə ərizəsində qeyd edir ki, onda heç vaxt bıçaq xəsarəti olmamışdır. Göründüyü kimi, iddiaçının tibbi-sosial müayinəsinin əsası kimi çıxış edən göndərişin dəqiq məzmunu mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, iddiaçının hazırkı məzmunda tələbi o halda təmin oluna bilər ki, onun əlilliyi hərbi-həkim komissiyasının qərarı ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni həmin xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklərdən yaranmış olsun. Başqa sözlə, iddiaçıya aid “Əlillik haqqında arayışda” (i.v. 3) qeyd olunan və cavabdehin istinad etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.9-cu yarımbəndində təsbit olunmuş “qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9)” yanakı deyil, hərbi-həkim komissiyasının qərarı ilə səbəb əlaqəsi müəyyən edilmiş xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklər olmalıdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, iddia tələbi üzrə gəldiyi nəticəni təsdiq edən sübutlara əsaslanmalı idi. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz..
apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, ona “xxxx” səbəbilə əlilliyin təyin olunmasına dair cavabdehin ##.##.2021-ci il tarixli qərarının “səbəb” hissəsində dəyişdirilməsi, həmin hissədə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Fikrət Hüseynov və İlham Əsədov) ## ####### 2025ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilərək iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin ##.##.2021-ci il tarixli qərarı “səbəb” hissəsində dəyişdirilərək, həmin hissədə “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əlilliyin müəyyən edilməsindən ötrü Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən TSEK-ə təqdim edilmiş *******AADTS nömrəli göndəriş ##.##.2021-ci il tarixli deyil, ##.##.2021-ci il tarixlidir. Yəni göndərişin tarixi, Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən düzgün qeyd edilməsinə baxmayaraq, cavabdehin qərarında və məktublarında səhv yazılmışdır. Eyni zamanda, həmin göndərişin məzmunundan açıq-aydın görünür ki, iddiaçıda olan xəstəliklər və təyin edilmiş diaqnoz “xxxx” səbəbindən deyil, hərbi-həkim komissiyasının qərarı ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni həmin xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklərdən yaranmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz (“Qəlpə yaralanmasından sonrakı çapıq toxumalar”) əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə “xxxx” səbəbdən əlillik təyin etmişdir. ##.##.2021-ci il tarixdə əlillik təyin olunarkən müəyyən edilən, o cümlədən hazırda iddiaçının əziyyət çəkdiyi diaqnoz Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2021-ci il tarixli, *******AADTS nömrəli göndərişində əks olunan diaqnozla və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarı ilə müəyyən edilmiş diaqnozla – xəsarətlərlə eynilik təşkil edir. Belə olan halda, təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi halda, iddiaçıya “xxxx” səbəbindən əlilliyin təyin edilməsi qanunsuz və əsassız olmuşdur.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, **-* nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimat 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”;
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” olaraq müəyyən edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İşin təkrar apellyasiya icraatı zamanı müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya əlilliyin təyinatına əsas verən xəstəliklərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən olunmuş və ona ilkin olaraq 2016-cı ildə təyin olunmuş əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi qeyd olunmuşdur. Buna baxmayaraq, iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi nəticəsində cavabdeh tərəfindən ona “xxxx” səbəbindən ikinci dərəcə əlillik təyinatı barədə ##.##.2021-ci il tarixli qərar qəbul edilmişdir.
35. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarına istinadən, ona təyin olunmuş əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi qeyd olunmasını cavabdeh orqandan tələb etmişdir. Cavabdeh isə, iddiaçı barəsində tərtib edilmiş göndərişdə əks olunan son diaqnozda əlilliyin səbəb əlaqəsinin “xxxx” kimi qeyd olunduğuna, həmin diaqnozun iddiaçıya xxxx səbəbindən əlillik təyinatına əsas verdiyinə istinadən, onun müraciətinin təmin olunmasından imtina etmişdir.
36. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinin əsasız olduğu işin təkrar apellyasiya icraatı zamanı müəyyən edilmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktiki hallara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri MN-nin ştatlı Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərar əsasında müəyyən olunduğundan, cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli və ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları). Odur ki, cavabdeh formalaşmış məhkəmə təcrübəsinə uyğun davranmağa borcludur.
37. Cavabdehin kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
38. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
42. Odur ki, bu qərarın 38-41-ci bəndlərində qeyd olunanlar baxımından, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin ##.##.2021-ci il tarixli qərarının “səbəb” hissəsində dəyişdirilərək, həmin hissədə “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” qeyd edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
43. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.