Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4257/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində İddiaçın cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş məbləğin qaytarılması; etimadın qanunla qorunması, inzibati aktın qanunsuz olduğunu bilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində İddiaçın cavabdeh Cavabdeh qarşı əsasız ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanına əsasən iddiaçı tərəfindən ll dərəcəli müharibə əlili olan cavabdehə 8 800 manat məbləğində birdəfəlik müavinət ödənilmişdir.
2. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubla əsassız ödənilmiş 2 200 manat məbləğin Fondun müvafiq bank hesabına ödənilməsi xahiş olunmuş və bildirilmişdir ki, iddiaçı tərəfindən 6 600 manat əvəzinə, səhvən 8 800 manat ödənilmişdir.
3. Cavabdeh iddiaçının tələb etdiyi 2 200 manatı ödəməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 2 200 manat pul vəsaitinin geri tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021ci il ## ###### tarixli **** nömrəli Fərmanına (bundan sonra – Fərman) əsasən 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir.
6. Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə Qayda təsdiq edilmiş, Qaydanın 3.1-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. II dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. III dərəcə əlilliyə görə – 4 400 manat. İddiaçı II dərəcə əlil olmasına baxmayaraq ona 6 600 manat əvəzinə 8 800 manat ödəmə edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X6) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə bağlı ona ödənilən birdəfəlik ödəməyə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər X2-məruzəçi, Cabbarova Gülnar İnqilab qızı və Quliyev İsmayıl Rza oğlu) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
14. Məhkəmənin əsassız mövqeyi ilə razılaşmayaraq bildirilir ki, hazırkı iş etimad hüququnun təsir dairəsindən tamamilə kənardadır. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz. Göründüyü kimi, qanunvericilikdə etimadın qorunması hüququnu müəyyən edilməklə yanaşı, həmin hüququ istisna edən halların dairəsini dəqiq göstərmişdir. Bu hallardan biri də şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar təşkil edir. Qeyd edilən halda inzibati aktın və ya inzibati orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz olması şəxsə məlum olur və ya şəraitə görə ondan gözlənilən diqqət və ehtiyatlılığı göstərsəydi məlum ola bilərdi.
15. Eyni zamanda, hazırkı mübahisəyə münasibətdə iddiaçının artıq ödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, ödəmənin verilməsinə əsas olan normativ hüquqi aktla bağlı media subyektlərində yayılan məlumatlar, hüquqi aktın məzmunu və bununla bağlı digər hallar da nəzərə alınmalıdır.
16. Mübahisəni nizamlayan hüquqi aktlar, həmin aktlarda tənzimlənən məsələlər, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara birdəfəlik ödəmənin verilməsi ilə bağlı Qaydanın Fərmandan 8 ay sonra qəbul edilməsi, dolayısıyla bu müddət ərzində birdəfəlik ödənişin məbləği və kimə verilməsi barədə məlumat əldə edilmənin mümkünlüyü, habelə cavabdehin hərbi qulluqçu olması və digər hallar məcmu halında qiymətləndirildikdə cavabdehin etimad qorunması hüququ istisna edilməlidir.
17. Eyni zamanda, hazırki iş üzrə Cavabdeh etimad qorunması hüququ həm də ona görə istisna edilməlidir ki, Qaydada birdəfəlik ödəmə yalnız əlilliyi olan şəxslərə və onların vərəsələrinə verilməsi nəzərdə tutulmuş, birdəfəlik ödəmənin məbləği əlilliyin dərəcəsindən asılı olaraq sabit məbləğdə müəyyən edilmiş və həmin məbləğ "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunda əlilliyi olan şəxslərlə eyni məbləğdə göstərilmişdir. Dolayısıyla, yuxarıda göstərilən bütün şərait də nəzərə alındıqda vətəndaşın öz əlilliyinə görə ona ödənilməli olan birdəfəlik ödəmənin məbləğinin dəqiq bilməməsi həyatın adi axarında mümkün görünmür.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh şikayətə etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı, yəni ##.##.1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə xəsarət almış və 1-ci qrup əlillik verilmişdir. Əlilliyin yenidən qiymətlənməsi zamanı 2015-ci ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən məhkəmə qərarı qanuni olmuşdur.
Tətbiq edilən hüquq
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ...
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
24. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanına əsasən 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir.
26. Qaydanın 1.6-cı bəndinə əsasən birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir.
27. Qaydanın 3.1-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. II dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. III dərəcə əlilliyə görə – 4 400 manat.
28. İddiaçı II dərəcə əlil kimi cavabdehə 6 600 manat əvəzinə, 8 800 manat ödəniş etdiyini bildirərək artıq ödənilmiş 2 200 manatın geri qaytarılmasını xahiş edir. İddiaçı hesab edir ki, cavabdeh ikinci dərəcə əlil kimi ona 6 600 manat ödənilməli olduğunu bilirdi və bu əsasla 2 200 manatı almalı deyildi.
29. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə görə maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz.
30. İddiaçının istinad etdiyi “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, cavabdehin etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
31. Qeyd edilən halların müəyyən olunması həm də ona görə vacibdir ki, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən məhz etimad hüququnun qorunması prinsipinə və “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş cavabdehin etimadının qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad etmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bununla bağlı hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan suiistifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənlər nəzərə alınmalıdır.
34. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qiymətləndirilməlidir.
35. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinin tələbi baxımından maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz.
36. Qaydanın 2.1-ci bəndinə görə birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciətləri əsasında təyin edilir.
37. İşin hallarından müəyyən olunmur ki, cavabdehə ödənilən birdəfəlik müavinət onun müraciəti əsasında, yoxsa müraciəti olmadan iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh hətta izahatında bildirmişdir ki, əvvəllər onun əlilliyi birinci dərəcə olmuşdur. Bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır.
38. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdehin müraciəti əsasında ona birdəfəlik ödəmə həyata keçirilibsə, bu halda cavabdehin müraciətinə onun birinci, yaxud ikinci dərəcə əlilliyini təsdiq edən sənədin müraciətə əlavə edib etməməsi araşdırılmalı, cavabdehin müraciəti əsasında birdəfəlik ödəmə təyin edilibsə, cavabdeh müraciət edərkən ona hansı dərəcə əlilliyə görə hansı məbləğdə ödəmə edilməli olmasını bilmək imkanı olmuşdur. Bu halda mübahisəyə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinin, həmçinin həmin Qanunun 67.7-ci maddəsinin müddəaları çərçivəsində qiymət verilməlidir.
39. Birdəfəlik ödəmə iddiaçı tərəfindən cavabdehin müraciəti olmadan proaktiv qaydada təyin edilmişsə, “İnzibati icraat haqqında” Qanunun 67.7.3-cü maddəsində nəzərdə tutulan şərtlər istisna olunur, bu halda mübahisə həmin Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq həllini tapa bilər.
40. Cavabdeh kassasiya şikayətinə etirazında da ilk dəfə birinci dərəcə əlil olmasını bildirmişdir. Qaydanın 1.6-cı bəndinin tətbiqi baxımından bu halın müəyyən edilməsi işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edir.
41. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
42. İşin hallarından görünür ki, iddiaçı 8 800 manatı cavabdehə 2022-ci ilin avqust ayında ödəmiş, təxminən 2 ildən sonra ## #### 2024-cü il tarixli məktubla artıq ödənilmiş 2 200 manatın müvafiq bank hesabına ödənilməsini xahiş etmişdir.
43. Apellyasiya instansiya məhkəməsi iddiaçının artıq ödəməni nə vaxt bilməsi və bundan sonra hansı müddət ərzində cavabdehə müraciət etməsi, nəticədə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan 1 illik müddətə əməl edilib edilməsi ilə bağlı araşdırma aparmamışdır.
44. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməsi hissəsində şikayət təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçın kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0# ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.