Məhkəmə qərarları › İş №2-1(102)-4271/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4271/2025

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4271/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxslər Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və üçüncü şəxs1 MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ## ### 1959-cu il təvəllüdlüdür.

2. Iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, cəmi sığorta stajı 12 il 1 ay 18 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Təqdim etdiyi Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən sığortaedən üçüncü şəxs1 MMC tərəfindən ##.##.2005-ci il tarixindən ##.##.2011-ci il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatların təqdim edilməsi və müvafiq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sığortaedənə həvalə edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEIS) “Sığorta” (Hesabat) altsistemində sığortaedənin 2006-2011-ci illər üçün təqdim edilmiş hesabat məlumatlarına baxış keçirən zaman “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanların hesabları barədə məlumatlar”ın (Forma B3) təqdim edildiyi və sözügedən hesabatlarda ona dair məlumatların (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) əks olunmadığı müəyyən edilmişdir. Sığortaedən tərəfindən 2006-2011-ci illər üçün onun xeyrinə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunmasını müəyyənləşdirilməsi və həmin fərdi şəxsi hesablarda azaldılma aparılaraq müvafiq məbləğlərin iddiaçının fərdi şəxsi hesabına bərkidilməsi məqsədilə, səhv nəticəsində fərdi şəxsi hesabına artıq məcburi dövlət sosial sığorta haqqı ödənilmiş əməkdaşlar və həmin əməkdaşların xeyrinə ayrı-ayrılıqda hansı məbləğdə artıq məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə məlumatlar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra məhkəmə qərarının icrası mümkün olacaqdır. Həmçinin, müraciətinə əlavə etdiyi ödəniş qəbzində əks olunan məcburi dövlət sosial sığortası üzrə məbləğin Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq xəzinə hesab kitabına daxil olması barədə MEIS-in “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemində məlumat əks olunmamışdır. Ona proaktiv qaydada ##.##.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir.

QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyası hüququnun yarandığı ##.##.2021-ci il tarixindən - 62 yaşından əmək pensiyası təyin edilməsi və həmin tarixdən bu günədək ödənilən yaşa görə müavinət məbləği ilə təyin ediləcək pensiya məbləği arasında yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ### 1959-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. 2021-ci ildə pensiya yaşının çatması ilə əlaqədar əmək pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, müraciətinə cavab olaraq bildirilmişdir ki, sığorta stajı 12 il 2 ay 18 gün olduğu üçün, həmçinin də ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona əmək pensiyası təyin olunmasından imtina edilmiş və ##.##.2021-ci il tarixindən ona proaktiv formada yaşa görə sosial müavinət təyin olunmuşdur. Qeyd olunan məktubdan sonra məlum olmuşdur ki, onun ##.##.2005-ci il tarixindən ##.##.2011-ci il tarixinədək əmək müqaviləsi ilə işlədiyi (bununla bağlı müəssisə tərəfindən əmək kitabçasında müvafiq qeydlər aparılmış və möhürlə təsdiq edilmişdir) üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi dövlət sosial sığorta haqları hesablanmamış və DSMF-yə ödənilməmişdir. Bundan sonra iddia ərizəsi ilə cavabdeh üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Səbail Rayon Məhkəməsinə müraciət edərək, “##.##.2005-ci il tarixindən ##.##.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin cavabdeh üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş (qətnamə əlavə edilir), həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya göndərilmişdir. Daha sonra isə borclu üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi icra edilərək, onun ##.##.2005-ci il tarixindən ##.##.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi hesaba ödənilmişdir. Göstərilənlərdən məlum olur ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasının səbəbi ondan asılı olmamışdır və artıq həmin dövr ərzində işlədiyi ##.##.2005-ci il tarixindən ##.##.2011-ci il tarixinə qədər olan müddətə görə məcburi dövlət sosial sığorta haqqı məhkəmə qətnaməsinə əsasən işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. Bundan sonra təkrarən Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, ona əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan iddiaçının müraciətinin icrasından yenə də imtina etmiş və müraciətinə ##.##.2024-cü il tarixli məktub ilə əsassız imtina cavabı vermişdir. Qanunvericiliyin tələblərinə əsasən ##.##.2020-ci il tarixindən ##.##.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilmişdir. 62 yaşı da ##.##.2021-ci il tarixində tamam olmuşdur. ##.##.2005-ci il tarixindən ##.##.2011-ci il tarixinədək əmək müqaviləsi ilə üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyindən həmin dövrə görə işəgötürən tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqları hesablanaraq ödənilməli idi. Lakin işəgötürən öz öhdəliklərini yerinə yetirməmiş, buna nəzarət etməli olan inzibati orqan (DSMF) da öz vəzifələrini lazımınca yerinə yetirməyərək işəgötürənin yol verdiyi qanunsuzluqları aşkar etməmişdir. Belə olan halda isə qanunvericiliyin tələblərinə əsasən onun ##.##.2006-cı il tarixədək olan sığorta stajı 25 il kimi nəzərə alınmalı və əmək pensiyası təyin edilməlidir. ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasının səbəbi ondan asılı olmamışdır və işəgötürənin yol verdiyi qanunsuzluqlar ziyanına şərh oluna bilməz. Odur ki, hazırda inzibat orqanın əmək pensiyası təyin etməkdən imtina etməsi qanunsuz olmuşdur.

5. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cavabdehin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının sosial sığorta stajı 12 il 1 ay 18 gün təşkil edir. Sözügedən məktuba əsasən, ##.##.2005-ci il tarixdən ##.##.2011-ci il tarixədək üçüncü şəxs1 MMC-də işlədiyi dövrlər iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları aşkarlanmadığından mübahisələndirilmişdir. Iddiaçı bununla bağlı müəssisəyə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, əmək müqaviləsi əsasında işlədiyi müvafiq dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişinin Fonda ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2(009) ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının ##.##.2005-ci il tarixdən ##.##.2011-ci il tarixədək üçüncü şəxs1 MMC-də işlədiyi dövrlərə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının Fonda ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEIS) “Sığorta” (Hesabat) altsistemində sığortaedənin 2006-2011-ci illər üçün təqdim edilmiş hesabat məlumatlarına baxış keçirən zaman “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanların hesabları barədə məlumatlar”ın (Forma B3) təqdim edildiyi və sözügedən hesabatlarda iddiaçıya dair məlumatların (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) əks olunmadığı müəyyən edilmişdir. Sığortaedən tərəfindən 2006-2011-ci illər üçün iddiaçının xeyrinə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunmasını müəyyənləşdirilməsi və həmin fərdi şəxsi hesablarda azaldılma aparılaraq müvafiq məbləğlərin iddiaçının fərdi şəxsi hesabına bərkidilməsi məqsədilə, səhv nəticəsində fərdi şəxsi hesabına artıq məcburi dövlət sosial sığorta haqqı ödənilmiş əməkdaşlar və həmin əməkdaşların xeyrinə ayrıayrılıqda hansı məbləğdə artıq məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə məlumatlar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim olunmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının müraciətinə əlavə etdiyi ödəniş qəbzində əks olunan məcburi dövlət sosial sığortası üzrə məbləğin Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq xəzinə hesabına daxil olması barədə MEIS-in “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemində məlumat əks olunmamışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan və ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir.

6. Bakı Inzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının və üçüncü şəxs1 MMC-nin üçüncü şəxslər qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

7. Bakı Inzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı ##.##.2021-ci il tarixdən, 62 yaşından əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 10.1. Iddiaçı ## ### 1959-cu il tarixdə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 62 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) Iddiaçının pensiya yaşının tamam olması, 2) Iddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırkı işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını təqdim etmişdir. Iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının iş stajı 25 ildən azdır. Ona görə də hazırkı işdə iddiaçının tələbinin təmin olunması üçün onun 62 yaşının tamam olduğu tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb olunur. Işdə olan Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçının ##.##.2005-ci il tarixdən ##.##.2011-ci il tarixədək üçüncü şəxs1 MMC-də işlədiyi dövrlərə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının Fonda ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qətnamə üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilərək iddiaçının ##.##.2005-ci il tarixindən ##.##.2011-ci il tarixinə kimi işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Dövlət Sosial Müdafiə Fondunun göndərdiyi hesaba ödənilmişdir. Belə ki, işdə olan qəbzin surətinə əsasən 1051 AZN (köçürüləcək məbləğ 1049,73 AZN, komissiya məbləği 1,05 AZN) AZ**CTRE******************** nömrəli hesaba ödənilmişdir. Apellyasiya baxışı zamanı sözügedən qətnamənin icrası ilə bağlı icraat məlumatlarının məhkəməyə təqdim olunması barədə Səbail rayon Icra və probasiya şöbəsinə sorğu verilmiş və həmin məlumatlar aidiyyəti orqan tərəfindən məhkəməyə göndərilmişdir. Həmin məlumatlardan görünür ki, ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Səbail rayon Icra şöbəsinin icra məmuru X1 ##.##.2024-ci il tarixdə icraatına daxil olmuş Bakı Şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli icra sənədini nəzərdən keçirərək iddiaçı İddiaçı ##.##.2005-ci il tarixindən ##.##.2011-ci il tarixinə qədər işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin cavabdeh üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Icra şöbəsinin Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan ## #### 2024cü il tarixli məktubu ilə icra sənədi ##.##.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Icra sənədinə göstərilən dövrə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün müvafiq bank rekvizitlərinin göndərilməsi xahiş olunmuşdur. Bununla bağlı, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Icra şöbəsinə ünvanlanan ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ”xxxx” MMC tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün bank rekvizitləri icra şöbəsinə göndərilmişdir. B1. Benefisiar alan müştəri Kodu: 210005, VÖEN:**********, MH:AZ41NABZ013600000000003944, S.W.İ.F.T BIK CTREAZ22, B2 alan müştəri Adı: Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı H/H AZ36CTRE00000000000007017617, VÖEN:**********. Işdə olan ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmə qərarının icrası ilə bağlı DSMF-nun müvafiq icra şöbəsinə təqdim etdiyi məlumatlar əsasında ödənilməli olan 1051 AZN (köçürüləcək məbləğ 1049,73 AZN, komissiya məbləği 1,05 AZN) məktubda göstərilən məhz AZ**CTRE******************** nömrəli hesaba köçürülmüşdür. 10.2. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin dövrlər üzrə məlumatlar İddiaçı fərdi şəxsi hesablarında əks olunmamışdır. Yəni məcburi dövlət sosial sığorta haqları hesablanılıb, ödənilib, lakin sığortaolunan haqqında məlumatlar (Forma B3) təqdim olunmadığından iddiaçının əmək pensiyası tam hesablanıb ödənilməmişdir. Lakin sonradan sığortaedən üçüncü şəxs1 MMC tərəfindən 1049,73 AZN Dövlət Sosial Müdafiə Fondunun özünün göstərdiyi bank hesabına köçürüldüyü üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün yaranmış maneə aradan qaldırılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməsi, habelə məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) göndərilməsinə nəzarət iddiaçının deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsidir. Belə ki, “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilənə qədər (# ###### 2019-cu il tarixədək) məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirdi. Odur ki, ##.##.2005-ci il tarixdən ##.##.2011-ci il tarixədək üçüncü şəxs1 MMC-də işlədiyi dövrdə iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqlarının aşkarlanmaması iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Bu baxımdan iddiaçıya 62 yaşının tamam olduğu ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

12. Cavabdeh kassasiya şikayətində iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un # dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

16. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 11-ci maddəsinə əsasən sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. 4.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; .... 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ....

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. .... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyası hüququnun yarandığı ##.##.2021-ci il tarixindən - 62 yaşından əmək pensiyası təyin edilməsi və həmin tarixdən bu günədək ödənilən yaşa görə müavinət məbləği ilə təyin ediləcək pensiya məbləği arasında yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

26. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar