Məhkəmə qərarları › İş №2-1(102)-4272/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4272/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4272/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın mübahisələndirilməsi; məhkəmənin obyektiv araşdırma vəzifəsinin sərhədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarların ləğv edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə süni şəkildə yaradılmış maneənin aradan qaldırılması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikasının Cavabdeh ##.##.2024-cü il tarixli, **************** saylı qərarı ilə İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Qərar onunla əsaslandırılmışdır ki, ##.##.2023-##.##.2023-cü il tarixdə olan dövr iddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində armatur, dəmir kanal, profil, avtoşin və s. təqdim edilmiş, həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir.

2. Azərbaycan Respublikasının Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqına görə 1879,20 manat və qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəliyə görə 6890,40 manat əlavə dəyər vergisi hesablanmışdır. - Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən ona əlavə dəyər vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən əlavə dəyər vergisi hesablanmışdır.

3. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsinin rəisi tərəfindən Dövlət Vergi Xidmətinin rəis müavininə ünvanlanmış xidməti məktubda İddiaçı hər hansı X1 tədbiri həyata keçirilmədiyini qeyd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ## ###### 2024-cü il tarixli, **************** saylı və ## ###### 2024-cü il tarixli, **************** saylı qərarların ləğv edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə süni şəkildə yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının riskli vergi ödəyicisi olması barədə müqavilə tərəfləri olan alıcıların məlumatı əsasında müəyyən olmuşdur ki, alıcılar e-taxes.gov.az portalından istifadə edib əməliyyatlar həyata keçirərkən, iddiaçının riskli vergi ödəyicisi olması barədə xəbərdarlıq ekranda göstərilməkdədir. Bu səbəbdən maliyyə əməliyyatlarının aparılmasında məhdudiyyətlər yaranmışdır. Iddiaçı tərəfindən riskli vergi ödəyicilərinin siyahısı yoxlanarkən məlum olmuşdur ki, iddiaçının riskli vergi ödəyicisi kimi ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. ##.##.2024-cü il tarixli qərarla isə iddiaçı barəsində vergi, sosial sığorta və işsizlik sığortası haqları və ya cari ödəmələr üzrə borc öhdəliyi müəyyən edilmişdir. Iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən hüquqi şəxs olmuşdur. Iddiaçı barəsində öncələrdən hər hansı vergi borcu, vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdir. Iddiaçı tərəfindən hər hansı əmtəəsiz əməliyyat həyata keçirilməmişdir. Vergi orqanı tərəfindən düzgün araşdırılma aparılmamışdır. Buna baxmayaraq iddiaçı fəaliyyət göstərərkən hər hansı əsası olmayan məhdudiyyətlərə məruz qalmaqdadır. Hal-hazırda iddiaçı əməkdaşlıq edən müqavilə tərəfləri onunla iş görməkdən çəkinməkdədir. Satışlardan vəsaitlər daxil olmadığından iddiaçı tərəfindən banklardan götürülmüş kreditlərin ödənilməsində ciddi problemlər yaranmaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il ## #### tarixli, *** saylı Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarı” təsdiq edilmişdir. Şirkətin fəaliyyətində həmin meyarlara uyğun gələn hal yoxdur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Belə ki, ##.##.2023-##.##.2023-cü il tarixdə olan dövr iddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində armatur, dəmir kanal, profil, avtoşin və s. təqdim edilmiş, həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. ## ###### 2024-cü il tarixli, **************** saylı Qərara münasibətdə bildirilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020- ##.##.2023-cü il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1 226 887 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1 225 008 manat olması nəticəsində təqdim edilən bəyannamələr üzrə ümumilikdə 1879 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** saylı uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən, 2023-cü ilin noyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 1879,2 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə iddiaçıya ##.##.2024-cü il tarixli qərar göndərilmişdir.

7. Bakı Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2024-cü il tarixli, **************** saylı qərarının ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim - E.Abdullayev)

8. Məhkəmə hesab etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024 cü il tarixli, **************** nömrəli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, ##.##.2023-##.##.2023-cü il tarixdə olan dövr iddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində armatur, dəmir kanal, profil, avtoşin və s. təqdim edilmiş, həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində keçirilmiş X1 tədbirinin (bundan sonra- OVN) nədən ibarət olduğunu aydınlaşdırmaq üçün həmin tədbirlə bağlı ətraflı məlumat və sənədlərin məhkəməyə təqdim edilməsi barədə cavabdehə iki dəfə məhkəmə sorğusu verilməsinə və məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinə bildirilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin sənədlər məhkəməyə göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də həmin OVN tədbirinin nədən ibarət olduğunu məhkəməyə izah edə bilməmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsinin rəisi tərəfindən Dövlət Vergi Xidmətinin rəis müavininə ünvanlanmış xidməti məktubda İddiaçı MMC-də hər hansı X1 tədbiri həyata keçirilmədiyi qeyd edilmişdir. Cavabdeh iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qəbul etdiyi qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, yalnız həmin şərtlərin mövcudluğunu formal olaraq məhkəməyə bildirməklə kifayətlənmişdir. Bu səbəbdən iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən: N.Nəbizadə, hakimlər - M.Tağızadə, E.Əliyev).

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Hazırkı iş çərçivəsində cavabdeh tərəfindən istinad olunan halların həqiqətən də müəyyən edilməsi isə iş materialları ilə öz təsdiqini tapmır. Halbuki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, OVN tədbirinin keçirilmədiyi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş elektron-qaimə fakturalar üzrə əmtəəsiz əməliyyatlar aparılması faktı aparılmış araşdırmanın nəticəsi olaraq aşkar edilmişdir. Belə ki, keçirilmiş vergi nəzarəti zamanı iddiaçı ilə əlaqə saxlanılmasının mümkün olmaması, iddiaçının aparılmış araşdırmada iştirak etməkdən və vergi orqanı tərəfindən təqdim olunan bildirişdə göstərilən sənədləri təqdim etməkdən imtina etməsi, iddiaçının ##.##.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınması və 8 509 297,67 manat dəyərində əməliyyatın rəsmiləşdirilməsi barədə sənədlər təqdim edildikdən sonra ##.##.2023cü ildə fəaliyyətini dayandırması, nəticədə cəmi 5 ay fəaliyyət göstərməsi, real vergi ödəyicisi görüntüsü yaratmaq məqsədilə ##.##.2023-cü il tarixdə vergi orqanında təsərrüfat subyektinin uçota alınması və bundan 3 ay sonra, yəni ##.##.2023-cü il tarixdə obyektin qeydiyyatının ləğv edilməsi, qarşılıqlı əməliyyat apardığı kontragentlərin alışında onların təqdim etdikləri malların olmaması, iddiaçının mülkiyyətində nəqliyyat vəsitələrinin olmaması, malların digər ödəyicilər tərəfindən daşınması ilə bağlı heç bir rəsmi sənədin (e-qaimə faktura və yol vərəqəsinin) mövcud olmaması, kontragent təşkilatların mülkiyyətində nəqliyyat vasitələrinin, işçilərinin və təsərrüfat obyektlərinin olmaması iddiaçının əmtəəsiz əməliyyat apardığını, faktiki alış və satış əməliyyatlarının mövcud olmadığını, yalnız ƏDV əvəzləşdirməsinin aparılması və mənfəət vergisi üçün xərclərin rəsmiləşdirilməsi üçün saxta e-qaimə fakturalar tərtib edildiyini və bu səbəblərdən də riskli vergi ödəyicisi hesab olunduğunu sübuta yetirir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

16. Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FIN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)

18. “Inzibati icraat haqqında” Qanunu Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

19. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərarın ləğvi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

24. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunma əsası vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı müəyyən edilmiş əməliyyatların əmtəəsiz olmasıdır. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsinin rəisi tərəfindən Dövlət Vergi Xidmətinin rəis müavininə ünvanlanmış xidməti məktubda İddiaçı hər hansı X1 tədbiri həyata keçirilmədiyi qeyd edilmişdir. X1 tədbirinin həyata keçirilmədiyi məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən də təsdiq edilmişdir.

25. Beləliklə də apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qəbul etdiyi qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, yalnız həmin şərtlərin mövcudluğunu formal olaraq məhkəməyə bildirməklə kifayətlənmişdir. Bu səbəbdən iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir.

26. Həmçinin məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə dəlillərinə qarşı qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də IPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin IPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

27. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan, yaxud vergi ödəyicisi barədə digər qərar qəbul edildikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

28. Beləliklə, cavabdeh inzibati icraat haqqında normaların, prinsiplərin və vergi qanunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, IPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur.

29. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar