Məhkəmə qərarları › İş №2-1(102)-4275/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4275/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4275/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin ## ####### 1999-cu il tarixli ** saylı sərəncamından çıxarışa əsasən “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ### 1991-ci il tarixli, *** saylı qərarı ilə Saray qəsəbə XDS Icraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsi ayrılması və həmin sahədə ona fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.

2. Iddiaçı cavabdehə müraciət edərək, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh ##.##.2023-cü il tarixli imtina məktubu ilə Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ####### 1999-cu il tarixli, ** nömrəli s rəncamından çıxarışı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə edilməməsi, sözügedən torpaq sahəsinin bir hissəsinin 6 kVt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və torpaq sahəsinin təyinatına və kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahələrinə aid olması bildirilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mütəxəssis rəyində qeyd olunan üst-üstə düşən 0,0016 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan hissədə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini işin hallarına uyğun əsaslandırmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiası təmin edilməlidir.

6. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz verilərək Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ####### 1999-cu il tarixli, ** nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, iddia predmeti olan torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və sözügedən torpaq sahəsinin bir hissəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi bildirilmiş və buna görə imtinanın qanuni hesab edilməsi, iddianın isə rədd edilməsi xahiş edilmişdir.

7. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0984 ha torpaq sahəsi üzərində iddiaçı iddiaçı İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin mütəxəssis rəyində qeyd olunan X3 torpaq sahəsi ilə üst-üstə düşən 0.0016 ha hissədə iddia tələbi azaldılmış, qonşuluqda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququ yaşayış məntəqələri torpaqları kimi qeydə alınmışdır. Bundan başqa yaxınlıqda yerləşən 10 kVt-luq “Saray-8” hava xətti 2013-cü ildə çəkilmişdir. 10 kVT-luq yüksək gərginlikli elektrik xətti ən azı 2 m aralı məsafədə yerləşməli olduğu halda mübahisələndirilən torpaq sahəsi ilə elektrik verilişi xətti arasında məsafə 6 m təşkil edir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, indiki halda iddiaçı mübahisəli torpaq sahəsinin ona Abşeron rayon Icra Hakmiyyəti Başçısının ##.##.1999-cu il tarixli ** saylı sərəncamına istinad edərək, onun adına torpaq sahəsinin ayrıldığını bildirsə də, həmin sənədin məzmununda və ya ona əlavə sənəd kimi torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını, texniki göstəricilərini müəyyən edən heç bir sənəd mövcud olmamış, habelə indiki halda da bu hala dair heç bir sənəd təqdim edilməmişdir. Hazırda təqdim etdiyi bələdiyyə tərəfindən tərtib olunmuş yerquruluşu planından çıxarışda belə koordinatlar qeyd olunmamışdır. Çıxarışın arxasındakı koodinatlar möhür və səlahiyyətli şəxsin imzası olmadan qeyd olunmuşdur. Həmin koordinatların ümumiyyətlə həmin torpaq sahəsinə aid olması bəlli deyildir. Bundan başqa Abşeron rayon Saray bələdiyyəsi məhkəmənin sorğusuna verdiyi cavab məktubunda həmin koordinatların düzgün olmadığını bildirmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, iddiaçının istinad etdiyi sənəd əsasında qeyd edilmiş torpaq sahəsinin məhz ona ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi halını müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə hazırki mübahisə predmeti olan torpaq sahəsinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi olması halını müəyyən edən heç bir sübut mövcud olmamışdır. Həmçinin, sözügedən torpaq sahəsinin faktiki olaraq kimin istifadəsində olması müəyyən deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən də naturada göstərdiyi torpaq sahəsi olmasının müəyyən edilməsi mümkün olmadığından, başqa sözlə torpaq sahəsinin yeri bəlli olmadığından və bu hallar özlüyündə iddianın əsaslılığını istisna etdiyindən, imtinanın və apellyasiya şikayətinin digər dəllilləri üzrə qiymətləndirmənin aparılmasına zərurət qalmamışdır. Bundan əlavə, “xxxx” MMC tərəfindən verilmiş məktublardan görünür ki, təqdim edilən yerquruluşu planından çıxarışlarda qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayon Saray Üzümçülük sovxozunun hüdudları daxilində yerləşir.

11. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

12. Iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışların verilməsinə əsas olan ilkin sənədlərin əksəriyyəti iddiaçıya verilmiş sərəncam ilə eyni məzmunlu sərəncam əsasında verilmişdir. Yəni, həmin torpaq sahələri Abşeron Rayon Icra Hakimiyyəti Başçısının Saray Qəsəbəsi üzrə nümayəndəliyinin ##.##.1999-cu il tarixli ** saylı sərəncamı ilə Köhnə Saray kəndində ata-baba yurdunun bərpası ilə əlaqədar vətəndaşların mənzil şəraitinin yaxşılaşdıırlması ilə bağlı Abşeron Rayon XDS icraiyyə komitəsinin ##.##.1991-ci il tarixli *** saylı qərarı ilə ayrılmışdır. Abşeron RIHB-nın Saray qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən X1 verilmiş ##.##.1999-cu il tarixli ** nömrəli sərəncam əsasında ##.##.2019-cu il tarixdə DƏDRX-nin * saylı ərazi idarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli çıxarışı, X2 verilmiş ##.##.2015-ci il tarixli çıxarışı və iş materiallarında olan bu kimi bir neçə çıxarışları nümunə kimi göstərə bilər. Bütün bu olan onu göstərir ki, qeyd edilən torpaq sahəsi digər şəxslərə verilmiş sərəncam əsasında onların mülkiyyət hüququnun tanınması məhkəmə tərəfindən sübuta yetirilmiş olsa da, məhkəmə iddiaçının bərabərlik və etimad hüququnu pozmaqla mənbəyi məlum olmayan sübutlar əsasında üçüncü şəxsə ayrılmış torpaq sahəsini öz formal mülahizələri əsasında təhrif edərək iddia tələbini rədd etmişdi. Bələdiyyələr tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışlarda koordinatlar sənədin arxa hissəsində qeyd olunmaqla müvafiq imzalar və möhürlər sənədin birinci səhifəsində icra edilir. Məhkəmənin yerquruluşu planından çıxarışda sənədin düzgünlüyünün əks etdirilməməsi ilə bağlı gəldiyi nəticənin nədə ifadə olunmasını qərarda göstərməmişdir. Sənəd üzərində olan möhür hissəsinin tanınmaz şübhəli möhürdən istifadə edilməsi ilə bağlı gəldiyi nəticəsini əsassız hesab edir, ona görə ki, məhkəmə sənəd üzərinə vurulmuş möhürün şübhəli olması barədə halları aşkar etmişdirsə onda bununla bağlı ekspertiza təyin etməli və bu halları müəyyən etməli idi. Bundan başqa mübahisəli torpaq sahəsinin ətrafındakı torpaq sahələrinin 4 nəfərin adına çıxarış alınmışdır. Həmin ərazi sovxoz ərazisi ola bilməz, sərəncamdan da göründüyü kimi, həmin ərazi vətəndaşların ata-baba yurdunun bərpası məqsədi ilə verilmişdir. Abşeron rayon Saray bələdiyyəsi məhkəmənin sorğusuna verdiyi cavab məktubunda həm iddiaçıya həm də üçüncü şəxsə münasibətdə hər iki torpaq sahəsinin sənədlərinin eynilik təşkil etdiyini qeyd etmişdir. Amma məhkəmə bu halları da öz xəyali düşüncəsinə uyğun olaraq təhrif edərək sənəd üzərində iddiaçıya ayrılmış torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə eynilik təşkil etmədiyini, həmin mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin olması barədə hər hansı sübutun təqdim edilmədiyini qeyd etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

23. Işin hallarına görə, “Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ####### 1999-cu il tarixli, ** nömrəli sərəncamına əsasən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazə verilmişdir.

24. Hazırda iddiaçının hüquqi marağı mütəxəssis rəyində qeyd olunan üst-üstə düşən 0,0016 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan hissədə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.

25. Iddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit edilmiş qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlara istinad etmişdir.

26. Cavabdeh orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin əsasları aşağıdakılardan ibarət olmuşdur: 1) Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ####### 1999-cu il tarixli, ** nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir; 2) Iddia predmeti olan torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşir; 3) Sözügedən daşınmaz əmlakın bir hissəsi təyinatı və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələri, bir hissəsi isə kənd təsərrüfatı təyinatlı (örüş) ərazidə yerləşir.

27. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayıb onu təmin etsə də, apelyasiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən ilk olaraq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məhz müvafiq sərəncam əsasında ona ayrılmış torpaq sahəsi olmasının müəyyən edilmədiyinə (bunun mümkün olmadığına) istinad etmişdir.

28. Iş materiallarından görünür ki, iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ####### 1999-cu il tarixli, ** nömrəli sərəncamı Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, *** nömrəli qərarı əsasında qəbul edilmişdir. Sonuncu qərarla Saray qəsəbə XDS Icraiyyə Komitəsinin sərəncamına Köhnə Saray kəndində ata-baba yurdunun bərpası ilə əlaqədar vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verilmiş 12 ha torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin sərəncamın qəbul edilməsinə əsas olmuş, eləcə də həmin sərəncamın icrası ilə bağlı sənədləri, o cümlədən torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısının mövcud olub-olmadığını, mövcud olduğu təqdirdə onu əldə etməmiş, adı siyahıda olan (iddiaçı ilə eyni vaxtda və eyni sərəncam əsasında torpaq sahəsi ayrılmış) digər şəxslərə ayrılmış sahələrə münasibətdə ilkin baş planın və ya təsdiq olunmuş ayrıc aktının tərtib edilib-edilməməsini, onlara ayrılmış torpaq sahəsinin kateqoriyasını və həmin şəxslərin onlara ayrılmış torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydə alınıb-alınmamasını araşdırmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sərəncam, yerquruluşu sənədləri, plan-sxemlər və digər materiallar arasında əlaqəni tam müəyyən edib, həmin sənədlərin bir-birinə uyğunluğu və hüquqi əhəmiyyəti də lazımi qaydada qiymətləndirməmişdir.

30. Bununla yanaşı, apellyasiya məhkəməsi mübahisəli torpaq sahəsinin digər şəxslərin adına qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşməsini qeyd etsə də, bunun səbəblərini, həmçinin iddiaçının əvvəlki hüquqi vəziyyətinə təsirini tam araşdırmamışdır.

31. Nəticə etibarilə iddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən də naturada göstərdiyi torpaq sahəsi olmasının müəyyən edilməsi mümkün olmadığından imtinanın əsaslılığı qənaətinə gələn məhkəmə iddiaçının təqdim etdiyi sənədlərlə eyni olan sənədləri təqdim etmiş digər şəxslərin hüquqlarının qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmasının iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması aspektindən hər hansı qiymətləndirməni aparmamışdır.

32. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

33. Inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur.

34. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.

35. Qeyd olunması vacibdir ki, bərabər yanaşma və etimadın qorunması prinsiplərinin tətbiqi baxımından cavabdeh tərəfindən qonşu torpaq sahələrinə mülkiyyət hüquqlarının hansı əsasla (yerli icra hakimiyyəti orqanının sərəncamı və ya bələdiyyə qərarı) qeydə alınması əhəmiyyət daşımır. Bu zaman həlledici olan həmin qeydiyyatın qanunauyğun aparılması ilə bağlı məqamdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi müvafiq qeydiyyat sənədlərinə əsasən həmin qonşu torpaq sahələrinin kateqoriyasını müəyyənləşdirməli və bunun üzərindən bərabər yanaşma və etimadın qorunması prinsiplərinin tətbiqinin mümkünlüyünə qiymət verməli idi. Iddiaçının qonşuluğunda yerləşən, eyni faktiki hallara və hüquqi əsaslara söykənən ayrı-ayrı şəxslərin torpaq sahələri üzərində hüquqlarının qeydə alınması və bu barədə verilmiş müvafiq çıxarışlara da apelyasiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir.

36. Iddia predmeti olan torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı qeyd olunur ki, belə hal mövcud olsa belə, bunun müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmadığı və bu barədə vahid məhkəmə təcrübəsinin yetişdiyi nəzərə alınmalıdır.

37. Həmçinin apellyasiya instansiyası məhkəməsi sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olmasına dair imtina dəlilinə münasibətdə hər hansı araşdırmanı aparmadan yalnız mütəxəssis rəyinin məzmununu qeyd etməklə kifayətlənmişdir. Halbuki iddiaçının tələbinin təmin olumasında qeyd olunan əsasın torpaq sahəsi ayrılarkən də mövcud olub-olmadığının araşdırılması çox önəmlidir.

38. Apelyasiya məhkəməsi qərarında onu da qeyd etmişdi ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(**)-****/**** saylı qərardadından görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı Abşeron rayonu Saray XDS IK-nin ##.##.1990-cı il tarixli 47.* nömrəli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzırinə qoyulması tələbinə dair iddia tələbinin təmin edilməsinə dair məhkəmənin ##.##.2025-ci il tarixli qərarı İddiaçı ərizəsi əsasında ləğv edilmiş, sonuncu iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

39. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə yenidən baxılarkən adı çəkilən inzibati işin nəticəsi barədə məlumat da əldə edilib araşdırılmalı və hazırkı iş üzrə obyektiv qərarın qəbulunda nəzərə alınmalıdır.

40. Inzibati mübahisələr üzrə məhkəmə araşdırmasının məqsədi yalnız tərəflərin təqdim etdiyi sübutların formal qiymətləndirilməsi ilə məhdudlaşmır. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları araşdırmalı, cavabdehin hərəkətlərinin nəticələrini və şəxsin hüquqi vəziyyətini nəzərə almalıdır.

41. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından hazırkı mübahisəyə münasibətdə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi imkanlarına, eləcə də həmin prinsiplərin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan hallar tam müəyyən edilmədən, mövcud sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmadan və hər bir sübuta ayrıca hüquqi qiymət verilmədən nəticəyə gəlinmişdir.

43. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

44. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar