Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4278/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsalı Ağasadiq Saleh oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İsalı Ağasadiq Saleh oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
1. İsalı Ağasadiq Saleh oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “##.##.2017-ci il tarixdən 1-ci qrup müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə qismən təmin edilərək iddiaçının orqanizminin funskiyalarının 85-100% pozulmasının ##.##.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – G.Sevdimalıyeva).
3. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş və inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir (sədrlik edən – E.Əliyev, hakimlər – A.Oruczadə, G.Abbasova).
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı Yardımlı rayonu, Zəngəran kəndində qeydiyyatdadır. İddiaçı barədə müvafiq göndəriş də Yardımlı Rayon Mərkəzi Xəstəxanasından verilmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə üzərinə müvafiq vəzifənin qoyulmasının tələb edildiyi cavabdehin yurisdiksiyası birdən çox inzibati məhkəməni əhatə etdiyindən, hazırkı iş aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri (qeydiyyatda) olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2019-cu il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Yardımlı rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, iddiaçının hüquqlarının və qanuni maraqlarının qorunması, məhkəməyə əlçatanlığı, işə baxılmasında yarana biləcək çətinliklərin qarşısının alınması, şəxsin pozulması ehtimal edilən hüquqlarının səmərəli bərpa edilməsi məqsədilə işə Şirvan İnzibati Məhkəməsində baxılması daha qanuni və əsaslıdır.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən də görünür ki, iddiaçı formal olaraq Yardımlı rayonu, Zəngəran kəndində qeydiyyatda olmasına baxmayaraq, əslində 2004-cü il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, “Dədə Qorqud” qəsəbəsi, dalan 90 ünvanında ailəsi ilə birlikdə yaşayır və həmin ünvan onun faktiki olduğu yerdir.
8. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Zığ qəsəbəsi, “Dədə-Qorqud” yaşayış massivində yaşayır. Göründüyü kimi, iddiaçının faktiki daimi yaşayış və olduğu yerin ünvanı Bakı şəhəri, Zığ qəsəbəsi, “Dədə-Qorqud” yaşayış massivində yerləşir.
9. Belə olan halda, Bakı İnzibati Məhkəməsi inzibati mübahisəyə dair hazırkı işə baxaraq yekun qərar qəbul etməklə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələblərinə riayət etmiş və bununla da aidiyyət qaydalarını pozmamışdır.
10. Çünki, iddiaçının olduğu yerin ünvanı Bakı şəhəri, Zığ qəsəbəsi, “Dədə-Qorqud” yaşayış massivi olduğundan və həmin ünvanda faktiki olaraq 2004-cü il tarixdən daimi yaşadığından Bakı İnzibati Məhkəməsi haqlı olaraq iddiaçının iddia ərizəsini aidiyyəti üzrə icraata qəbul etmiş və yekun məhkəmə aktı qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; ... 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı inzibati işin baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.
17. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
18. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Azərbaycan Respublikası İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
20. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinə ##.##.2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2019-cu il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Yardımlı rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.
22. İşin faktiki hallarından görünür ki, iddiaçı ona ##.##.2017-ci il tarixdən 1-ci qrup müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı Yardımlı rayonu, Zəngəran kəndində qeydiyyatdadır. İddiaçı barədə müvafiq göndəriş də Yardımlı Rayon Mərkəzi Xəstəxanasından verilmişdir.
23. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, müvafiq vəzifənin qoyulmasının tələb edildiyi cavabdehin yurisdiksiyası birdən çox inzibati məhkəməni əhatə etdiyindən, hazırkı iş aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri (qeydiyyatda) olduğu yer üzrə məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin “inzibati ərazi dairəsi tərəfindən verilmiş arayış” ilə bağlı dəlilinə münasibətdə bildirir ki, həmin arayışın məzmunundan da göründüyü kimi, arayış iddiaçının hazırda müvafiq ünvanda qeydiyyatsız yaşaması barədə olmaqla arayış alınan ana münasibətdə verilmişdir. Bundan başqa, kassasiya şikayətinə əlavə edilmiş alqı-satqı müqaviləsi ilə bağlı bildirilməlidir ki, həmin müqavilədə tərəflər qismində iddiaçının adı əks olunmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının Bakı şəhərində daşınmaz əmlakı mövcud olsa belə, bu hal iddiaçının hazırkı tələbinə baxılması zamanı ərazi aidiyyətinin dəyişməsi üçün əsas deyildir.
25. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.