Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4282/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki birinci icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pensiyasının yenidən hesablanması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun pensiya məbləğini səhv hesablamışdır. Pensiya məbləği 144 ay nəzərə alınmaqla yox, 90 ay nəzərə alınmaqla hesablanmalıdır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Əmr və Sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində drezinaların sürücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə ##.##.1992-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” QSC-nin * saylı yol distansiyasında kran drezina maşinistləri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda göstərilən siyahı üzrə metropolitenlər sahəsinə aid deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yaranmamışdır. Iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Qərar ilə təsdiq olunmuş siyahıda Nəqliyyat bölməsində (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndi (21.4) kimi öz əksini tapmışdır. Lakin sözügedən bənddə onun işlədiyi vəzifə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Daha sonra Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubu ilə iddiaçıya ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi bildirilmişdir. Iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, ##.##.2006-cı il tarixədək ümumi iş stajı 24 il 6 ay 2 gün təşkil etməkdədir. Bununla əlaqədar, ##.##.2006-cı il tarixədək onun iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 52.09 manat (24,51 il x 306 manat : 144 ay) hesablanaraq ##.##.2024-cü il tarixə indeksləşdirilib 171,47 manat müəyyən edilərək üzərinə, ##.##.2006-##.##.2024-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60493,48 manat sığorta kapitalına uyğun 420,09 manat (60493,48 : 144 ay) əlavə edilərək ##.##.2024-cü il tarixinə əmək pensiyanızın məbləği 591,56 manat (171,47+420,09) məbləğində müəyyən edilmişdir. Daha sonra iddiaçının ##.##.2024-cü il tarixdə Mərkəzi Filiala daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və ##.##.2024 tarixli *-**-*/*-H- ******/**** nömrəli məktubla ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının hesablanması haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı ##.##.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı ##.##.2024-cü il tarixdən hesablanmışdır. Bununla əlaqədar olaraq, pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 85.185,15 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144 aya bölünərək əmək pensiyasının məbləği 591,56 manat (85185,15:144) müəyyən edilmişdir. Eyni zamanda, sözügedən məktubda, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 2794,61 manat pul vəsaitinin hesablandığı bildirilmişdir. Həmin vəsait cari aydan etibarən hər ay 558,92 manat olmaqla pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulduğu qeyd edilmişdir. Son olaraq, iddiaçının ##.##.2024-cü il tarixdə Mərkəzi Filiala daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və ##.##.2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının mümkün olmadığı bildirilmişdir. iddiaçıya Mərkəzi Filial tərəfindən ##.##.2024-cü il tarixdə Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun qaydada 591,56 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir.
4. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır (hakim - F.Ismayılzadə).
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ ## ### 2022-ci il tarixindən sonra yarandığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 85,185.15 manat pensiya sığorta kapitalı 144 aya bölünərək, aylıq pensiya məbləği 591.56 manat (85,185.15 : 144) müəyyən edilmişdir. Bununla belə, iddiaçının gözlənilən pensiya ödənişi müddətinin 90 ay olması ilə bağlı irəli sürdüyü tələb qanuni əsaslardan məhrumdur. Çünki onun pensiya hüququ 60 yaşında deyil, 64 yaşında yaranmışdır. Hazırda 64 yaşdan pensiya təyin edilməsi barədə qərar qüvvədədir və bu qərara uyğun olaraq pensiyanın hesablanması qanunvericiliyə tam uyğundur. Buna görə də pensiya məbləğinin hesablanması məsələsində 144 aylıq müddətin tətbiqi qanunla müəyyən olunmuş qaydalara əsasən düzgün aparılmışdır. 6.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat 7.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Səmədov, hakimlər – X.Cəmilova, O.Ismayılov). 8.Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesablama metodu qanuna uyğun aparılmamışdır. Cavabdeh hesablamada 144 ay müddətindən istifadə etmiş, halbuki iddiaçının konkret vəziyyətində gözlənilən ödəniş müddəti 90 ay götürülməli idi. Bu fərq, qanunvericilikdə nəzərdə tutulmuş pensiyanın yığım və sığorta hissələrinin fərqli qaydada bölünməsi prinsiplərinə uyğunlaşdırılmadan tətbiq olunmuşdur.
11. Dövlət orqanı tərəfindən müəyyən edilən gözlənilən ödəniş müddəti orta statistik xarakteri daşıyır və hər bir şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunmalıdır. Apellyasiya instansiyası bu məsələni formal baxımdan qiymətləndirərək, iddiaçının fərdi vəziyyətinə hüquqi qiymət verməmişdir.
12. Iddiaçıya təyin edilmiş pensiya məbləği hesablanarkən cavabdeh tərəfindən gözlənilən pensiya ödənişi müddəti (yəni aylara bölünmə müddəti) 144 ay olaraq götürülmüşdür. Halbuki həmin maddəyə əsasən, pensiyanın sığorta və yığım hissələrinin hesablanmasında istifadə edilən gözlənilən pensiya ödənişi müddəti qanunvericiliklə müəyyən edilən qaydada azaldıla bilər.
13. 37.3.1-ci maddədə açıq şəkildə göstərir ki: “...Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.” Iddiaçının 25 illik əmək stajı və 64 yaşında güzəştli şərtlərlə pensiya hüququ qazanması nəzərə alınmaqla, onun pensiyasının hesablanmasında 144 ay deyil, 90 ayın əsas götürülməsi qanunun məqsədinə və ədalətli yanaşma prinsipinə daha uyğun olardı. Məhkəmə instansiyaları bu müddəanı dar mənada şərh edərək, pensiya kapitalının bölünməsi üçün vahid 144 aylıq normanı avtomatik tətbiq etmiş, halbuki iddiaçının fərdi pensiya kapitalına, yaşına və işlədiyi müddətə uyğun müddətin azaldılası imkanı nəzərə alınmamışdır. Beləliklə, maddə 37.3.1-in məqsədi pensiyaçının faktiki işlədiyi dövrü və yığım kapitalının həcmini ədalətli şəkildə nəzərə almaqdır, lakin aşağı instansiya məhkəmələri bu hüquqi məntiqi tətbiq etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən, “Gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... həmin şəxsin pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”
14. Bu maddənin məqsədi ondan ibarətdir ki, pensiya yaşı ilə faktiki yaş arasındakı fərq nəzərə alınmaqla fərdi yanaşma tətbiq edilsin. Lakin iddiaçıya münasibətdə cavabdeh bu fərqi nəzərə almadan bütün şəxslər üçün eyni gözlənilən ömür müddəti (144 ay) tətbiq etmişdir. Iddiaçı 64 yaşında pensiyaya çıxmış, ölkədə kişilər üzrə gözlənilən ömür uzunluğu isə 69.4 il (yəni təxminən 4 il və ya 48 ay) təşkil edir. Bu fərq nəzərə alınsa idi, iddiaçının pensiya kapitalının 144 aya deyil, təxminən 90-96 aya bölünməsi daha real və qanunun məqsədinə uyğun olardı. Məhkəmələr 45-ci maddənin fərdi hesablamaya imkan verən hissəsini nəzərə almadan, yalnız icra hakimiyyətinin müəyyən etdiyi statistik rəqəmlərə istinad etmiş, nəticədə qanun maddəsi formal tətbiq olunmuş, lakin mahiyyət etibarilə düzgün tətbiq edilməmişdir.
15. Cavabdeh qanunun tələb etdiyi fərdi hesablamanı aparmamış, iddiaçının yığım və sığorta kapitalını lazımi qaydada nəzərə almamış və sosial müdafiə mexanizminin real faydasını təmin etməmişdir. Iddiaçı tərəfindən gözlənilən ödəniş müddətinin fərdi qaydada azaldılması, 144 ayın tətbiqinin qanunsuzluğu, 37.3.1 və 45-ci maddələrin yanlış izahı və yaş, staj, fərdi kapital göstəricilərinin nəzərə alınmaması haqqında konkret hüquqi arqumentlər təqdim edilsə də, məhkəmə bu arqumentlərin heç birinə cavab verməmiş, faktları araşdırmadan formal nəticəyə gəlmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır.
TƏTBIQ EDILƏN HÜQUQ
17. “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiya) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (## ### 2022-ci il tarixdən sonrakı redaksiya) 9.1-ci maddəsinin əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (## ### 2022-ci il tarixədək olan redaksiya) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. (## ### 2022-ci il tarixədək olan redaksiyası) 45.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (## ### 2022-ci il tarixdən sonrakı redaksiyası) 45.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin # #### 2006-cı il tarixli, *** №-li Fərmanının 2.11-ci bəndinə əsasən, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay nəzərdə tutulur
19. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əmək pensiyasının yenidən hesablanması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı pensiyanın 90 ay nəzərə alınmaqla hesablanına nail olmaqdan ibarətdir.
27. Işin faktiki hallarına əsasən, iddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, ##.##.2006-cı il tarixədək ümumi iş stajı 24 il 6 ay 2 gün təşkil edir. Iddiaçıya ## #### 2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçının pensiya hüququnun yarandığı ## ###### 2024-cü il tarixindən hesablanmışdır. Cavabdehin qərarına görə, pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 85.185,15 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144 aya bölünərək əmək pensiyasının məbləği 591,56 manat (85185,15:144) müəyyən edilmişdir. Eyni zamanda, əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 2794,61 manat pul vəsaiti hesablanmış və cari aydan etibarən hər ay 558,92 manat olmaqla pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Iddiaçı pensiyası hesablanarkan gözlənilən pensiya ödənişi müddəti aylarının 144 ay deyil, 90 ay hesablanmasını xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Iddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir.
28. Işin hallarından görünür ki, iddiaçı ##.##.1960-cı il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ##.##.2024-cü il tarixdən təyin edilmişdir. Yəni, iddiaçının pensiya hüququ ## ### 2022-ci il tarixdən sonra yaranmışdır.
29. Apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 45.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonra qüvvədə olan redaksiyası tətbiq edilməlidir. 45.1-ci maddənin tələbinə görə əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti (144 ay) aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər üçün 65 yaş - bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.
30. Beləliklə, iddiaçının pensiya hüququ 64 yaşında yaranmış (65 yaşı tamam olmamış), ona ##.##.2024-cü il tarixdən pensiya təyin edilməsi ilə bağlı qərar qüvvədə olduğundan iddiaçının pensiya məbləğinin hesablanması məsələsində 144 aylıq müddətin tətbiqi qanunvericiliyin tələbinə uyğun olmuşdur.
31. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.