Məhkəmə qərarları › İş №2-1(102)-4288/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4288/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4288/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; əlilliyin təyinat tarixinin sonuncu göndəriş əsasında sonuncu imtina tarixindən müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.1998-ci il təvəllüdlü İddiaçı ## #### 2023-cü il tarixdən hesablanmaqla hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.2021-ci il tarixli travma haqqında arayışa əsasən iddiaçı ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sol əlin II dərəcəli termiki yanığı” diaqnozu ilə xəsarət almışdır.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ##.##.2023-cü il tarixli, *** nömrəli rəyi ilə iddiaçıya Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv olmalar və özünə xəsarət hərəkətləri ilə F 62.0 diaqnozu qoyulmuşdur.

3. ## ### 2023-cü il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. Diaqnoz: Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressive daxilolmalar və özünə xəsarət hərəkətləri ilə. Gərginlik tip baş ağrısı. Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 1,50 d, solda Em və M 1,0 d nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla.

4. Şəki Rayon Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişində iddiaçıya aşağıdakı diaqnozlar qoyulmuşdur:

5. Əsas diaqnozu: F62.0- “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə.” Yanaşı xəstəliklər: F43.1– “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə”

6. İddiaçının əlillik vəziyyətinə ##.##.2023-cü il tarixli göndəriş əsasında ##.##.2023cü il tarixdə baxılmış və diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə, Posttravmatik stress pozuntusu”– Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ##.##.1998-ci il təvəllüdlü İddiaçı ## #### 2023-cü il tarixdən hesablanmaqla hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2019-cu ildə hərbi xidmətə çağırılmışdır. ##.##.2019-##.##.2021-ci tarixədək Azərbaycan Respublikasınının Silahlı Qüvvələrində xidmət keçib. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasınının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində "Sol əlin II dərəcəli termik yanığı" xəsarətini almışdır (əsas N nömrəli hərbi hissənin təqdim etdiyi ##.##.2021-ci il tarixli **** nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra ##.##.2020-ci il tarixdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunmuşdur. ##.##.2020-##.##.2020-ci il tarixədək İsmayıllı RMX da "Sol əlin II dərəcəli termik yanığı" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas ******* nömrəli xəstəlik tarixindən çıxarış). ##.##.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023-cü il tarixlərədək xxxxnda “Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının mərkəzi hərbi həkim komissiyasının ##.##.2023 cü il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnaməsi əsasında “orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə. Gərginlik tip baş ağrısı” həmçinin, “hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 1,50D, solda Em və M 1,0D nəticəsində görmə itiliyinin 0.4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu qoyularaq “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” ifadəsi altında şəhadətləndirilmiş, “Xəstəliklər cədvəli”nin 18b maddəsinin II qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Yəni, “ümumi xəstəlikdir" hərbi-həkim komissiyası xəstəliklərin səbəbli əlaqəsi barədə qərar qəbul etmişdir (şəhadətnamənin surəti əlavə edilir). Şəhadətnamənin davamı olaraq “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə F 62.0” diaqnozu təyin olunması göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin olunmalı idi. Lakin 24.06.202-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğu toplanılmış tibbi sənədlərə əsasən qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir.

9. Cavabdehin iddiaya yazılı etirazında iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul olunması xahiş edilmişdir..

10. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, **** nömrəli məktubu ilə göndərilmiş İddiaçı haqqında olan ##.##.2024-cü il tarixli **** saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 62.0) müəyyən edilir.

12. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ## #### 2023-cü il tarixdən hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı “F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə” aşkar olunur. Bu xəstəliyin patoloji vəziyyəti onda ünsiyyətə narazı tərzdə daxil daxil olaraq verilən suallara müvafiq cavablar verməsi, şikayətləri barəsində soruşduqda yuxu pozuntusu, daxili gərginlik, baş ağrıları, heysizlik və xüsusən tez-tez müharibənin ölüm səhnələrini görməsi səbəbindən oyanaraq gün ərzində əsəbi və əzgin halda olması, əsəblərini cilovlaya bilməyərək onda aqressivlik biruzə verməsi, ali təhsilli olmasına baxmayaraq işə düzəlmək istədikdə xəstəliklə əlaqədar imtina edilməsi, yaxud ona xəstəliyi ilə əlaqədar əlillik təyin edilməməsi səbəbindən əsəbi gərginliklər keçirməsi, yaranmış vəziyyətdə intihar barəsində düşündüyünü bildirməsi və s.) ilə sübut olunmuşdur. Baxmayaraq ki, iddiaçı bu xəstəlikdən əziyyət çəkərək onda olan diaqnoz əlilliyin təyininə əsas verir, cavabdeh əsassız olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: E.Əliyev– sədrlik edən və məruzəçi, A.Oruczadə və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

24. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası mübahisəyə dair iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslı olmasa da, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsinə yönəlmişdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlillik təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçının səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapır və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundur. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

32. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx publik hüquqi şəxsinin rəyinə əsasən də müəyyən edilir ki, iddiaçıda “F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə” müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıda əlilliyin müəyyən edilməsinə əsas olan diaqnozun hazırda da mövcud olması səhiyyə müəssisəsinin göndərişi ilə, eləcə də iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır.

33. Bununla belə, məhkəmə kollegiyası bildirir ki, aşağı instansiya məhkəmələri tərəfindən əlilliyin təyin edilməsi ilə bağlı iddianın təmin edilməli olması ilə bağlı düzgün nəticəyə gəlinsə də, əlilliyin təyin edilmə tarixi yanlış müəyyən edilmişdir.

34. Belə ki, oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(102) ***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları).

35. Beləliklə, kollegiya qeyd edir ki, əlillik müayinənin nəticəsi olaraq təyin edilməli olduğundan, hazırkı məhkəmə araşdırmasının predmetini sonuncu göndəriş əsasında keçirilmiş müayinə nəticəsində verilmiş 24 iyun.2023-cü il tarixli imtina təşkil etdiyindən və apellyasiya instansiyası məhkəməsi də məhz həmin imtinanın əsassız olduğu nəticəsinə gəldiyindən, iddiaçıya əlillik ## #### 2023-cü il tarixdən təyin edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçıya ## #### 2023-cü il tarixdən hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar