Məhkəmə qərarları › İş №2-1(102)-4294/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4294/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4294/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: IŞIN HALLARI

1. Iddiaçının adına olan hərbi biletdə və adına açılmış əmək kitabçasında əksini tapmış məlumatlara əsasən iddiaçı ##.##.1983-##.##.1986-cı illərdə hərbi xidmətdə olmuş, ##.##.1986-##.##.1991-ci illərdə X3 əyani təhsil almış, ##.##.1982- ##.##.1983, ##.##.1986-##.##.1986-cı illərdə X1 Kombinatında Yükləmə-boşaltma işləri üzrə malyükləyən vəzifəsində, ##.##.1987-##.##.1989-cu illərdə Nəsimi RDIŞ IKM-də mühafizəçi, ##.##.1990-##.##.1991-ci illərdə Bakı metropoliteni Tunel qurğuları xidmətində tunel fəhləsi, ##.##.1991-##.##.1992-ci illərdə dəniz estakadaları şöbəsində mühəndis, ##.##.1992-##.##.1993-cü illərdə “Dənizneftqazlayihə” Trestinin * №-li TQI-də inşaat çilingəri, ##.##.1993- ##.##.2003-cü illərdə həmin idarədə baş mexanik, ##.##.2003-##.##.2006-cı illərdə “Bulla-Dəniz” NQÇI-də NÖC və Avtomatika sexində xidmət rəisi (##.##.2006-cı il tarixədək cəmi 25 il 7 ay 13 gün), ##.##.2006-##.##.2007-ci illərdə N.Nərimanov adına NQÇI-də Istehsalata Xidməti bazasında mühəndis, ##.##.2007-##.##.2009-cu illərdə həmin bazada böyük iş icraçısı, ##.##.2009-##.##.2011-ci illərdə həmin idarədə X2 Təmiri sexində böyük iş icraçısı, ##.##.2011-##.##.2025-ci illərdə həmin idarədə Dəniz Neft-Mədən Hidrotexniki qurğular sahəsində böyük iş icraçısı vəzifəsində işləmişdir.

2. “SOCAR” “Azneft” IB tərəfindən verilmiş arayışda iddiaçının N.Nərimanov adına Neft və Qazçıxarma Idarəsinin Dəniz neft mədən hidrotexniki qurğular sahəsində ##.##.2011-cü il tarixdən ##.##.2017-ci ilə kimi işlədiyi “böyük iş icraçısı”, ##.##.2017-ci ildən ##.##.2025-ci ilə kimi iş icraçısı vəzifələri üzrə vəzifə təlimatına uyğun olaraq yerinə yetirdiyi işlər sadalanmaqla işlədiyi böyük iş icraçısı və iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bəndin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” b yarımbəndində iş icraçıları vəzifəsinin xüsusiyyətləri ilə eyniləşdirilmiş, güzəştli stajı 14 il 03 ay 03 gün müəyyən edilmişdir. Həmçinin iddiaçının N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin Istehsalata xidmət bazasında ##.##.2007-ci il tarixdən ##.##.2009-cu ilə kimi və ##.##.2009-cu il tarixdən ##.##.2011-ci il tarixinə kimi Quyuların əsaslı və yeraltı təmiri sexində işlədiyi böyük iş icraçısı vəzifəsi üzrə təlimatına uyğun olaraq yerinə yetirdiyi işlərin nədən ibarət olması açıqlanmış və Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricələrin Siyahısı”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş Siyahısının 10 bəndin “b” yarımbəndinin qüllə-quraşdırma işlərinin iş icraçıları vəzifəsinin xüsusiyyətləri ilə eyniləşdirilmiş, həmin dövrlər üzrə güzəştli stajı 03 il 04 ay 14 gün hesablanmışdır. Beləliklə qeyd olunan arayışla iddiaçının ümumi əmək stajı 37 il 1 ay, güzəştli əmək stajı 17 il 07 ay 17 gün müəyyən edilmişdir.

3. Cavabdeh inzibati orqan iddiaçının ##.##.2011-##.##.2017-ci illərdə Dəniz neft mədən hidrotexniki qurğular sahəsində çalışdığı böyük iş icraçısı və ##.##.2017-ci il tarixindən ##.##.2025-ci il tarixinədək çalışdığı iş icraçısı vəzifələrinin “Güzəştli şərtlərlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricələrin Siyahısı”nda nəzərdə tutulan peşələrə uyğun olmadığı əsası ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir.

4. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu ## ###### 2025-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. Bakı Inzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu ## ###### 2025-ci il tarixdən təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin # #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Orxan Ismayılov).

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ##### 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-****/**** nömrəli, ## #### 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ###### 2023cü il tarixli və s.).

13. Həmçinin oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli 2-1(102)- ***/**** nömrəli və ##.##.2023-cü il, *-*(***)-****/**** nömrəli).

14. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. Iddiaçı qeyd edilənləri nəzərə alaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbi irəli sürməkdə haqlıdır.

15. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

16. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar