Məhkəmə qərarları › İş №2-1(102)-4296/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4296/2025

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4296/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nəzarət kassa aparatı; ödəmələrin qeydiyyat qaydasının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən iddiaçıda X4nin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Yoxlanılan dövr cari fəaliyyətdir.

2. X4nin keçirilməsi haqqında qərara əsasən X4nin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Yoxlama ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək dövrü əhatə etmişdir.

3. Zəruri sənədlərin tələb edilməsi haqqında tələbnamədən görünür ki, zəruri sənədlərin, o cümlədən əmək müqaviləsi bildirişlərinin təqdim edilməsi tələb edilmişdir.

4. İddiaçının direktoru izahatlarında qeyd etmişdir ki, klinikada stomatoloji fəaliyyət həyata keçirilir, hər növ stomatoloji fəaliyyət göstərilir, ## #### 2024-cü il tarixdən fəaliyyətə başlanılmış, lisenziya yoxdur, ## #### 2024-cü il tarixdə 2 nəfərə diş plomblama kimi stomatoloji xidmət göstərilmişdir. ## #### 2024-cü il tarixdə diş ağardılması işi görülüb. Diş plomblama üzrə 2 nəfərə hər biri 80 manatdan, 160 manat, diş ağardılması üzrə 30 manat ödəniş edilmişdir. Bu müddət ərzində 190 manat gəlir əldə edilmiş, nəzarət kassa aparatına vurulmamışdır. Klinikada fəaliyyət üçün 9 nəfər işçi dəvət edilmişdir. Həmin şəxslər klinikada işləyirlər.

5. ## #### 2024-cü il tarixli aktda qeyd edilmişdir ki, müşahidə zamanı ## #### 2024-cü il tarixdə saat 16:15-də müştəri tərəfindən dişlərin təmizlənməsi üçün 30 AZN ödəniş edildi, lakin müştəriyə NKA-dan qəbz təqdim edilmədi. Bu fakt araşdırıldı və obyektdə xüsusi razılıq olmadan stomatoloji xidmətlə məşğul olduqları təsərrüfat subyektinin vergi orqanlarında qeydiyyatdan keçməməsi, yeni nəsil kassa aparatının obyektdə quraşdırılmaması və eyni zamanda, stomatoloji klinikada çalışan 9 nəfər işçinin əmək müqaviləsi olmadan işə, xidmətlərin yerinə yetirilməsinə cəlb olunması aşkar olundu. İddiaçının direktoru öz izahatında təsərrüfat subyektinin vergi orqanlarında qeydiyyatda olmadığını, xüsusi razılıq olmadan stomatoloji xidmət göstərdiyini, işçilərlə əmək müqaviləsi bağlanılmadan iş və xidmətlərə cəlb olunduğunu, kassa aparatının quraşdırılmadığı barədə izahat verdi. Tərtib edilmiş aktları imzalamaqdan imtina etdi.

6. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024-cü il tarixli qərarla iddiaçı 9 nəfər fizik şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə məsuliyyətə cəlb edilmişdir.

7. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024-cü il tarixli, ************** saylı qərarla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması əsası ilə məsuliyyətə cəlb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, ## #### 2024-cü il tarixli qərarla iddiaçı barəsində vergi nəzarəti həyata keçirilmişdir. Reyestrdən çıxarışda yoxlamanın ## #### 2024-## #### 2024-cü il tarixləri əhatə etdiyi, cari fəaliyyətin yoxlanıldığı və yoxlamanın plandankənar olması aydın olur. Cavabdehin qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, sahibkarlıq yoxlamaların vahid məlumat reyestrindən çıxarışda Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilmişdir. X4nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquq müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdehin istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasının zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. İddiaçı hesab edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri hansı məlumatlar əsasında həmin qərarın qəbul edilməsi əsaslandırılmamışdır. Diskresion səlahiyyətlərin məhz X4nin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. İnzibati orqan diskresion səlahiyyətə malik olmadığı və ya həmin səlahiyyəti düzgün istifadə etmədiyi halda inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanunsuz hesab edilir. Qeyd edilən əsaslar inzibati sahədə formalaşmış vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. İddiaçı tərəfindən ## ###### 2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, yoxlama keçirildiyi dövrdə təmirbərpa işləri, texniki avadanlıqların yerləşdirilməsi kimi işlər aparılmışdır. İddiaçı faktiki olaraq fəaliyyət göstərməmiş, izahatlarla da bu öz təsdiqini tapmışdır. 9 nəfər işçidən 6 nəfər işçi ilə klinika işə başladıqdan sonra müqavilə bağlanılmışdır. Bəzi şəxslərlə də əmək müqaviləsi qarşılıqlı razılaşma olmadığından bağlanılmamışdır. 9 nəfər işçidən heç bir faktiki olaraq əmək funksiyasına cəlb edilməmişdir. Görülən işlər iş yeri və əmək funksiyaları işə ilkin tanışlıqdan ibarət olmuşdur. M.Mirabov izahatında klinikanın hazır olmadığını qeyd etmişdir. Vergi yoxlayıcıları bu halın aydınlaşdırılmasını aparmamışdır.

10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, klinikada yoxlama zamanı 9 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və nağd pul hesablaşmaların aparılması qaydasının pozulması faktı müəyyən edilmişdir. Buna uyğun olaraq vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarlar qəbul edilmişdir. Belə ki, ## #### 2024-cü il tarixdə müştəri tərəfindən dişlərin təmizlənməsi üçün 30 manat ödəniş edildiyi, lakin müştəriyə nəzarət kassa-aparatının çəkinin təqdim edilmədiyi müəyyən edilmiş, obyektdə xüsusi razılıq olmadan stomatoloji xidmətlə məşğul olunduğu, təsərrüfat subyektinin vergi orqanında qeydiyyatdan keçmədiyi, yeni nəsil kassa aparatının obyektdə quraşdırılmadığı, eyni zamanda 9 nəfər işçinin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar olunaraq rəsmiləşdirilmiş, iddiaçının direktoru qərar və çıxarışla tanış olaraq imza etsə də, tərtib olunmuş aktları imzalamaqdan imtina etmişdir. İddiaçının direktoru və işçilərin izahatları yoxlama zamanı alınmışdır. Adları qeyd edilən 9 nəfər işçidən 8 nəfəri ilə vergi nəzarəti tədbirindən sonra, ## #### 2024-cü il tarixdə saat 17:02-18:12 aralığında əmək müqaviləsi bağlanılmış, sonradan 3 nəfər işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Digər 5 nəfər işçinin isə əmək müqaviləsi qüvvədədir. Bu hal sübut edir ki, həmin şəxslər iddiaçının həqiqətən də işçiləri olmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X2) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı MMC barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024-cü il tarixli ************** saylı qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

12. Məhkəmə iddianın təmin edilən hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın tələblərinə uyğun olaraq vergi orqanı və vergi ödəyicisi arasında nəzarət kassa aparatının istifadəsi və digər aidiyyəti münasibətlər, eləcə kassa aparatının quraşdırılmasına dair mövcud münasibətlər konkret olaraq öz təsbitini tapmışdır ki, təsərrüfat subyektinin uçotu proseduru başa çatmadan, tibbi fəaliyyətin görülməsi prosesi başladılmadan nəzarət kassa aparatının quraşdırılmalı olmasından, çekin vurulmalı olmasından söhbət gedə bilməz. Göstərilən səbəbdəndir ki, əhali ilə pul hesablaşma qaydalarının pozuntusu istər çekin vurulmalı olmasına dair tibbi xidmətin kimə göstərilməsi müəyyən edilməməsi, eləcə də kassa aparatının quraşdırılmalı olmamasına münasibətdə iddianı qərarın ləğvinə münasibətdə qanuni və əsaslı edir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər X5 – məruzəçi, X3 və X6) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “iddiaçının etirafedici izahatının, eləcə də vergi orqanı tərəfindən tərtib edilmiş aktının əhali ilə pul hesablaşma qaydalarının pozuntusunun mövcudluğuna münasibətdə təqsirin müəyyən edilməsi baxımından hər hansı əhəmiyyəti mövcud olmamış, iş üzrə adıçəkilən pozuntuya münasibətdə təqsir müəyyən edilməmişdir. Belə ki, əhali ilə pul hesablaşma qaydalarının həqiqətən də pozulması işin digər halları və sübutlarla müəyyən edilmir. Əksinə, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qərarı ilə iddiaçı tərəfindən lisenziya alınanadək praktiki tibbi fəaliyyət göstərilməməsi öz təsdiqini tapmışdır”.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir.

18. Vergi Məcəlləsinə əsasən, nəzarət-kassa aparatının quraşdırılması və ondan istifadə etmə öhdəliyi sahibkarlıq fəaliyyəti faktının özü ilə bağlıdır, xidmətin konkret kimə göstərilməsi ilə deyil. Yəni, vergi orqanları tərəfindən obyektə baxış keçirilərkən, orada kassa aparatının olmaması vergi hüquqpozması faktının baş verdiyini təsdiq edir.

19. Belə halda xidmət konkret kimə göstərilib və ya göstərilməyib sualının artıq hüquqi nəticəyə təsiri olmamalıdır.

20. Beləliklə vergi nəzarəti tədbirləri zamanı obyektin faktiki olaraq fəaliyyət göstərməsi və nəzarət-kassa aparatından istifadə edilməməsi hallarının birlikdə mövcudluğu, vergi pozuntusunu baş verdiyini təsdiqləyən əsas sübutlardır.

21. Bundan əlavə, sahibkarın verdiyi izahatda müştərilərə xidmət göstərdiyini açıq şəkildə bildirməsi, vergi qanunvericiliyinin tələblərinə zidd hərəkətin etirafı kimi qəbul edilməli və hüquqi qiymətləndirilməlidir. Bu halda konkret müştərilərin müəyyən olunmaması pozuntunun olmaması anlamına gəlmir.

22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarətkassa aparatlarının tətbiqi Qrafiki”ndə göstərilən tələblərə əsasən, stomatoloji xidmətlər göstərən müəssisələr fəaliyyətə başlamazdan əvvəl nəzarət-kassa aparatını quraşdırmalı və qeydiyyatdan keçirməlidirlər. Bu öhdəlik fəaliyyətin konkret kimə göstərilməsindən asılı olmayaraq yaranır və pozulması vergi qanunvericiliyinin tələblərinə ziddir.

23. Eyni zamanda # ###### 2022-ci il tarixindən etibarən tibb müəssisələri, o cümlədən stomatoloji xidmət göstərən klinikalar, nəzarət-kassa aparatlarının tətbiqi məcburi hesab edilən obyektlər sırasına daxil edilmişdir.

24. Bu tələblər vergi ödəyicisinin fəaliyyətə başlamazdan əvvəl nəzarət-kassa aparatını quraşdırmalı olduğunu və bu öhdəliyin pozulmasının vergi qanunvericiliyinin tələblərinə zidd olduğunu göstərir.

25. Lakin məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almamış, qərarını əsaslandırarkən əhali ilə pul hesablaşma qaydalarının həqiqətən də pozulmasının işin digər halları və sübutlarla müəyyən edilmədiyini, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən lisenziya alınanadək praktiki tibbi fəaliyyət göstərilməməsinin öz təsdiqini tapdığını qeyd edərək bununla obyektdə nəzarət kassa-aparatının quraşdırılmamasına haqq qazandırmışdır.

26. Hansı ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 3(005)- ****/**** nömrəli qərarı X4 tədbiri zamanı keçirilən zaman iddiaçının fəaliyyət göstərmədiyini deyil, iddiaçı tərəfindən özəl tibbi fəaliyyət üzrə lisenziyanın ## #### 2024cü il tarixdən aldığını göstərir. X4 tədbiri zamanı, yəni ##.##.2024-cü il tarixdə iddiaçı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) alınmadan özəl tibb fəaliyyəti (stomatoloji fəaliyyət) ilə məşğul olmuşdur. İddiaçının həmin vaxt fəaliyyət göstərdiyini yuxarıda qeyd olunanlar, iş materiallarında olan həm iddiaçının nümayəndəsinin, həm də işçilərin izahatları, işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən videogörüntülər və digər sübutlar təsdiq edir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləri. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.10. istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarətkassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir.

5. NKA işləmədikdə həyata keçirilməli tədbirlər 5.1. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir.

8. İstifadəçinin hüquq və vəzifələri 8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. 8.2. İstifadəçinin hüquqları: ... 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək;

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

34. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024-cü il tarixli qərardan görünür ki, əhali ilə pul hesablaşmlarının aparılması qaydalarının pozulması əsası ilə məsuliyyətə cəlb edilərək Vergi Məcəlləsinin 58.7.1-ci maddəsi ilə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

35. Cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur

36. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 13.2.63cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

37. Cavabdehin tərtib etdiyi ## #### 2024-cü il tarixli aktda qeyd edilmişdir ki, müşahidə zamanı ## #### 2024-cü il tarixdə saat 16:15-də müştəri tərəfindən dişlərin təmizlənməsi üçün 30 AZN ödəniş edildi, lakin müştəriyə NKA-dan qəbz təqdim edilmədi. Bu fakt araşdırıldı və obyektdə xüsusi razılıq olmadan stomatoloji xidmətlə məşğul olduqları təsərrüfat subyektinin vergi orqanlarında qeydiyyatdan keçməməsi, yeni nəsil kassa aparatının obyektdə quraşdırılmaması aşkar olundu. İddiaçının direktoru təsərrüfat subyektinin vergi orqanlarında qeydiyyatda olmadığını, kassa aparatının quraşdırılmadığı barədə izahat verdi. Tərtib edilmiş aktları imzalamaqdan imtina etdi.

38. İddiaçının direktoru vergi orqanına verdiyi yazılı izahatlarında qeyd etmişdir ki, klinikada stomatoloji fəaliyyət həyata keçirilir, hər növ stomatoloji fəaliyyət göstərilir, ## #### 2024-cü il tarixdən fəaliyyətə başlanılmış, lisenziya yoxdur, ## #### 2024-cü il tarixdə 2 nəfərə diş plomblama kimi stomatoloji xidmət göstərilmişdir. ## #### 2024-cü il tarixdə diş ağardılması işi görülüb. Diş plomblama üzrə 2 nəfərə hər biri 80 manatdan, 160 manat, diş ağardılması üzrə 30 manat ödəniş edilmişdir. Bu müddət ərzində 190 manat gəlir əldə edilmiş, nəzarət kassa aparatına vurulmamışdır.

39. İddiaçının direktoru həmin izahatı hər hansı təzyiq və sair nəticəsində yazmasını izahat verdikdən sonrakı müddətdə, o cümlədən iddia ərizəsində və məhkəmə iclasında bildirməmişdir.

40. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də iddiaçının izahatında olan halların həqiqətən baş verməsini təsdiq etmişdir.

41. Odur ki, iddiaçının direktorunun izahatının iddianın rədd olunması üçün yetərli olmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

42. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq olaraq nəzarət-kassa aparatları tətbiq edilmədən nəzarət-kassa aparatları quraşdırılmadan əhali ilə pul hesablaşmalarının aparılmasına görə maliyyə sanksiyası müəyyən edilmişdir.

43. İddiaçı Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbələrinə əməl etmədiyindən haqlı olaraq maliyyə sanksiyasına məruz qalmışdır.

44. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməlidir.

45. Şərh olunanlara əsasən, əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar