Məhkəmə qərarları › İş №2-1(102)-4299/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4299/2025

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4299/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Xalıqzadə İlkin Vaqif oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: vergi, bina tikintisi ilə məşğul olan fiziki şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması, vahid məhkəmə təcrübəsi, kassasiya şikayətinin qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Xalıqzadə İlkin Vaqif oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. *** nömrəli, ## ###### 2023-cü il tarixli bir tərəfdən “MTK” adlanacaq Üçüncü şəxs Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 şəxsində, digər tərəfdən “Payçı” adlanacaq Xalıqzadə İlkin Vaqif oğlu arasında bağlanmış payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 9-cu mərtəbə, * №-li, 3 otaqlı mənzili tikib “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

2. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 182.984 manat təşkil edir.

3. ##.##.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Xalıqzadə İlkin Vaqif oğlu tərəfindən AVNT-648 ##.##.2023-cü il tarixli sənədə əsasən mənzilin ilkin ödənişi kimi 54.984 manat Üçüncü şəxs MTK-nın hesabına ödənilmişdir.

4. ##.##.2023-cü il tarixli BPM************ nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Üçüncü şəxs MTK-nın hesabına 128.000 manat ödəniş edilmişdir.

5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Xalıqzadə İlkin Vaqif oğlu nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Xalıqzadə İlkin Vaqif oğlunun ##.##.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı Xalıqzadə İlkin Vaqif oğlu tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir.

6. İddiaçı Xalıqzadə İlkin Vaqif oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 9-cu mərtəbə, 2 №li, üç otaqlı olan mənzilə görə Xalıqzadə İlkin Vaqif oğluna qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı İ.Xalıqzadə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) yanvar 2023-cü il tarixdə satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödəmişdir. Qaydanın 6cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ## ###### tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il ## ### tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqaviləni ##.##.2022-ci il tarixdən sonra, hətta portalın istifadədə verildiyi noyabr 2022-ci il tarixdən sonra, ##.##.2023-cü il tarixə bağlamış və müqavilələr üzrə ödənişi də həmin tarixdən sonra, ##.##.2023-cü ildə etmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı. Eyni zamanda iddiaçının apellyasiya şikayətinin dəlili olan Portalın ##.##.2022-ci il tarixdə tam işlək vəziyyətdə olmaması dəlilinə münasibətdə kollegiya cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq sorğu vermişdir. ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X4 və X1 aid olan ödəniş tapşırıqları göstərilən tarixlərdə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş (ƏDV hesabı üçün ayrı qəbz verilmişdir) və ##.##.2023-cü il tarixli Ödəniş tapşırığına əsasən X2 aldığı mənzilə görə ödədiyi 53.000 manat pul xxxx MTK hesabına ödənilmişdir. Qeyd olunanlar ona əsas verir ki, Üçüncü şəxs MTK həmin dövr üçün ƏDV qaiməsi vermək iqtidarında olmuşdur. Göründüyü kimi (30-cü bənddə qeyd olunan şəxslərlə bağlı) Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər edilmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir. Lakin iddiaçıya münasibətdə ƏDV ayrıca hesaba ödənilməsi öz təsdiqini tapmamışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

13. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. 3.Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

14. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

15. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

16. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Bu hüquq birbaşa olaraq Vergi Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda da öz əksini tapmışdır.

17. Belə ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDVnin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

18. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” nın 5.1.2-ci bəndində əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququ yaranır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı hüququn, hazırkı vəziyyətdə ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququnun realizə olunması üçün konkret zəmin olmalıdır. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında İqtisadiyyat Nazirliyinə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin edilməsi həvalə edilmişdir.

20. Fərmanın tələbinə əsasən fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq proqram təminatının, o cümlədən portalın yaradılması və istifadəyə verilməsindən sonra mümkündür.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında (https://www.taxes.gov.az/az/post/2438) olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal ##.##.2022-ci il tarixində istifadəyə verilmişdir.

22. Qaydaların tələbinə əsasən portal bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir.

23. Yuxarıda da qeyd edildiyi kimi nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alınması məsələlərini tənzimlən informasiya sistemi portal ##.##.2022-ci il tarixdə istifadəyə verilmişdir.

24. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən müəyyən edilir ki, ##.##.2022-ci ildən sonra iddiaçı həm əsas məbləği, həm də ƏDV məbləği birlikdə MTK-nın bank hesabına ödəmişdir.

25. Beləliklə, iddiaçı tərəfindən mənzilin dəyəri ilə bağlı ödəniş portal istifadəyə verildikdən sonra həyata keçirilmiş, lakin ödəniş Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na uyğun olmamışdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların tələbinə əsasən iddiaçı tərəfindən digər sənədlərlə yanaşı ##.##.2022-ci ildən başlayaraq alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəmək imkanı olmuş, lakin həmin məbləğlərin ödənişi Qaydaya uyğun aparılmamış, hər iki məbləğ birlikdə alıcının bank hesabına ödənilmişdir.

27. İddiaçı tərəfindən ödəniş Qaydalara uyğun aparılmadığından iddia əsaslı hesab edilməmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *- *(***)-****/**** nömrəli qərarları).

28. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

29. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

30. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından iddiaçı Xalıqzadə İlkin Vaqif oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar