Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4307/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh İsmayıllı Rayon Polis Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh İsmayıllı Rayon Polis Şöbəsinə qarşı “##.##.2025-ci il tarixli sorğunun cavablandırılması öhdəliyinin cavabdehin üzərinə həvalə olunması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Polis Şöbəsinin üzərinə ##.##.2025-ci il tarixli sorğunun cavablandırılması öhdəliyinin həvalə olunması, DİN tərəfindən qəbul edilmiş akt barədə məlumatın verilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim E.Mustafayev) iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi əsas mahiyyət etibarı ilə İsmayıllı Rayon Polis Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsinin cavablandırılması ilə bağlıdır. Həmin ərizədə iddiaçı onun Polis Şöbəsinə göndərdiyi ##.##.2025-ci il tarixli müraciətinə cavabda qeyd olunanları qanedeci hesab etmədiyinə görə məktubda işlədilən “polis əməkdaşı Sizdən qanunu tələb etmişdir.” ifadəsi ilə bağlı “qanun” barəsində məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlanmış müraciətinizə baxılmışdır. Bildiririk ki, İsmayıllı Rayon Polis Şöbəsində qəbulda olarkən müraciətinizlə bağlı Sizə hüquqi izah verilmişdir. Araşdırma zamanı İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir.”- Göründüyü kimi iddiaçının müraciətinə həm cavabdeh tərəfindən, həm də yuxarı inzibati orqan tərəfindən cavab verilmişdir. Həmin cavabın mətninin iddiaçını qane etməməsi isə inzibati məhkəmə araşdırılmasının predmeti ola bilməz. Hazırkı halda iddiaçı çatmaq istədiyi hüquqi maraqdan asılı olaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində müəyyən edilmiş müvafiq iddia tələbi üzrə çıxış etmək hüququndan istifadə edə bilər.
4. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər: T.Həsənov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və V.Musayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmiş, iddia mümkün sayılmamışdır.
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verildiyindən və iddiaçının çatmaq istədiyi hüquqi maraq qeyrimüəyyən olduğundan iddia mümkün sayıla bilməz. Həmin cavabın mətninin iddiaçını qane etməməsi isə inzibati məhkəmə araşdırılmasının predmeti ola bilməz.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, onun Konstitusiyanın 57-ci və “Vətəndaşların müraciətləri haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş müraciət etmək hüququ pozulmuşdur.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
17. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
20. Lakin hazırkı halda iddia tələbi üzrə hüquqi marağın mövcudluğu müəyyən edilmədiyindən, iddia tələbi mümkünlük şərtlərini ödəmir.
21. Belə ki, iddiaçının müraciətinin mahiyyəti İsmayıllı Rayon Polis Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəyə verilmiş cavabla bağlıdır. Həmin cavabda polis əməkdaşının hərəkətlərinin qanunauyğun olduğu qeyd edilmiş, digər halların isə təsdiqini tapmadığı bildirilmişdir. Bununla kifayətlənməyən iddiaçı, ##.##.2025-ci il tarixli əvvəlki müraciətinə verilmiş cavabda işlədilən “polis əməkdaşı Sizdən qanunu tələb etmişdir” ifadəsində nəzərdə tutulan “qanun” anlayışına dair əlavə izahat verilməsini xahiş etmişdir.
22. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən iddiaçının müraciətinə baxılmış və ##.##.2025-ci il tarixli məktubla ona izahat verilmiş, habelə aparılmış araşdırma nəticəsində polis əməkdaşlarının qanunazidd hərəkətlərə yol vermədiyi qeyd edilmişdir.
23. Bununla belə, iddiaçı tərəfindən irəli sürülmüş hazırkı tələb çərçivəsində cavabdehin “qanun” barədə əlavə məlumat verməməsi ilə iddiaçının konkret hansı hüququnun pozulduğu və belə məlumat verildiyi halda onun hansı hüquqi nəticəyə nail olacağı müəyyən edilmir.
24. Eyni zamanda, işdə olan ##.##.2025-ci və ##.##.2025-ci il tarixli cavab məktublarından aydın olur ki, iddiaçının müraciətinə mahiyyəti üzrə cavab verilmiş və hər hansı hüquq pozuntusu aşkar edilməmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən müraciətin cavablandırılması baş verdiyi halda, cavabın məzmununun iddiaçını qane etməməsi özlüyündə inzibati məhkəmə mübahisəsinin predmeti kimi çıxış edə bilməz. Bu halda hüquqi müdafiəyə ehtiyacın mövcudluğu da təsdiq olunmur.
26. Başqa sözlə, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə çatmaq istədiyi məqsədin nədən ibarət olduğu müəyyən edilmir və həmin hərəkət və ya hərəkətsizliyin qanunsuz hesab edilməsi iddiaçının hüquqi vəziyyətində dəyişiklik yaratmağa yönəlmiş nəticə doğurmur.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması barədə gəlinmiş nəticə işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun olmuş, kassasiya şikayətinin dəlilləri həmin qərardadın ləğv edilməsi üçün əsas yaratmamışdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.