Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4308/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinə (Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi) iş üzrə QƏRARİ (Açar sözlər: məqsədli təyinatı dəyişdirilməklə torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinə (Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “İddiaçı ## ###### 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRXdə qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. ## ####### 1991-ci il tarixdə “Qələbə” kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində iddiaçıya 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Aqrar islahatlar həyata keçirilən zaman həyətyanı torpaq sahəsinin təyinatı kənd təsərrüfatı kimi qeydiyyata alınmışdır. 0.20 ha həyətyanı torpaq sahəsi Aqrar Islahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinə verilmiş 0.57 ha torpaq sahəsinin daxilində yerləşir.
3. Iddiaçı DƏDRX-nə ərizə ilə müraciət edərək, ## ####### 1991-ci il tarixdə Qələbə Kolxozunun müvəkkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ## ###### 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ####### 1991-ci il tarixdə “Qələbə” kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində iddiaçıya 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Aqrar islahatlar həyata keçirilən zaman həyətyanı torpaq sahəsinin təyinatı texniki səhv olaraq kənd təsərrüfatı kimi qeydiyyata alınmışdır. 0.20 ha həyətyanı torpaq sahəsi Aqrar Islahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinə verilmiş 0.57 ha torpaq sahəsinin daxilində yerləşir. Iddiaçı DƏDRX-nə ərizə ilə müraciət edərək, ## ####### 1991-ci il tarixdə Qələbə Kolxozunun müvəkkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir.
7. Cavabdeh orqan iddia tələbinə etiraz təqdim edərək bildirimişdir ki, müraciətdə qeyd olunan məsələnin həlli iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Buna görə də, ərizəçinin müraciətdə qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə ##.##.2023-ci il tarixli, 3- 21-3-47/2-C-0011- 8/2023 (************) nömrəli məktub ünvanlanmışdır. Iddia tələbinin “həyətyanı kimi qeyd olunması” ilə bağlı bildir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il ## #### tarixli, *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli, **** nömrəli Fərmanının 1-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilmişdir. Iddia tələbinin təyinatın (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Mübahisəli torpaq sahəsi Zaqatala rayon Aqrar Islahat Komissiyasının ## ### 2004-cü il tarixli, *** nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir (buna dair müvafiq sənədlər əlavə olunur). Aqrar Islahat Komissiyasının həmin qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar islahat Komissiyasınının həmin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir.
8. Şəki Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı, sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növünun həyətyanı) kimi qeyd olunmasını tələb etsə də, işdə olan mütəxssis rəyi ilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış qonşu torpaq sahələrinə aid hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin kateqoriyası da “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeyd edilmişdir.
10. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün müvəqqəti tikililərin və qurğuların quraşdırmasına yol verildiyindən, iddia olunan torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunaraq həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir.
11. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: T.Həsənov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və Ə.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
Kassasiya şikayətinin dəlilləri
15. Iddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 9.3 (##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyada). Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 9.3 (##.##.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 10.1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Maddə 10.2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Maddə 10.3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Maddə 10.4-1 (##.##.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır. Maddə 10.5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Maddə 12.1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Maddə 12.2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Maddə 12.3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir. Maddə 12.4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 18.1 Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 18.2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarixmədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.
19. “Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il ## ###### tarixli, *** nömrəli Fərmanı
2. Müəyyən edilsin ki: 2.1 (##.##.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.1-1 (##.##.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). həmin Məcəllənin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 2.1-2 (##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyada) həmin Məcəllənin 9-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının məhkəməyə müraciət etməkdə hüquqi marağı ona ## ###### 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan ibarətdir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının qeyd edilən məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüququn qeydiyyatı həmin əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında və həmin sənədlərin məzmununa uyğun olaraq aparılır. Nəzərə almaq lazımdır ki, cavabdeh həmin hüquqmüəyyənedici sənədlərin məzmununa bağlıdır və həmin sənədlərdə nəzərdə tutulmuş məlumatları və göstəriciləri özbaşına dəyişdirmək haqqına malik deyildir. Bu baxımdan iddiaçı hazırkı məzmunda tələbinin təmin olunması üçün mübahisəli torpaq sahəsinin məhz həyətyanı torpaq sahəsi qismində ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərə istinad etməli və həmin sənədləri təqdim etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən belə sənədlərin təqdim edildiyi görünmür. Odur ki, iddiaçı ilk növbədə ilkin hüquqmüəyyənedici sənədlərdə müvafiq qeydlərin aparılmasına nail olmalı və yalnız bundan sonra hazırkı məzmunda tələb irəli sürməlidir.
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.