Məhkəmə qərarları › İş №2-1(102)-4318/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4318/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4318/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi və qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “2-ci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi və qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi * saylı Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, ****** nömrəli arayışına əsasən iddiaçıya ##.##.2014-cü il tarixli müayinə aktına əsasən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2 (ikinci) dərəcəli əlillik təyin edilmişdir.

2. Cavabdehin iddiaçının müraciətinə cavab məktubunda göstərilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, əlillik altsisiemindən əldə olunan məlumata əsasən sizə ##.##.2015-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən 5 il müddətinə (##.##.2015-ci il tarixinədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin əlillik müddətinin bitdiyi ##.##.2020-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. O, ##.##.2023-cü il tarixində Mərkəzi Tibbi-sosial ekspert komissiyasında qəbulda olmuş, müayinə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmamışdır.

3. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna verilən ## ##### 2025-ci il tarixli cavab məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti ##.##.2004-cü il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövr ilə əlaqədar səbəbindən bir il müddətinə (##.##.2005-ci il tarixinədək) ikinci dərəcə ilkin təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaşa ##.##.2014-cü il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə (##.##.2015-ci il tarixinədək) ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Şəxsin ikinci dərəcə əlilliyi ##.##.2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq, dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2020-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə vətəndaşa dair “Əlillik” altsistemində məlumat aşkar edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci dərəcəli əlillik qrupunun dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. ##.##.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 2-ci dərəcəli əlillik qrupunun dayandırıldığı tarixdən bərpa edilməsi və ondan 14.199,42 manat məbləğində pulun tutulması haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.2004-cü il tarixdən * saylı Zona TSEK tərəfindən 1 illik müddətə ilkin 2-ci dərəcəli əlillik dərəcəsi və həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyinin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. Onun əlilliyi ##.##.2014-cü il tarixədək hər il hər dəfə bir illik müddətə uzadılmışdır. ##.##.2014-cü il tarixdə isə iddiaçının əlilliyi * saylı TSEK tərəfindən müddətsiz (ömürlük) olaraq təyin edilmişdir. ##.##.2023-cü il tarixdən isə iddiaçının əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Əmək pensiyasının dayandırılmasının səbəblərini öyrənmək üçün o, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciətə cavab olaraq verilmiş ##.##.2023-cü il tarixli, 3-17-1/2-S-213266.**** nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ona ## ###### 2004-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. Əlilliyinin etibarlılıq müddətinin # ###### 2020-ci il tarixindən bitməsi ilə əlaqədar pensiya ödənişi qanunvericiliyin tələblərinə görə # ###### 2021-ci il tarixdən dayandırmalı olduğu halda, ## #### 2023-cü il tarixinədək ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, ##.##.2021-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 14199,42 manat məbləğində vəsait artıq ödənilmiş vəsait kimi qaytarılmalıdır. Buna görə də artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilir. İddiaçı ##.##.2023cü il tarixdə yenidən cavabdehə ərizə ilə müraciət edərək onun 2-ci dərəcəli əlillik qrupunun dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətə ##.##.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçının əlilliyi qanunsuz və əsassız olaraq dayandırılmışdır. Çünki onun əlilliyi müddətsiz olmuşdur. Heç bir əlavə yoxlanılma və inzibati icraat aparılmadan əlillik dərəcəsi ləğv edilmişdir.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilk öncə inzibati orqana müraciət etməli, imtina aldıqdan sonra müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı verilmiş əlillik dərəcəsinin müddəti bitsə də, müddət uzadılması ilə əlaqədar göndəriş daxil olmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 2025-ci il ## ### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə, iddia qismən təmin edilərək, iddiaçı İddiaçı ləğv edilmiş əlillik dərəcəsinin ##.##.2023-cü tarixindən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya ilk dəfə 2004-cü ildə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Onun əlillik müddəti sonradan artırılmış və sonuncu dəfə 2014-cü ildə əlillik təyin edilmişdir. Lakin, 2023-cü ildə cavabdeh iddiaçıya 2014-cü ildə əslində 1 il müddətinə əlillik təyin edilməsi səbəbindən onun əlillik müddətinin bitdiyi qənaətinə gəlmiş və iddiaçıya əlilliklə bağlı pensiya ödənişləri və sair dayandırılmışdır. İddiaçı isə ona 2014-cü ildə müddətsiz əlillik təyin edildiyini bildirir. İddiaçıya sonuncu dəfə əlillik dərəcəsi 2014-cü ildə təyin ediliyi üçün hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir.

9. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli, ##.##.1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə”nin 5.1-ci bəndində göstərilmişdir ki, əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Uşaqlara sağlamlıq imkanlarının məhdudluğu “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na əsasən müəyyən edilir. İddiaçıya sonuncu dəfə əlillik təyin edilərkən qüvvədə olmuş qanunvericiliyə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin edildikdən sonra müddətsiz təyin edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilk dəfə 2004-cü il tarixində təyin edilmiş əlillik dərəcəsi 2014-cü ilə qədər fasiləsiz olaraq təyin edilmişdir. Belə olan halda həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən iddiaçıya əlillik müddətsiz olaraq təyin edilməli idi.

10. İddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi * nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş ******* saylı arayışda da ona ##.##.2014-cü il tarixli müayinə aktına əsasən müddətsiz 2-ci dərəcəli əlillik təyin edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi * nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya təqdim edilmiş arayışda iddiaçıya müddətsiz əlillik təyin edildiyi qeyd edilmişdir. Bununla da iddiaçının cavabdeh inzibati orqanının etdiyi hərəkətə etimadı yaranmışdır. Lakin, sonradan cavabdeh arxiv kitabında iddiaçıya 1 il müddətinə əlillik dərəcəsi təyin edilməsinə əsaslanaraq iddiaçının əlillik dərəcəsini ləğv etmişdir. Bu isə qanuni hesab edilə bilməz. Belə ki, həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə də, 10 il fasiləsiz təyin edilən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edildiyi təsbit edilmişdir. Cavabdeh iddiaçıya təyin edilmiş əlillik dərəcəsini ləğv edərkən inzibati akt qəbul etməsə də, faktiki xarakterli hərəkət həyata keçrmişdir. İddiaçı həmin hərəkəti mübahisələndirmək hüququnu özündə saxlamış olsa da, inzibati orqanın əlilliyin dayandırılması ilə bağlı hərəkətlərinin mübahisələndirilmədiyi ötən dövr ərzində həmin hərəkətlərin qanuniliyi şübhə altına alınmamışdır. Bu səbəbdən iddiaçı ##.##.2023-cü ildə əlilliyin bərpası ilə bağlı cavabdehə müraciət edənə qədər əlillik statusu ilə bağlı təminatlara olan hüququnu itirmişdir. Yəni, iddiaçının əlillik dərəcəsinin dayandırıldığı dövrdən həmin dövrə qədər müddətdə iddiaçının əlilliklə bağlı statusundan və imtiyazlardan istifadə etmək hüququ mövcud deyildir. Bu səbəbdən iddiaçının cavabdeh tərəfindən ləğv edilmiş əlillik dərəcəsinin onun cavabdehə müraciət etdiyi ##.##.2023-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

11. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və N.X.Nəbizadə) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” əsasında müəyyən edilir; Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1997-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş və ##.##.2015-ci ilə qədər qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 4.1. Birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. 4.4. Bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətində irəli sürülən dəlillərlə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar