Məhkəmə qərarları › İş №2-1(102)-4322/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4322/2025

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4322/2025 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olması, həmin fəaliyyətin təsdiq olunması, ƏDV qeydiyyatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “sadələşdirilmiş vergi ödəyicisi qeydiyyatının bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının fəaliyyət növləri barədə məlumata əsasən onun əsas fəaliyyət növü 56292 fəaliyyət kodu altında yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi, 93290 fəaliyyət kodu altında istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyəti, 9329008 fəaliyyət kodu altında əyləncə mərkəzlərinin fəaliyyətidir.

2. İddiaçının vergi ödəyicisi kimi obyekti Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, ev.Park Çinar 3 M.0 ünvanda yerləşən "Lamiland" uşaq əyləncə mərkəzi olmuş, müvafiq obyekt ##.##.2019-cu il tarixdə qeydiyyata qoyulmuş, ##.##.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, "Lamiland" uşaq əyləncə mərkəzi adlı obyektin təsnifatı istirahət və əyləncə obyekti olaraq qeyd edilmiş, obyektin kodu: 93290, adı istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət (əsas) kimi göstərilmişdir.

3. İddiaçının təqdim edilmiş e-qaimə fakturalara, ixrac əməliyyatlarına və ya onlayn kassa məlumatlarına əsasən, 2022-ci ilin dekabr ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduğundan vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat barədə” bildirişdə qeyd olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir (Qeydiyyatın qüvvəyə minmə tarixi ##.##.2022. Qeydiyyata alınma tarixi ##.##.2023).

4. İddiaçı cavabdehə ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi sadələşdirilmiş vergi mükəlləfiyyətinin aktivləşdirilməsi barədə bir neçə dəfə müraciət etmiş, cavabdeh ilkin müraciətə cavab olaraq bildirmişdir ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istəyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əmliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda, növbəti ayın ilk 10 günü ərzində uçotda olduğu vergi orqanına sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatı təqdim edir. Müvafiq məlumat forması təqdim edilmədikdə, həmin şəxslər Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır. Beləliklə, dövriyyə 2022-ci ilin noyabr ayında 200.000 manatdan artıq olduğundan və növbəti ayın ilk 10 günü ərzində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumat təqdim edilmədiyindən iddiaçı ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının təkrar müraciətinə cavab olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edə bilər. Araşdırma zamanı uçot baza məlumatlarında əsas fəaliyyət növü “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda, müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekt müəyyən edilmədiyindən və eyni zamanda digər fəaliyyət növü “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olduğu üçün müraciətin icrası məqsədəmüvafiq hesab edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlavə dəyər vergisi üzrə qeydiyyatın ##.##.2022-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi hesab olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fəaliyyətinin ictimai iaşə fəaliyyəti olmasına və tərəfindən ##.##.2022-ci il tarixdə ərizə təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən heç bir əsas olmadan ##.##.2023-cü il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. Əlavə dəyər vergisi üzrə qeydiyyatının ləğvi və yenidən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun bərpa edilməsi ilə bağlı vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən müraciəti üzrə haqlı tələbi icra edilməmişdir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazını işin hallarına və iddiaçının müraciətinə verdiyi cavabdakı dəlillərə istinadla əsaslandırmışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) e-*-*(***)-*****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçının əlavə dəyər vergisi üzrə qeydiyyatının ##.##.2022-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, ##.##.2022-ci il tarixə iddiaçının dövriyyəsi 200.000 manatı keçmiş, bu zaman onun ƏDV qeydiyyatı barədə ərizə təqdim etmək, eləcə də sadələşdirilmiş vergi ödəyicisi kimi davam etmə barədə ərizə ilə müraciət etmək hüququ üçün 10 günlük müddətin axımı növbəti ayın, yəni dekabrın 1-dən başlamışdır. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə etmə barədə ərizəsini vergi orqanına ##.##.2022-ci il tarixdə təqdim etmiş, lakin vergi orqanı iddiaçının növbəti ayın 10 günü ərzində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatın təqdim edilmədiyini, eləcə də iddiaçının obyektinin ictimai iaşə fəaliyyətinə uyğun olmadığını əsas gətirərək onu ##.##.2023-cü il tarixdə, ##.##.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata almışdır. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə qeyd edir ki, iddiaçı üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək barədə ərizəni təqdim etmək hüququ ##.##.2022-ci il tarixdə yaranmış və sonuncunun qanunla ##.##.2022-ci il tarixədək ərizəni təqdim etmək hüququ nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. İşin hallarından görünür ki, iddiaçı üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə barədə ərizəni təqdim etmək üçün son gün ##.##.2022-ci il həftənin qeyri- iş gününə - şənbə gününə düşmüş, bu zaman Məcəllənin 68.2-ci maddəsinin tələbinə uyğun olaraq son gün növbəti iş günü -##.##.2022-ci il tarixi olmuşdur. Göründüyü kimi, iddiaçı müvafiq ərizəni qanunla nəzərdə tutulmuş müddətdə vergi orqanına təqdim etmişdir. Digər tərəfdən, iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə barədə ərizəni təqdim etmək hüququnun olub-olmaması, yəni Məcəllənin 155.1 və 218.1.2-ci maddələrinə əsasən ictimai iaşə faəliyyəti ilə məşğul olan şəxs kimi 8%-lə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olması ilə bağlı isə qeyd edilməlidir ki, Məcəllənin 13.2.56-cı maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. İşin hallarından görünür ki, iddiaçının uçot baza məlumatlarına əsasən əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”, digər faəliyyət növü isə “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olmuşdur. İddiaçının vergi uçotuna alındığı əsas fəaliyyət növü ictimai iaşə fəaliyyəti növünə uyğundur. Cavabdeh iddiaçının əsas fəaliyyət növü ilə bağlı aktiv obyektinin müəyyən edilmədiyini iddia etsə də, işin hallarından müəyyən olunur ki, iddiaçı ##.##.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan ** saylı qeyri -yaşayış sahəsini icarəyə götürmüş, həmin obyekt “Lamiland” uşaq əyləncə mərkəzi adı ilə vergi ödəyicisinin adına uçota alınmışdır. Uçot məlumatlarında qeyd edilən obyektin iddiaçının digər fəaliyyət növü-“istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” kodu üzrə uçota alınsa da, iddiaçının həmin obyektdə əsas fəaliyyəti “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olmuş, eyni zamanda həmin fəaliyyətə əlavə olaraq, eyni obyektdə digər fəaliyyət növü olan “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” də həyata keçirmişdir. Təqdim edilmiş vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa) ilə müəyyən olunur ki, sözügedən obyektdə TPS 320 smart POS markalı kassa aparatı quraşdırımış, cavabdeh özü də kassa əməliyyatları barədə məlumatda məhz Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan ** saylı qeyri-yaşayış sahəsində quraşdırılmış kassa aparatı ödənişlərini nəzərə almış, dövriyyənin yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi əsas fəaliyyəti üzrə ödənilmiş vəsaitlərlərdən yarandığını qəbul etmişdir. Beləliklə, iddiaçının fəaliyyət göstərdiyi obyektin onun əsas fəaliyyət növü üzrə deyil, digər fəaliyyət növü üzrə qeydə alınması onun qeydə alınmış təsərrüfat obyektində yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi şəklində ictimai iaşə fəaliyyəti həyata keçirmədiyini iddia etməyə əsas vermir. Vergi ödəyicisinin təsərrüfat obyektini onun əsas fəaliyyət növü koduna uyğun qeydə alınmaması uçotla bağlı məlumatları dəqiqləşdirərək sistemə daxil etməyə məsul olan vergi orqanının məsuliyyət sferasına aid olduğundan və iddiaçının həmin obyektdə ictimai iaşə fəaliyyətini həyata keçirmədiyini təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən məhkəmə bu qənaətə gəlir ki, cavabdeh iddiaçının ərizəsini nəzərə alaraq onu sadələşdirilmiş vergi ödəyicisi qalmaq hüququndan məhrum etməkdə haqlı olmamışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər K.H.Əkbərovməruzəçi, S.R.Səlimova və M.N.Tağızadə) ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər K.N.Bədəlov-məruzəçi, N.İ.Rəsulbəyova və Z.M.Quliyev) ## ###### 2025-ci il tarixli *- *(***)-**/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

15. Ali Məhkəmənin İnzibati kollegiyasının qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün aydınlaşdırılmalı məsələ iddiaçının həqiqətən, məhz hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti, başqa sözlə, ictimai iaşə fəaliyyəti ilə məşğul olub-olmamasıdır. Təkrar apellyasiya baxışı zamanı X2 müvafiq sorğular (iddiaçının fəaliyyət göstərdiyi müəssisənin ictimai iaşə fəaliyyəti ilə məşğul olmasına dair hər hansı məlumat olubolmaması, keçirilən yoxlamalar, nəzarət tədbirləri, alınan icazələr və sair barədə) verilə bilər. Bundan əlavə, iddiaçı müəssisədə mövcud olan kassa aparatının çeklərindəki qeydlərin tədqiq edilməsi iddiaçının fəaliyyəti ilə bağlı məlumat verə bilər. Belə ki, Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ barədə məlumatlar olmalıdır. Beləliklə, şəxsin ictimai iaşə fəaliyyəti ilə məşğul olub-olmaması ilə bağlı işin halları hərtərəfli araşdırıldıqdan sonra iş üzrə yekun nəticəyə gəlmək mümkündür.

d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə işin hallarından görünür ki, iddiaçının uçot baza məlumatlarına əsasən əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”, digər fəaliyyət növü isə “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olmuşdur. İddiaçının vergi uçotuna alındığı əsas fəaliyyət növü ictimai iaşə fəaliyyəti növünə uyğundur. Cavabdeh iddiaçının əsas fəaliyyət növü ilə bağlı aktiv obyektinin müəyyən edilmədiyini iddia etsə də, qeyd olunanlar iş materiallarında olan sənədlərlə təkzib olunur. Beləliklə, iddiaçının fəaliyyət göstərdiyi obyektin onun əsas fəaliyyət növü üzrə deyil, digər fəaliyyət növü üzrə qeydə alınması onun qeydə alınmış təsərrüfat obyektində yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi şəklində ictimai iaşə fəaliyyəti həyata keçirmədiyini iddia etməyə əsas vermir. Vergi ödəyicisinin təsərrüfat obyektini onun əsas fəaliyyət növü koduna uyğun qeydə alınmaması uçotla bağlı məlumatları dəqiqləşdirərək sistemə daxil etməyə məsul olan vergi orqanının məsuliyyət sferasına aid olduğundan və iddiaçının həmin obyektdə ictimai iaşə fəaliyyətini həyata keçirmədiyini təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin cavabdehin iddiaçının ərizəsini nəzərə alaraq onu sadələşdirilmiş vergi ödəyicisi qalmaq hüququndan məhrum etməkdə haqlı olmaması barədə qənaəti ilə razılaşır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

18. Vergi orqanı tərəfindən iddiaçı İddiaçı uçot-baza məlumatlarına əsasən ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət ərzində onlayn kassa üzrə dövriyyəsinin 200 000 manatdan artıq olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olan şəxslər Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

19. ƏDV qeydiyyatı ilə və ya ictimai iaşə (8%) barədə məlumat forması təqdim edilmədiyindən vergi ödəyicisi Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq ##.##.2023-cü il tarixdə ##.##.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin obyektinin ictimai iaşə fəaliyyətinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin uçot baza məlumatlarına əsasən əsas fəaliyyət növünün yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi olduğu halda, müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekti müəyyən edilməmişdir. Həmçinin iddiaçının digər fəaliyyət növünün istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət, əyləncə mərkəzlərinin fəaliyyəti olduğu müəyyən edilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdən ƏDV qeydiyyatında olmuş,##.##.2023-cü il tarixdə ərizə ilə vergi orqanına müraciət edərək fəaliyyətini dayandırmışdır.

20. Məhkəmənin göstərişinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən ## ##### 2025-ci il tarixdə X2 müvafiq sorğu göndərilmişdir. ##.##.2025-ci il tarixdə Agentlikdən məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir: 1) Sözügedən fiziki şəxs qanunvericiliyə müvafiq qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatına alınmamışdır, 2) Agentlik tərəfindən ona məxsus “Lamiland” uşaq əyləncə mərkəzində hər hansı nəzarət tədbiri keçirilməmişdir. Cavab məktubundan göründüyü kimi “Lamiland” uşaq əyləncə mərkəzi qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatına alınmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsi ##.##.2025-ci il tarixli qərarında “Lamiland” X1 qanunvericiliyə müvafiq qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatına alınmamasına heç bir münasibət bildirməmişdir. Məhkəmə qərarında məktubun ikinci hissəsinə münasibət bildirilmiş, “Lamiland” uşaq əyləncə mərkəzində hər hansı nəzarət tədbiri keçirilməməsinin həmin mərkəzdə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməməsinin birbaşa sübutu olmadığı qeyd edilmişdir. Lakin “xxxx” Qanunun tələblərindən göründüyü kimi müəssisənin qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatına alınması imperativ göstərişdir, həmin müəssisədə hər hansı nəzarət tədbirinin keçirilib-keçirilməməsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Göründüyü kimi məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişini yerinə yetirərək X2 sorğu göndərmiş olsa da, sorğunun nəticələrini düzgün qiymətləndirməmişdir.

22. Göründüyü kimi iddiaçının əsas fəaliyyət növü 56292 fəaliyyət kodu altında yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi olsa da, 93290 fəaliyyət kodu altında istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət, 9329008 fəaliyyət kodu altında əyləncə mərkəzlərinin fəaliyyət növü ilə məşğuldur. Həmçinin iddiaçının əsas fəaliyyət növü ilə bağlı aktiv obyektinin müəyyən edilməməsinin sənədlərlə təkzib olunması reallığı əks etdirmir. Belə ki, iddiaçının obyekti AZ1025, Bakı şəhəri, Xətai Rayonu, Ağ Şəhər ev. Park Çinar 3 M.0 ünvanda yerləşən "Lamiland" uşaq əyləncə mərkəzi olmuş və müvafiq obyekt 2005753722-20001 kodu altında ##.##.2019-cu il tarixdə qeydiyyata qoyulmuşdur. Obyektin qeydiyyatı ərizəsində 93290 kodlu obyektin adı istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət (əsas) kimi göstərilmişdir. Məhz sənədlərdə müvafiq obyektin istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət sahəsinə aid olması təsdiqini tapmışdır.

23. “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən ictimai iaşə fəaliyyəti – xidmət göstərilən obyektin ərazisində və ya səyyar qaydada istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının alıcıya təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.56. ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti; Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Maddə 157. Qeydiyyat ... 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. ... Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

Maddə 221. Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi 221.6. Bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

“xxxx” Azərbaycan Respublikasının Qanunu Maddə 24. Obyektlərin (subyektlərin) qeydiyyat və təsdiqi, qida təhükəsizliyi reyestrinin aparılması 24.1. Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan qida obyektləri (subyektləri) və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alını ... 24.3. Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə (bundan sonra – Reyestr) daxil edilir və onlara Reyestrdən elektron və ya yazılı çıxarış verilir. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının ƏDV qeydiyyatının ləğvi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, uçot baza məlumatlarına əsasən iddiaçı İddiaçı (VÖEN: **********) ##.##.2019-cu il tarixdə sadələşdirilmiş vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçının fəaliyyəti yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi (1), istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət (2), əyləncə mərkəzlərinin fəaliyyətindən (3) ibarət olmuşdur.

35. İddiaçının 2022-ci ilin dekabr ayı üzrə sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olmuşdur.

36. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

37. Cavabdeh hesab edir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin obyektinin ictimai iaşə fəaliyyətinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin uçot baza məlumatlarına əsasən əsas fəaliyyət növünün yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi olduğu halda, müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekti müəyyən edilməmişdir. Həmçinin iddiaçının digər fəaliyyət növünün istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət, əyləncə mərkəzlərinin fəaliyyəti olduğu müəyyən edilmişdir. Vergi orqanı tərəfindən iddiaçı İddiaçı uçot-baza məlumatlarına əsasən ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət ərzində onlayn kassa üzrə dövriyyəsinin 200 000 manatdan artıq olduğu müəyyən edilmişdir Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olan şəxslər, Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Qanunla müəyyən edilmiş müddət ərzində ƏDV qeydiyyatı ilə və ya ictimai iaşə (8%) barədə məlumat forması təqdim edilmədiyindən iddiaçı Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq ##.##.2023-cü il tarixdə ##.##.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır.

38. İddiaçının hüquqi marağı ƏDV üzrə qeydiyyatının məcburi qeydiyyata alındığı vaxtdan ləğv edilməsi və sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatının bərpasına nail olmaqdan ibarətdir.

39. Mübahisənin həlli üçün araşdırılmalı yeganə hal Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinin dispozisiya şərtində nəzərdə tutulan iddiaçının ictimai iaşə fəaliyyəti ilə məşğul olub-olmamasıdır.

40. Yuxarıda vurğulandığı kimi, cavabdeh iddiaçının əsas fəaliyyət növünün “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda, müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyektinin olmamasına, eyni zamanda digər fəaliyyət növü - “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” üzrə obyektinin (“Lamiland” uşaq əyləncə mərkəzi) olmasına, həmin obyektdə yeməkxana fəaliyyəti göstərməsinin müəyyən edilməməsinə istinadən iddiaçının ictimai iaşə fəaliyyəti ilə məşğul olmadığını bildirir. İddiaçı isə ictimai iaşə fəaliyyəti ilə məşğul olduğunu, rəsmi qeydiyyatdan biri yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsini,əyləncə mərkəzində yemək təqdim edildiyini bildirir.

41. Vergi Məcəlləsinin 13.2.56-cı maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.

42. Qanunvericiliyə görə ictimai iaşə fəaliyyəti alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsidir.

43. İddiaçının fəaliyyət növündən biri yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi olmuşdur.

44. Apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, iş materiallarında olan və mübahisəli dövrü əhatə edən “Lamiland” X1 İnstaqram sosial şəbəkəsində olan səhifəsində yerləşdirilmiş bişirilmiş qidanın təqdim edilməsi, hətta bişirilmə prosesini əks etdirən foto və video materialları mövcuddur.

45. İddiaçı yeməkxanalar tərəfindən xidmətin göstərilməsini “Lamiland” uşaq əyləncə mərkəzində həyata keçirmişdir.

46. Təsadüfi deyil ki, cavabdeh kassasiya şikayətində bildirmişdir ki, həmçinin “Lamiland” X1 “İnstagram” sosial şəbəkəsində olan hesabında yerləşdirilmiş məlumatda da qeyd edilir ki, “Lamiland” uşaq kafesidir və ilkin olaraq bu konsept uşaqların əyləncəsi və valideynlərin gündəlik tələbləri və rahatlığı məqsədilə qurulmuşdur. Burada həmçinin uşaq şənliklərinin təşkili (uşaqların animasiyası, dekorasiyalar, foto çəkiliş və s.) ilə də məşğul olunur. Hesaba nəzər saldıqda ad günləri, yeni il şənlikləri və digər tədbirlərin keçirilməsi üzrə yerləşdirilmiş məlumatlarda menyu seçməyin şərt olmadığı, qiymətlərin hər bir uşaq üçün təklif olunmuş xidmətlərə uyğun paket seçimi əsasında formalaşması müəyyən olunur.

47. Cavabdeh iddiaçının “İnstagram” sosial şəbəkəsində olan hesabına istinad edərək “Lamiland”ın uşaq kafesi olması barədə mübahisə açmamışdır.

48. Vikipediya, azad ensiklopediyaya görə kafe-ictimai yeməkxana və istirahət yeridir. Kiçik restorana oxşayan, ancaq məhsullarının çeşidi az olan bu yeməkxana oraya gələn insan kontiqentinə görə gənclik, uşaq və s. bölünür. Bundan əlavə yemək çeşidinə görə dondurma kafesi, şirniyyat kafesi də olur. Kafelər ayrı-ayrı binalarda, əsasən restoranlardan fərqli olaraq binalara yaxın tiklilərdə yerləşirlər. Bəzən zolların kənarında da yerləşir. İqlimdən asılı olaraq dənizkənarı, çaykənarı kafelər fəaliyyət göstərir. Yay vaxtı kafelər yerləşən binaların kənarında açıq səma altında da kafelər işləyirlər.

49. Göründüyü kimi, yoxlamanın aparıldığı “Lamiland” X1 fəaliyyəti iddiaçının rəsmi qeydə alındığı əyləncə mərkəzlərinin fəaliyyət koduna uyğun olsa da, nəzərə alınmalıdır ki, iddiaçı həm də yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi kodu ilə qeydə alınmışdır və qanunvericilikdə əyləncə mərkəzlərinin fəaliyyəti zamanı yeməkxanalar tərəfindən (ictimai iaşə) xidmətlərin göstərilməsi qadağan edilməmişdir.

50. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi apelyasiya məhkəməsinin sorğusu ilə bağlı ##.##.2025-ci il tarixli məktubuna görə iddiaçı qanunvericiliyə müvafiq qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatına alınmamış və Agentlik tərəfindən ona məxsus “Lamiland” uşaq əyləncə mərkəzində hər hansı nəzarət tədbiri keçirilməmişdir”.

51. Məktubun məzmunu ən azından onu təsdiq edir ki, iddiaçının yoxlanılan dövr ərzində ictimai iaşə fəaliyyəti göstərib göstərməməsi barədə Agentlikdə hər hansı məlumat mövcud deyil. Bu məlumat iddianı nə təsdiq, nə də təkzib etmədiyindən sübut növü kimi qəbul edilə bilməz.

52. Cavabdehin nümayəndəsi apelyasiya icraatı zamanı keçirilən ## ######## 2025-ci il tarixli məhkəmə iclasında “Lamiland” X1 yeməkxana fəaliyyəti ilə məşğul olması tərəfimizdən qəbul edilir” fikrini bildirmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həm də yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı koda malik olmuş, bu fəaliyyət növü ilə bağlı aktiv obyekti olmasa da, digər fəaliyyət növü kimi istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyəti və əyləncə mərkəzlərinin fəaliyyəti olmuş və bu fəaliyyəti zamanı aktiv obyekti olmuş və həmin obyektdə müəyyən ictimai iaşə xidməti göstərmişdir.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

55. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar