Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4323/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra qurumunun hərəkətinin mübahisələndirilməsi, iddianın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon Icra və Probasiya Şöbəsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə vurulmuş zərərin əvəzi olaraq 200 000 (iki yüz min) manat və 130950 (bir yüz otuz min doqquz yüz əlli) manat olmaqla, ümumilikdə 330950 (üç yüz otuz min doqquz yüz əlli) manat məbləğində pulun kompensasiya edilərək ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
2. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün qanunvericilikdə qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu öz təsdiqini tapmır. Iddiaçının iddia etdiyi formada əmlakların ipotekadan azad edilməklə ipotekaya xitam verilməsinin səbəbi cavabdeh inzibati orqanın bilavasitə faktiki xarakterli hərəkətləri və ya inzibati aktı olmamışdır.
4. Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tamamilə razılaşmışdır.
7. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
Kassasiya şikayətinin dəlilləri
8. Iddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
10. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.
11. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
12. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2017-ci il tarixli Qərarı “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232)) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “Icra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “Icra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “Icra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “Icra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. Icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.”
14. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
18. Bu səbəbdən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
19. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
20. Hazırkı mübahisə mahiyyət etibarı ilə mülki məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası üzrə cavabdeh icra qurumunun hərəkəti ilə əlaqələndirilir. Həmin mübahisə məhkəmə qətnaməsinin icrası ilə bağlı olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Məhkəmənin predmet üzrə aidiyyəti məhkəmə hesab olunması üçün, onun həmin mübahisəyə dair qərar qəbul etmə səlahiyyətinə malik olması şərti ödənilmiş olmalıdır. Inzibati prosesdə bu şərt o zaman ödənilmiş sayılır ki, mübahisə inzibati və ya ümumi (publik) hüquq münasibətləri ilə bağlı və həmin münasibətlərdən yaranmış olsun. Bu şərt ödənilmədiyi təqdirdə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir.
21. Mübahisənin inzibati (publik) hüquqi xarakteri, həmin mübahisəyə (iddia və ya ərizəyə) inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır.
22. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət, həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və icra sənədi üzrə tədbirlər yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. Icra məmurunun hərəkətinin və ya qərarının hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən və qərardan müdafiə olunmaq üçün icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət edə bilər. Nəzərə almaq lazımdır ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə araşdırması prinsipinın tərkib hissəsi kimi qiymətləndirilməli və onun davamı kimi qəbul edilməlidir. Bu mənada hazırkı iş üzrə iddiaçı bu qaydaya uyğun olaraq, icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməli idi.
23. Məhkəmə qətnaməsinin icrasının həmin qətnamə ilə müəyyən olunmuş həddə həyata keçirilməsinə nəzarət, icraya möhlət vermə və ya qətnaməni hissə-hissə icra etdirmə, onun icra üsulunu və qaydasını dəyişdirmə həmin işə baxmış və qətnaməni çıxarmış məhkəmənin səlahiyyət sferasına aiddir. Məhz bu səbəblərdən icra məmurunun məhkəmə qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası üzrə qərarı və ya hərəkəti ilə bağlı mübahisələr inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
24. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanların davamı və təsdiqi olaraq bir daha vurğulayır ki, Avropa Insan Hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə # ##### 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsini təşkil etməlidir (“Gülməmmədova Azərbaycana qarşı” § 35, “Romańczyk Fransaya qarşı” § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı).
25. Məhkəmə kollegiyasının bu qənaəti həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan ## ####### 2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe ilə də uzlaşır. Belə ki, həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsi baxımından tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.
26. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, müvafiq iddia ilə predmet aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, konkret mübahisəyə münasibətdə isə əsas iş üzrə qətnamə çıxarmış aidiyyəti məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz və etməməlidir. Şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir.
27. Beləliklə, icra sənədinin icrası ilə bağlı icra qurumunun qərarına və ya hərəkətinə dair mübahisəyə həmin icra sənədini vermiş və icrasına nəzarət edən məhkəmə tərəfindən baxılmalı və həll edilməlidir.
28. Kollegiya onu da qeyd etməyi vacib sayır ki, işə baxmış məhkəmələr tərəfindən iddiaçının mübahisələndirdiyi hərəkətin- ipoteka predmeti olan əmlakın hərracdan ipoteka saxlayana vaxtında təklif olunmaması cavabdeh qurumun deyil, hərrac təşkilatının təqsirliliyi ucbatından baş vermişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
30. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardad qətidir.