Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4330/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin statusunun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi sədrinin 2007-ci il ## ###### tarixli ****/* nömrəli sərəncamında Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 5000 kv.m. torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş İddiaçı (bundan sonra – iddiaçının) alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması əksini tapmışdır (iş səh. 10).
2. Bununla bağlı “Torpaqların alqı-satqısına dair akt” tərtib edimişdir (aktın tərtib edilmə tarixi qeyd olunmamışdır). Aktda göstərilir ki, İddiaçı tərəfindən ##.##.2007-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 5000 kv.m torpaq sahəsi satılması barədə 2007-ci il ## ###### tarixli, ****/* nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən haqq ödənilmişdir (adı çəkilən aktın rayon torpaq şöbəsində qeydiyyata alınması barədə məlumatları əks etdirən hissədə torpaq şöbəsinin səlahiyyətli şəxsi tərəfindən imza edilməmiş, möhürlə təsdiq edilməmişdir) (iş səh. 5).
3. Sözügedən torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmiş, bələdiyyə sədrinin imzası və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir.
4. Iddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh qeydiyyat aparmaqdan imtina etmiş və ##.##.2024-cü il tarixli məktubla iddiaçıya aşağıdakı məzmunda cavab vermişdir: “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ##.##.2024-cü il tarixli, ********** nömrəli müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdib edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir”.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 5000 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbində işin yuxarıda qeyd olunan halları sadalanmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin eskizi, yerləşmə sxemi və plan cizgisinin surəti notarial qaydada təsdiq olunmuş formada iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata almaqdan formal və qanunsuz olaraq imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Elektron kadastr məlumatına əsasən göstərilən sahə üçüncü şəxs1 adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və “Böyükşor” gölünün mühafizə zolağında yerləşir. Həmçinin şərti göstərilən sahə dövlət mülkiyyəti torpağı olmaqla, bir hissəsi bataqlıq ərazidə yerləşir. Əlavə olaraq, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır. Qeyd olunanlarla yanaşı, Bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2017-ci il, *** nömrəli Qərarı ilə mühafizə zonaları müəyyən edilir.
8. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə, cavabdehin vəsatəti təmin edilərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Üçüncü şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
10. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ****/* nömrəli sərəncamına istinad edərək, mübahisə predmeti torpaq sahələrinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbini irəli sürmüşdür. Inzibati orqan tələbin təmin olunmasından imtina edərək əsaslandığı torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmaması dəlilinə münasibətdə məhkəmə qeyd edib ki, yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
12. Bundan başqa, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “Inzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. Inzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. Ictimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır.
13. Inzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir.
14. Iş materiallarından göründüyü kimi torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt qüvvədədir.
15. Bundan əlavə məhkəmə xüsusilə qeyd edib ki, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında üç instansiya məhkəmə qərarı ilə digər torpaq sahəsinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır.
16. Hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla IIQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.
17. Torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh torpaq sahəsinin cizgisində istinadlar olmadığını bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
18. Iddiaçının qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həminin yerləşmə cizgisinin tam oxunmaması və cizgidə koordinat və perimetrik ölçülərin olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz.
19. Torpaq sahəsinin bələdiyyə sədrinin sərəncamı ilə ayrılmasına dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edib ki, iş materiallarından göründüyü kimi iddiaçıya torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin sədrinin sərəncamı əsasında ayrılsa da, bu sərəncamın əsasında Binəqədi qəsəbə Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı ümumi iclasının qərarı durur. Başqa sözlə, torpaq sahəsi bələdiyyənin ümumi iclasının qərarı ilə iddiaçıya ayrılmışdır. Digər tərəfdən cavabdeh torpaq sahəsinin üçüncü şəxs1 adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və “Böyükşor” gölünün mühafizəsində yerləşdiyini bildirir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, göstərilən sahənin üçüncü şəxs1 adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və “Böyükşor” gölünun mühafizə zolağında yerləşməsinə dair iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş üçüncü şəxs1 hər hansı münasibət bildirməmişdir.
20. Bununla belə məhkəmə qeyd edib ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin iddiaçı ilə analoji sənədlər əsasında qeydiyyatına dair mübahisə ilə bağlı (qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir), həmçinin oxşar digər bir iş (2-1(102)-2117/2022, ##.##.2022-ci il tarixli qərar) üzrə kassasiya instansiyası məhkəməsi artıq “Böyükşor gölünün mühafizəsi” ilə bağlı dəlillərə münasibət bildirmişdir. Məhkəmə kassasiya instansiyası məhkəməsinin mövqeyini əsas götürərək qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 5000 kv.m. torpaq sahəsi iddiaçıya Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ****/* nömrəli sərəncamına əsasən ayrılmışdır. “Böyükşor” gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə ## ### 2017-ci il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi iddiaçının torpaq sahəsinə hüququ daha əvvəl yaranmışdır. Qeyd olunduğu kimi, Böyükşor gölünün mühafizə zonasının yaradılmasına iddiaçıya bələdiyyə orqanı tərəfindən hələ torpaq sahəsinin ayrılmasından uzun müddət sonra başlanılmış və bu hal iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdırmır. Həmçinin, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir (bunu qadağan edən imperativ norma mövcud deyildir). Torpaq sahəsinin mühafizə zolağında yerləşməsi yalnız mühafizə zolağının müəyyən etdiyi rejimə uyğun istifadə edilməsi ilə nəticələnir ki, cavabdehin torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə görə həmin torpaq sahəsi üzərində hüquqların qeyd alınmasından imtina edilməsi ilə bağlı mövqeyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələrinin tələblərinə ziddir.
21. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin e-*- *(***)****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Apelyasiya şikayəti iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi iddiaçıya ##.##.2007-ci il tarixli sərəncam əsasında ayrılmışdır. “Böyükşor” gölünün və onun mühafizə zonasının sərhədləri isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Iddiaçıya torpaq sahəsi ayrılarkən sözügedən torpaq sahəsi mühafizə zolağında yerləşməmişdir. Digər tərəfdən, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir.
25. Kollegiya həmçinin qeyd edib ki, Torpaq Məcəlləsinin 25.3-cü maddəsinə əsasən çayların, göllərin, su anbarlarının, digər su təsərrüfatı obyektlərinin sərhədlərində, habelə təbiəti mühafizə təyinatlı digər torpaqların hüdudlarında xüsusi hüquqi rejimli mühafizə zonaları müəyyən edilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin təbiəti mühafizə təyinatlı torpaqların hüdudlarında yerləşən torpaq sahələri geri alınmır. Həmin sahələrdən qanunvericiliklə müəyyən edilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur.
26. Məhkəmə kollegiyası cavabdehin iddia olunan torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmasına dair dəlilinə münasibətdə qeyd edib ki, cavabdeh göstərilən məsələlərlə əlaqədar heç bir dəlil təqdim etməmiş, öz arqumentlərinin əsaslığını sübuta yetirə bilməmişdir. Əksinə, cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərdən iddiaçının qonşuluğunda yerləşən torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin adına hüquqların dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçıda olduğu kimi bələdiyyə qərarı çıxış etmişdir. Nə qədər ki, cavabdeh bələdiyyə qərarı əsasında başqa şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır.
27. Məhkəmə kollegiyası bildirib ki, cavabdehin iddiaçı ilə analoji hüquqi vəziyyətdə olan şəxslərin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati praktikası artıq mövcuddur. Ancaq cavabdeh tələbi eyni faktiki və hüquqi əsaslara söykənən iddiaçının eyni ərazidə yerləşən daşınmaz əmlak üzərində hüququnun qeydiyyatına dair müraciətinin təmin edilməsindən imtina etmiş, bununla da bərabərlik (bərabər yanaşma) prinsipini pozmuşdur. Halbuki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
28. Məhkəmə kollegiyası Ali Məhkəmənin bir neşə qərarını sadalayaraq bildirib ki, həmin qərarlar əsasında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
29. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirib ki, avabdeh inzibati orqan tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, yaxud qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübut təqdim edilməmişdir. Torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluq varsa belə, bu iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, yuxarıda istinad olunan “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndən göründüyü kimi yerquruluşu işləri aparılmaqla və qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqları aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin səlahiyyətinə aiddir.
30. Torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmaması təsdiqlənməməsi və digər aidiyyəti orqanlardan rəy alınması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edir. Eyni zamanda bu hal iddiaçının məsuliyyət sferasına aid məsələ olmadığından onun əleyhinə istifadə edilə bilməz. Çünki, müvafiq aktı qeydə almaq iddiaçının öhdəliyi deyil, səlahiyyətli dövlət orqanlarının vəzifəsidir. Həmçinin, təqdim edilmiş cizgidə istinad məsafələri, dəqiq istinadlar, perimetrik ölçülərin qeyd edilməməsi də iddiaçının ziyanına olan hal kimi şərh edilməməlidir. Belə ki, tələblərə cavab verən cizginin tərtib edilməsi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir. Odur ki, cavabdehin bu xüsusatla imtinası formal mülahizələrə söykənmiş kimi qiymətləndirilir.
31. Torpaq sahəsinin bələdiyyə sədrinin sərəncamı ilə ayrılmasına dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edib ki, iş materiallarından göründüyü kimi iddiaçıya torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin sədrinin sərəncamı əsasında ayrılsa da, bu sərəncamın əsasında Binəqədi qəsəbə Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı ümumi iclasının qərarı durur. Torpaq sahəsi bələdiyyənin ümumi iclasının qərarı ilə iddiaçıya ayrılmışdır.
32. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. Kassasiya şikayətində iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
34. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
35. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra- dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən vaxta qədər olan redaksiyada /“Azərbaycan” qəzeti ## ###### 2008-ci il, № ***/).
38. Torpaq Məcəlləsi Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ...
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. ...
“Inzibati icraat haqqında” Qanun Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. ... Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... Maddə 71. Inzibati aktdan şikayət vermək hüququ 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72. Inzibati şikayətin verilməsi və geri götürülməsi qaydası 72.1. Inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
39. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
41. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
43. Məhkəmələr tərəfindən müəyyən edilmiş hallara görə Binəqədi qəsəbə Bələdiyyəsi sədrinin 2007-ci il ## ###### tarixli ****/* nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 5000 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyətinin tikintisi üçün alqısatqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmış, bu barədə “Torpaqların alqı-satqısına dair akt” tərtib edimişdir. Adı çəkilən akt DTXK rayon şöbəsində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmiş, bələdiyyə sədrinin imzası və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir.
44. Cavabdeh qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir və imtina etməni aşağıdakılarla əsaslanmışdır: 1. Təqdim edilmiş “torpaqların alqı-satqısına dair akt” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsbid edilməmişdir; 2. Elektron kadastr məlumatına əsasən göstərilən sahə üçüncü şəxs1 adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və “Böyükşor” gölünün mühafizə zolağında yerləşir;
3. Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır; 4. Torpaq sahəsi Bələdiyyənin kollegial orqanı olan bələdiyyənin qərarı ilə deyil, bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi sərəncamla ayrılmışdır; 5. Şərti göstərilən sahə dövlət mülkiyyətində olan torpaq olmaqla, bir hissəsi bataqlıq ərazidə yerləşir.
45. Məhkəmə kollegiyası cavabdehin qeydiyyatdan imtina etmənin yuxarıda qeyd olunan 1-3-cü dəlilləri ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə və əsaslandırma ilə razılaşır.
46. Lakin məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi cavabdehin 4 və 5-ci etiraz dəlilləri ilə bağlı lazımi araşdırma aparmamışdır.
47. Belə ki, cavabdehin 4-cü etiraz dəlili mahiyyəti etibarilə onu ehtiva edir ki, torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən bələdiyyənin qərarı təqdim edilməyib. Cavabdehin iddiaçıya münasibətdə bu tələbi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1, 10.2.1-ci maddələrinə əsaslanır.
48. Belə ki, həmin normaya görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizəyə başqa sənədlərlə yanaşı hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Hazırkı vəziyyətdə iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsini bələdiyyədən aldığına istinad etdiyinə görə, 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan torpaq sahəsini özgəninkiləşdirməsinə dair qəbul olunmuş aktı təqdim etməlidir.
49. Burada bəhs olunan “bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş akt” anlayışının nəyi (bələdiyyənin kollegial qərarını və ya bələdiyyə sədrinin sərəncamını) ehtiva etməsi sual doğurur. Məhkəmə kollegiyası hesab edir ki, “bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş akt” dedikdə, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin özgəninliləşdirilməsi barədə bələdiyyənin kollegial qərarını – bələdiyyə iclasının qəbul etdiyi qərarı ehtiva edir. Bu nəticə Konstitusiyanın 144-145-ci maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2, 11.1-ci maddələrinin sistemli təhlilindən irəli gəlir.
50. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
51. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, bələdiyyənin iclaslarında baxılan məsələlərə aid edilmişdir. Konstitusiyanın 145-ci maddəsi isə bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilməsini, bu qərarlarının bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunmasını tələb edir.
52. Buna görə də cavabdehin “torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən bələdiyyənin qərarı təqdim edilməyib” dəlilinin araşdırılması üçün məhkəmə tərəfindən bu cür qərarın olub olmaması araşdırılmalı və həmin qərarın surəti tələb olunub işə əlavə edilməli, bələdiyyə qərarında iddiaçıya torpaq sahəsi verilməsi barədə göstərişin olub olmadığı müəyyən edilməli idi.
53. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar işə əlavə olunmadığı halda birinci instansiya məhkəməsi göstərib ki: «Iş materiallarından göründüyü kimi torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt qüvvədədir».
54. Apelyasiya instansiyası məhkəməsi isə qeyd edib ki: «... iş materiallarından göründüyü kimi iddiaçıya torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin sədrinin sərəncamı əsasında ayrılsa da, bu sərəncamın əsasında Binəqədi qəsəbə Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı ümumi iclasının qərarı durur. Torpaq sahəsi bələdiyyənin ümumi iclasının qərarı ilə iddiaçıya ayrılmışdır. Iş materiallarından göründüyü kimi torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt qüvvədədir.»
55. Görünür ki, apelyasiya instansiyası məhkəməsi “sərəncamın əsasında Binəqədi qəsəbə Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı ümumi iclasının qərarı durur” qənaətinə gələrkən, bələdiyyə sədrinin sərəncamında Bələdiyyənin ## ###### 2007-ci il tarixli ** saylı ümumi iclasınının qərarına istinad edildiyinə əsaslanmışdır.
56. Lakin iddiaçı ilə torpaq sahəsinə dair alqı-satqı aktında qeyd olunub ki, iddiaçı ##.##.2007-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, həmin ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və torpaq sahəsinin satılması barədə 2007-ci il ## ###### tarixli ****/* nömrəli qərar qəbul edilmişdir.
57. Nəzərə alınmalıdır ki, hüququn əmələ gəlməsi istənilən fakta deyil, qanunla nəzərdə tutulan faktlara bağlıdır. Baxılan işdə iddiaçının torpaq sahəsinə hüququ bələdiyyə qərarından irəli gəldiyinə görə, qeydiyyatın aparılması üçün bu cür qərarın mövcud olması zəruridir.
58. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarının olmaması barədə cavabdehin dəlilləri tam və obyektiv araşdırılmamış, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi bələdiyyə qərarında iddiaçıya torpaq sahəsi verilməsi barədə göstərişin olub olmadığı müəyyən edilməmişdir.
59. Bundan başqa, cavabdeh icraatın əvvəlindən bildirmişdir ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyil, dövlətin mülkiyyətindədir. Bu dəlil iddianın düzgün həlli baxımından əhəmiyyətli olduğuna görə hərtərəfli araşdırılmalıdır.
60. Apelyasiya instansiyası məhkəməsi cavabdehin iddia olunan torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmasına dair dəlilinə münasibətdə qeyd edib ki, «cavabdeh göstərilən məsələlərlə əlaqədar heç bir dəlil təqdim etməmiş, öz arqumentlərinin əsaslığını sübuta yetirə bilməmişdir. Əksinə, cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərdən iddiaçının qonşuluğunda yerləşən torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin adına hüquqların dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. ... Cavabdehin iddiaçı ilə analoji hüquqi vəziyyətdə olan şəxslərin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati praktikası artıq mövcuddur.»
61. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır.
62. Çünki, iş materiallarından göründüyü kimi cavabdeh məhkəmənin sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, kadastr məlumatlarına əsasən bəhs olunan ərazinin qonşuluğunda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (iş 1-ci cild səh. 59).
63. Iddiaçının nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsində yazılı vəsatət verərək bildirmişdir ki, onlarda olan məlumatlara görə qonşu ərazidə yerləşən dövlət qeydiyyatına alınmış daşınmaz əmlakın olmamasına dair cavabdeh tərəfindən verilən məlumat həqiqəti əks etdirmir. Həmin ərazidə yerləşən və 001013014579, 001013015526, 001013014179, 001013011318, 0**********, 001013014580, 001013015527, 0**********, 001011008192 reyestr nömrəsi ilə qeydiyyata alınmış əmlaklar vardır. Həmin qeydiyyatlar haqqında məlumat əldə edilməsi üçün cavabdehə sorğu verilməsini xahiş edir.
64. Iddiaçı tərəfin bu vəsatəri əsasında məhkəmənin verdiyi sorğuya cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, ************-***** nömrəli (iş 1-ci cild səh. 64-66), ************-***** nömrəli (iş 1-ci cild səh. 67-69), ************-***** nömrəli (iş 1-ci cild səh. 70-72, bu torpaq sahəsi ##.##.2020-ci il tarixdə başqa şəxsə satılmış və 001013013896 nömrə ilə reyestr qeydiyyatına alınmışdır, 1-ci cild səh. 116-128), ************-***** nömrəli (iş 1-ci cild səh. 73-75), ************-***** nömrəli (iş 1-ci cild səh. 76-78), ************-***** nömrəli (iş 1-ci cild səh. 102-104), ************-***** nömrəli (iş 1-ci cild səh. 105-107), ************* nömrəli (iş 1-ci cild səh. 114), ************-***** nömrəli (iş 1-ci cild səh. 132-134), ************ nömrəli (iş 1-ci cild səh. 135-137), ************-***** nömrəli (iş 1-ci cild səh. 198-200) qeydiyyatlarla torpaq sahləri üzərində mülkiyyət və ya istifadə hüquqları qeydiyyata alınmışdır.
65. Lakin bu torpaq sahələrinə mülkiyyət və ya istifadə hüquqları bələdiyyənin qərarı əsasında deyil, Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış müqavilələr əsasında qeydiyyata alınmışdır. Başqa sözlə həmin torpaq sahələri bələdiyyənin mülkiyyətində olmamışdır.
66. Işin 1-ci sildinin 201-ci vərəqində olan ortofoto görüntüsündən aydın şəkildə görünür ki, məhkəmənin istinad etdiyi Feyziyev Ələddin adil oğlunun adına 0**********5 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bitişik olmayıb, aralarında əhəmiyyətli məsafə vardır.
67. Habelə iş materiallarının 1-ci cildinin 115-ci vərəqində olan ortofoto görüntüsündə qeydiyyata alınmış torpaq sahələri də (001011008192, 001013014179, 001013015527, 001013015526, 001013014580, 001013014579 nömrələri ilə qeydiyyata alınmış) iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bilavasitə bitişik olmayıb, aralarında xeyli məsafə vardır. Bu çıxarışlardan yalnız birinə dair - 001011008192 nömrə ilə reyestr qeydiyyatına alınmış çıxarış iş materiallarına əlavə edilmişdir (iş 1-ci cild səh. 114). Həmin çıxarışla qeydiyyata alınmış hüquq da Əmlək Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsindən irəli gələn icarə hüququdur və yüklülük müddəti ##.##.2024-##.##.2026-cı illərə aiddir. Qalan 001013014179, 001013015527, 001013015526, 001013014580, ************ nömrəli qeydiyyatlara dair sənədlər təqdim edilmədiyinə görə qeydə alınmış bu hüquqların hansı əsasla - bələdiyyənin qərarı əsasında yaxud əmlak Məsələləri Xidmətinin qərarı əsasında qeydiyyata alınmasını iş materialları ilə müəyyən etmək mümkün deyil.
68. Göründüyü kimi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması barədə cavabdehin dəlilləri də lazımi qaydada araşdırılmamışdır.
69. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
70. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.