Məhkəmə qərarları › İş №2-1(102)-4347/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4347/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4347/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X3 of AZ Metal” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: malın müvafiq kodla rəsmiləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı “X3 of AZ Metal” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malın müvafiq kodla rəsmiləşdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı “X3 of AZ Metal” MMC ilə Türkiyə Respublikasında qeydiyyatdan keçmiş “X2 İth. İhr. San. ve Tic. Ltd. Şirkəti” arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı mis və latun tərkibli gəmi lövbərlərinin ixracını həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası çərçivəsində iddiaçı tərəfindən eyni növ malların ilk partiyası üzrə ##.##.2022-ci il tarixli ixrac yük gömrük bəyannaməsi təqdim edilmiş, Bakı Baş Gömrük İdarəsinin müraciəti əsasında aparılmış gömrük ekspertizasının nəticələrinə görə mallar Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə 7419200000 kodunda təsnifləşdirilmiş və sonradan malların ixracı həyata keçirilmişdir.

2. Sonradan iddiaçı həmin müqavilə üzrə növbəti partiya malların ixracı məqsədilə ##.##.2023-cü il tarixli ************** nömrəli ixrac yük gömrük bəyannaməsini təqdim etmiş, bəyannamədə tərkibi mis, sink, dəmir, nikel, qurğuşun və qalaydan ibarət gəmi lövbəri formasında tökmələr XİFMN üzrə 7419200000 kodu ilə bəyan edilmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim olunmuş uyğunluq sertifikatında da həmin məhsulun 7419200000 koduna aid olduğu göstərilmişdir.

3. Cavabdeh gömrük orqanı tərəfindən aparılmış araşdırma zamanı əvvəlcə malların təsnifat kodunun müəyyənləşdirilməsi üçün kifayət qədər normativ əsasın olmadığı bildirilmiş, daha sonra verilmiş ekspertiza rəyində məhsulun tökmədən sonra emala məruz qalmamış lövbər formasına bənzədilmiş məhsul olduğu göstərilərək XİFMN üzrə 7403210000 kodunda təsnifləşdirilməli olduğu qeyd edilmişdir. Bu əsasla gömrük bəyannaməsi qəbul edilməmiş və malların iddiaçının bəyan etdiyi kodla rəsmiləşdirilməsindən imtina olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən təqdim edilən ##.##.2023-cü il tarixli gömrük bəyannaməsinin “31. Malların təsviri” bölümündə olan tərkibi mis, sink, dəmir, nikel, qurğuşun və qalaydan ibarət gəmi lövbəri formasında tökmələr adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİFMN) üzrə ********** saylı alt yarımmövqe kodu ilə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Türkiyə Respublikasında qeydiyyatdan keçən “X2 İth.İhr.San. ve Tic.Ltd. Şirkəti” arasında bağlanmış ** №-li, ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı sonuncu qarşısında mis və latun tərkibli gəmi lövbəri tədarük etməklə bağlı öhdəlik götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış sözügedən müqaviləyə əsasən, 2022-ci ilin dekabr ayında ixrac edilən mala dair ##.##.2022-ci il tarixli ixrac yük gömrük bəyannaməsi tərtib edilərək, müvafiq sənədlərlə birgə cavabdehə təqdim edilmişdir. Qanunvericiliyə və standartlara uyğun şəkildə həmin gömrük bəyannaməsində ixrac edilən mal xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 741920000 kodla bəyan edilmişdir. Həmin partiya üzrə ixrac edilən mallar barəsində cavabdehin 1400-012/002- **/****** nömrəli ##.##.2022-ci il tarixli müraciət məktubu əsasında gömrük ekspertizası həyata keçirilmiş və DGK-nin Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən verilən rəyə görə müəyyən edilmişdir ki, ixrac edilən mallargəmi lövbəri formasında tökmələr olub XİF MN-na görə 7419200000 alt yarımmövqeyində sinifləşdirilir. Bundan sonra həmin mallar qanunamüvafiq qaydada ixrac edilmişdir. İddiaçı ilə əcnəbi şirkət arasında bağlanmış ** №-li, ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, ixrac olunması nəzərdə tutulan ikinci partiya mallara dair zəruri sənədlərlə birgə ##.##.2023-cü il tarixdə ixrac yük gömrük bəyannaməsi təqdim edilmiş, lakin gömrük orqanı həmin malların ixracına bürokratik maneələr yaradaraq, bəyannaməni qəbul etməmiş və malların ixracının rəsmləşdirilməsindən əsassız və qanunsuz olaraq imtina etmişdir. Belə ki, əvvəlki ixrac əməliyyatlarından heç bir fərqi olmayan tamamilə eyni həcmdə, formada, şəkildə və eyni tərkibdə olan malları əvvəlki ixrac əməliyyatında heç bir əngəl yaratmadan buraxdığı halda ikinci ixrac zamanı gömrük rəsmləşdirilməsindən imtina etmişdir. Sonuncu ixrac əməliyyatında, yəni təqdim edilən ##.##.2023-cü il tarixli ixrac yük gömrük bəyannaməsi üzrə mallara dair uyğunluq sertifikatı olduğu halda gömrük orqanı tərəfindən iki dəfə əsassız olaraq gömrük ekspertizası həyata keçirilmiş və keçirilən ekspertizaların rəylərinə əsasən də təqdim edilən bəyannamə üzrə malların ixracını qeyri-mümkün etmişlər. Mala dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “xxxx” X1 tərəfindən akkreditasiyadan keçmiş və № AZ 02.0556.01.21 akkreditasiya attestatına malik “xxxx" MMC tərəfindən №AZ 031.63.01.06079.** nömrəli, ##.##.2022-ci il tarixli uyğunluq sertifikatı verilmişdir. Həmin sertifikatla ixrac edilməsi nəzərdə tutulan latun və mis tərkibli gəmi lövbəri formasında tökmələrin XİF MN-a görə 7419200000 kodla sinifləşdirildiyi təsdiq edilir. Mərkəzi Gömrük Ekspertiza Mərkəzi barəsində internet informasiya resurslarında mövcud olan məlumatlardan görünür ki, Ekspertiza Mərkəzinin akkreditasiya olunduğu standarta görə latun və mis tərkibdən ibarət gəmi lövbəri məmulatına dair uyğunluğun qiymətləndirilməsi hüququna malik deyildir. Həmçinin, Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən verilən ****-***/***-**/****** nömrəli, ##.##.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və onun tabeliyində olan qurumlar tərəfindən qüvvədə olan mövcud standartların tələblərinə uyğunluğunu təsdiq edən hər hansı bir rəy təqdim olunmadığından ixrac olunması nəzərdə tutulan malın mal nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi barəsində ekspertizanın aparılması mümkün olmamışdır. Eyni İdarə tərəfindən ikinci dəfə verilən, ****-***/***-**/****** saylı, ##.##.2023-cü il tarixli cavab məktubunda isə göstərilir ki, mis və latundan hazırlanmış gəmi lövbərinin texniki şərtlərini tənzimləyən hər hansı normativ sənəd beynəlxalq təcrübədə, o cümlədən milli normativ bazada mövcud deyildir. Gömrük orqanı heç bir əsas olmadan qanunsuz olaraq malların ixrac edilməsini süni şəkildə əngəlləyir. Göründüyü kimi, iddiaçı ixrac etmək istədiyi malın kodunu öz arzusu ilə deyil, məhz akkreditasiyadan keçmiş qurum tərəfindən verilən sertifikata əsasən müəyyən edərək bəyan etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, qanunun tələblərinə əsasən 01232000001541 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciətlər edilmişdir. Həmin müraciətlərin nəticəsində Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən ##.##.2023-cü il tarixli məktubla müvafiq sahədə dövlət nəzarətinin və tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və onun tabeliyində olan qurumlar tərəfindən qüvvədə olan mövcud standartların (texniki şərtlərin) tələblərinə uyğunluğunu təsdiq edən hər hansı bir rəy (akt, təsdiqedici sənəd və s.) təqdim olunmadığından ekspertizanın aparılması mümkün olmadığı bildirilmiş, ##.##.2023-cü il tarixli rəydə isə mis və latundan hazırlanmış gəmi lövbərlərinin texniki şərtlərini tənzimləyən hər hansı normativ sənədin beynəlxalq təcrübədə, o cümlədən milli normativ bazada mövcud olmadığı, şirkət tərəfindən təqdim olunmuş İSS ****** nömrəli uyğunluq sertifikatında istinad verilmiş TS EN 12420:2014 beynəlxalq standartı tökmədən sonra emala məruz qalmış məmulatlara aid edilməklə, təqdim olunmuş nümunənin sözügedən standartda qeyd olunan tökmədən sonrakı emal meyarlarına cavab vermədiyi, yuxarıda göstərilənləri nəzərə alaraq tökmədən sonra emala məruz qalmamış lövbər formasına bənzədilmiş məhsulun HS 7403 və 7419 mal mövqelərinə dair izahnamələrinə əsasən XİF MN-ə görə 7403 21 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ##.##.2023-cü il tarixli sözügedən rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” X1n ##.##.2023-cü il rəyi nəzərə alınmaqla verilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya “xxxx” MMC tərəfindən verilmiş uyğunluq sertifikatında göstərilən TS EN 12420:2014 standart iddiaçı tərəfindən ixracı nəzərdə tutulan mallara aid edilmir. Cavabdeh Gömrük Məcəlləsinin 55-ci və 56-cı fəsillərinin tələblərinə əsaslanaraq hazırki iş üzrə Mərkəzi Gömrük Ekspertiza İdarəsinin malların təsnifat kodu üzrə verdiyi rəyi əsas tutur və tərəflərindən Mərkəzi Gömrük Ekspertiza İdarəsinin verdiyi malların təsnifat kodu barədə rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılması mümkün deyildir. Mərkəzi Gömrük Ekspertiza İdarəsinin verdiyi malların 7403 21 000 0 təsnifat kodu barədə rəyə əsasən gömrük rəsmiləşdirilməsi aparılmaqla mallar ixrac olunduğu təqdirdə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”-nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli *** nömrəli qərarı ilə tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 1000 kq- 15 ABŞ dolları, ##.##.2024-cü il tarixinədək-10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla nəzərdə tutulsa da, iddiaçının bəyan etdiyi 7419 20 000 0 təsnifat kodu üzrə tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 1000 kq-15 ABŞ dolları nəzərdə tutulmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/****-*/**** nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş lövbər formalı, sarı rəngli metal nümunə 56,3 faiz mis əsaslı ərintidən hazırlanmışdır. Nümunənin hazırlandığı ərintidən tərkibində olan metalların ayrı-ayrılıqda adları və miqdarı rəyin tədqiqi hissəsində olan cədvəldə verilmişdir. Cədvəldən görünür ki, nümunənin tərkibində 35,6 faiz sink, 3,46 faiz alüminium, 1,64 faiz qurğuşun, 1,15 faiz silisium, 0,79 faiz nikel vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli, *** nömrəlii qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə və aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza tədqiqatına təqdim edilən 56,3 faiz mis (nümunənin tərkibində 35,6 faiz sink, 3,46 faiz alüminium, 1,64 faiz qurğuşun, 1,15 faiz silisium, 0,79 faiz nikel vardır) əsaslı ərintidən hazırlanmış lövbər formalı metal “7403 21 000 0” nömrəli alt yarımmövqedə sinifləşdirilir.

9. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim (E.Abdullayev) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, gömrük ekspertizasının aparılması üçün qanunda gömrük orqanına qadağa qoyan hər hansı müddəa yoxdur. Eyni zamanda məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və verilmiş ekspert rəyində də malın bəyannamədə göstərilmiş təsnifat koduna uyğun olmadığı göstərilmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Məhkəmənin iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbinin “ddiaçı "X3 of AZ Metal" MMC tərəfindən ixracı nəzərdə tutulan mis əsaslı (tərkibi mis, sink, dəmir, nikel, qurğuşun və qalaydan ibarət) gəmi lövbəri formasında tökmənin XİF (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası XİFMN) üzrə 7419 20 **** saylı alt yarımmövqe kodu ilə rəsmiləşdirilməsi öhdəliyinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi” olaraq dəyişdirilməsinin xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar ekspertiza təyin edilmişdir.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “17” iyul 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən “X3 of AZ Metal” MMC-nin ##.##.2023-cü il tarixli, ************** nömrəli ixrac yük gömrük bəyannaməsi üzrə ixrac edilən malın Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturası üzrə hansı kod ilə müəyyənləşdirilməsi hüquqi xarakter daşıdığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, İ.Şirinov və G.Abbasova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı "X3 of AZ Metal" MMC tərəfindən ixracı nəzərdə tutulan mis əsaslı (tərkibi mis, sink, dəmir, nikel, qurğuşun və qalaydan ibarət) gəmi lövbəri formasında tökmənin XİF (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası XİFMN) üzrə 7419 20 **** saylı alt yarımmövqe kodu ilə rəsmiləşdirilməsi öhdəliyi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı keçirilmiş ekspertiza rəyində malın kimyəvi tərkibi qeyd olunmuş və bu əsasla XİF kodu müəyyən edilmişdir. Hazırki işdə malın kimyəvi tərkibi ilə bağlı mübahisə yoxdur, mübahisəli hal malın sonrakı emala məruz qalıb-qalmaması ilə bağlıdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə əsaslandırma aparılmamış mübahisəli məqamlar ətraflı qiymətləndirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə “X3 of AZ Metal” MMC-nin ##.##.2023-cü il tarixli, ************** nömrəli ixrac yük gömrük bəyannaməsi üzrə ixrac edilən malın Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturası üzrə hansı kod ilə müəyyənləşdirilməsi barədə rəy verildiyi halda təkrar ekspertiza zamanı eyni ekspertiza idarəsi qeyd edilən halın müəyyənləşdirilməsinin hüquqi xarakter daşıdığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmaması barədə məlumat vermişdir. Bu da iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/****-*/**** nömrəli ekspert rəyinə tənqidi yanaşmağa əsas verir. Əlavə edilmiş sənədlərdən görünür ki, tədqiqat obyektinə dair “xxxx” MMC Sertifikatlaşdırma Orqanı tərəfindən verilmiş ISS007703 qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli, eləcə də “xxxx” QSC-nin “Global Cert” Sertifikatlaşdırma Departamenti tərəfindən verilmiş ISS0000087 qeydiyyat nömrəli, ##.##.2025-ci il tarixli uyğunluq sertifikatlarında məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 7419 20 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: – Apellyasiya məhkəməsi malların təsnifat kodunun müəyyən edilməsinə dair gömrük ekspertizalarının nəticələrini və aidiyyəti dövlət qurumlarının rəylərini lazımi qaydada qiymətləndirməmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ##.##.2023-cü il tarixli rəyinə görə, mübahisəli məhsul tökmədən sonra emala məruz qalmamış lövbər formasına bənzədilmiş məhsul olmaqla XİFMN üzrə 7403210000 kodunda təsnifləşdirilməlidir. – İddiaçının istinad etdiyi uyğunluq sertifikatı etibarlı sübut hesab edilə bilməz. Çünki sertifikatda istinad olunan TS EN 12420:2014 standartı mübahisəli məhsula aid deyil və bu hal Azərbaycan Standartlaşdırma İnstitutunun rəyi ilə də təsdiq olunmuşdur. – Gömrük orqanı malların təsnifat kodunun düzgün müəyyən edilməsini təmin etmək məqsədilə qanunla verilmiş səlahiyyətləri çərçivəsində hərəkət etmişdir. Malların təsnifat kodunun müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsi və ekspert rəyinə əsasən gömrük rəsmiləşdirilməsinin aparılması Gömrük Məcəlləsinin tələblərinə uyğundur. – Apellyasiya məhkəməsi mötəbərliyi mübahisə doğuran sübutlara üstünlük vermişdir. Məhkəmə “xxxx” MMC tərəfindən verilmiş uyğunluq sertifikatına və Müstəqil Ekspertiza Mərkəzinin rəyinə əsaslansa da, həmin sübutların etibarlılığı şübhəlidir, ekspertiza cavabdeh orqanın mütəxəssislərinin iştirakı olmadan aparılmışdır.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Maddə 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Maddə 319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Maddə 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X7 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X4 Edilmiş Sisteminə və X8 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. Maddə 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maddə 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Maddə 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Hazırkı iş üzrə mübahisənin predmetini iddiaçı tərəfindən ixrac olunan malın (mis və latun tərkibli gəmi lövbərlərinin) XİFMN üzrə 7403210000 və ya 7419200000 kodu altında təsnifləşdirilməsi təşkil edir. Bu baxımdan, iş üzrə müəyyən edilməli əsas hal ondan ibarətdir ki, ixrac olunan məhsul emal olunmamış mis-latun ərintisi (7403210000 kodu) hesab edilməli, yoxsa artıq müəyyən funksional təyinatı olan, konkret məmulat formasına salınmış gəmi lövbəri tökməsi kimi (7419200000 kodu) qiymətləndirilməlidir.

31. İşin araşdırılmış halları ilə görünür ki, iddiaçı tərəfindən ixrac olunması nəzərdə tutulan malların eyni xüsusiyyətlərə malik əvvəlki partiyası üzrə gömrük ekspertizası aparılmış, həmin ekspertizanın nəticəsinə əsasən mallar XİFMN üzrə 7419200000 kodunda təsnifləşdirilmiş və ixracına icazə verilmişdir. Sonradan eyni tərkibli və eyni xarakterli məhsul üzrə fərqli təsnifat kodunun tətbiq olunması gömrük orqanının mövqeyində ziddiyyət yaratmışdır.

32. Bundan əlavə iddiaçı qeyd olunan mallar üzrə “xxxx” MMC tərəfindən verilmiş uyğunluq sertifikatını və Azərbaycan Respublikası “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ekspertiza rəyini də təqdim etmişdir. Həmin rəylərə əsasən də gəmi lövbəri formasında olan tökmə XİF MN üzrə 7419 (Misdən digər məmulatlar:) mal mövqeyinin 7419 20 000 0 (- tökmə, fasonlu, ştamplanmış və ya döyülmüş, lakin sonrakı emala məruz qalmamış) alt yarımmövqeyində sinifləşdirilməsi məqsədəmüvafiq hesab edilmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının təqdim etdiyi təsnifatın düzgün olduğu və məhsulun 7419 20 000 0 alt yarımmövqeyində sinifləşdirilməsinin həm müstəqil ekspertiza rəyi, həm də akkreditə olunmuş sertifikatlaşdırma orqanlarının verdiyi sənədlərlə iş üzrə araşdırma ilə tam şəkildə təsdiqini tapdığı nəticəsinə gəlinir.

34. Cavabdeh dəlillərində iddiaçının təqdim etdiyi uyğunluq sertifikatının və müstəqil ekspertiza rəyinin etibarlılığının şübhə altına alındığını qeyd etsə də, lakin həmin dəlillər özlüyündə apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğunu təsdiq etmir. Çünki apellyasiya məhkəməsi qərarını yalnız qeyd edilən sənədlərə deyil, eyni məhsul üzrə əvvəllər aparılmış gömrük ekspertizasının nəticələrinə, gömrük orqanının müxtəlif dövrlərdə verdiyi bir-birinə zidd izahatlara və iş üzrə toplanmış digər sübutların məcmusuna əsaslandırmışdır.

35. Kassasiya şikayətində iddiaçının daha aşağı ixrac gömrük rüsumu tətbiq olunan təsnifat kodundan istifadə etməklə gömrük ödənişlərindən yayınmağa çalışdığı da irəli sürülmüşdür. Lakin bu dəlil ehtimal xarakterli olmaqla yanaşı, iş materiallarında həmin halı təsdiq edən mötəbər sübutlar müəyyən edilmir. Mübahisənin predmeti də iddiaçının niyyəti deyil, malların düzgün təsnifat kodunun müəyyən edilməsidir.

25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə nəticəsi qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual normaların tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar