Məhkəmə qərarları › İş №2-1(102)-4362/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4362/2025

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4362/2025 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüququn qeydə alınması, mühafizə zonası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs2 və üçüncü şəxs1 şirkəti tərəfindən verilmiş şikayətlərə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

2. Cavabdeh ##.##.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə işlək neft quyusunun mühafizə zonasında yerləşir. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

4. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim Həmid Ağalarov) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə yaşayış massivində yerləşən 600 kv.m. torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

5. Üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 şirkətinin Azərbaycan Respublikasındakı filialı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Nigar Nəbizadə-məruzəçi, Vidadi Qasımov və Kamran Əkbərov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə üçüncü şəxslərin apellyasiya şikayətləri təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OIL) istifadəsinə verilmiş ərazidə yerləşməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə, fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. üçüncü şəxslər torpaq sahəsinin üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində, eləcə də torpaq sahəsinin 2 ədəd işlək neft-qaz quyularının 60 və 134 metrlik məsafəsində olmaqla mühafizə zonası daxilində yerləşməsini qeyd etsələr də, bununla bağlı əsaslı sübut təqdim etməmiş, yalnız torpaq sahəsinin iddiaçıya ayrılmasından sonrakı tarixə aid Sazişə istinad etməklə kifayətlənmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli, ** saylı qərarının 3.3-cü bəndində əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müvafiq cədvəldə verilmişdir. Göründüyü kimi qanunvericilikdə neftqazçıxarma sənayesi obyektlərindən torpaq sahəsinə minimum məsafələr müəyyən edilməsi nəzərdə tutulmamışdır. İddiaçının tələbi torpaq sahəsi ilə bağlı olduğundan sözügedən dəlilə istinad edilməsi əsassızdır. Qanunvericiliyin iddiaçıya məxsus sənədi - icra hakimiyyəti orqanının daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir.

8. Apellyasiya məhkəməsinin qərarından üçüncü şəxslər kassasiya şikayəti vermişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) üçüncü şəxs2 kassasiya şikayətinin dəlilləri

9. Apellyasiya instansiyası məhkəməsi işi tam araşdırmadan, səlahiyyəti olmayan şəxslər tərəfindən verilmiş “sənədlərə” əsaslanmaqla, işin faktiki hallarına, dövlət əhəmiyyətli, təhlükə obyekti, sənaye təyinatlı əraziyə dair qərarın apellyasiya şikayətində mübahisələndirilən hissəsində səhv nəticəyə gəlmişdir. “Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siansor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X2 haqqında” Sazişə əsasən, mübahisəli sahə üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarına daxil edilmişdir.

b) üçüncü şəxs1 şirkətinin kassasiya şikayətinin dəlilləri

10. Hazırkı iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsinə olan torpaq sahəsi olmaqla, məlum “X2 haqqında” saziş üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə üçüncü şəxs1 şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla yanaşı, həm də * saylı mədənin 6-cı sahəsində 160725 və ****** saylı neft quyularının müvafiq olaraq 60 və 134 metrlik məsafəsində və həmin quyuları qidalandıran 945-F2 yarımstaniyasından çəkilən 4 kv-lıq elektrik dirəklərinin və xətlərinin mühafizə zolağı daxilində yerləşir.

c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

12. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

14. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

16. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Kassasiya şikayətlərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İddiaçının hüquqi marağı 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlıdır.

25. Dövlət Arxivinin Bakı filialının ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli, *** saylı sərəncamının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.1999cu il tarixli, *** saylı sərəncamı ilə İddiaçı Sulutəpə yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Yerləşmə cizgisi məktuba əlavə edilmişdir.

26. Cavabdehin dəlilinə görə torpaq sahəsi iki ədəd işlək neft quyusunun müvafiq olaraq 60 m və 134 m-də yerləşir və bu səbəbdən hüquq qeydə alına bilməz. Bu əsasla üçüncü şəxslər apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmamışlar.

27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv olunması, dəyişdirilməsi və hər hansı səbəbdən qüvvədən düşməsinə dair məlumat olmadığından “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən hüquqi qüvvədədir, hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi isə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı əsas hesab edir.

28. O da nəzərə alınmalıdır ki, iddiaçıya torpaq sahəsi 2000-ci ildə ayrılmış, torpaq sahələrinin X1” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verilməsi illə bağlı Saziş isə 2005-ci ildə təsdiq edilmişdir.

29. Üçüncü şəxslərin şikayətləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinin # #### 2022-ci ilə qədər olan redaksiyasında əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərinin mühafizə zonaları yaşayış məntəqələrinə, şəxsi tikililərə, təsərrüfat və kənd təsərrüfatı obyektlərinə qədər minimum məsafələri verilmişdir.

30. # #### 2022-ci ildən qüvvədə olan 3.3-cü bənddə göstərilir ki, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) verilmişdir.

31. 3.3-cü bəndin hər iki redaksiyasında mühafizə zonaları torpaq sahələri ilə bağlı deyil, yaşayış məntəqələrinə, şəxsi tikililərə, təsərrüfat və kənd təsərrüfatı obyektlərinə qədər minimum məsafələr müəyyən edilmişdir.

32. Belə ki, 1.1-ci bənddə qeyd edilir ki, bu Sənəd “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin 67.4-cü maddəsinə əsasən hazırlanmışdır və təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növlərini və onların tətbiqi hallarını müəyyən edir.

33. Şəhərsalma və Tikinti Məcəlləsinin 67.4-cü maddəsində tikinti obyektinin təbii və texnogen xarakterli təsirlərdən mühafizəsindən bəhs olunur və müvafiq olaraq 67.1 və 67.4-cü maddələrində qeyd edilir ki, tikintiyə dair təhlükəsizlik tələbləri, eləcə də tikinti obyektinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi tələbləri bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilir (67.1). Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (67.4).

34. Hazırkı işdə iddiaçının arzusu torpaq sahəsinə hüququn qeydə alınması ilə bağlıdır, həmin torpaq sahəsində tikinti obyekti ilə bağlı deyildir.

35. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə istinad edərək qeyd edir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 600 kv.m torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxslərin kassasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı: Üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 şirkətinin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar