Məhkəmə qərarları › İş №2-1(102)-4366/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4366/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4366/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: malı sifariş verildiyi zaman qüvvədə olmuş qanunvericilik aktlarına uyğun qaydada gömrük rəsmiləşdirilməsinin qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “Çindən Azərbaycana, satış məqsədi ilə gətirtdiyi ayaqqabı mallarının idxal rüsumunun, malı sifariş verdiyi və pulunu ödədiyi zaman qüvvədə olmuş qanunvericilik aktlarına, yəni 15% idxal rüsumuna uyğun qaydada rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” təsdiq edilmişdir. Həmin siyahıda XİF MN kodu 6403 40 000 0 olan, qoruyucu metal burunaltlıqlı digər ayaqqabının 1 cütünun 15% rüsumla rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur.

2. İddiaçı sahibkarlıq fəaliyyəti çərçivəsində ##.##.2024-cü il tarixli, ** saylı alqı-satqı müqaviləsi əsasında, satmaq məqsədilə Çin Xalq Respublikasına fəhlə ayaqqabısı göndərilməsini sifariş etmişdir.

3. ##.##.2024-cü il tarixdə 33.000 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 33.000 ABŞ dolları pulu Çindəki istehsalçının hesabına bank vasitəsi ilə köçürmüşdür. Göndərilmiş vəsaitin müqabilində iddiaçının ünvanına 8.000 cüt fəhlə ayaqqabısı göndərilmişdir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2024-cü il tarixli, *** nömrəli qərarı ilə, 2017-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilmişdir.

5. Dəyişikliyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 6401 10 000 0, 6402 91 100 0, 6402 99 050 0 və 6403 40 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə % la və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (##.##.2026-cı il tarixinədək 1 cüt üçün 9 ABŞ dolları)” sözləri ilə əvəz edilmişdir. ##.##.2024-cü il tarixli, *** nömrəli Qərarın dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

6. İddiaçı idxal etdiyi malları 640399 96 00 təsnifat kodu ilə bəyan edərək idxal rüsumunu ##.##.2025-ci il tarixli gömrük bəyannaməsinə əsasən malın dəyərinin 15 %-i həddində 18.232,50 manat məbləğində bəyan edilmişdir.

7. Cavabdeh tərəfindən tərtib etdiyi bəyannamədə idxal gömrük rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2024-cü il tarixli, *** nömrəli qərarına uyğun 122400.00 manat qeyd edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Çindən Azərbaycana, satış məqsədi ilə gətirdiyi ayaqqabı mallarının idxal rüsumunun, malı sifariş verdiyi və pulunu ödədiyi zaman qüvvədə olmuş qanunvericilik aktlarına, yəni 15 % idxal rüsumuna uyğun qaydada rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, NK-nın Qərarı “Xalq Qəzeti”ndə ##.##.2024-cü il tarixdə dərc edilmiş, qərarda göstərildiyi kimi dərc edildikdən 1 ay sonra, yəni ##.##.2024-cü il tarixdə qüvvəyə minmişdir. Bu zaman Çindən göndərilən ayaqqabı (mal) artıq yolda olmuşdur. NK tərəfindən belə qərarın qəbul ediləcəyini bilsə idi, Çindən mal sifariş verməyəcəkdi. Çindən Azərbaycana gətirdiyi fəhlə ayaqqabıları bazarda 25 manata satılır. Tələb olunan rüsumla birlikdə həmin ayaqqabılar ona 35 manata başa gəlir və orta hesabla 80000 manat ziyana uğrayır. Azərbayca Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 73-cü maddəsinin II hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. 15-ci maddəsinin II hissəsinə görə Azərbaycan dövləti azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bundan əlavə 2024-cü ildə ölkəyə gətirilən avtomobillərin (növünə və ilinə görə) idxal rüsumlarının dəyişdirildiyi (artırıldığı) zaman ölkə başçısı, qanunvericilikdə dəyişiklik baş verdiyi vaxta qədər sifariş verilmiş avtomobillərin gömrük rəsmiləşdirilməsində yeni rüsumları tətbiq edilməməsi barədə şəxsən göstəriş vermiş, gömrük rəsmiləşdirməsində göstərişə tam əməl edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12-ci (Bərabərlik prinsipi) maddəsinə əsasən, 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur.

10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, AR Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “ayaqqabı, getrlər və analoji məmulatlar; onların detalları” adlı 64-cü qrupunun 6403 40 000 0 alt yarımmövqeyində təsnifləşdirilən XİF MN koduna dair sözügedən qərara ## ####### 2024-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı əsasında dəyişiklik edilmiş, müvafiq dəyişiklik əsasında 6403 40 000 0 alt yarımmövqeyinə aid sətirin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (##.##.2026-cı il tarixinədək 1 cüt üçün 9 ABŞ dolları)” sözləri ilə əvəz edilmişdir. İddiaçınım ünvanına idxal olunmuş mallar ##.##.2025-ci il tarixdə 01251000011271 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 640399 96 00 təsnifat kodu altında gömrük orqanına bəyan edilmişdir. Həmin malların daşındığı ******** nömrəli konteynerin Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olma və ya sərhədkeçməsi ##.##.2025-ci il tarixdə həyata keçmiş, bu isə sərhəd gömrük orqanı tərəfindən 513005250101275 qeydiyyat kodu tərtib edilməklə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsində gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanmasının idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlandığı və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələrinin əsas götürüldüyü göstərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. İddia ərizəsində istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə münasibətdə qeyd edə bilərik ki, fiziki ve hüquq, şəxslərin huquqı vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ huquqı aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd etdiyimiz flkir iddia ərizəsində istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.01,2014-cu tarıxlı qərarı ilə təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin VII, hissəsində fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran" ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə, "hüquqi vəziyyət" anlayışına aydınlıq gətirməklə, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran hal kımı qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Beləliklə, iddiaçının idxal etdiyi və 01251000011271 sorğu nömrəli gomruk bəyannaməsi ilə bəyan edilən malların sifariş verildiyi zaman qüvvədə olmuş qanunvericilik aktlarına uyğun qaydada rəsmiləşdirilməsi qanunvericiliklə yolverilməzdir.

11. Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-2-1(112) ****/**** nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək iddiaçının Çin Xalq Respublikasından Azərbaycan Respublikasına satış məqsədi ilə gətirdiyi ayaqqabı mallarının 15 % idxal rüsumuna uyğun qaydada rəsmiləşdirilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2024-cü il tarixli, *** nömrəli qərarı ilə edilmiş dəyişiklik iddiaçıya münasibətdə tədbiq edilməməlidir. Belə ki, həmin Qərar ##.##.2024-cü il tarixdə qəbul edilmiş və dərc olunduğu gündən 30 gün sonra (ən tez ##.##.2024-cü il, ən gec ##.##.2024-cü il tarixdə) qüvvəyə minmişdir. İddiaçı idxal etdiyi məhsulları ##.##.2024-cü il tarixli müqaviləyə əsasən almış və ##.##.2024-cü il tarixdə 33.000 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 33.000 ABŞ dolları pulu Çindəki istehsalçının hesabına bank vasitəsi ilə köçürmüşdür. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi bağlanılan və məhsulun dəyəri ödənilən zaman Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli qərarı qüvvəyə minməmişdir. İddiaçının həmin məhsulun sifariş edilməsi və dəyərinin ödənilməsi zamanı qüvvədə olan qanunvericilik normalarına əsasən 15% idxal gömrük rüsumu nəzərdə tutulduğundan iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirməklə bağlı niyyəti həmin məhsulların göstərilən gömrük rüsumu ilə idxal etmək və idxal etdiyi malların satışında gəlir əldə etmək olmuşdur. Lakin edilən dəyişiklikdən sonra iddiaçı idxal etdiyi məhsullara görə, bəyan etdiyi məbləğdən (18232,50 manat) 6-7 dəfə artıq (122400.00 manat) rüsum ödəmək məcburiyyətində qalır ki, qeyd edilən hal iddiaçının sahibkarlıq fəaliyyətinin ziyana məruz qalmasına səbəb olacaqdır. İdxal edilən malın Çin Xalq Respublikasından Azərbaycana gətirilməsi 35-40 gün bəzən daha çox vaxt tələb edildiyindən iddiaçıya münasibətdə məhsul sifariş verildikdən sonra rüsumlarda dəyişiklik edilməsi nəzərə alınmalıdır. Ona görə də, həmin dəyişiklik iddiaçıya tətbiq edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinin II hissəsinə görə Azərbaycan dövləti azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: N.Nəbizadə - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir: İqtisadi qərarın formalaşması və legitim gözlənti- İddiaçı müqaviləni ##.##.2024cü il tarixdə bağlayıb və ödənişləri ##.##.2024 və ##.##.2024 tarixlərində edib. Yəni qiymət, maya dəyəri və kommersiya hesablamaları “15%” rejiminə görə formalaşdırılıb. Sonradan dəyişiklik dərc olunur, lakin qüvvəyə minməsi üçün 30 günlük vacatio legis nəzərdə tutulur. Bu keçid müddəti kommersiya dövriyyəsinin təbiətini (logistika 35–40 gün və daha çox) nəzərə alaraq əvvəlcədən başlamış tədarüklərə qarşı qeyri-proporsional yük yaratmamalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 242.3-cü maddəsinin sistemli şərhi- Cavabdeh həmin maddəni formal şəkildə tətbiq edərək sərhədi keçdiyi gün yeni “1 cütə 9 ABŞ dolları” dərəcəsini tələb edir. Lakin qeyd olunan maddə keçid müddəalarının, eləcə də Konstitusiyanın hüquqi müəyyənlik tələbini aradan qaldırmır. Əks halda, vacatio legis öz məqsədini itirərdi: dərcdən 30 gün sonra qüvvəyə minən akt, faktiki olaraq dərcdən əvvəlki davranışlara kəskin təsir göstərərdi. Bu isə faktiki olaraq normanın “gələcəyə tətbiqi” qaydasına zidd interpretasiyadır. Mütənasiblik və bərabərlik– İddiaçıya münasibətdə 6–7 dəfəlik rüsum artımı (15% ə qarşı hər cütə 9 ABŞ dolları) kommersiya modelini sıradan çıxarır. Birinci instansiyası məhkəməsi də ziyan riskini və logistikanın obyektiv müddətlərini nəzərə alıb, iddiaçıya münasibətdə keçid ədalətini təmin edib. İnzibati orqanların bərabər rəftar öhdəliyi, oxşar hallarda ardıcıl və eyni qaydada qərar vermək vəzifəsi də bu yanaşmanı dəstəkləyir. Qərarın qüvvəyə minmə mexanikası– Yuxarıda qeyd olunduğu kimi, qərarın müxtəlif daşıyıcılarda dərc tarixləri göstərilib və “dərcdən 30 gün sonra” qüvvəyə minməsi açıq yazılıb. Bu, məhz “gələcək münasibətlərə” yönəlik tətbiqi təsdiqləyir və hal-hazırda inzibati orqanın sərgilədiyi davranış qanunvericiliyin güddüyü məqsədlə açıq-aşkar ziddiyyət yaradır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: – Apellyasiya instansiyası məhkəməsi gömrük qanunvericiliyinin tələblərini düzgün tətbiq etməmiş, idxal olunan mallara münasibətdə gömrük rüsumlarının malların sifariş və ödəniş tarixində deyil, gömrük sərhədini keçdiyi tarixdə qüvvədə olan normativ aktlara əsasən hesablanmalı olmasını nəzərə almamışdır. Şikayətə görə, mübahisəli mallar Azərbaycan Respublikasının gömrük sərhədini yeni rüsum dərəcələri qüvvəyə mindikdən sonra keçdiyindən, onlara əvvəlki 15 faiz rüsum dərəcəsinin tətbiqi Gömrük Məcəlləsinin tələblərinə ziddir. – Apellyasiya instansiyası məhkəməsi normativ hüquqi aktların geriyə qüvvəsi ilə bağlı müddəaları düzgün şərh etməmiş, Konstitusiyanın 149-cu maddəsinə əsassız istinad etmiş, habelə iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan və onlara lazımi hüquqi qiymət vermədən qərar qəbul etmişdir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 1.0.20. gömrük rüsumları – malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü; Maddə 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: ... 8.0.7. gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq;

Maddə 9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: ... 9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq; Maddə 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Maddə 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Maddə 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Maddə 146.3. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Maddə 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Maddə 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir.

28. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Çin Xalq Respublikasından fəhlə ayaqqabıları sifariş etmiş, həmin malların dəyərinin ödənilməsi üçün ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində hər biri 33.000 ABŞ dolları olmaqla ümumilikdə 66.000 ABŞ dolları məbləğində vəsaiti xarici istehsalçının hesabına köçürmüşdür. Nəticədə iddiaçının ünvanına 8.000 cüt ayaqqabı göndərilmişdir. Malların sifariş edildiyi və ödənişlərin həyata keçirildiyi dövrdə qüvvədə olan normativ tənzimləməyə əsasən həmin mallara 15 faiz idxal gömrük rüsumu tətbiq edilsə də, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2024-cü il tarixli, *** nömrəli Qərarı ilə müvafiq tarif dərəcəsinə dəyişiklik edilərək ##.##.2026-cı il tarixədək hər cüt üçün 9 ABŞ dolları məbləğində xüsusi rüsum müəyyən edilmişdir. İddiaçı ##.##.2025-ci il tarixli gömrük bəyannaməsində idxal rüsumunu malın gömrük dəyərinin 15 faizi həddində 18.232,50 manat məbləğində bəyan etsə də, cavabdeh gömrük orqanı yeni tarif tənzimlənməsini tətbiq edərək idxal gömrük rüsumunu 122.400 manat məbləğində hesablamışdır.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı malı sifariş verdiyi və pulunu ödədiyi zaman qüvvədə olmuş qanunvericilik aktlarına, yəni 15 % idxal rüsumuna uyğun qaydada rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir.

30. İddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı malları sifariş edərkən və onların dəyərini ödəyərkən qüvvədə olan hüquqi tənzimləməyə əsasən fəaliyyət göstərmiş, kommersiya hesablamalarını həmin dövrdə mövcud olan 15 faiz idxal gömrük rüsumuna uyğun qurmuşdur. Sonradan qəbul edilmiş və dərcdən 30 gün sonra qüvvəyə minən tarif dəyişikliyinin iddiaçıya tətbiqi onun legitim gözləntilərini pozmaqla sahibkarlıq fəaliyyətinə qeyri-mütənasib müdaxilə yaradır, faktiki olaraq əvvəlcədən formalaşmış iqtisadi münasibətlərə mənfi təsir göstərir.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəlmiş olduğu bu nəticəni qanuni və əsaslı hesab etmir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

32. İlk öncə qeyd edilməlidir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının idxal etdiyi mallar tikinti və istehsalat sahələrində istifadə olunan fəhlə ayaqqabılarıdır. Bu hal iddiaçı tərəfindən də mübahisələndirilmir. Mallara dair təqdim olunmuş invoys sənədində məhsulun təsviri bölməsində “Safety Shoes” (təhlükəsizlik ayaqqabıları), texniki xüsusiyyətləri hissəsində isə “Standard steel head steel bottom” (standart polad burunlu, polad altlıqlı) qeydlərinin əks olunması həmin malların adi gündəlik istifadə üçün nəzərdə tutulmuş kişi ayaqqabısı deyil, xüsusi qoruyucu təyinatlı ayaqqabılar olduğunu təsdiq edir.

33. Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasında 6403 99 960 0 kodu altında adi kişi ayaqqabıları, 6403 40 000 0 kodu altında isə metal burunaltlıqlı digər ayaqqabılar təsnif edilmişdir. Malların faktiki xüsusiyyətləri nəzərə alındıqda onların 6403 40 000 0 kodu altında təsnifləşdirilməli olması barədə cavabdehin mövqeyi əsaslı hesab edilməlidir. Belə olan halda, iddiaçının malları fərqli kod altında bəyan etməsi onun təqdim etdiyi bəyannamənin malın həqiqi xüsusiyyətlərinə uyğun olmadığını göstərir.

34. Bundan əlavə, iddiaçının əsas dəlili malların tarif dəyişikliyi qüvvəyə minməzdən əvvəl sifariş edilməsi və yola salınması ilə bağlı olsa da, iş materiallarında malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2024-cü il tarixli, *** nömrəli Qərarı qüvvəyə minməzdən əvvəl yola salındığını təsdiq edən mötəbər sübut mövcud deyildir. Əksinə, işdə olan mənşə sertifikatında müxtəlif tarixlərin – ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixlərinin göstərilməsi malların daşınma vaxtı ilə bağlı iddiaçının mövqeyini şübhə altına alır.

35. Kollegiya həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2024-cü il tarixli, *** nömrəli Qərarı dərhal deyil, dərc olunduqdan 30 gün sonra qüvvəyə minmişdir. Belə keçid müddətinin müəyyən edilməsində məqsəd təsərrüfat subyektlərinə yeni hüquqi tənzimləməyə uyğunlaşmaq imkanı verməkdən ibarətdir. Bununla belə, iş materiallarından iddiaçının yeni hüquqi vəziyyət nəzərə alınmaqla sifarişin dəyişdirilməsi, sifarişdən imtina edilməsi, daşınmanın sürətləndirilməsi və ya mümkün iqtisadi risklərin azaldılması istiqamətində hər hansı tədbir gördüyü müəyyən edilmir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kommersiya riskləri, o cümlədən mallara tətbiq edilən gömrük ödənişlərinin dəyişməsi riski sahibkarın öz üzərinə düşür.

36. Eyni zamanda, apellyasiya məhkəməsinin istinad etdiyi legitim gözlənti və kommersiya hesablamalarının qorunması ilə bağlı mülahizələr Gömrük Məcəlləsinin birbaşa tətbiq edilməli olan imperativ müddəalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür.

37. Hazırkı işdə malların Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu və gömrük rəsmiləşdirilməsinə təqdim edildiyi tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2024-cü il tarixli, *** nömrəli Qərarı artıq qüvvədə olmuşdur. Buna görə də cavabdeh tərəfindən həmin tarixdə qüvvədə olan tarif dərəcələrinin tətbiq edilməsi qanunun birbaşa tələblərinə uyğun olmuş, apellyasiya məhkəməsinin əks nəticəyə gəlməsi isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

38. Beləliklə, cavabdehin hərəkətlərində qanun pozuntusu müəyyən edilmədiyindən və iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia isə rədd olunmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar