Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4367/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvafiq dövrün xidmət illərinə əlavə edilməsi, vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyev ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müvafiq dövrün xidmət illərinə əlavə edilməsi, vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Cavabdeh N nömrəli hərbi hissənin ## ####### 2017-ci il tarixli, **** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissənin həmlə taborunda müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və hərbi qulluqçuların hazırlığının yoxlanılması məqsədi ilə qəbul edilən sınaq imtahanlarından qeyri-məqbul qiymət aldığına görə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır.
2. Cavabdeh Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat Səfərbərlik Idarəsinin ## ###### 2021-ci il tarixli, **/*** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxılan hərbi qulluqçuların təkrar hərbi xidmətə qəbulu məqsədəuyğun hesab olunmadığına görə barəsində müsbət qərar qəbul edilməmişdir.
3. Cavabdeh N nömrəli hərbi hissənin # ### 2021-ci il tarixli, **** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş İddiaçı döyüş hazırlığı, ixtisas hazırlığı və fiziki hazırlıqdan zəif nəticələr göstərdiyinə görə müvafiq komissiya tərəfindən tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilərək “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən 1-ci Ordu Korpusu komandirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır.
4. Cavabdeh N nömrəli hərbi hissənin ## ###### 2024-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Ordusundan qanunsuz ehtiyata buraxılmasını bildirməklə pozulmuş hüquqların bərpa olunması barədə müraciət etmişdir. İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsinin müvafiq qərarı əsasında İddiaçı yenidən həqiqi hərbi xidmətə qəbul olunması məqsədə uyğun hesab edildiyinə görə yenidən həqiqi hərbi xidmətə qəbul edilmişdir.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ## ##### 2024-cü il tarixli İddiaçı göndərilmiş məktubundan görünür ki, həqiqi hərbi xidmətə yenidən çağırılmağı məhkəmə qərarı əsasında deyil, sadəcə Müdafiə nazirinin əmri ilə həyata keçirilmişdir. Belə ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinin Kadrlar idarəsinin elektron məlumatlar bazasında mövcud olan məlumatlara əsasən # #### 2006-cı il tarixdən # ##### 2008-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, # #### 2012-ci il tarixdən # #### 2006-cı il tarixədək (həbs olunanadək) Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmət keçmişdir. Müdafiə nazirinin # #### 2022-ci il tarixli müvafiq əmrinə əsasən yenidən həqiqi hərbi xidmətə çağırılaraq hal-hazırda “R” hərbi rütbəsində həqiqi hərbi xidmətini davam etdirir. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, # #### 2017-ci il tarixdən # #### 2022-ci il tarixədək həbsdə və ehtiyatda olduğu müddət əmək pensiyasının təyin olunması zamanı nəzərə alınan həqiqi hərbi xidmət illərinə daxil edilməsi qanuna müvafiq deyildir.
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı Rayon Bölməsinin ## #### 2024-cü il tarixli məktubundan görünür ki, Xızı rayon, Sitalcay kəndində qeydiyyatda olan ## #### 1988-ci il təvəllüdlü İddiaçı barədə N saylı hərbi hissədən daxil olmuş məktuba əsasən ## #### 2022-ci il tarixdə hərbi qeydiyyatdan çıxarılaraq “Rlərin və Rların həqiqi hərbi xidməti”nə qəbul edilmişdir.
7. Azərbaycan Respublikası Baş Prokurorluğun # #### 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda birgə istintaq qrupu tərəfindən Cavabdeh bir qrup hərbi qulluqçularının fiziki və psixi zor tətbiq edilməklə işgəncə vermələri faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işləri üzrə İddiaçı iş üçün əhəmiyyət kəsb edən xüsusatlarla bağlı şahid qismində dindirilmişdir.
8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin # ###### 2025-ci il tarixli məktubundan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərin həqiqi hərbi xidmətə bərpası ehtiyata buraxılması üçün əsas olmuş əmrin ləğv edilməklə, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsini özündə ehtiva edir.
9. Iddiaçı daha sonra cavabdehə müraciət edərək, hərbi xidmət müddətinin xidmət illərinə əlavə edilməsi, vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “# #### 2017-ci il tarixdən # #### 2022-ci il tarixə qədər olan beş illik dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2012-ci ilin iyul ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamışdır. Iddiaçı xidmətini davam etdirmək üçün 2016-cı ilin oktyabr ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. Iddiaçı 2017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-sualın, dindirmələrin və ağır işgəncələrə məruz qalmış hərbi qulluqçuların işgəncə yerlərinə aparılmasının şahidi olmuşdur. Hadisələrin gedişində heç bir əsas və səbəb olmadan # #### 2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra bir neçə dəfə cavabdeh və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə hərbi xidmətə bərpa olunmasına dair ərizə ilə müraciət etsə də, onu xidmətə bərpa etməkdən imtina edilmişdir. ## ###### 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Iddiaçı həmin hadisələr zamanı fiziki və psixi zorakılığa məruz qalmasa da, həmin hadisələrin şahidi olduğundan, həmin dövrdə tamamilə əsassız və qanunsuz olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığından hüquqlarının bərpasına yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. Müraciətdən sonra iddiaçı Baş Prokurorluğun Istintaq Idarəsi tərəfindən qəbul edilmiş, onun izahatı alınmış, hadisələr zamanı heç bir zərər görmədiyindən o, zərərçəkmiş şəxs qismində tanınmamışdır. Lakin Baş Prokurorluq həm iddiaçının, həm də çoxsaylı digər hərbi qulluqçuların hüquqlarının qorunaraq xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmalarına dair əmrlərin ləğv edilməsi və onların yenidən hərbi xidmətə bərpa olunmaları üçün müvafiq qərar qəbul edərək Müdafiə Nazirliyinə müraciət etmişdir. Nəticədə iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmr ləğv edilmiş və o, # #### 2022-ci il tarixli əmrlə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilməklə həqiqi hərbi xidmətini bərpa etmişdir. Hazırda həmin hərbi hissədə “R” hərbi rütbəsində xidmətini davam etdirir. Işin faktiki hallarından göründüyü kimi, iddiaçı 2017-ci ilin may ayında xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Onun ehtiyata buraxılması barədə əmrin sonradan ləğv edilməsi ona dəlalət edir ki, həmin əmrin verilməsi zamanı qanunvericiliyin pozulması hallarına yol verilib və ehtiyata buraxılma ilə əlaqədar yeni hallar aşkar edilib, əks halda iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əmri Əsasnamənin 168-ci maddəsinin tələbləri baxımından ləğv edilə bilməzdi. Iddiaçı öz arzusuna və iradəsinə zidd olaraq hərbi qulluqçu statusundan məhrum edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Nəticə etibarilə iddiaçı xidmət illərini itirmiş, həmçinin həqiqi hərbi xidmət üçün nəzərdə tutulmuş əmək haqqı və digər ödənişlərdən məhrum edilməklə maddi ziyan çəkmişdir.
12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı # #### 2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə nazirinin # #### 2022-ci il tarixli müvafiq əmri ilə iddiaçı yenidən hərbi xidmətə çağırılmışdır və # #### 2017-ci il tarixli əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də iddianın təmin edilməməsi xahiş edilmişdir.
13. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərarı ilə (hakim K.Həbibova) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hərbi qulluqçuların hazırlığının yoxlanılması məqsədi ilə qəbul edilən sınaq imtahanlarından qeyri-məqbul qiymət aldığına görə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Iddiaçı daha sonra Müdafiə nazirinin # #### 2022-ci il tarixli müvafiq əmrinə əsasən yenidən həqiqi hərbi xidmətə çağırılaraq hal-hazırda “R” hərbi rütbəsində həqiqi hərbi xidmətini davam etdirir. Məhkəmə cavabdehin etiraz dəlilində istinad olunmuş əsasla razılaşaraq bildirir ki, iddiaçının ehtiyata buraxılması ilə əlaqədar olan # #### 2017-ci il tarixli əmri ləğv edilməmiş, iddiaçının özü tərəfindən də məhkəmə qaydasında mübahisələndirilməmişdir. Həqiqi hərbi xidmətə yenidən çağırılmağı müvafiq qərar əsasında deyil, sadəcə Müdafiə nazirinin əmri ilə həyata keçirilmişdir.
15. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: T.Axundov /sədrlik edən və məruzəçi/, H.Babayeva və V.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri 19.
TƏTBIQ EDILƏN HÜQUQ
20. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159- cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
21. “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”: 1.1 “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” (bundan sonra - Qayda) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. 1.2 Bu Qayda Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. 3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.1. ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla); 3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə; 3.9.3. təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda; 3.9.4. Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə; 3.9.4-1. icbari narkoloji müayinənin keçirilməsi zamanı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak olunması aşkar edildikdə; 3.9.5. peşə psixoloji seçimdən keçmədikdə; 3.9.6. bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş tələblərə cavab vermədikdə; 3.9.7. öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
29. Işin hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı 2017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-sualın, dindirmələrin və ağır işgəncələrə məruz qalmış hərbi qulluqçuların işgəncə yerlərinə aparılmasının şahidi olmuş, hadisələrin gedişində heç bir əsas və səbəb olmadan # #### 2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, lakin sonradan Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciəti nəticəsində # #### 2022-ci il tarixli əmrlə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilməklə həqiqi hərbi xidmətinə bərpa edilmişdir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı hərbi xidmət müddətinin xidmət illərinə əlavə edilməsi, vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, # #### 2017-ci il tarixli əmr qüvvədə olan inzibati aktdır və iddiaçı bu aktı qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə nə inzibati, nə də məhkəmə qaydasında mübahisələndirməmişdir. Bu isə o deməkdir ki, həmin akt hüquqi qüvvəsini saxlamış və hüquqi nəticələr doğurmaqda davam etmişdir.
32. Bununla yanaşı iddiaçının ehtiyata buraxılması “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə, yəni xidməti uyğunsuzluq kimi obyektiv meyara əsaslanmışdır. Iddiaçı bu qiymətləndirmənin qanunsuz və ya əsassız olduğunu sübut edən konkret hüquqi dəlillər təqdim etməmişdir.
33. Bundan əlavə, iddiaçının 2022-ci ildə yenidən hərbi xidmətə qəbul olunması əvvəlki inzibati aktın avtomatik olaraq qanunsuz sayılması və ya onun nəticələrinin aradan qalxması kimi qiymətləndirilə bilməz. Bu, yeni hüquqi vəziyyət yaradan ayrıca inzibati aktdır və onun əvvəlki dövrə hüquqi təsiri yoxdur.
34. Belə olan halda iddiaçı tərəfindən 2017-ci il tarixli əmrin mübahisələndirilməməsi, həmin əmrin qanunsuzluğunun sübut olunmaması, xidmətə sonradan bərpa olunmanın əvvəlki (2017-2022) dövrə hüquqi təsir göstərməməsi halları nəzərə alınaraq, Kollegiya hesab edir ki, apellyasiya məhkməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
35. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.