Məhkəmə qərarları › İş №2-1(102)-4369/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4369/2025

24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4369/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənzil uçotuna götürülmədən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Yardımlı Rayon Icra Hakimiyyəti başçısının ## #### 2024-cü il tarixli, ** nömrəli sərəncamından görünür ki, iddiaçı1 yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədlərinin aidiyyəti üzrə baxılması üçün Cavabdeh köçürülməsi, iddiaçı1 Yardımlı Rayon Icra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması, onun mənzil uçot tarixinin 2011-ci ildən hesablanması qərara alınmışdır. 2.

3. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı2 ## #### 2025-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 4.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı1 ## ##### 1960-ci il tarixdə və iddiaçı2 ## ###### 1958-ci il tarixdə anadan olmuşlar. Hazırda ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayırlar. X2 2010-cu il tarixdə şəhid olmuşdur. Bu barədə iddiaçılara 026655 və ****** nömrəli müvafiq vəsiqələr verilmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 125 ünvanında yerləşən ** saylı mənzil nəvələri X1 mülkiyyətindədir və yuxarıda da qeyd edildiyi kimi, hər ikisi həmin mənzildə pasport qeydiyyatında olmaqla faktiki yaşayırlar. Yardımlı Rayon Icra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçı iddiaçı1 2011-ci ildə şəhid valideyni kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Yardımlı Rayon Icra Hakimiyyəti başçısının ## #### 2024-cü il tarixli, ** saylı sərəncamı ilə mənzil uçotundan çıxarılmışdır. Mənzil növbəliliyinin yaşayış yeri üzrə köçürülməsi barədə Yardımlı Rayon Icra Hakimiyyətindən iş üzrə cavabdeh Cavabdeh məktub daxil olmuş, lakin cavabdehin ## ##### 2024-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Hər ikisinin səhhətində problemlər vardır və rayonda tibbi ehtiyaclarının qarşılanması üçün zəruri şərait yoxdur. Rayonda yaşaya bilmirlər, bu səbəbdən də hazırda nəvələrinin mülkiyyətində olan mənzildə yaşayırlar. Həmin ev də balacadır və hazırda evdə 8 nəfər yaşayır. Mənzil şəraitləri acınacaqlı vəziyyətdədir. Qeyd olunanlara əsasən cavabdehin imtinasını əsassız hesab edirlər.

6. Cavabdeh imtinasını və iddia tələbinə dair etirazını onunla əsaslandırmışdır ki, şəhid valideyni iddiaçı1 imtiyazı əsasında Yardımlı Rayon Icra Hakimiyyəti başçısının sərəncamı ilə 2011-ci ildə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. O, yaşayış yerini dəyişərək ##.##.2024-cü il tarixdə ünvan 2 ünvanına qeydiyyata düşdüyü səbəbdən, Yardımlı Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, ** saylı sərəncamı ilə mənzil uçotundan çıxarılmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq mənzil uçotuna götürülür. Iddiaçılar Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər.

7. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Yardımlı Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, ** saylı Sərəncamı əsasında iddiaçılar iddiaçı1 və iddiaçı2 yaşayış sahəsinə ehtiyacı olanlar qismində mənzil uçotuna götürülməsi öhdəliyinin Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Inzibati iş materiallarında olan Yardımlı Rayon Icra Hakimiyyəti başçısının ## #### 2024-cü il tarixli, ** nömrəli sərəncamından aydın olur ki, vətəndaş iddiaçı1 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Məhkəmə qeyd edilən halla bağlı müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Yardımlı Rayon Icra Hakimiyyətinin ## ####### 2024-cü il tarixli məktubunda iddiaçılar iddiaçı1 və iddiaçı2 mənzil və ya torpaq sahəsi ilə təmin edilmədiyi qeyd olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar faktiki olaraq Sumqayıt şəhərində yaşayır. Bununla yanaşı, Yardımlı Rayon Icra Hakimiyyəti başçısının ## #### 2024-cü il tarixli, ** saylı sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində rayonda uçotdan çıxarılaraq, sənədlərinin Cavabdeh köçürülməsi qərara alındığından, iddiaçıların müraciətindən cavabdeh orqan tərəfindən imtina edilməsi onların sosial təminat hüququnun pozulmasına gətirib çıxara bilər. 8.2. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı iddianın təmin edilməsi ilə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtinasının əsaslarını sübut edə bilməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və V.E.Əzizova) ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “Yardımlı Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, ** saylı Sərəncamı əsasında onların yaşayış sahəsinə ehtiyacı olanlar qismində mənzil uçotuna götürülmələri öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki: 11.1. Iddiaçı iddiaçı1 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ildə Icra Hakimiyyətinin nümayəndələri həyətyanı sahələrinə baxış keçirmişdilər, öz həyətyanı sahələrində ev tikməli idilər, lakin bu günə qədər heç bir nəticə əldə etməmişlər. Əvvəl Sumqayıt şəhərində kirayədə yaşamışlar. Daha sonra oğlu mənzil satın almışdır və oğlunun ailəsi ilə birlikdə sözügedən evə köçmüşlər. Yardımlı rayonunda şərait əlverişsiz olduğu üçün Sumqayıt şəhərinə köçməyə qərar vermişlər. Göründüyü kimi, iddiaçıların faktiki yaşayış yeri Yardımlı rayonunda olmuş, lakin mənzil uçotuna götürülmək məqsədilə ünvan 1 ünvanına qeydiyyata alınmışlar. Iddiaçılar tərəfindən təqdim edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” müvafiq arayışlardan da görünür ki, onlar ## #### 2025-ci il tarixdə həmin ünvana qeydiyyata alınmışlar. Hazırda isə iddiaçılar hüquqi əsas olmadan Sumqayıt şəhərində mənzil uçotuna götürülmələrini tələb edirlər. Bu zaman Sumqayıt şəhərində qeydiyyatda olmalarına istinad edirlər, lakin işin hallarından göründüyü kimi, sözügedən qeydiyyat formal xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin qeydiyyatda olduğu ünvan istənilən halda onun yaşayış yeri hesab olunmur. 11.2. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların faktiki təsərrüfat idarə etmədikləri halda formal olaraq yaşayış yeri üzrə qeydiyyat ünvanını dəyişməkləri Mənzil Məcəlləsinin 52ci maddəsində istinad edilən hallara yol verilmə halı kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçıların səhhətində xəstəliklər olması və rayonda tibbi ehtiyaclarının qarşılanması üçün zəruri şəraitin olmaması ilə bağlı dəlillərini, onların mənzil növbəsinə alınması ilə bağlı Sumqayıt şəhərində formal qeydiyyata alınmalarını istisna edəcək hal kimi qiymətləndirmir və hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

12. Iddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

13. Iddiaçılar kassasiya şikayətində iddia ərizəsinin dəlillərini təkrarlamışlar. Əlavə olaraq qeyd olunmuşdur ki, onların təqdim etdiyi xəstəliklə bağlı müalicə və müayinə aktları ilə bu müalicələrin Yardımlı rayonu inzibati ərazisində mümkün olmadığına görə Sumqayıt şəhərində mənzil və həkim, müayinə, müalicə mərkəzində qeydiyyata alındıqları tam sübut edildiyi halda, bütün qeyd edilənlər məhkəmə tərəfindən nəzərə alınmamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. ... Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra– uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra– yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra– uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır

17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıların yaşayış sahəsinə ehtiyacı olanlar qismində mənzil növbəsinə götürülmələr ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.

25. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd edir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsində imperativ şəkildə qeyd olunmuşdur ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

28. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ## ###### 2025-ci il tarixli arayışlardan görünür ki, iddiaçılar ## #### 2025-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, iddiaçıların Sumqayıt şəhərində qeydiyyata düşdükləri tarixdən 5 il müddətin keçməsi müəyyən edilmir.

29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında həyata keçirilir və bu norma birbaşa olaraq onu ifadə edir ki, şəxs yalnız daimi yaşadığı yer üzrə mənzil uçotuna dura bilər. Bu tələbin məqsədi dövlət və bələdiyyə mənzil fondunun düzgün bölüşdürülməsi, ehtiyacın real vəziyyətə uyğun qiymətləndirilməsi və süni şəkildə mənzil növbələrinin dəyişdirilməsinin qarşısının alınmasıdır.

30. Bu mənada, “yaşayış sahəsinə ehtiyacı olan şəxs” anlayışı yalnız formal hüquqi vəziyyətlə - yaşayış sahəsi üzrə qeydiyyatla deyil, məhz onun faktiki yaşayış yeri üzrə real yaşayış sahəsinə ehtiyacının mövcudluğu ilə müəyyən edilməlidir. Yəni şəxsin müvafiq ünvanda qeydiyyatda olması və ya hüquqi statusunun dəyişməsi hələ onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi üçün yetərli sayılmamalıdır.

31. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

32. Iddiaçıların Yardımlı rayonundan daimi qeydiyyat yerindən çıxaraq Sumqayıt şəhərinə qeydiyyata düşmələri faktı hələ öz-özlüyündə onların faktiki olaraq daimi şəkildə Sumqayıt şəhərində yaşamalarını və həmin ərazi ilə möhkəm, davamlı sosial-məişət və hüquqi bağlılığının mövcud olmasını sübuta yetirmir.

33. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin yaşayış yeri anlayışı yalnız inzibati qeydiyyatla məhdudlaşmır, bu hal həm də faktiki yaşama, ailə, əmək fəaliyyəti, sosial münasibətlər və digər obyektiv hallar əsasında müəyyən edilməlidir. Şəxsin müəyyən ünvanda qeydiyyata düşməsi onun həmin ünvanda real olaraq daimi yaşadığını birmənalı şəkildə təsdiqləmir, çünki qeydiyyat formal xarakter daşıya və müxtəlif səbəblərlə, o cümlədən hüquqi, məişət və ya müvəqqəti ehtiyaclarla əlaqədar həyata keçirilə bilər.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar