Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-437/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı GX cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı GX nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı GX (bundan sonra iddiaçı)cavabdeh Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2592/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Əfqanıstan İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü iddiaçı 13 dekabr 2017-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün cavabdeh tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Cavabdehin 12.03.2018-ci il tarixli İQ-21/1 saylı qərarına əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketi nin) qeydiyyatı və müsahibəsi zamanı iddiaçı Əfqanıstanın Couzcan vilayətinin Çubbaşe-Kəlan kəndində doğulduğunu, milliyyətcə türkmən olduğunu, kənd məktəbində 9-cu sinfə qədər orta təhsil aldığını, sonra ailəsinin maddi çətinlikləri səbəbindən təhsilini yarımçıq qoyduğunu qeyd etmişdir. O ilk əvvəl müxtəlif tikinti obyektlərində fəhləlik etdiyini, sonra hərbi xidmətə yazıldığını, təxminən 2 il hərbi xidmət çəkdiyini, lakin bu işinə görə taliblər tərəfindən təhdid olunduğu üçün xidməti yerini tərk etdiyini qeyd etmişdir. İşini tərk etdikdən sonra bir müddət özünə iş tapa bilmədiyini, bu səbəbdən də Əfqanıstanı tərk etmək məcburiyyətində qaldığını, 23 oktyabr 2017-ci il tarixdə 3 həmkəndlisi ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini söyləmişdir. İnandırıcılığın qiymətləndirilməsi z amanı bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi Əfqanıstanda hərbi hissədə qulluq etdiyinə görə taliblər tərəfindən təqib olunduğunu bildirsə də, müsahibə zamanı dediklərindən onun hərbi xidmətini 2016-cı ilin dekabr ayında tərk etdiyi, ötən müddət ərzində (10 ay) Əfqanıstanda heç bir təqib və təzyiqə məruz qalmadığı məlum olmuşdur. Bundan əlavə o, Əfqanıstanı tərk etməsinin digər bir səbəbinin Əfqanıstanda özünə iş tapa bilməməsi ilə də əlaqələndirmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatından məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər A zərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu” haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. İddiaçı cavabd ehin 12.03.2018-ci il tarixli İQ-21/1 saylı qərarından inzibati qaydada şikayət vermiş və cavabdeh tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında 02.05.2018-ci il tarixli 31 nömrəli qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı 1 iyun 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin İQ-21/1 saylı 12.03.2018-ci və 31 saylı 02.05.2018-ci il tarixli qərarlarının ləğv edilməsi, iddiaçının “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək ona “qaçqın” statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı ildə Əfqanıstan İslam Respublikasının Cövzcan (Jauzj an) vilayətinin Çub-Baş-e-Kalan kəndində doğulub və Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. O, etnik mənşəyinə görə türkməndir, subaydır, onun 3 qardaşı və 4 bacısı var. Onun hər iki valideyni Cövzcan (Jauzjan) vilayətində yaşayır. İddiaçı yerli məktəbdə 9 il təhsil alıb, lakin ailəsinin maddi vəziyyətinə görə o, təhsili davam etdirə bilməyib, 2 il ərzində Əfqanıstan Milli Ordusunda əsgər kimi xidmət keçib. 2015-ci ildə könüllü olaraq orduda xidmətə qoşulub və buna görə 200 ABŞ dolları ödəniş alıb. O, Künduz vilayətinin İmam Sahib kəndinə təyin olunub və Taliban terror təşkilatına qarşı döyüşlərdə iştirak edib. O, Milli Ordu ilə 3 illik müqavilə bağlamasına baxmayaraq Talibanın hədələrinə görə 2 ildən sonra ordunu tərk etməli olub. Taliban tərəfindən ona 2 dəfə zəng olunaraq Milli O rduda xidməti dayandırmasa öldürüləcəyi ilə bağlı təhdid olunub. Taliban iddiaçının yaşadığı və əksəriyyət əhalisini türkmənlər təşkil edən kəndə tez-tez basqın edir və xoşlarına gəlməyən kim varsa aparır və işgəncə verirlər. Türkmənlərin Taliban tərəfindən oğurlanması və öldürülməsi halları da olub. Bundan əlavə, Taliban döyüşçüləri iddiaçını 2 il Milli Orduda xidmət etdiyi üçün hədələyib. Bu səbəbdən iddiaçı 2016-cı ilin dekabr ayında ordudan ayrılıb. Bu vaxtdan sonra onunla heç kim əlaqə saxlamayıb. Ordudan ayrıldıqdan sonra iddiaçı ilk olaraq yaşadığı vilayətə, oradan isə Kabula gedib. Həyat və sağlamlığı üçün təhlükə olduğundan, iddiaçı 23.10.2017-ci il tarixdə Azərbaycan Respublikasına gəlib və “qaçqın” statusunun alınması barədə 13.12.2017-ci il tarixli vəsatətlə cavabdehə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2997/2018 saylı iş) 29 avqust 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göstərilən dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1- ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş İQ-60/1 nömrəli 13 oktyabr 2017-ci il tarixli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərar qanuni və əsaslıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X3 və X2, 2-1(103)-2592/2018 saylı iş) 23 oktyabr 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 30 oktyabr 2018-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin qərarını almış, 22 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İşə baxan məhkəmə kollegiyası kassatorun öz ölkəsində irqi, dini, milli və digər əlamətlərə görə təqib e dilməməsini hesab edərək səhv nəticəyə gəlmişdir. Belə ki, kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, Əfqanıstan Milli Ordusunda hərbi xidmət keçib və terror təşkilatı kimi tanınan Talibana qarşı döyüşüb. Milli Orduda xidmət etdiyi və Talibana qarşı döyüşdüyü üçün kassator dəfələrlə Taliban terror qruplaşmasının üzvləri tərəfindən ölümlə hədələnib. Bundan başqa etnik mənşəyinə görə türkməndir və bu səbəbdən də, Taliban tərəfindən təqibə məruz qalır. Qeyd olunan hal nüfuzlu beynəlxalq təşkilatların hesabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. Kassator vətəndaşı olduğu Əfqanıstan İslam Respublikasında Taliban terror təşkilatı bəzi ərazilərə faktiki nəzarət edir. Milli Orduda 2 il xidmət etdiyi və Taliban terror təşkilatına qarşı gedən döyüşlərdə iştirak etdiyi üçün Taliban terror təşkilatının üzvləri tərəfindən təqiblərə məruz qalıb. Məhz bu səbəbdən də o, Milli Orduda xidmətini dayandırmağa məcbur qalıb. Bundan başqa o, etnik mənşəyinə görə Taliban terror qruplaşması tərəfindən təqib olunur, öz ölkəsinə qayıtması onun pis rəftara, o cümlədən işgəncəyə, haqsız həbslərə, habelə edama səbəb ola bilər. Bu hal BMTQAK-ın Rəhbər Prinsiplərində əks olunub. Belə ki, BMTQAK-ın Rəhbər Prinsipləri (2016) (səhifə 108): “Əfqanıstandakı (azlıqda olan) etnik qruplardan hər hansı birinə mənsub olan şəxslər, hər bir işin fərdi hallarından asılı olaraq, xüsusən etnik çoxluq təşkil etmədikləri ərazilərdə milli və ya etnik (irqi) mənsubiyyətləri səbəbindən və ya digər müvafiq səbəblərdən qaçqınlar üçün nəzərdə tutulan beynəlxalq müdafiəyə (himayəyə) ehtiyac duya bilərlər.” Qeyd olunanlara əsasən, kassatorun vəziyyətində olan şəxslər iqtidarla assosiasiya edildikləri üçün Taliban terror təşkilatı tərəfindən sistematik və kollektiv cəzalandırma siyasətinə məruz qalırlar. Bundan başqa iddiaçı türkmən etnik qrupuna aid olduğu üçün vətəndaşı olduğu ölkədə zorakılığa məruz qala bilər. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətin uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edi lmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM- in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan ona qaçqın statusu verilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmiş, cavabd eh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülm üş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqı n statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskre sion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlər də və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, Əfqanıstanın Couzcan vilayətinin Çubaşe-Kəlan kəndində anadan olduğunu, milliyyətcə türkmən olduğunu, kənd məktəbində 9-cu sinfə qədər orta təhsil aldığını, sonra ailəsinin maddi çətinlikləri səbəbindən təhsilini yarımçıq qoyduğunu qeyd etmişdir. O, iki il əvvəl müxtəlif tikinti obyektlərində fəhləlik etdiyini, sonra hərbi xidmətə yazıldığını, təxminən 2 il hərbi xidmət çəkdiyini, lakin bu işinə görə taliblər tərəfindən təhdid olunduğu üçün xidməti yerini tərk etdiyini bildirmişdir. İşini itirdikdən sonra bir müddət başqa iş tapa b ilməmiş, bu səbəbdən də 23 oktyabr 2017-ci il tarixdən 3 nəfər həmkəndlisi ilə Əfqanıstanı tərk edərək Azərbaycan Respublikasına gəlmişdir. Cavabdehin mövqeyinə görə iddiaçı ərizəsində hərbi hissədə qulluq etdiyinə görə taliblər tərəfindən təqib olunduğunu bildirsə də, müsahibə zamanı dediklərindən onun hərbi xidməti 2016-cı ilin dekabr ayında buraxdığını bildirmişdir. Bundan sonra isə Əfqanıstanda qaldığı 10 ay müddət ərzində təqibə və təzyiqə məruz qalmasının istisna edildiyi məlum olmuşdur. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətənd aşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamışdır. İddiaçı kassasiya şikayətində də qeyd etdiyi kimi işin faktiki hallarına görə o, spirtli içki satışı ilə məşğul olmasına əsaslanaraq təqib edilmə riski ilə üz-üzə qaldığını bildirmişdir. İddiaçı azlıq etnik qrupa mənsub olduğuna görə təqib edilməsini nə iddia ərizəsində, nə də cavabdehə verdiyi müsahibəsində bildirməmişdir. İddiaçı spirtli içki satışı ilə məşğul olduğuna görə hər hansı silahlı dəstə, yaxud qrup tərəfindən real təhdid olunmasını da bildirməmişdir. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2592/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-437/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-437/2019
26.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver