Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-437/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: prosessual müddətin ötürülməsi, kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 9 fevral 2021-ci il tarixli, 2-1(103)-343/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi orqanlarında xidmət etdiyi dövrdə Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi zaman yaralanması ilə bağlı aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)-980/2020 nömrəli qərarı ( hakim P.A.Hüseynov) ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2021-ci il tarixli, 2-1(103)-343/2021 nömrəli qərarı (hakimlər: V.M.Ağayev /sədrlik edən və məruzəçi/, A.B.Nuriyeva və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)-980/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Məhkəmənin qeyd edilən qərarı 10 mart 2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim edilmiş və bu barədə poçt qəbzi-xəbərnamə iş materiallarına əlavə edilmişdir.
6. İddiaçının vəkili elektron məhkəmə sistemi vasitəsi ilə 20 avqust 202 2-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
7. İddiaçı kassasiya şikayəti ilə eyni vaxtda apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcə llədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi halla rda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi aşağıda qeyd olunan səbəblərdən təmin edilməməli, kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
11. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
12. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
13. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
15. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının apellyasiya məhkəməsinin qərarını 10 mart 2021-ci il tarixdə aldığı, kassasiya şikayətini isə 20 avqust 2022-ci il tarixdə verdiyi müəyyən olunur.
16. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair təqdim etdiyi ərizədə məhkəmə qərarını rəsmi qaydada alsa da, pa ndemiya ilə əlaqədar “Kəskin respirator” diaqnozu ilə xəstə olduğu və müalicə aldığı üçün şikayət verilməsi müddətini üzrlü səbəbdən buraxdığını qeyd etmiş və bu barədə “Klinika LogMed” tərəfindən verilmiş arayışı təqdim etmişdir. 17. 15 aprel 2021-ci il tarixli, 36 nömrəli həmin arayışa əsasən iddiaçı xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə “kəskin respirator” diaqnozu ilə həmin klinikada ambulator şəraitdə müalicə olunmuş və müalicəsinin ev şəraitində davam etdirilməsi məsləhət görülmüşdür.
18. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, ərizəçi tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair təqdim edilmiş arayışda onun xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə ambulator şəraitdə müalicədə olunduğu göstərildiyi halda, kassasiya şikayəti xə stəlik haqqında həmin arayışda qeyd edilən tarixdən 1 il 4 aydan çox müddət keçdikdən sonra (20 avqust 2022-ci il) verilmişdir. Başqa sözlə, müddətin buraxılmasının iddiaçının xəstəliyi və müalicəsi ilə bağlı olduğu həmin arayışla təsdiq olunmur.
19. Bu baxımdan iddiaçının ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Kassasiya şikayətinin bu qərarın 8-ci bəndində istinad olunan norma ilə müəyyən edilən müddət çərçivəsində verilməsi üçün iddiaçı tərəfin kifayət qədər zamanı olmuşdur. Müddətin bərpası ilə bağlı ərizədə qeyd edilənlər müddətin bərpasını zəruri edən üzrlü səbəblər hesab oluna bilməz.
20. Odur ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ə rizə təmin edilməməli, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
21. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-343/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.