Məhkəmə qərarları › İş №2-1(102)-4372/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4372/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4372/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs: Lənkəran şəhər X1 Hüquqi Şəxsi) qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: 1.

2. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beyinin travmatik, xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə. Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə bağlı ##.##.2023-cü il tarixli S********CYN nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Həkim müayinəsi” adlanan bölmədə: nəticə olaraq PS.Status: “Ümumi vəziyyəti orta ağırdır. Bələdliyi vaxta görə zəif, qalan istiqamətlərdə qorunur. Zahirən narahatdır, əsəbidir, gərgin və səbrsizdir. Bir yerdə qərar tutmur. Kontakta həvəssiz girir. Verilən suallara narazı halda cavablar verir. Əhval-ruhiyyəsi dəyişkəndir. Emosiaları davamsızdır, qeyri-sabitdir. Qıcıqlanma qabiliyyəti yüksəkdir. Söhbət əsnasında əsəbiləşir. Konfiliktə girir. Dava-dalaş salır. Münasibət məsafəsi gözləmir. Qeyri-iradi hərəkətlər edir. Davranışları psixopatabənzərdir. Yaddaşı zəifdir. Təfəkkürü müfəssəldir. Tənqidi münasibəti formaldır.” göstərilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2023-cü il tarixli qərar ilə “Imtina edilib: Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

4. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ##.##.2023-cü il tarixli **** nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı ##.##.2023-ci il tarixdə t.e.d.professor Fuad Ismayılov tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin travması xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə F07.8, Kəkələmə F98.5 kimi müəyyən edilmişdir.”

5. “xxxx” publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli T ***/**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Iddiaçı İddiaçı XBT 10 kodu ilə “F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, F07.8 Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə” isə əsas xəstəliyinin ağırlaşması hesab edilir. Belə xəstəliklərə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər. Xəstəliklər tam reabilitasiya olunmurlar.”

6. “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli *** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (Travma mənşəli) şəxsiyyət pozuntusu F.07.0” aşkar edilir. Travma hərbi xidmət dövründə alınmışdır. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. Aparılmış müayinələrin nəticələri ona müvafiq diaqnozun təyin olunması üçün kifayət edir.”

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək, “##.##.2023-cü il tarixli *******0003 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı RHK tərəfindən 1993-cü il tarixdə hərbi xidmətə çağırılmış, döyüş zonasında xidmət edərkən 1994-cü ilin aprel ayında odlu silah mərmi partlamasından başın alın nahiyəsindən bir ədəd, sağ qaşın tüklü hissəsindən bir ədəd, sol qaşın quyruq hissəsindən bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthindən yaralanaraq xəsarət almışdır. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli qərarına əsasən həmin xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiqini tapmışdır. Həmin vaxtdan da müalicələr almaqla getdikcə vəziyyəti daha da ağırlaşmış və hər il müalicə almışdır. Hazırda da baş-beyin travması aldığına görə onda şəxsiyyət və davranış pozuntuları, eyni zamanda yaddaş zəifliyi vardır. Ona “xxxx” Publik hüquqi şəxsin ## ###### 2023-cü il tarixli rəyi ilə baş beyin travması xəstəliyi nəticəsində yaranan “üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə F07.8 kəkələmə F08.5” diaqnozu qoyulmuşdur. Əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin bundan imtina edilmişdir. Hesab edir ki, işdə olan sənədlər ona əlillik təyin edilməsinə əsas verir.

9. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir, səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, ##.##.1975-ci il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin V********RIF nömrəli ##.##.2023cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1 - 14305/2023). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli **** nömrəli qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, baş gicəllənməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 7-8 ildir vəziyyətinin pisləşdiyini, son 4 ildir ki, kəkələməyə başladığını, əsəbləşdikdən sonra ağlayaraq özünə gəldiyini bildirmiş, qıcolmalarının olduğunu, özünə gəldikdən sonra dərman qəbul edərək yatdığını geyd etmişdir. Müayinə zamanı təpə, sağ baldırın orta 1/3-nin ön səthində çapıq toxuma izlənilmiş, asağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Təqdim olunmuş hərbi qərarda kəllə-beyin travması qeyd olunmamış, baş-beynin instrumental müayinəsinin (MRT) nəticəsi posttravmatik patologiyanı təsdiqləməmişdir. Psixi statusunda kövrəklik, kəkələmə müşahidə edilmiş, hazırkı vəziyyəti ifadə olunmuş emosional labil-astenik əlamətlər kimi qiymətləndirilmiş, lakin müalicə müddətinin yetərsizliyindən və müalicə potensialının tükənmədiyini nəzərə alıb müvafiq qərar alınmışdır kimi qeyd olunmuş, xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir, ümumi xəstəlik ilə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilsin. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında ağrılar, kəskin başağrıları, əsəbilik, yaddaşsızlıq, 3 ildir nitqində problem olmasından şikayətlənmişdir. Hazırda medikamentoz preparatlardan “Klonozepam” qəbul etdiyini bildirmiş, yaddaşlızıqdan şikayətlənsə də, ##.##.2023-cü il tarixində əyani müayinə zamanı hansı həkim ekspertin onu müayinə etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş beynin instrumental müayinə (MRT) nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, yaşla bağlı dəyişikliklər kimi dəyərləndirilmişdir. Həmçinin təqdim olunmuş tibbi müayinə və müalicə sənədlərdə nitqində olan kəkələməni izah edə biləcək məlumat qeyd olunmamışdır. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahiri normal, həyəcanlı, simulyasion xararkterli davranış nümayiş etdirmişdir. Ünsiyyətə çətinliklə, kəkələyərək daxil olmuş, intellektual amnestik funksiyaları yaşına və sosial məişət şəraitinə uğun olmuş, diqqəti və yaddaşı pozulmamış, əllərinin iç səthində qabarlar müşahidə edilmişdir. Hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Müayinə zamanı sağ baldırın orta 1/3də, sağ qaşında və təpə nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. xxxxnin ##.##.2020-##.##.2020-ci il tarixli *******/**** nömrəli çıxarışında diaqnoz baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xxxxnin ##.##.2022-##.##.2022-ci il tarixli çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xxxxnin ##.##.2023-##.##.2023-cü il tarixli çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Rezonans Klinikasının ##.##.2022-ci il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Sol mastoid hücrələrdə diffuz ödem və bununla yanaşı əsas cibin qonşuluğunda solda yumşaq toxuma proyeksiyasında ödem qeyd edilir (mastoidit, evstaxit əlamətləri). Hər iki maxillar sinusda mukozal qalınlaşma geyd edilir. Sol maxillar sinusu subtotal əhatə edən 35x20 mm retension kist qeyd edilir. Kortikal sulkus və qirusların dərinliyi və qenisliyi artmışdır (minimal kortikal atrofiya). Beyinin hər iki yarımkürəsində, təpə paylarında subkorlikal millimetrik FLAIR rejimində hiperintensiv ocaqlar aşkar olunur (gliotik ocaqlar) kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

10. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur (hakim – P.Qurbanova).

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya əlillik təyinindən diaqnozun təsdiqini tapmaması səbəbi ilə imtina etsə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik, həmçinin onda olan xəstəliyin hərbi xidmət dövrü ilə əlaqədar yarandığı mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Iddiaçı barəsində sonuncu dəfə verilən ##.##.2023-cü il tarixli, S********CYN nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Həmçinin qiymətləndirməsi isə həmin Əsasnamənin 7.6.2.1ci bəndi ilə uyğunluq təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd etmişdir ki, iddiaçının barəsində tərtib olunan sözügedən göndəriş əsasında iddiaçıya əlillik təyin edilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – C.Quliyev, hakimlər – S.Həsənov, F.Hüseynov).

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ...

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsinə nail olmaqdır.

24. Işin müəyyən edilmiş hallarından görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli **** nömrəli qərarı ilə iddiaçının aldığı travma Diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar”, səbəb əlaqəsi isə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi qiymətləndirmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beyinin travmatik, xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə. Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə bağlı ##.##.2023-cü il tarixli S********CYN nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Həkim müayinəsi” adlanan bölmədə: nəticə olaraq PS.Status: “Ümumi vəziyyəti orta ağırdır. Bələdliyi vaxta görə zəif, qalan istiqamətlərdə qorunur. Zahirən narahatdır, əsəbidir, gərgin və səbrsizdir. Bir yerdə qərar tutmur. Kontakta həvəssiz girir. Verilən suallara narazı halda cavablar verir. Əhval-ruhiyyəsi dəyişkəndir. Emosiaları davamsızdır, qeyri-sabitdir. Qıcıqlanma qabiliyyəti yüksəkdir. Söhbət əsnasında əsəbiləşir. Konfiliktə girir. Dava-dalaş salır. Münasibət məsafəsi gözləmir. Qeyri-iradi hərəkətlər edir. Davranışları psixopatabənzərdir. Yaddaşı zəifdir. Təfəkkürü müfəssəldir. Tənqidi münasibəti formaldır.” göstərilmişdir. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli qərar ilə “Imtina edilib: Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətrafl: Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

25. Işə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, mütəxəssis rəyi və s.), o cümlədən “xxxx” publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli T ***/**** nömrəli və “xxxx” publik hüqiqi şəxsin ##.##.2025-ci il tarixli *** nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı barəsində göndəriş, işdə olan digər sübutlar iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşamayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamələrdə əksini tapmış diaqnozlar əsasında əlilliyin müəyyən olunması yalnız şəhadətnamədə göstərilən xəstəliklə göndərişdə mövcud olan diaqnozlar arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsindən asılıdır. Buna görə, əgər göndərişdə göstərilmiş xəstəlik şəhadətnamədə əksini tapmış diaqnozla birbaşa eynilik təşkil etməsə belə, onun səbəb əlaqəsinin nəticəsi kimi qəbul edilə bilərsə, eləcə də həmin xəstəlik əlillik təyinatı üçün əsas verirsə, əlillik xüsusi səbəblə müəyyən oluna bilər. Bunun üçün isə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli və ekspert rəyində diaqnozlar arasında tibbi baxımdan səbəb-nəticə əlaqəsinin mövcudluğu, həmin əlaqənin xarakteri və zaman içərisində funksional pozuntulara birbaşa təsiri aydın şəkildə əsaslandırılmalıdır.

28. Bu zaman həmin səbəbli əlaqənin real mövcudluğu müəyyən olunmalıdır. Belə ki, xüsusi səbəbdən yaranmış xəstəliklə göndərişdə göstərilən diaqnoz arasında uzun müddət (məsələn, 10–15 il və ya daha artıq zaman) keçdikdən sonra səbəb-nəticə əlaqəsinin mövcudluğu iddia edildikdə, bu əlaqənin tibbi baxımdan əsaslandırılması və müvafiq sübutlarla təsdiq edilmiş olması tələb olunur.

29. Vaxt intervalının uzunluğu nəzərə alınmaqla, xəstəliklərin təbii inkişaf dinamikası, mümkün alternativ etioloji amillər və aralıq tibbi müdaxilələr də araşdırılmalı, səbəbli əlaqə yalnız ehtimallara deyil, obyektiv tibbi göstəricilərlə əsaslandırılmalıdır.

30. Hazırkı iş materiallarından görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli **** nömrəli qərarı ilə iddiaçının aldığı travma Diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar”, səbəb əlaqəsi isə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi qiymətləndirmişdir.

31. Göründüyü kimi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli **** nömrəli qərarı ilə səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi göstərilsə də, diaqnozda köhnə çapıq toxumalar kimi qeyd olunmuşdur.

32. Işə baxan apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə həmin səbəbli əlaqənin real mövcudluğunu qiymətləndirmədən qeyd edilən hala münasibət göstərməyərək şəxsdə olan xəstəliyin ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verməsi qənaətinə gəlmişdir. 33.Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (“N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ###### tarixli qərarı). 34.Insan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il ## ##### tarixli, “Kraska Isveçrəyə qarşı” iş üzrə 1993-cü il ## ##### tarixli, “Hiro Balani Ispaniyaya qarşı” iş üzrə 1994-cü il # ###### tarixli, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2007-ci il ## ###### tarixli qərarları).

35. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə əlilliyin təyin edilməsinin əsaslı və birmənalı nəticəyə gəlmək üçün qeyd edilmiş halları digər sübutlarla müqayisəli şəkildə təkrar araşdırılmalı, bu halların təsdiqini tapdığı halda iddia tələbinin əsaslı olmasının qəbul edilib-edilməməsinə yuxarıda əks olunmuş hüquqi mövqeylər nəzərə alınmaqla qiymət verməlidir.

36. Bundan başqa, məhkəmə kollegiyası Lənkəran şəhər X1 Hüquqi Şəxsinin üçüncü şəxs qismində işə cəlb edilməsi ilə bağlı bildirir ki, IPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

37. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Lənkəran şəhər X1 Hüquqi Şəxsinin qanunla qorunan maraqlarına toxunması, onun barəsində üçüncü şəxs olaraq vahid qərarın qəbul olunmasını şərtləndirən halların mövcudluğu müəyyən edilmir. Həmçinin məhkəmə qərarı ilə Lənkəran şəhər X1 Hüquqi Şəxsinin üzərinə hər hansı vəzifə qoyulmamışdır.

38. Məhz bu səbəbdən təkrar apellyasiya icraatı zamanı Lənkəran şəhər X1 Hüquqi Şəxsinin iş üzrə icraatda üçüncü şəxs qismində iştirakına xitam verilməsi məsələsinə də qiymət verilməlidir.

39. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Odur ki, yuxarıda sadalanmış hallar növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən dəqiqliklə yoxlanılmalı, bu halların həqiqətən mövcud olubolmaması 40. işdə olan digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməlidir.

41. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar