Məhkəmə qərarları › İş №2-1(102)-4375/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4375/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4375/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. AO seriyalı ******* nömrəli hərbi biletdə İddiaçı (bundan sonra – iddiaçı) ##.##.2014-cü il tarixdən ##.##.2024-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçdiyi qeyd edilmişdir.

2. Cavabdeh N nömrəli hərbi hissə komandirinin ## ### 2014-cü il tarixli, *** nömrəli əmri ilə X1 - Hərbi Hava Qüvvələri Komandanının ## ### 2014cü il tarixli, ***əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci və 13-cü maddələrinin “b” bəndlərinə müvafiq olaraq ehtiyatda olan əsgər İddiaçı bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş, ## ### 2014-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və təlim bölüyünün sanitar təlimatçısı kimi vəzifəsinin icrasına başlamışdır.

3. Cavabdeh N saylı hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli, *** nömrəli əmri ilə, N nömrəli hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-təminat taqımının Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi, döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlərin tam şəkildə həyata keçirilməsi, hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilməsi əmr edilmişdir: Təlim bölüyü qorunan obyektlərin bilavasitə mühafizəsi üzrə tarpşırıqları yerinə yetirməsi, cəlb edilən şəxsi heyət-N nömrəli hərbi hissənin Təlim bölüyünün şəxsi heyəti, ##.##.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısında təlim bölüyünün sanitar təlimatçısı kimi MAHHXHQ R İddiaçı adı 100-cü sırada yer almışdır.

4. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarının tibb təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış-məlumatda aşağıdakı məlumatlar qeyd edilmişdir: döyüş əməliyyatları aparılan zaman (27.09-##.##.2020-ci il tarixlərdə) xidmət kecdiyi hərbi hissə - 054; Rütbəsi - R; vəzifəsi - təlim bölüyünün sanitar təlimatçısı; xidmət etdiyi hərbi hissəyə daxil olması: № ***, ##.##.N; hərbi hissəyə və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi: Hərbi Hava Qüvvələri Komandanının ##.##.2020-ci il tarixli, *** nömrəli Briqada komandirinin 27 sentyabr *** nömrəli döyüş əmri; Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması: cəlb olunmayıb. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi: cəlb olunmayıb. Iştirak etdiyi ərazilər: Kürdəmir. Hansı qisimdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub: döyüş əməliyyatlarında hərbi hissənin şəxsi heyətinin və Hərbi Hava Qüvvələrin ehtiyat komanda məntəqəsində döyüş fəaliyyətləri aparan rəhbər heyətin sağlamlığının qorunub saxlanılması üzrə tibbi təminat tapşırıqlarını həyata keçirmişdir. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: xəsarət almayıb. Ehtiyata və ya istehfaya buraxılması: buraxılmayıb. Döyüşlərdə iştirakına görə təltifləri: Təltif olunmayıb.

5. Iddiaçı cavabdehə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024cü il tarixli */*-*** nömrəli məktubda qeyd olunmuşdur ki, “... Təqdim olunmuş arayışməlumatın 6, 7 və 8-ci bəndlərində olan qeydlərə və ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ##.##.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən R İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.”

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmrinə əsasən N nömrəli hərbi hissədə Vətən müharibəsində fəal şəkildə iştirak etmişdir. Xidməti yüksək qiymətləndirilmiş, dəfələrlə orden, medal və fəxri fərmanla təltif olunmuşdur. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə, şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayışməlumatda iddiaçının Kürdəmir rayon ərazisində tibbi təminat üzrə tapşırıqları icra etdiyi qeyd olunmuşdur.

9. Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilməmişdir (hakim Fehruz Abbasov).

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-təminat taqımı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi, döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlərin tam şəkildə həyata keçirilməsi barədə əmrlər olsa da, eləcə də cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin Təlim bölüyünün şəxsi heyəti, ##.##.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısında təlim bölüyünün sanitar təlimatçısı kimi MAHHXHQ R İddiaçı adı 100-cü sırada yer almış olsa da, sonuncunun bəhs edilən dövrdə döyüş əməliyyatının bilavasitə iştirakçısı olduğu və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak edən hissəsində xidmət keçdiyi sübut olunmur. Belə ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə hərbi bilet, qeydiyyat kartasında müvafiq qeydlər edilməmiş, bu barədə hərbi hissənin arayışı, eləcə də konkret olaraq döyüş əməliyyatların aparılan bölgəyə, hərbi hissənin döyüşən hissəsinin tərkibində döyüş əməliyyatlarının bilavasitə cəlbinə dair müvafiq əmr, arayış aşkar olunmamışdır. Eləcə də iddiaçının vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmri ilə bilavasitə döyüşən hərbi hissələrə ezam olunmamış, bu barədə “Hərbi hissədə müvəqqəti olmayan və hərbi hissəyə müvəqqəti gəlmiş hərbi qulluqçuların uçotu kitabı”nda (Forma-5) iddiaçı barəsində heç bir qeydiyyat aparılmamışdır.

11. Məhkəmə iddiaçının Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü və 8 Noyabr “Zəfər Günü münasibətilə döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində yüksək nəticələr əldə etdiyinə görə ##.##.2021-ci il tarixli “Fəxri Fərman”larla, habelə ## #### 2023-cü il tarixli əmrlə “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmasını onun Vətən müharibəsi zamanı qanunvericilikdə sadalanan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsini, yəni həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri, o cümlədən tibbi təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri, o cümlədən tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular kateqoriyasına aid edilməsini mümkün hesab etmir.

12. Uddiaçının N nömrəli hərbi hissə komandirinin əmrinə müvafiq olaraq döyüş bölgəsi hesab olunmayan Kürdəmir rayonunda təlim bölüyünün sanitar təlimatçısı kimi hərbi xidməti fəaliyyəti Nazirlər Kabinetinin *** saylı qərarı ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan şərtləri ödəmir.

13. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakimlər - Ceyhun Quliyev (sədrlik edən və məruzəçi), Samir Həsənov və Fikrət Hüseynov).

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 11-ci abzasında qeyd olunan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. - Iş materiallarında olan sübutlarla müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqlarının icrası haqqında” ## ####### 2020-ci il tarixli *** nömrəli əmri ilə Hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-təminat tağımı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilmiş, döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilmişdir. Qeyd edilən əmrdə göstərilir ki, Hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilsin: 2.8. Təlim bölüyü: qorunan obyektlərin bilavasitə mühafizəsi üzrə tarpşırıqları yerinə yetirsin, cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin Təlim bölüyünün şəxsi heyəti, ##.##.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı aşağıdakı kimi tərtib edilsin: 100. Təlim bölüyünün sanitartəlimatçısı, MAAHHXHQ R, İddiaçı, Təlim bölüyü. - Həmçinin, N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarının tibb təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış-Məlumatda” iddiaçı barəsində qeyd edilmişdir ki, “...Xidmət etdiyi hərbi hissə: 054; rütbəsi: R; vəzifəsi: təlim bölüyünün sanitar-təlimatçısı; hərbi hissəyə və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi: Hərbi Hava Qüvvələri Komandanının ##.##.2020-ci il tarixli *** nömrəli Briqada komandirinin 27 sentyabr *** nömrəli döyüş əmri; iştirak etdiyi ərazilər: Kürdəmir; hansı qismində iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub: döyüş əməliyyatlarında hərbi hissənin şəxsi heyətinin və Hərbi Hava Qüvvələrin ehtiyat komanda məntəqəsində döyüş fəaliyyətləri aparan rəhbər heyətin sağlamlığının qorunub saxlanması üzrə tibbi təminat tapşırıqlarını həyata keçirmişdir.”

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin # ####### 2020-ci il tarixli *** nömrəli əmri ümumi qaydada verilmiş əmrdir və həmin əmr ayrı-ayrı şəxslər barəsində verilməmişdir. Ümumi qaydada verilmiş həmin əmrdə hərbi qulluqçuların Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına cəlb olunması və verilmiş döyüş tapşırıqlarının icra edilməsi göstərilmişdir. Döyüş əməliyyatları başlayan zaman hərbi hissənin bütün şəxsi heyəti (qabyuyan, xadiməçi, aşpaz, feldşer, sanitar-təlimatçı, sürücü, sürücüelektrik və sair) hərbi hissə komandirinin nizamı hissə üzrə əmrinə əsasən döyüş əməliyyatlarına cəlb edilir. Lakin həmin əmr verərkən ümumi qaydada verilir və şəxsi heyət döyüş əməliyyatlarına cəlb edilərkən öz vəzifə borclarına uyğun tapşırıqların icrasına cəlb edilir. Aidiyyəti üzrə vəzifələrdə xidmət edən hərbi qulluqçular (mülki şəxslər) öz vəzifə borclarına uyğun fəaliyyətlərə cəlb edilir və onlara kənar tapşırıqların yerinə yetirilməsi tapşırıla bilməz. Iddiaçının N nömrəli hərbi hissə komandirinin həmin əmri ilə döyüş əməliyyatlarına cəlb edilməsi ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas ola bilməz. Çünki, iddiaçı həmin əmr əsasında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi üçün deyil, öz vəzifə borclarına uyğun olaraq tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi üçün döyüş əməliyyatlarına cəlb edilmişdir.Beləliklə, bildirilir ki, iddiaçı İddiaçı döyüş əməliyyatları zamanı Kürdəmir şəhərində yerləşən N nömrəli hərbi hissənin tərkibində tibbi təminat üzrə tapşırıqları yerinə yetirməklə xidməti vəzifələrini icra etmişdir.

18. Döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Kürdəmir şəhərində hava hücumundan müdafiə bölmələrinin tərkibində tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Göründüyü kimi Kürdəmir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır.

b. Kassasiya şikayətinə etirazın dəlilləri

19. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

21. Inzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

28. Işin hallarına görə, N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqlarının icrası haqqında” ## ####### 2020-ci il tarixli *** nömrəli əmri ilə hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-təminat tağımı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilmiş, döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilmişdir. Qeyd edilən əmrdə göstərilir ki, hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilsin: 2.8. Təlim bölüyü: qorunan obyektlərin bilavasitə mühafizəsi üzrə tarpşırıqları yerinə yetirsin, cəlb edilən şəxsi heyət- N nömrəli hərbi hissənin Təlim bölüyünün şəxsi heyəti, ##.##.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı aşağıdakı kimi tərtib edilsin: 100. Təlim bölüyünün sanitartəlimatçısı, MAAHHXHQ R, İddiaçı, Təlim bölüyü.

29. Hazırkı iddia tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsidir.

30. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” nin 1-ci hissəsinin 11-ci abzasına əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş hava hücumundan müdafiə bölmələrinin tərkibində şəxslərə müharibə veteran adı və müvafiq veteran vəsiqəsi verilir.

31. Iddiaçı Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə xidmət etmədiyinə görə ona müharibə veteran adı və veteran vəsiqəsi verilməsi üçün Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasının dispozisiya şərtlərinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqlarının icrası haqqında” ## ####### 2020-ci il tarixli *** nömrəli əmri və N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarının tibb təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış-Məlumat” la əsaslandırır.

33. Lakin həmin sənədlərlə iddiaçının döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyi və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyi deyil, döyüş bölgəsi hesab olunmayan Kürdəmir rayonunda təlim bölüyünün sanitar təlimatçısı kimi hərbi xidməti fəaliyyəti sübut olunur.

34. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan Əsasnamənin 1ci hissəsinin 11-ci abzasının şərtlərinə əsasən iddiaçıya müharibə veteran adı və vəsiqəsi verilməsi əsaslarının mövcudluğunun yoxlanılması istiqamətində araşdırma aparmalıdır.

35. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 11-ci abzasında “Müharibə veteranı” adının verilməsi üçün zəruri şərtlər kimi aşağıdakı şərtlər müəyyən edilmişdir: 1. 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmək; 2. Hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmək; 3. Həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmək.

36. Işə baxmış apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, qeyd olunan Əsasnamənin 11-ci abzasına istinad etmiş olsa da, iddiaçının bu şərtlərdən məhz hansı üzrə veteran sayılmalı olduğunu müəyyən etməmişdir. Hüquqi müəyyənlik prinsipinin baxılan iş üzrə tətbiqi, məhkəmə qərarının əsaslandırılması hissəsində məhkəmənin adı çəkilən Əsasnamənin 11-ci maddəsində nəzərdə tutulan hansı dispozisiya şərtinə əsasən iddianı təmin etməsi aydın görünməlidir. Lakin işə baxmış məhkəmə bu cür təhlil aparmamışdır.

37. Bundan başqa, işə baxmış məhkəmələr iddiaçıya hüquqi yardım etməmiş, iddia tələbinin “Müdafiə Nazirliyinin üzərunə “Müharibə veteranı” adının verilməsi vəzifəsinin qoyulması” kimi formalaşdırmasını təklif etməmiş, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

38. Kollegiya bu mövqeyini izah edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrıayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. Iddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.

39. Bununla yanaşı, Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

40. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

41. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

42. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar