Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4381/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “iddiaçının səhhətində olan xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faiz və müddətinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır (hakim – G.Əliyeva).
3. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-**/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək iddiaçıya ##.##.2023-cü il tarixdən 65-80 faiz olmaqla Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar, 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən – R.Mamedov, hakimlər – A.Bayramov və İ.Həsənov).
5. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin verdiyi T***/**** saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçıda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə olan "Partlayış travması (##.##.2020), keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu. Postravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020) nəticəsində ikitərəfli xroniki nevrit, ikitərəfli xroniki tubootit, ikitərəfli qarışıq tip ağıreşitmə" diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Bundan başqa ##.##.2023-cü il tarixli göndərişin həkim müayinəsi nəticəsinə qeyd olunmuşdur ki, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Danışıq əlaqəsinə tərəddüdlə qoşulur. Verilən suallara əsəbi, qısa cavablar verir. Şiddətli baş ağrılarından şikayətlənir, başında olan qəlpələrin heç olmasa 2-nin çıxarılmasını tələb edir. Yaddaşı zəifləmişdir. Zahirən narahat, gərgindir. Əhval ruhiyyəsi enikdir. Davranışı qeyri adekvatdır. Başının səs götürmədiyini deyir. "Yüksək səs, tappıltı gələndə, əllərim əsir, ürəyim döyünür, özümü pis hiss edirəm, başımdakı ağrı daha da güclənir, bilmirəm başımı hara qoyam". Bir yerdə qərar tuta bilmir, hövsələsizdir. Emosional dayanıqsızdır. Xırda qıcıqlara artıq reaksiyalar verir, səbəbsiz ağlayır, bəzən əsəbiləşir dava dalaş salır. Bələdliyi saxlanılır. Emosional labildir. Meyl və maraq dairəsi sıxılıb, heç nə ilə maraqlanmır, diqqəti öz şəxsiyyətinə yönəlib. Gecələr yatmır, yuxusu dərmanladır. İş materiallarına əlavə olunmuş Samux rayon X1 Hüquqi Şəxsin ##.##.2024-cü il tarixli arayışından müəyyən edilir ki, iddiaçı ##.##.2024-cü il tarixdə saat 16:40-da Samux RMX PHŞin Acil şöbəsinə müraciət etmiş və diaqnozu: “Dərman zəhərlənməsi” (depokin, aminazin, bisokodil istifadə etdiyi dərmanların sayını bilmir, deməsinə görə özü içib) kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.6.2. bəndin 7.6.2.2. yarımbəndinə əsasən “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Məhkəmə kollegiyası xəstəliyin səbəb əlaqəsinə münasibətdə qeyd edir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (##.##.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin postravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit. ikitərəfli xroniki tubootit, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (##.##.2020). Sağ bazu nahiyəsinin, sağ aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların İ (birincili) cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud, sağ baldır nahiyələrin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Sağ qamış sümüyünün proksimal metafizinin osteoxondroması" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir”.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
12. İddiaçıda olan xəstəliklərin əlilliyin təyinatına əsas verməməsi ilə bağlı qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)****/**** nömrəli, ##.##.2023cü il tarixli; *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.
13. Bundan başqa, Ali Məhkəmənin bir çox qərarlarında “diskresion səlahiyyət” ilə bağlı arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.