Məhkəmə qərarları › İş №2-1(102)-4383/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4383/2025

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4383/2025 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən olunması, yoxsa bərpa edilməsi, işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı ##.##.2005-ci il tarixdə təkrarən müddətsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri postrvavmatik ensefalopatiya kəskin ifadə olunmuş astenonevrotik sindrom” diaqnozu ilə əlillik təyin edilmişdir.

2. Daha sonra iddiaçıya təyin edilmiş müddətsiz əlillik 2021-ci il tarixdə cavabdeh tərəfindən dayandırılmışdır.

3. Bundan sonra iddiaçının əlilliyi ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il tarixlərdə qiymətləndirilərək diaqnoz əlillik təyin etmir səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir.

4. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin *******0005 nömrəli göndərişinə əsasən “Bazu sümüyünün aşağı ucunun sınığı, sol bazu sümüyünün distal ucunun konduluslardan keçən qeyri düzgün bitişmiş sınığı. VİS OU+0,0k/i 0,3” diaqnozu əsasında ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona münasibətdə müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Üzvi mənşəli emosional-labil (astenik) pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin tibbi sənədlərdən və yoxlanılan şəxsin verdiyi anamnestik məlumatlara görə 1992-ci ildə hərbi xidmətdə olduğu zaman mərmi partlaması zamanı dalğa zərbəsi alması, bununla əlaqədar hospitalda müalicə alması, xəstəliyi ilə əlaqədar II qrup əlil hesab edilməsi, lakin 2021-ci ildə təqaüdü kəsildikdən sonra bir neçə dəfə AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında "Üzvi mənşəli şəxsiyyət pozuntusu, yaddaşın enməsi ilə” diaqnozu ilə müalicələrdə olması, hazırki müayinə zamanı kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, yaddaşında nisbətən zəifləmə əlamətləri nəzərə çarpması, belə ki, yoxlanılan şəxsdən xəstəliyi barəsində xronoloji məlumatları əldə etmək üçün ona verilən sualları cavablandırdığı zaman çox fikirləşməsi diqqəti cəlb etməsi, şikayətləri barəsində soruşduqda əsəbilik, yaddaşında zəifləmə, tez yorulma hallarının olduğunu bildirməsi və s. sübut edir. İddiaçı Üzvi mənşəli emosional-labil (astenik) pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir.

7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı təyin olunmuş 2-ci dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmuşdur.

8. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı əyani müayinəyə dəvət olunmuş, iddiaçı əyani müayinədə olmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçını daha əvvəl müddətsiz əlilliyi olmasına baxmayaraq cavabdeh orqan iddiaçının əlilliyinin növbəti dəfə müayinəyə çağırmış, lakin bu müayinə üçün əsaslı şübhənin nədən ibarət olmasını əsaslandırmamışdır

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Mamedov (məruzəçi, İ.Həsənov və A.Bayramov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilərək yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı barəsində olan ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ##.##.2005-ci il tarixdə təyin edilmiş, müddətsiz, ikinci dərəcə əlilliyin ##.##.2023-cü il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

13. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, diaqnozun əlillik təyinatına əsas verməməsi iddiaçının yekun əyani müayinəsi zamanı da Azərbaycan Respublikas ıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasımeyarları”na müvafiq olaraq iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki iddiaçıda sözügedən diaqnoz aşkar edilməmişdir. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən birini təşkil etmiş şəxsə əlillik təyinatı aparılması üçün diaqnozun doğruluğunun müəyyən edilməsinin heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermədiyi, şəxsdə sözügedən xəstəliyin ağırlaşmalarının mövcud olması istiqamətində araşdırma aparılmamış, həmin dəlilə hüquqi qiymət verilməmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. ...

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

22. Hazırkı halda iddiaçının hüquqi marağı 2005-ci ilin noyabr ayında ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ## ######## 2023-cü il tarixdən bərpa edilməsidir.

23. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı İddiaçı ##.##.2005-ci il tarixdə təkrarən, müddətsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri postrvavmatik ensefalopatiya kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik təyin edilmişdir.

24. İddiaçı və onunla razılaşan məhkəmələrə görə iddiaçıya təyin edilmiş müddətsiz əlillik 2021-ci il tarixdə cavabdeh tərəfindən dayandırılmışdır.

25. Bundan sonra iddiaçının əlilliyi ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il və sonuncu dəfə ##.##.2023-cü il tarixlərdə qiymətləndirilərək diaqnoz əlillik təyin etmir səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir. İddia tələbi cavabdehin ## ######## 2023-cü il tarixli qərarının ləğv edilməsinə, ##.##.2005-ci il tarixdə ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ## ######## 2023-cü il tarixdən bərpa edilməsinə yönəlmişdir.

26. İddiaçı imtina ilə bağlı ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il tarixlərdə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktları (qərarları) məhkəmə qaydasında mübahisələndirməmişdir.

27. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının hazırki faktiki sağlamlıq vəziyyəti 2005-ci ildə əlillik təyin edildiyi dövrdə əlilliyin təyininə əsas verən diaqnozla uyğunluq təşkil edir. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. Həmçinin formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əlilliyin müəyyən olunması ilə bağlı şəxs barəsində bir neçə tibbi göndərişin verilməsinə baxmayaraq hər dəfə əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdə və maraqlı şəxs yalnız sonuncu tibbi göndəriş əsasında cavabdehin imtina qərarından sonra məhkəməyə müraciət etdikdə cavabdehin əvvəlki imtinaları mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki tibbi göndərişlərə görə deyil, məhz sonuncu göndəriş üzrə imtina qərarı nəzərə alınmaqla müəyyən edilməlidir

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinə görə iddiaçı əlilliyin bərpa olunmasını xahiş edir. Əlilliyin bərpası tələbi o vaxt irəli sürülə bilər ki, əvvəllər mövcud olmuş müddətsiz müəyyən olunan əlillik ləğv olunsun, yaxud dayandırılsın. İddiaçı və apellyasiya instansiyası məhkəməsinə görə cavabdeh iddiaçıya təyin edilmiş müddətsiz əlilliyi 2021-ci ildə dayandırmışdır. İddiaçı əvvəllər mövcud olmuş əlilliyin bərpa olunması arzusundadırsa, cavabdehin 2021-ci il tarixli qərarı mübahisənin (iddianın) predmeti ola bilər. Bu zaman cavabdehin belə qərarının mövcudluğu, nə vaxt qəbul edilməsi, iddiaçıya nə vaxt məlum olması və İPM-in 38.2-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə bağlı iddianın mümkünlük şərti, iddia mümkünlük şərtlərinə cavab verdikdə isə mahiyyəti ilə bağlı əlilliyin ləğv olunması, yaxud dayandırılmasına dair qərarın qanuniliyi yoxlanılmalıdır.

29. Apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə hər hansı araşdırma və hüquqi qiymətləndirmə aparılmamışdır.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hüquqi marağı tibb müəssisəsi tərəfindən verilmiş yeni göndəriş əsasında cavabdehin ##.##.2023-cü il tarixli imtinası ilə bağlıdırsa, o zaman əlilliyin bərpası barədə iddia tələbindən söhbət gedə bilməz və iddia tələbi cavabdehin sonuncu ##.##.2023-cü il tarixli imtina qərarının ləğvi və əlilliyin müəyyən olunmasının cavabdehə həvalə edilməsi barədə ola bilər.

31. İş üzrə iddia ərizəsi ## ### 2024-cü il tarixdə, iddianın dəqiqləşdirilməsi barədə ərizə ## ##### 2025-ci il tarixdə məhkəmədə qeydə alınmış, dəqiqləşdirilmiş iddiada cavabdehin ## ######## 2023-cü il tarixli qərarı mübahisələndirilmiş, iddia növü məcburetmə haqqında iddia olduğundan apellyasiya məhkəməsi iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtini, iddia müddətinin buraxılması, buraxılmışsa, üzrlü səbəbdən buraxılmasını yoxlamamışdır.

32. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, apellyasiya məhkəməsi cavabdehin ## ######## 2023-cü il tarixli imtina qərarını ləğv edərkən sonuncu göndərişdə qeyd edilən xəstəliklərin əlilliyə səbəb olmasına dair hər hansı araşdırma və hüquqi qiymətləndirmə aparmamış, “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin müvafiq bəndlərində qeyd edilən diaqnozların iddiaçı barəsində tərtib edilmiş göndərişdə göstərilib-göstərilməməsi ilə bağlı məsələ tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır.

33. Məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddia tələblərinə baxılarkən, göndərişdə (Forma 88) qeyd olunan diaqnozun əlilliyi qiymətləndirilən şəxsdə formal olaraq mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənilməməli, eyni zamanda, göndərişdə göstərilmiş həmin pozuntu, çatışmazlıq və xəstəliyin Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinin şəxsdə mövcudluğu da müəyyən edilməlidir. Müvafiq olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəlik üzrə qiymətləndirmə göstəricilərindən hər hansı biri ilə uyğunluq müəyyən olunmaqla şəxs barəsində əlillik təyinatı aparıla bilər.

34. Əlilliyin xüsusi səbəblərdən müəyyən oluna bilməsi üçün xəstəlik hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamədə göstərilməli, eyni zamanda, həmin xəstəlik göndərişdə əks olunmalı və ya yuxarıda səbəbli əlaqəsi təsdiqlənməli, diaqnoz “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş sözügedən xəstəlik üzrə qiymətləndirmə göstəriciləri ilə uyğunluq təşkil etməlidir.

35. Hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamələrdə əksini tapmış diaqnozlar əsasında əlilliyin müəyyən olunması yalnız şəhadətnamədə göstərilən xəstəliklə göndərişdə mövcud olan diaqnozlar arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsindən asılıdır. Buna görə, əgər göndərişdə göstərilmiş xəstəlik şəhadətnamədə əksini tapmış diaqnozla birbaşa eynilik təşkil etməsə belə, onun səbəb əlaqəsinin nəticəsi kimi qəbul edilə bilərsə, eləcə də həmin xəstəlik əlillik təyinatı üçün əsas verirsə, əlillik xüsusi səbəblə müəyyən oluna bilər. Bunun üçün isə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli və ekspert rəyində diaqnozlar arasında tibbi baxımdan səbəb-nəticə əlaqəsinin mövcudluğu, həmin əlaqənin xarakteri və zaman içərisində funksional pozuntulara birbaşa təsiri aydın şəkildə əsaslandırılmalıdır.

36. Hazırkı işin hallarından görünür ki, iddiaçının əvvəllər mövcud olmuş əlilliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

37. Lakin şəhadətləndirmədə göstərilən diaqnoz ilə olan xəstəliyin Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda qiymətləndirmə altbölməsində öz əksini tapıb-tapmaması, əlilliyin səbəb əlaqsəi, ümumi, yaxud xüsusi səbəblərdən yaranması ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, işə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan hallar araşdırılmalı, iddiaçının hüquqi marağı dəqiqləşdirilməli, barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd edilən diaqnozların Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda qiymətləndirmə altbölməsinə uyğunluğu yoxlanılmalı, əlilliyin xüsusi səbəb əlaqəsinin təsdiqlənməsi üçün şəhadətləndirmədə iddiaçıda müəyyən edilmiş diaqnozun əlilliyin müəyyən olunmasına imkan verib-vermədiyi araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

39. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar